Mehmood Ul Hassan Khan: İlham Əliyevin davamlı sülh təşəbbüsləri dünya siyasətində mühüm rol oynayacaq
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Sülh sazişi Cənubi Qafqaz vasitəsilə ticarət və tranzit dəhlizinin yaradılması istiqamətində böyük bir addımdır
Yaxın gələcəkdə Pakistan-Azərbaycan-Türkiyə üçtərəfli dialoqu daha da gücləndiriləcək və dərinləşdiriləcək
Azərbaycan-Ermənistan sülh sazişi Rusiya üçün strateji məğlubiyyət deyil, Ukraynanın işğal olunmuş ərazilərində “aslan payını” qazanmaq və təmin etmək üçün ağıllı geosiyasi, geostrateji addımdır
Alyaska görüşü Trampın dünyada “Yeni Sülh Kralı” kimi mövqeyini möhkəmləndirdi
Pakistanın Xarici İşlər Nazirliyi və Baş Nazir Mian Şahbaz Şərif Azərbaycan-Ermənistan sülhünü regional sabitlik və əlaqələnmə baxımından müsbət addım kimi qiymətləndirir
Cənubi Qafqaz regionu son illərdə dinamik geosiyasi proseslərin və mühüm diplomatik təşəbbüslərin mərkəzində qərarlaşıb. Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanan sülh sazişi isə bu proseslərin ən diqqətçəkən və tarixi məqamlarından biri kimi qiymətləndirilir. Onilliklərdir davam edən münaqişənin ardınca əldə edilən bu razılaşma yalnız iki ölkə arasında deyil, həm də bütün Cənubi Qafqazda yeni bir sabitlik və əməkdaşlıq mərhələsinin əsasını qoya bilər. Regional və qlobal güc mərkəzlərinin-ABŞ, Rusiya, Çin və İranın bölgəyə maraqları fonunda əldə edilən bu sülh sazişi həm sosial-iqtisadi inkişaf, həm enerji və nəqliyyat dəhlizlərinin açılması, həm də siyasi sabitlik baxımından ciddi nəticələr vəd edir.
Eləcə də Rusiya-Ukrayna müharibəsi dünya gündəmindən düşmək bilmir.
Bu kontekstdə Pakistan kimi regional aktorların mövqeyi və diplomatik yanaşmaları da xüsusilə önəm kəsb edir.
İslamabadda yerləşən tanınmış beyin mərkəzi olan “Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (CSAIS) İcraçı Direktoru, Qazaxıstan, MDB ölkələri, Çin, Türkiyə, İndoneziya, Körfəz Əməkdaşlıq Şurası (GƏŞ), Qətər və ASEAN üzrə pakistanlı mütəxəssis Mehmood Ul Hassan Khan cənubi Qafqazda baş verən son proseslər, regional güclərin rolu, Azərbaycan və Ermənistanın gələcək xarici siyasət istiqamətləri, Pakistanın bölgəyə baxışı və gələcək əməkdaşlıq imkanları barədə Sherg.az-ın suallarını cavablayıb:
-Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən son görüşü və paraflanan sülh müqaviləsini necə qiymətləndirirsiniz?
-Ümid edilir ki, Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan sülh sazişi onilliklərdir davam edən münaqişədən sonra ikitərəfli iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək. Eləcə də hər iki ölkəni və bütün Cənubi Qafqazı münasibətlərin tam normallaşması istiqamətində irəli aparacaq. Bu, iki ölkə arasında davamlı iqtisadi, ticarət, siyasi və diplomatik əlaqələrin yeni bir fəslini açacaq. Beləliklə, proses ölkələrdə daha böyük sülh, harmoniya və sabitlik gətirəcək, sosial-iqtisadi geriləmə və siyasi xaosu aradan qaldıracaqdır.
Şübhəsiz ki, bu, ciddi sosial-iqtisadi, geosiyasi və geostrateji nəticələrə malikdir.
