Icma.az
close
up
RU
Müasir dövlətçiliyimizin hüquqi təməli

Müasir dövlətçiliyimizin hüquqi təməli

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasında Konstitusiya Günü təkcə hüquqi bayram deyil, həm də müstəqil dövlətçiliyimizin ən mühüm siyasi hadisələrindən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına, sabit və səmərəli dövlət idarəçiliyinin formalaşmasına möhkəm hüquqi zəmin yaratmışdır.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası

Azərbaycan tarixi boyu müxtəlif konstitusiya mərhələləri yaşamışdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi fəaliyyət göstərsə də, onun Konstitusiyasını qəbul etməyə imkan olmamışdı. SSRİ dövründə isə Azərbaycan Sovet Sosialist Respublikasının 3 konstitusiyası (1921, 1937 və 1978-ci illər) qüvvədə olmuşdur. Lakin bu sənədlər müstəqil dövlət iradəsini deyil, mərkəzləşdirilmiş sovet sisteminin ideoloji prinsiplərini əks etdirirdi.

Buna baxmayaraq, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dönəm – 1969-1982-ci illər Azərbaycan tarixində iqtisadi, mədəni və siyasi yüksəliş dövrü kimi yadda qalmışdır. Bu sırada Heydər Əliyev hələ sovet hakimiyyəti illərində, məhdud səlahiyyətlər və ideoloji çərçivələr daxilində olsa da, Azərbaycan xalqının hüquqlarını, dilini, mədəniyyətini və iqtisadi inkişafını hüquqi müstəviyə gətirməyə nail olmuşdu. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunduqdan sonra bütün müttəfiq respublikalar kimi, Azərbaycan SSR də öz yeni konstitusiyasını hazırlamalı idi. Bu işə rəhbərlik edən Heydər Əliyev 1978-ci ildə qəbul olunmuş bu ali sənədin təkcə sovet ideologiyasına deyil, həm də Azərbaycan xalqının milli mənafelərinə uyğun olmasına xüsusi diqqət göstərmişdir.

Heydər Əliyevin ən mühüm təşəbbüslərindən biri Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi olmuşdur. O dövrdə SSRİ rəhbərliyində rus dilinin “ümumdövlət dili” kimi üstünlüyü təşviq edilirdi, digər respublikalarda milli dillərə bu statusun verilməsinə skeptik yanaşılırdı. Lakin Heydər Əliyev böyük siyasi cəsarət və diplomatik çeviklik göstərərək Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəasını daxil etdirdi. Bu, yalnız dil məsələsi deyildi, bu addım Azərbaycan xalqının milli kimliyinin, mədəni irsinin və suveren düşüncəsinin qorunması baxımından strateji əhəmiyyət daşıyırdı.

Heydər Əliyev Konstitusiya layihəsində eyni zamanda sosial ədalət, əmək, təhsil, səhiyyə, mədəniyyət və ətraf mühitin qorunması sahəsində vətəndaşların hüquqlarının genişləndirilməsinə nail olmuşdu. Konstitusiyada “Azərbaycan SSR-in vətəndaşlarının bərabərliyi”, “milli mədəniyyətin inkişafı”, “təbiətin mühafizəsi” kimi müddəalar məhz Ulu öndərin təşəbbüsü ilə daha konkret və işlək şəkildə əks olunmuşdu.

Ulu öndər SSRİ-nin mərkəzləşdirilmiş iqtisadi sistemində belə, Azərbaycanın iqtisadi potensialını artırmaq üçün hüquqi mexanizmlərin yaradılmasına çalışırdı. 1978-ci il Konstitusiyasına respublikanın təbii sərvətlərə, torpağa, suya, faydalı qazıntılara və enerji mənbələrinə sahiblik hüququ daxil edilmişdi. Bu, gələcəkdə Azərbaycanın iqtisadi müstəqilliyi üçün mühüm hüquqi baza yaratdı. Həmçinin respublikanın idarəetmə orqanlarının səlahiyyətləri də əvvəlki konstitusiyadan daha geniş şəkildə müəyyənləşdirilmişdi. Heydər Əliyev deyirdi: “Qanunlar xalqın mənafeyinə xidmət etməlidir. Əgər qanun xalqın iradəsini əks etdirmirsə, o, formal sənəddən başqa bir şey deyil”. Bu yanaşma sonradan onun müstəqil Azərbaycanın Konstitusiyasını hazırlayarkən tətbiq etdiyi prinsiplərin təməlini qoydu. Beləliklə, Heydər Əliyev hələ sovet sisteminin sərt ideoloji çərçivələri daxilində belə milli maraqları qoruyaraq, Azərbaycanın gələcək dövlət müstəqilliyinə hüquqi və siyasi zəmin yaratmışdı.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra isə yeni, milli dəyərlərə və beynəlxalq hüquq normalarına əsaslanan Konstitusiyanın hazırlanması tarixi zərurətə çevrildi.

