Milli mətbuatımızın ilk ədəbi ictimai həftəlik nəşri
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türki düşüncəli, İslam inanclı, Avropa qiyafəli məfkurə çırağı
Azərbaycanın mətbuat tarixi xalqın milli düşüncə və şüurunun formalaşması tarixidir. Bu, elə bir dövr olub ki, bir qəzet və ya jurnal millətin oyanış səsi, maarifin və azad fikrin təbliğatçısı kimi çıxış edib. XX əsrin əvvəllərində, milli ideyaların formalaşdığı, cəmiyyətin qərb və şərq arasında öz yolunu axtardığı bir zamanda yaranan “Füyuzat” jurnalı məhz bu missiyanın daşıyıcısı idi.
1906-cı il noyabrın 1-də Əli bəy Hüseynzadənin rəhbərliyi ilə Bakıda nəşrə başlayan “Füyuzat” cəmi bir il – 1907-ci ilin noyabrınadək fəaliyyət göstərsə də, Azərbaycan milli mətbuatının, həm də ümumtürk maarifçilik hərəkatının ən parlaq səhifələrindən birinə çevrildi. “Həyat” qəzeti bağlandıqdan sonra onun ideoloji xəttini davam etdirmək istəyən Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu xalqı maarifləndirmək, milli düşüncəni formalaşdırmaq və türkçülük ideyasını yaymaq məqsədilə yeni nəşr yaratdılar. Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə “Kaspi” mətbəəsində çap olunan jurnalın adı “Füyuzat”, yəni “feyz, bərəkət, ilham” mənasını daşıyırdı. Bu ad jurnalın mahiyyətinə, onun maarifçi missiyasına tam uyğun gəlirdi.
Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə "Həyat və meyli-füyuzat" məqaləsində füyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı:
“Məcmuəmizə "Füyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... "Füyuzat" ləfzon "feyz"in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır”.
“Füyuzat”ın ətrafında toplanan ziyalılar o dövrün ən parlaq simaları idi. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi, Həsən Səbri Ayvazov və başqaları jurnalın səhifələrində yeni milli ideologiyanın təməlini qoyurdular. Hər bir məqalə xalqın mənəvi dirçəlişinə, düşüncənin formalaşmasına xidmət edirdi. Jurnalda qadın hüquqları, azadlıq, maarif, ictimai islahatlar, Qərb elminin Şərq mühitində tətbiqi kimi məsələlər geniş şəkildə müzakirə olunurdu.
“Füyuzat” jurnalı dövrünün, sadəcə ədəbi tribunası deyil, ideoloji məktəb idi. Jurnalın səhifələrində Avropa maarifçiliyinə tənqidi, lakin seçici münasibət hiss olunurdu. Məqsəd kor-koranə təqlid deyil, Qərb elmini, təfəkkürünü və nizamını milli dəyərlərlə sintez etmək idi. “Füyuzat”çılar inanırdılar ki, millətin yüksəlişi yalnız elm, birlik və milli şüurun oyanması ilə mümkündür. Bu düşüncələr sonradan “füyuzatçılıq” adlanan ədəbi-siyasi cərəyanın əsasını qoydu. Füyuzatçılıq cərəyanı çarizmin istibdadına, əsarət və cəhalətə qarşı yönəlmiş, eyni zamanda, türk xalqlarının mənəvi birliyini təbliğ edən bir ideoloji axın oldu.
Jurnal Azərbaycan oxucusuna Avropa ədəbiyyatı və fəlsəfəsinin görkəmli nümayəndələrindən olan Tolstoy, Höte, Russo, Monteskyö kimi dahiləri ilk dəfə tanıdırdı. “Füyuzat”ın səhifələrində bu mütəfəkkirlərin ideyalarının tərcümə və şərhlərinə yer verilirdi ki, bu da Azərbaycan oxucusuna dünyəvi düşüncə tərzinin əsaslarını, humanizmin və maarifçiliyin əsl mahiyyətini anlatmaq məqsədi daşıyırdı.
“Füyuzat” Azərbaycan ədəbiyyatında neoromantizmin yaranmasına təkan verirdi. Neoromantizm bu dövrdə milli idealın ədəbi ifadəsi kimi insan azadlığı, milli qürur, mənəvi saflaşma və ictimai islahat arzusu füyuzatçıların yaradıcılığının əsas qayəsini təşkil etdi.