Yaxın zamanda Alyaskada keçirilən Tramp və Putin arasında görüş Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması baxımından daha faydalı və effektiv oldu. Deməli, Azərbaycan-Ermənistan sülh sazişi Rusiya üçün strateji məğlubiyyət deyil, Ukraynanın işğal olunmuş ərazilərində “aslan payını” qazanmaq və təmin etmək üçün ağıllı geosiyasi və geostrateji addımdır.
-Ermənistanın sülhdən qazancı nə olacaq?
-Görünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu diplomatik səyləri Ermənistanın Baş naziri Nikol Paşinyanı ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə tarixi sülh sazişi imzalamağa inandıra bilib. Bu, onun regional sülh, sabitlik, harmoniya naminə göstərdiyi koordinasiyalı səyləri aydın şəkildə əks etdirir.
Sözü gedən proses regional barışığın, sosial-iqtisadi inteqrasiyanın, trans-regional əlaqələrin və iqtisadiyyat, sənaye, tədarük zəncirləri, xalqlararası təmaslar sahələrində ikitərəfli-üçtərəfli əməkdaşlığın inkişafının yeni mərhələsini açacaq. Xroniki ayrı-seçkiliyi inkişafla, irqi soyqırımı multikulturalizmlə, nifrəti isə harmoniyayla əvəzləyəcək. Beləliklə, bu, Ermənistanın təcrid olunmasının aradan qaldırılması ilə daha yaxşı yaşam, inkişaf, rifah və əlaqələnmə şəraitinin yaradılmasına xidmət edən böyük regional inteqrasiya addımı olacaq.
-ABŞ-nin vasitəçiliyi ilə əldə edilən razılaşmanın regionda Rusiya və İranın roluna necə təsir edəcəyini düşünürsünüz?
-Regionda və onun hüdudlarından kənarda sürətlə dəyişən geosiyasi və geostrateji tendensiyalar müəyyən dərəcədə görünməz əlaqə və uyğunluğa malikdir. Son vaxtlar İran Prezidenti Məsud Pezeşkiyanın Ermənistana etdiyi səfər, təklif olunan sülh dəhlizi ilə bağlı aydınlıq axtarması, Tramp-Putin görüşü və Sülh Sammiti, eləcə də ABŞ-Avropa İttifaqı liderlərinin toplantısı həm regional, həm də beynəlxalq geosiyasətin qarşılıqlı əlaqəsini aydın şəkildə əks etdirir. Bu, Qara dəniz, Xəzər dənizi və Yaxın Şərqdə regional sülhə təkan verir.
Sülh sazişi həm də ABŞ-nin regionda geosiyasi və geostrateji nüfuzunun artmasına, Rusiyanın isə mövqeyinin zəifləməsinə işarə edə bilər. İronik olaraq artıq bir əsrdən çoxdur ki, Kreml bu bölgədə güc və sülh vasitəçisi rolunu oynayıb. Bundan əlavə, ABŞ və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq üzərindəki məhdudiyyətlərin aradan qaldırılması da Moskvada narahatlıq doğura bilər.
Beləliklə, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyinin regionda müsbət, məhsuldar və iştirakçı təsiri olacağı ehtimal edilir. Bu proses tədricən Rusiyanın və İranın rolunu azalda bilər. Lakin bu, ardıcıl gələcək ABŞ administrasiyalarının xarici siyasətinə və Cənubi Qafqaza yönəlik regional prioritetlərinə bağlı olacaq və nəticədə hər kəs üçün “qazan-qazan” (win-win) situasiyası yarada bilər.
ABŞ Prezidentinin döyüşləri dayandırmaq, diplomatik əlaqələri bərpa etmək və qarşılıqlı olaraq hər bir ölkənin ərazi bütövlüyünə hörmət göstərmək yolu ilə sülhə təminat verməsi müsbət haldır. Bundan əlavə ABŞ-nin Azərbaycanla hərbi əməkdaşlıq üzərindəki məhdudiyyətləri ləğv etməsi yaxın gələcəkdə ölkənin təhlükəsizliyi və müdafiəsi baxımından əlavə dəyər olacaqdır.
-Sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının yaranmasına səbəb ola bilərmi?
-Bu, şübhəsiz ki, Azərbaycan, Ermənistan, Türkiyə və digər regional ölkələri birləşdirən daha geniş trans-regional əlaqələnməyə doğru atılmış ilk nəhəng addım olacaq. Nəticədə təklif olunan Zəngəzur Dəhlizinin, qaz kəmərinin, enerji əməkdaşlığının inkişafı sürətlənəcək və nəhayət, Azərbaycan və Ermənistanın coğrafi əhatəsi, əhəmiyyəti və faydalılığı yaxın gələcəkdə daha da artacaq.
Aydındır ki, sülh sazişi Cənubi Qafqaz vasitəsilə ticarət və tranzit dəhlizinin yaradılması istiqamətində böyük bir addımdır. Bu dəhlizin “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılması nəzərdə tutulur. Təklif olunan marşrut Azərbaycanın əsas hissəsi ilə onun muxtar anklavı olan Naxçıvanı birləşdirəcək. Hazırda bu ərazilər Ermənistanın 32 kilometrlik (20 mil) ərazisi ilə bir-birindən ayrıdır.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana Naxçıvana qədər dəmir yolu dəhlizi verməsini tələb etmişdi. Ermənistan isə yolun üzərində nəzarəti özündə saxlamaq istəyirdi və bu məsələ əvvəlki sülh danışıqlarını dayandıraraq ləngitmişdi.
-Donald Trampın Vladimir Putinlə görüşünü necə şərh edirsiniz?
-Bu görüş ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında buzları qıran görüş kimi görünür. Rusiya ilə Ukrayna arasında barışıq, sülh, sabitlik və atəşkəs mesajı verir. Bu, həm də ABŞ-nin qlobal nüfuzunu daha da gücləndirdi, Trampın dünyada “Yeni Sülh Kralı” kimi mövqeyini möhkəmləndirdi. Bu yanaşma qarşıdurma əvəzinə əməkdaşlığı, fitnə-fəsad əvəzinə koordinasiyanı, münaqişə əvəzinə məsləhətləşmə və dialoq, diplomatiya və inkişaf vasitəsilə həll yollarını təşviq edir. Bundan əlavə, bu görüş ABŞ-Rusiya münasibətlərinin tədricən yaxşılaşmasına səbəb ola bilər. Eləcə də görüş Rusiya-Ukrayna müharibəsinin sona çatması perspektivlərini xüsusən də “uyğun elementlər” təmin olunduqdan sonra daha da ümidverici edir.
ABŞ-Rusiya-Ukrayna arasında arzu olunan üçtərəfli görüşdən əvvəl Yaxın Şərqdə Tramp və Putin arasında daha bir görüşün keçirilməsi də ehtimal olunur.
-Trampın Avropa liderləri və Zelenski ilə görüşü haqqında nə düşünürsünüz?
-Heç bir şəkildə konspirativ fikirlərə, saxta və yalan siyasi ajiotajlara inanmıram. Lakin beynəlxalq güc mərkəzlərinin və beynəlxalq təşkilatların görüşləri, bəyanatları, birgə kommunikeleri, şübhəsiz ki, həm regional, həm də qlobal miqyasda təsirə malik olur.
ABŞ siyasəti ilə bağlı deyə bilərəm ki, bu proseslərin elmi əlaqəsini yaratmaq müəyyən vaxt tələb edir. Bununla belə, qlobal sülh, ticarət və nəqliyyatda rasional yanaşma, birtərəfli sanksiyaların aradan qaldırılması ABŞ iqtisadiyyatına, sənaye istehsalına və qlobal təchizat zəncirlərinə müsbət və məhsuldar təsir göstərəcək. Dolayısı ilə bu, ölkədaxili siyasətə də təsir edə bilər.
-Pakistanın bölgədə, xüsusilə Cənubi Qafqazda baş verən proseslərə baxışı necədir?
-Pakistanın Xarici İşlər Nazirliyi və Baş Nazir Mian Şahbaz Şərif Azərbaycan-Ermənistan sülhünü regional sabitlik və əlaqələnmə baxımından müsbət addım kimi qiymətləndirir.
Bu sülh sazişini təkcə Cənubi Qafqaz, Mərkəzi Asiya və Cənubi Asiya üçün deyil, eyni zamanda daha geniş Avrasiya regionu üçün də strateji dəyər qatan mühüm bir addım kimi dəyərləndirirəm. Pakistan rəhbərliyi hər zaman Azərbaycanı Cənubi Qafqazda ən güclü strateji tərəfdaşlarından biri hesab edir. Onu sülh, sabitlik, əlaqələnmə və münaqişələrin dinc yolla həlli sahəsində regional və beynəlxalq hədəflərinə çatmaqda daim dəstəkləyir.
Bundan əlavə, Baş nazir Şahbaz Şərifin sonuncu Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. İki ölkə arasında iqtisadiyyat, investisiya, birgə müəssisələr, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, sənaye koordinasiyası, infrastruktur layihələri, enerji, neft və qaz sahələrində qarşılıqlı faydalı təkliflər və müdafiə əlaqələri daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın əhatə dairəsini, faydasını, sürətini və dinamikasını daha da inkişaf etdirdi.
Bundan başqa, ikitərəfli investisiyanın 2 milyard ABŞ dollarına çatdırılması ilə bağlı qarşılıqlı razılıq, faydalı layihələrə fokuslanmaqla iki ölkənin yüksək siyasi rəhbərliyi arasında sıx əlaqəni, siyasətçilərin çevik yanaşmasını, bir çox nazirlik və qurumların dəyərli töhfələrini, ticarət-sənaye palatalarının birgə səylərini aydın şəkildə əks etdirir. Bütün bunlar ikitərəfli ticarətin möhkəmləndirilməsi, investisiya axınlarının artırılması və layihələrin irəliləyiş və inkişafının sürətləndirilməsinə xidmət edir.
-Cənubi Qafqazda sabitliyin bərqərar olması Pakistan üçün hansı yeni regional əməkdaşlıq imkanlarını aça bilər?
-Cənubi Qafqazda davamlı sülhdən sonra ümid edilir ki, yeni və müxtəlif imkanlar daha da genişlənəcək və şaxələnəcək. Bu da inteqrasiya olunmuş nəqliyyat sistemləri, enerji (neft və qaz), bərpa olunan enerji, investisiya, ticarət, birgə müəssisələr və hərbi əməkdaşlıq vasitəsilə trans-regional əlaqələnmənin yeni bir fəslini təşviq edəcək.
Hər iki ölkənin siyasətçiləri enerji əməkdaşlığını gücləndirməklə, bərpa olunan enerji layihələrinə özəl sərmayələrin cəlb olunması, batareya saxlama sistemlərinin inkişafı və yaşıl enerji dəhlizlərinin yaradılmasının təşviqi vasitəsilə bərpa olunan enerjiyə keçidi sürətləndirməlidirlər. İqlimə davamlı şəhər ekosistemlərinin, o cümlədən “yaşıl binalar” və iqlimə uyğun kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsi, eləcə də su səmərəliliyi və təhlükəsizliyinin artırılması, o cümlədən özəl sektorun iştirakının genişləndirilməsi vasitəsilə ikitərəfli iqtisadi əlaqələr daha da güclənə bilər.
Yeni azad olunmuş ərazilərdə infrastrukturun inkişafı, ağıllı yaşayış məkanları, metal və mədənçilik, hibrid kənd təsərrüfatı, kiçik və orta müəssisələr (KOB), informasiya texnologiyaları, startaplar, rəqəmsallaşma, e-ticarət, bank və maliyyə, elm və kosmos, tekstil, avtomobil istehsalı, mühəndislik və ali təhsil sahələrində əməkdaşlığa dərhal başlanmalıdır.