Yeni müstəqillik dövrünün Ana Qanunu

1991-ci ildə Azərbaycan öz müstəqilliyini formal olaraq bərpa etsə də, ölkədə siyasi sabitlik, iqtisadi inkişaf və təhlükəsizlik təmin olunmamışdı. Son dərəcə ağır tarixi şəraitdə Heydər Əliyevin polad iradəsi və uzaqgörən siyasəti hadisələrin düzgün məcrada inkişafı üçün həlledici amilə çevrildi. Belə ki, ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı birbaşa hədəfə almışdı. Ermənistanın təcavüzü, iqtisadi böhran, dövlətçiliyin zəif institusional bazası respublikanı dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu.

Azərbaycanın o dövrdəki iqtidarının qorxaqlığı, siyasi səbatsızlığı bir tərəfdən, AXC-Müsavat cütlüyündə birləşmiş xəyanətkar ünsürlərin antimilli mövqeyi isə digər tərəfdən ölkəni sonu görünməyən faciələrə sürükləyirdi. Məhz bu səbəbdən dövlətçilik və hüquqi baxımdan ən ciddi məsələ sayılan yeni Konstitusiyanın hazırlanması kimi heç kimin yadına da düşmürdü, heç belə bir niyyət mövcud da deyildi. O dövrdə məqsəd ancaq 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Sovet Azərbaycanında əldə olunmuş sosial-iqtisadi və mədəni nailiyyətləri dağıtmaqdan ibarət idi və təəssüf ki, buna da nail oldular.

Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın formal bəyan olunmuş müstəqilliyi real müstəqilliyə çevrildi. Dövlətçilik məfkurəsini hər kəsdən yaxşı dərk edən Ulu öndər bütün xarici və daxili təhdidlərə baxmayaraq, 1995-ci ildə yeni müstəqil Azərbaycanın Konstitusiyasının qəbuluna nail oldu. Ulu öndər Heydər Əliyev ölkədə sabitliyi bərpa etməklə yanaşı, müstəqil dövlətin hüquqi əsaslarını yaratmaq kimi tarixi missiyanı həyata keçirdi. Yeni Konstitusiya demokratik dövlət quruculuğunun əsas prinsiplərini təsbit edir:

- dövlət suverenliyi və müstəqilliyin təminatı;

- hakimiyyətin bölünməsi prinsipi – qanunverici, icraedici və məhkəmə hakimiyyətinin qarşılıqlı balansı;

- insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınması;

- dünyəvilik, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri.

Bu müddəalar həm dövlət idarəçiliyində, həm də cəmiyyətin siyasi mədəniyyətində yeni mərhələnin əsasını qoydu. Konstitusiyaya dəyişikliklərlə bağlı 2002-ci il 24 avqustda keçirilən referendum nəticəsində:

- seçki sisteminə dəyişiklik edildi: qarışıq sistem ləğv olundu, tam majoritar sistemə keçildi ki, bu da seçicilərin təmsilçiliyini gücləndirdi, deputatların məsuliyyətini artırdı, Parlamentin fəaliyyət səmərəliliyini təmin etdi, milli maraqlara əsaslanan siyasi idarəetmə modelini möhkəmləndirdi, dövlətin sabit inkişaf kursuna hüquqi zəmin yaratdı;

- müəyyən siyasi-hüquqi vəziyyətlərlə əlaqədar Prezident səlahiyyətlərinin müvəqqəti icrasının Baş nazirə həvalə edilməsi icra hakimiyyətinin vahidliyini, hakimiyyətin qolları – qanunverici (Milli Məclis) və icraedici (Prezident) arasında səlahiyyət balansını qorumaq üçün mühüm addım idi. Dövlət quruculuğunun gücləndirilməsi və idarəetmənin sabitliyinin təmin edilməsi baxımından mühüm mərhələ hesab olunan bu dəyişiklik, eyni zamanda, dövlət idarəçiliyində çevikliyi artırmaq və fövqəladə hallarda qərarvermə prosesini sürətləndirmək məqsədlərini nəzərdə tuturdu.

Prezident İlham Əliyevin Ana Qanunumuzun 30 illik yubileyi ilə əlaqədar 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması barədə Sərəncamında Konstitusiyanın Heydər Əliyev dövrü ilə bağlı mühüm məqamlar öz əksini tapmışdır: “Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”. Bu baxımdan dövlətçilik tariximizin ən böyük nailiyyətlərindən biri olan 1995-ci il Konstitusiyasının qəbulu Azərbaycan xalqının əsrlər boyu müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq arzusunun ifadəsi kimi dəyərləndirilməlidir.