Əli bəy Hüseynzadənin “Bizə fədai lazımdır! Türki hissiyyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai!” sözləri bu ideoloji istiqamətin simvoluna çevrildi. Sonralar bu ifadə müxtəlif mətbuat orqanlarında, “Təzə həyat”, “İrşad”, “Yeni Füyuzat”, “İqbal”, “Tərəqqi”, “Həqiqət”, “Dirilik”, “Azərbaycan” və digərləri tərəfindən inkişaf etdirilərək “Türkləşmək, islamlaşmaq, müasirləşmək” fikrinin təməlini qoydu.
Jurnalda yer verilən bu fikirlər 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasını təşkil etdi. Cümhuriyyətin üçrəngli bayrağındakı mavi, qırmızı və yaşıl rənglər türklüyü, müasirliyi və islamı ifadə etdi. Bu ideya sisteminin müəllifi və mənəvi memarı məhz Əli bəy Hüseynzadə və onun ətrafında toplanan füyuzatçılar idi.
Jurnalın təsiri o qədər güclü idi ki, bəzi tədqiqatçılar 1905–1910-cu illəri “Əli bəy və Füyuzat dövrü” adlandırırlar. Əli bəy Hüseynzadənin “Həyat” qəzetinin son sayında yazdığı “Vidanamə” məqaləsində dediyi kimi, “Füyuzat” “qüdrətli, ədəbi qələm sahiblərinin cəmi” idi. Doğrudan da, jurnalın hər bir müəllifi öz dövrünün söz və fikir fədaisi idi.
Müasir dövrdə də “Füyuzat” jurnalı cəmiyyəti maarifləndirməyə davam edir. 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən “Füyuzat” jurnalının bərpası bu baxımdan tarixi-mədəni hadisə idi. Fondun təşəbbüsü ilə nəşrin davamı 33-cü nömrədən başlayaraq, professor Teymur Əhmədovun baş redaktorluğu ilə yüksək poliqrafik keyfiyyətdə çap olunmağa başladı. Bu fakt həm tarixi ənənənin, həm də müasir Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin elmi əsaslarla təbliği üçün yeni platforma formalaşdırdı.
Son 18 ildə bərpa edilib yenidən nəşr olunan “Füyuzat” jurnalı milli-mədəni, ictimai-siyasi, tarixi və mənəvi-əxlaqi mövzuları əhatə etməklə geniş tematik istiqamət qazanıb. Jurnalın təsir dairəsi yalnız ölkə sərhədləri ilə məhdudlaşmır. O, xüsusilə Türkiyə Cümhuriyyətində və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və mədəniyyət ocaqları tərəfindən böyük maraqla qarşılanır. Bu fakt “Füyuzat”ın müasir dövrdə Turan məfkurəsinin elmi əsaslarla təbliğində strateji rol oynadığını təsdiq edir.
Jurnalın elmi-publisistik məzmunu onu həm akademik dairələrdə, həm də geniş oxucu auditoriyasında nüfuzlu intellektual mənbəyə çevirmişdir. Bu gün də Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasına sadiq qalaraq fəaliyyət göstərən “Füyuzat” milli özünüdərk prosesində ideoloji varisliyini göstərir.
Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri professor Cahangir Məmmədli müasir dövrdə “Füyuzat” jurnalının fəaliyyətindən danışdı:
– Azərbaycan mətbuat tarixində xüsusi yeri olan “Füyuzat” jurnalı XX əsrin əvvəllərində milli oyanışın, ictimai tərəqqinin və maarifçilik ideyalarının əsas təbliğatçılarından olub. Jurnalın redaksiyası Tağıyevin Nikolaevski küçəsində yerləşən mülkündə fəaliyyət göstərirdi. Bu mətbuat orqanı öz dövrü üçün həm mədəni, həm də elmi-siyasi hadisə idi. “Füyuzat” Azərbaycan mətbuatının və bədii fikir tarixinin parlaq səhifələrindən biri kimi milli ideologiyanın formalaşmasında əvəzsiz rol oynamışdır.
