Neft gəlirləri: Səmərəli investisiya siyasətinin Azərbaycan modeli
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan büdcə gəlirləri qlobal neft bazarındakı konyunkturadan asılı olan ölkələr sırasındadır. Bu, neft hasil edən demək olar ki, bütün dövlətlər üçün xarakterik bir xüsusiyyətdir. Hətta əhalinin həyat səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrindən biri hesab edilən Norveç belə bu asılılıqdan tam sığortalanmayıb. Əsas fərq neft gəlirlərinin mövcudluğu deyil, onlardan necə istifadə olunmasıdır - yəni bu gəlirlərin nə dərəcədə səmərəli idarə edilməsi və iqtisadiyyatın diversifikasiyası istiqamətində nə qədər uzaqgörən addımların atılmasıdır.
Neft, digər təbii sərvətlər kimi, sonsuz deyil. Bu reallıq uzunmüddətli iqtisadi strategiyanın mərkəzində dayanmalıdır. Neft dövrü başa çatana qədər əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, daha dayanıqlı və davamlı gəlir mənbələrinin formalaşdırılması ölkənin iqtisadi təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır. Azərbaycanda bu keçidin təməli təsadüfi qərarlarla yox, hələ ötən əsrin sonlarında strateji baxış əsasında qoyulub.
Məhz bu baxışdan çıxış edən ümummilli lider Heydər Əliyev neft kimi strateji bir sərvətin bugünkü ehtiyaclarla yanaşı, gələcək nəsillərin rifahına da xidmət etməli olduğunu əsas prinsip kimi müəyyənləşdirdi.
Bu yanaşmanın institusional ifadəsi isə 1999-cu il fevralın 29-da Dövlət Neft Fondunun yaradılması ilə bağlı imzalanan fərman oldu. Fondun təsis edilməsi ilə neft gəlirlərinin toplanması, onların şəffaf, səmərəli və uzunmüddətli idarə olunması üçün dayanıqlı mexanizm quruldu.
Bu strateji xətt bu gün artıq konkret qərarlar və qlobal tərəfdaşlıqlarla möhkəmlənən praktik siyasət kimi özünü göstərir. Azərbaycanın post-neft dövrünə hazırlıq modelində Dövlət Neft Fondunun rolu təkcə vəsaitlərin qorunması ilə məhdudlaşmır. Əsas məqsəd bu resursların uzunmüddətli dəyər yaradan, dayanıqlı gəlir formalaşdıran sahələrə yönəldilməsidir. Məhz bu baxımdan Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin qlobal investisiya nəhəngləri ilə keçirdiyi görüşlər ARDNF-in uzunmüddətli investisiya strategiyasının institusional əsaslarını daha da gücləndirdi.
Yanvarın 20-də dövlət başçısının "BlackRock"un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan "Global Infrastructure Partners"in (GIP) təsisçisi və baş icraçı direktoru Adebayo Oqunlesi, yanvarın 21-də isə "Brookfield Asset Management" şirkətinin prezidenti Konnor Teski ilə keçirilən görüşlər və imzalanan sənədlər ARDNF-in investisiya strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Görüş zamanı ARDNF ilə "BlackRock" arasında mövcud əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olundu. Davos səfəri çərçivəsində Dövlət Neft Fondu ilə "BlackRock" və GIP arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanması bu dialoqun praktiki müstəviyə keçdiyini göstərdi.
"BlackRock"un real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial layihələrin araşdırılmasını və əməkdaşlığın strateji əsasda davam etdirilməsini nəzərdə tutur. Bu isə ARDNF-in investisiya portfelində real aktivlərin və uzunmüddətli gəlir gətirən layihələrin payının mərhələli şəkildə artırılmasına yönəlmiş daha geniş yanaşmanın tərkib hissəsidir.
"Brookfield Asset Management" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr - enerji keçidi və enerji saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər real aktivlər üzrə imkanların araşdırılması nəzərdə tutulur. Bu yanaşma ARDNF-in yalnız maliyyə gəlirliliyinə deyil, eyni zamanda uzunmüddətli struktur dəyişikliklərini dəstəkləyən, dayanıqlı və gələcəyə hesablanmış investisiya modelinə keçidini əks etdirir.
Sabitlik və infrastruktur investisiyalarının cazibəsi
Dövlət Neft Fondu yaradıldığı ilk gündən fiskal intizamın möhkəmləndirilməsi və makroiqtisadi sabitliyin qorunmasında əsas maliyyə dayaqlarından biri olub. Fondun fəaliyyəti neft gəlirlərinin toplanması ilə yanaşı, onların uzunmüddətli perspektivdə qorunması və artırılması prinsipləri üzərində qurulub.