Bundan əlavə, yaxın gələcəkdə Pakistan-Azərbaycan-Türkiyə üçtərəfli dialoqu daha da gücləndiriləcək və dərinləşdiriləcək.
-Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan və Ermənistan siyasi addımlarını necə balanslaşdırmalıdır?
-Cənubi Qafqaz öz sosial-iqtisadi, geosiyasi və geo-strateji maraqlarını qoruyaraq balanslı və praqmatik xarici siyasət yürütməlidir. Eləcə də həm regional, həm də beynəlxalq güc mərkəzləri arasında təhlükəsiz mövqe tutmalıdır. Bu baxımdan, Azərbaycan və Ermənistan “Bir Kəmər, Bir Yol” təşəbbüsünün (BRI) tərəfdaşları olduqları üçün Pekinlə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, Rusiya ilə isə daha yaxşı siyasi anlaşma, geo-strateji etimad və qarşılıqlı hörmətin inkişaf etdirilməsi bütün regional ölkələr üçün daha real yanaşma olardı. Çünki Rusiyanı tamamilə nəzərdən kənarlaşdıran kəskin paradigma dəyişikliyi düzgün və məqsədəuyğun xarici siyasət sayıla bilməz.
-Pakistan bu qlobal güclər arasında necə mövqe tutur və hansı strateji prioritetləri əsas götürür?
-Pakistanın strateji prioritetləri açıq və aydındır. Onun məqsədi Əfqanıstanda sülh, sabitlik və harmoniya təşviq etmək, Cənubi Asiyada balanslı siyasət yürütmək, Cənub-Şərqi Asiya ilə davamlı münasibətlər qurmaq, Mərkəzi Asiya ölkələri ilə daha geniş trans-regional əlaqələnməni inkişaf etdirmək, Yaxın Şərqdə sülhə töhfə verməkdir. Eləcə də beynəlxalq arenada iqtisadiyyat, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü və balanslı iqtisadi qloballaşma və beynəlxalq əməkdaşlıq üzrə öz maraqlarını qorumaqda fəal rol oynamaqdır.
Pakistan dünyanın ikinci ən böyük iqtisadi gücü olan Çin ilə strateji tərəfdaşlığa malikdir. CPEC 2.0 (Çin-Pakistan İqtisadi Dəhlizi) çərçivəsində əməkdaşlığın genişlənməsi, təhlükəsizlik, hərbi və terrorizmlə mübarizə sahələrində artan əməkdaşlıq “dəmir iradəli” dostluğun əsl mahiyyətini nümayiş etdirir.
Bundan əlavə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Xalq Respublikasının Xarici İşlər Naziri Van İnin İslamabada son səfəri iki ölkə arasında ikitərəfli münasibətləri daha da gücləndirdi.
Onun Hindistana son səfəri və Pakistan-ABŞ münasibətlərində müşahidə olunan artan dinamika göstərir ki, bütün ölkələrin həyata keçirdiyi bu balanslaşdırılmış diplomatiya regionda və ondan kənarda sülh, sabitlik və harmoniya perspektivlərini daha da parlaq edir.
-Regiondakı gələcək prosesləri necə qiymətləndirirsiniz?
-Yaxın gələcəkdə regionda sülhün bərqərar olacağına ümidliyə. Regionu məhsuldarlıq və mənalı iştirak mərkəzinə çevirmək üçün uyğun sosial-iqtisadi, geosiyasi və geo-strateji yenidənqurmalar çox vacib və lazımlıdır.
Regionu qeyri-sabitliyə və xaosa doğru aparan fərqli qüvvələr mövcuddur. Bu tendensiya təşviq edilməməlidir. Rusiya siyasətinin siyasi rolu, Çin iqtisadi dəstəyi və ABŞ-nin geo-strateji prioritetləri Cənubi Qafqazın taleyini müəyyən edəcək. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin daha yaxşı diplomatik səyləri və davamlı sülh təşəbbüsləri gələcək siyasətdə mühüm rol oynayacaq.