Jurnalın loqosunda onun mahiyyətini ifadə edən bu cümlə yer alırdı:
“Ədəbi, siyasi, ictimai, həftəlik, türkcə məcmuə-i islamiyyə”. Bu ifadə “Füyuzat”ın əsas istiqamətindən olan ədəbi, elmi və ictimai müstəvidə İslam mədəniyyətinə, türklüyə və müasirləşməyə xidmət etmək amalını özündə birləşdirirdi. Ədəbiyyat burada yalnız bədii forma deyil, həm də milli düşüncənin daşıyıcısı kimi ön plana çəkilirdi. Jurnalın ədəbi hissəsi daha üstün yer tutur, siyasi və ictimai məqalələr də onun ideoloji xəttini tamamlayırdı.
Əli bəy Hüseynzadə “Füyuzat”ın ətrafında dövrün ən görkəmli ədəbi və intellektual simalarını birləşdirmişdi. Jurnalın əməkdaşları sırasında Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət kimi yazıçı və şairlər yer almışdılar. Onların bədii və publisistik yazıları milli romantizmin, maarifçiliyin və milli azadlıq ideyalarının ifadəsi idi. Elə buna görə də ədəbiyyatşünaslıqda 1905–1910-cu illər “Əli bəy və Füyuzat dövrü” adlandırılır. Bu mərhələ milli ədəbiyyatın ideya-fəlsəfi dərinliyinin artdığı, bədii düşüncənin Avropa təsirləri ilə sintezə girdiyi bir dövr idi. “Füyuzat” həm yazı tərzi, həm də ideya istiqaməti baxımından Azərbaycan ədəbi dilinin və milli kimliyinin formalaşmasında mühüm rol oynamışdır.
Jurnal Türk-müsəlman dünyasının bir çox aktual problemlərinə toxunurdu. Onun səhifələrində milli azadlıq, təhsil, qadın hüquqları, milli kimlik və ictimai tərəqqi kimi mövzulara geniş yer verilirdi. “Füyuzat” Qarabağ məsələsinə də diqqət yetirir, erməni silahlı dəstələrinin bölgədə törətdikləri vəhşilikləri ifşa edir, bu hadisələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırdı. Redaksiya heyəti bu hadisələri milli yaddaşın bir parçası kimi təqdim edirdi.
Jurnalın tərtibatı dövrün digər nəşrləri ilə müqayisədə fərqli idi: məqalələrə uyğun foto və illüstrasiyalar əlavə olunur, dizayn və çap keyfiyyəti yüksək səviyyədə idi. Bu, o dövr üçün mətbuat texnologiyası baxımından böyük yenilik sayılırdı.
Maraqlıdır ki, cəmi 1 il fəaliyyət göstərmiş jurnalın ideyaları XXI əsrdə də öz əhəmiyyətini itirməyib. Müasir dövrdə Azərbaycan mediasında “unutmadıq, unutmuruq” şüarı ilə aparılan təbliğat və erməni vandalizminin faktlarla sənədləşdirilməsi həmin dövrün “Füyuzat” ruhunun davamı kimi səslənir.
“Füyuzat” irsinin müasir dövrdə oxuculara çatdırılması istiqamətində mühüm elmi işlər görülmüşdür.
Bu sahədə tanınmış alim, mərhum Ofelya Bayramlının rolu xüsusilə qeyd olunmalıdır. O, jurnalın bütün nömrələrini transliterasiya edərək müasir Azərbaycan türkcəsinə uyğunlaşdırmış, bununla da “Füyuzat” irsinin geniş oxucu kütləsinə çatdırılmasına imkan yaratmışdır. Eyni zamanda, bir çox tədqiqatçılar “Füyuzat”ın ideoloji xəttini, publisistik dəyərini və ədəbi məzmununu elmi aspektdən araşdırmışlar.
2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun “Füyuzat” jurnalını yenidən nəşr etdirməsi bu böyük ənənənin müasir mərhələyə daşınması demək idi. Yeni “Füyuzat” milli irsə, mədəni köklərə və klassik ədəbiyyata sadiqliyin ifadəsi oldu. Bu gün “Füyuzat” jurnalı klassik irsi müasir dəyərlərlə birləşdirən, klassikanı müasirləşdirən elmi və mədəni platforma rolunu oynayır. MİMTA Fondu ətrafında birləşən ziyalıların və tədqiqatçıların fəaliyyətində vətənpərvərlik, milli dəyərlərə bağlılıq və elmi dürüstlük əsas prinsiplər kimi qorunur.
Ləman TƏHMƏZ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 01 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