Bu yanaşma nəticəsində ARDNF həm ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan layihələrin maliyyələşdirilməsində, həm də gələcək nəsillər üçün maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Son illərin göstəriciləri Fondun idarəetmə modelinin effektivliyini təsdiqləyir. 2025-ci ilin ilk 9 ayı ərzində ARDNF vəsaitlərinin idarə olunmasından 5 milyard 236 milyon manat gəlir əldə edib, Fondun aktivləri isə 70,2 milyard ABŞ dollarına çatıb.
Son on ilin dinamikası daha diqqətçəkicidir: 2015-ci ilin ilk doqquz ayı ilə müqayisədə Fondun aktivləri iki dəfə artsa da, vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər 102 dəfə yüksəlib. Bu artım əsasən neft qiymətlərindən deyil, investisiya strategiyasının mərhələli şəkildə yenilənməsindən qaynaqlanır.
Hazırda ARDNF-in investisiya portfeli risklərin balanslaşdırılması prinsipi əsasında formalaşdırılıb. Portfelin 34,7 %-i istiqraz və pul bazarı alətlərinin, 32,8 %-i qızılın, 25,8 %-i səhmlərin, 6,7 %-i isə daşınmaz əmlak və infrastruktur investisiyalarının payına düşür. Qızıl investisiyalarının payının artırılması qlobal qeyri-müəyyənliklər fonunda daha ehtiyatlı və çevik yanaşmanın seçildiyini göstərir. Ötən il ərzində Fond istiqraz və pul bazarı alətlərindən qismən çıxaraq qızıla yatırımları 85 % artırıb.
Qızıl bazarındakı son tendensiyalar bu qərarın iqtisadi əsaslarını gücləndirir. Bir troya unsiyası üçün qiymətin 4 880 ABŞ dollarını ötmesi qızılın qlobal maliyyə sistemində "təhlükəsiz liman" rolunun yenidən gücləndiyini göstərir.
Paralel olaraq, ARDNF qlobal investisiya nəhəngləri ilə əməkdaşlığı genişləndirərək infrastruktur və real aktivlər üzrə iştirakını artırır. Davos çərçivəsində "BlackRock", GIP və "Brookfield Asset Management" ilə imzalanan niyyət protokolları bu strategiyanın institusional əsasını formalaşdırır. Qarşıdakı 3-4 il ərzində "BlackRock" və GIP ilə 1,5 milyard ABŞ dollarınadək, "Brookfield" ilə isə 1,4 milyard ABŞ dollarınadək birgə investisiya imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.
Bu əməkdaşlıqlar ARDNF-in maliyyə gəlirliliyini artırmaqla yanaşı, eyni zamanda qlobal infrastruktur layihələrində iştirak etməklə risklərin coğrafi və sektorlar üzrə diversifikasiyasını dərinləşdirmək niyyətindən xəbər verir.
IMF və Dünya Bankının ARDNF-ə institusional yanaşması
Beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrində Azərbaycan Dövlət Neft Fondu regionda formalaşmış ən institusional və nizamlı suveren sərvət fondlarından biri kimi təqdim olunur. Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı öz hesabatlarında ARDNF-i fiskal dayanıqlığın qorunmasında və makroiqtisadi risklərin yumşaldılmasında mühüm rol oynayan strateji alət kimi dəyərləndirir.
IMF-in Azərbaycan üzrə məsləhət missiyalarının və IV Maddə çərçivəsində hazırlanan hesabatların əsas vurğularından biri ARDNF-in büdcə siyasətində sabitləşdirici roludur. Fond qeyd edir ki, neft gəlirlərinin mərkəzləşdirilmiş qaydada idarə olunması büdcə xərclərinin kəskin dalğalanmasının qarşısını alır, neft qiymətlərindəki volatilliyin iqtisadiyyata birbaşa təsirini zəiflədir və dövlət maliyyəsinin proqnozlaşdırıla bilməsini artırır. Bu baxımdan ARDNF-in fəaliyyəti fiskal intizamın möhkəmləndirilməsi üçün mühüm institusional çərçivə kimi qiymətləndirilir.
IMF eyni zamanda Fondun investisiya siyasətində risklərin balanslaşdırılmasına və uzunmüddətli gəlirliliyə yönəlmiş yanaşmanı müsbət qiymətləndirir. Xüsusilə portfelin mərhələli şəkildə diversifikasiyası, ənənəvi alətlərlə yanaşı qızıl, səhmlər və infrastruktur aktivlərinin payının artırılması qlobal qeyri-müəyyənliklər fonunda məqbul strategiya kimi təqdim olunur. Bununla yanaşı, Fond mütəmadi olaraq ARDNF-lə bağlı tövsiyələrində fiskal qaydaların daha da sərtləşdirilməsini, büdcə transfertlərinin neft qiymətlərindən asılılığının tədricən azaldılmasını və qeyri-neft gəlirlərinin rolunun gücləndirilməsini ön plana çəkir.
Dünya Bankının yanaşması isə daha çox institusional idarəetmə və uzunmüddətli inkişaf kontekstinə fokuslanır. Bankın hesabatlarında ARDNF-in yaradılması Azərbaycanda resurs gəlirlərinin idarə olunması sahəsində dönüş nöqtəsi kimi qiymətləndirilir. Xüsusilə şəffaflıq, hesabatlılıq və beynəlxalq standartlara uyğunluq Dünya Bankı tərəfindən Fondun əsas üstünlükləri sırasında göstərilir. ARDNF-in illik hesabatlarının açıqlanması, audit mexanizmləri və məlumatların ictimaiyyət üçün əlçatan olması resurs zəngini ölkələr üçün nümunəvi praktika kimi təqdim olunur.
Dünya Bankı eyni zamanda Fondun vəsaitlərinin insan kapitalına, infrastrukturun inkişafına və sosial layihələrə yönəldilməsini inklüziv artım baxımından müsbət qiymətləndirir. Bankın yanaşmasına görə, neft gəlirlərinin yalnız maliyyə ehtiyatı kimi saxlanılması deyil, onların iqtisadiyyatın struktur transformasiyasına xidmət etməsi uzunmüddətli dayanıqlığın əsas şərtidir. Bu kontekstdə ARDNF vasitəsilə maliyyələşdirilən layihələr ölkənin post-neft dövrünə hazırlıq prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirilir.
Hər iki institutun yanaşmalarını ümumiləşdirən əsas məqam ondan ibarətdir ki, ARDNF Azərbaycanın neft gəlirlərindən asılılığını tam aradan qaldıran mexanizm olmasa da, bu asılılığın idarəolunan və proqnozlaşdırılan səviyyədə saxlanılmasında mühüm rol oynayır. IMF və Dünya Bankı üçün əsas çağırış Fondun maliyyə dayanıqlığını qorumaqla yanaşı, onun fiskal siyasətlə koordinasiyasını gücləndirmək və qeyri-neft iqtisadiyyatının maliyyələşdirilməsində daha sistemli yanaşmaya keçidi təmin etməkdir.
Bu mənada ARDNF beynəlxalq maliyyə institutlarının baxışında artıq formalaşma mərhələsini geridə qoymuş, lakin qarşısında daha mürəkkəb və məsuliyyətli inkişaf mərhələsi duran strateji institut kimi çıxış edir.
Diversifikasiya portfel idarəçiliyinin yeni vektoru kimi
Məsələni "Report"a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, nüfuzlu qlobal investisiya fondları ilə əməkdaşlıq ARDNF-in vəsaitlərinin yerləşdirilməsinin səmərəliliyini daha da artıracaq. Onun sözlərinə görə, son illər ARDNF tərəfindən həyata keçirilən investisiya siyasəti artıq öz nəticəsini verir və bu, investisiya strukturunun və portfelinin ardıcıl şəkildə diversifikasiyasında aydın görünür.
"Faktiki olaraq, ARDNF tərəfindən səmərəli investisiya siyasətinin tətbiq olunduğunu müşahidə edirik. Fond aktivlərin idarə olunmasında daha çevik alətlərə üstünlük verir ki, bu da son illər ərzində aktivlərin artımını təmin edib. Xüsusilə 2025-ci ildə qızıl portfelinin 185 tona çatdırılması bu yanaşmanın bariz nümunəsidir. Mövcud investisiya siyasəti Fondun aktivlərini artırmağa imkan verir. Qlobal investisiya nəhəngləri ilə əməkdaşlıq isə ölkənin valyuta ehtiyatlarında mövcud artım tempinin qorunması ilə yanaşı, aktivlərin gəlirlilik səviyyəsinin də yüksəlməsinə şərait yaradacaq", - deyə deputat vurğulayıb.
Öz növbəsində iqtisad üzrə fəlsəfə doktoru Fərəc Axundov hesab edir ki, bu əməkdaşlıq Azərbaycanın logistik və nəqliyyat potensialının genişlənməsi baxımından da mühüm imkanlar açır. Onun fikrincə, əlavə investisiya axını tədarük zəncirlərinin formalaşdırılmasına, avtomobil və dəmir yolu infrastrukturunun inkişafına təkan verəcək və bu da birbaşa olaraq mal dövriyyəsinin və yükdaşımaların həcminin artmasına səbəb olacaq.
"Ənənəvi logistik zəncirlər artıq sıradan çıxıb. Yeni təchizat zəncirləri isə məhz Azərbaycandan keçir. Bu gün Azərbaycan faktiki olaraq Şərqlə Qərbi birləşdirən əsas logistik mərkəzlərdən birinə çevrilib. Belə bir şəraitdə ötürücülük qabiliyyətinin artırılması həyati əhəmiyyət daşıyır və bu da yalnız infrastrukturun genişləndirilməsi hesabına mümkündür. İnfrastrukturun inkişafı isə əlavə investisiyalar tələb edir. Bu əməkdaşlıq tədarük zəncirlərinin, avtomobil və dəmir yollarının yaradılması üçün yeni investisiya axını formalaşdıracaq. Nəticədə Zəngəzur dəhlizi, eləcə də şimal və cənub istiqamətləri üzrə yükdaşımaların həcmi bir neçə dəfə arta bilər", - deyə ekspert bildirib.
F.Axundov əlavə edib ki, iri investisiya şirkətlərinin fəaliyyəti əsasən uzunmüddətli və ortamüddətli perspektivlər üzrə ölçülür. Bu baxımdan sözügedən investisiyalar Azərbaycanın onilliklər ərzində sabit və davamlı gəlir mənbələri əldə etməsinə xidmət edə bilər.
Qlobal kapitalın yeni marşrutu
Ekspertin sözlərinə görə, "BlackRock" və GIP ilə əməkdaşlıq müxtəlif bazarlarda mövcud olan investisiya məhsullarını Azərbaycan üçün daha əlçatan edir. Bubur, tək tərəfli kapital axını kimi dəyərləndirmək olmaz, qarşılıqlı əməkdaşlıq və vəsait mübadiləsinə əsaslanan modeldir.
"Yəni Azərbaycan Dövlət Neft Fondu vasitəsilə "BlackRock"un qlobal investisiya layihələrində iştirak edə biləcək, qarşı tərəf isə ARDNF-in Azərbaycanda həyata keçirdiyi layihələrə qoşulacaq. Azərbaycan ərazisinə investisiyaların cəlb olunması özü-özlüyündə böyük nailiyyətdir. Çünki bu, layihələrin yalnız dövlət vəsaiti hesabına deyil, həm də xarici investisiya şirkətlərinin iştirakı ilə reallaşdırılmasına imkan yaradır. Eyni zamanda bu proses digər investorları da ölkəyə cəlb edərək Azərbaycanda rəqəmsal investisiya sənayesinin formalaşmasına və güclənməsinə zəmin yarada bilər. Nəticədə büdcə gəlirləri üçün əlavə və davamlı mənbələr yaranacaq", - deyə o qeyd edib.
F.Axundov xarici investorların ölkəyə cəlb olunmasında beynəlxalq standartların tətbiqinin xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq beynəlxalq əməliyyat və idarəetmə standartlarının tətbiqi imkanlarını daha da genişləndirəcək.
"Bu gün artıq əminliklə demək olar ki, Azərbaycanda bir çox beynəlxalq standartlar uğurla tətbiq olunur. Hətta elə sahələr var ki, ölkəmiz əldə etdiyi rəqəmsal və elektron həllər üzrə öz təcrübəsini digər dövlətlərlə bölüşür. ASAN Xidmət və elektron hökumət sistemi bunun ən bariz nümunəsidir. Bu cür unikal modellər iri investisiya şirkətləri ilə əməkdaşlıqda mühüm rol oynayır. Beynəlxalq standartların mövcudluğu xarici investorların Azərbaycan bazarına daxil olmasını asanlaşdırır, onların layihələrdə iştirak etməsinə və gəlir əldə etməsinə şərait yaradır. Bu da Azərbaycanın artıq regionda, hətta qlobal miqyasda rəqəmsal oyunçulardan birinə çevrildiyini göstərir", - deyə ekspert bildirib.
Sonda F.Axundov imzalanmış sənədlər çərçivəsində Azərbaycanla əməkdaşlıq üzrə sahəvi işçi qruplarının yaradılmasını yüksək qiymətləndirib. Onun fikrincə, bu cür mexanizmlər xüsusilə perspektivlidir.
"Bu qrupların əsas üstünlüyü ondan ibarətdir ki, müxtəlif sahələr üzrə ekspertlər bir araya gətirilir və nəticədə hazırlanan məhsul konkret problemin və ya tapşırığın həllinə yönəlir. Digər tərəfdən, bu yanaşma mövcud problemlərin həllinə yeni baxış və dinamika gətirir. İlkin mərhələdə belə qruplar böyük ehtimalla sənədlərin hazırlanmasında mövcud çətinliklərin müəyyənləşdirilməsi məqsədilə yaradılacaq. Buraya qanunvericilik, fiziki infrastruktur və informasiya texnologiyaları ilə bağlı çağırışlar daxildir", - deyə o vurğulayıb.
"Report" İnformasiya Agentliyi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Yanvar 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