Yeni dövr və konstitusiya islahatları

2003-cü ildə ümumxalq seçkilərində İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin dövlətçilik tarixində yeni mərhələyə start verildi. Prezident İlham Əliyev Ümummilli liderin siyasi irsini uğurla inkişaf etdirərək yeni dövrün çağırışlarına uyğun Azərbaycanın tərəqqi strategiyasını müəyyənləşdirdi. İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm daxili, həm də xarici siyasətdə güclü və müstəqil dövlətə çevrildi.

Eyni zamanda onun siyasi iradəsi ilə həyata keçirilmiş konstitusion islahatlar ölkənin sabitliyinin etibarlı şəkildə təmin edilməsi, müasir tələblərə cavab verən idarəçilik sisteminin yaradılması və təkmilləşdirilməsi daha mütərəqqi inkişaf mərhələsinə keçid baxımından mühüm addımlar sırasındadır. Sonrakı illərdə keçirilən referendumlar dövlət idarəetməsini müasirləşdirmək, siyasi sabitliyi qorumaq və hakimiyyətin məsuliyyətini artırmaq məqsədi daşıyıb.

2009-cu il 18 mart Konstitusiya referendumu zamanı qəbul edilən ən mühüm dəyişikliklərdən biri prezidentin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması idi. Bu qərar

- dövlət idarəçiliyində ardıcıllıq və strateji dayanıqlıq,

- liderlik institutunun sabitliyini və dövlət idarəetməsində milli məktəbin qorunması,

- islahatların davamlılığının təmin olunması,

- demokratik legitimliyin - xalqın seçki hüququnun genişlənməsi və

- dövlətin müstəqil inkişaf kursunun qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

26 sentyabr 2016-cı il Konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum ən genişmiqyaslı konstitusiya islahatı olmuşdur. Ölkənin Ali Qanununa 23 yeni maddə əlavə olunmuş, 29 maddə isə dəyişdirilmişdir. Əsas məqamlar isə aşağıdakılardır:

- Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılmış;

- yeni vəzifələr təsbit olunmuş, Birinci vitse-prezident və vitse-prezidentlər institutu yaradılmış;

- Prezidentə parlamenti buraxmaq və növbədənkənar seçki təyin etmək səlahiyyəti verilmiş;

- insan hüquqlarının müdafiəsi və sosial təminat sahəsində yeni normalar əlavə edilmişdir.

Bu referendumlar və konstitusiya islahatları dövlətin idarəçilik sistemini müasirləşdirib, çevik və məsuliyyətli prezidentlik modelini formalaşdırıb. Ötən 30 il ərzində aparılan ardıcıl konstitusiya islahatları nəticəsində Azərbaycanın timsalında yeni müstəqil, nümunəvi müasir və səmərəli idarəetmə modelinə malik dövlətlərdən birinə çevrilmişdir.

Azərbaycan Konstitusiyası və Qarabağ Zəfəri

Xalqın dərin etimadına söykənən və qüdrətli ordumuzun gücünə arxalanan Müzəffər Ali Baş Komandan İlham Əliyevin bənzərsiz sərkərdəlik məharəti sayəsində əldə olunmuş və bu günlərdə 5 illik yubileyini qeyd etdiyimiz möhtəşəm tarixi Qarabağ Zəfəri də təkcə hərbi qələbə deyil, həm də “suveren, demokratik, hüquqi və dünyəvi dövlət” prinsiplərinə yeni siyasi məzmun qazandırmaqla Konstitusiyamızın ruhunda, onun əsas prinsiplərində təsbit olunmuş milli idealların real həyatda təntənəsidir.

Konstitusiyamızın 9-cu bölməsi Prezidentin ali baş komandan səlahiyyətlərini müəyyən edir. Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi bu səlahiyyətlərin məhz milli təhlükəsizlik və dövlətin bütövlüyü naminə necə səmərəli istifadə oluna biləcəyini göstərdi. Beləliklə, Konstitusiyada nəzərdə tutulan prezident institutunun strateji rolu tarix qarşısında özünü tam doğrultdu.

Ana Qanunun preambulasında “Azərbaycan xalqının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq iradəsi” ifadəsi yer alır. Qarabağ Zəfəri göstərdi ki, bu iradə təkcə hüquqi sənəddə deyil, xalqın genetik yaddaşında, milli ruhunda yaşayır. Bu gün Konstitusiyamız artıq postmüharibə dövrünün reallıqlarına əsaslanan yeni mərhələyə daxil olub. İndi Konstitusiya təkcə ali hüquqi sənəd deyil, həm də Azərbaycan xalqının birliyinin, müstəqilliyinin və ədalətin simvoluna çevrilən tarixi Zəfərin mənəvi təcəssümüdür.

Əli HÜSEYNLİ,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri