NİYƏ HAMI ÖZÜNÜ HAQLI HESAB EDİR?
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Rəsul Mirhəşimli
Hər birimiz nədənsə narazıyıq. Kimimiz yollardakı tıxaclardan, kimimiz avtobusların gecikməsindən, kimimiz ictimai nəqliyyatda sıxlıqdan, kimimiz xidmətlərin keyfiyyətindən danışırıq. Bəzən saatlarla cəmiyyətin problemlərini müzakirə edir, kimin nəyi düzgün etmədiyini sadalamaqdan yorulmuruq. Əslində, sadaladığımız problemlərin böyük hissəsi realdır və onları inkar etmək də mümkün deyil. Amma bir məsələ var ki, haqqında danışmaq bizə bir qədər çətin gəlir. Bəs bütün bu narazılıqların içində öz davranışımızın payı nə qədərdir?
Çünki cəmiyyət yalnız ayrı-ayrı qurumlardan, yollardan, avtobuslardan, binalardan və müxtəlif xidmətlərdən ibarət deyil. Cəmiyyət, ilk növbədə, insanların bir-birinə münasibətidir. Küçədə, mağazada, avtobusda, növbədə, liftin qarşısında, dayanacaqda necə davrandığımız həmin cəmiyyətin görünməyən tərəfini formalaşdırır. Bəzən böyük problemlərdən danışarkən çox kiçik görünən davranışlarımızın əslində həmin problemlərin ümumi mənzərəsinin bir hissəsi olduğunu unuduruq.
Belə bir deyim var: “Dünyanı düzəltmək istəyirsənsə, əvvəlcə özündən başla”. Bu fikir sadəcə gözəl səslənən bir nəsihət deyil. İctimai həyatın ən sadə prinsiplərindən biridir. Çünki hər bir insan öz davranışına görə məsuliyyət daşıyır. Başqasının növbəsini pozan, ictimai nəqliyyatda digər sərnişinləri narahat edən, yaşlı və ya güzəştli sərnişinə öz yerini verməyən, bir oturacaqda oturub digərini çantası ilə zəbt edən adamın yaratdığı narahatlıq ilk baxışda kiçik görünə bilər. Lakin milyonlarla insanın gündəlik həyatında bu cür “kiçik” davranışlar yığıldıqda ortaya böyük ictimai problem çıxır.
Bir müddət əvvəl meyvə-tərəvəz satılan mağazada belə bir mənzərənin şahidi oldum. Mənim kimi növbəsini gözləyən insanların yanında sonradan gələn bir neçə nəfər heç nə olmamış kimi irəli keçdi, alış-verişini etdi və çıxdı. Orada olan bir xanım müştəri isə onların arxasınca baxmaqdan başqa bir şey edə bilmədi. Hadisənin böyüdüləsi bir tərəfi yox idi. Nə mübahisə baş verdi, nə də ciddi bir qarşıdurma. Amma məsələ məhz buradadır. Biz bəzən kobudluğun yalnız yüksək səslə danışmaq, təhqir etmək və ya qarşı tərəfə hörmətsiz münasibət göstərmək olduğunu düşünürük. Halbuki başqasının haqqını bilərəkdən görməzliyə vurmaq da kobudluğun bir formasıdır.
Növbə gözləmək təkcə mağazada müəyyən edilmiş qaydaya əməl etmək deyil. Növbə anlayışının arxasında çox mühüm bir ictimai prinsip dayanır.Bu da “mənim vaxtımın və haqqımın başqasının vaxtından və haqqından üstün olmadığı”nı qəbul etməkdən ibarətdir. Növbəni pozan insan əslində özünə belə bir üstünlük verir,“mən hamıdan əvvəl xidmət almalıyam, başqaları isə gözləyə bilər”. Bu düşüncə bir mağazada özünü göstərir, başqa yerdə isə daha ciddi formada qarşımıza çıxır.
İctimai nəqliyyatda vəziyyət daha aydın görünür. Avtobuslarda güzəştli sərnişinlər üçün xüsusi yerlər ayrılıb. İritutumlu avtobuslarda ön qapıdan ikinci qapıyadək yerləşən bəzi oturacaqlar bu məqsədlə nəzərdə tutulub və üzərində bunu bildirən işarələr var. Buna baxmayaraq, hər gün həmin yerlərdə oturan və güzəştli sərnişin avtobusa daxil olduqda yerindən qalxmayan gəncləri görmək mümkündür. Burada söhbət yalnız bir oturacaqdan getmir. Söhbət cəmiyyətin daha zəif və ya xüsusi qayğıya ehtiyacı olan üzvlərinə münasibətdən gedir.
İnsan öz rahatlığını başqasının ehtiyacından üstün tutanda ictimai mədəniyyətin ən sadə prinsiplərindən biri pozulur. Əlbəttə, hər vəziyyət eyni deyil. İnsan özünü pis hiss edə, sağlamlıq problemi yaşaya və ya başqa səbəbdən ayaq üstə dura bilməyə bilər. Amma bununla heç bir əlaqəsi olmayan halda, qarşısındakı şəxsin həmin yerə ehtiyacı olduğunu bildiyi halda oturmaqda israr etmək artıq sadəcə diqqətsizlik deyil.
Sokratın insan və cəmiyyət haqqında düşüncələrində əsas məqamlardan biri insanın özünü dərk etməsi və öz davranışına tənqidi yanaşması idi. Onun fəlsəfəsində “özünü tanı” prinsipi insanın yalnız biliyini artırması yox, öz davranışını, əməllərini və məsuliyyətini dərk etməsi kimi də başa düşülür. İctimai mədəniyyət baxımından bunun çox sadə bir nəticəsi var. Başqalarının davranışını mühakimə etməzdən əvvəl insan öz davranışına baxmağı bacarmalıdır.
İctimai nəqliyyatda başqa bir problem isə səs-küydür. Avtobusların salonunda telefonla ucadan danışmamaq barədə xəbərdarlıqlar yerləşdirilib. Buna baxmayaraq, bəzən insanlar görüntülü zənglər edir, yüksək səslə danışır və ətrafındakı insanları nəzərə almırlar. Burada da qəribə bir ziddiyyət yaranır. İnsan özü avtobusda rahat və sakit getmək istəyir, amma həmin rahatlığı başqasına vermək məsələsinə gələndə bunu o qədər də vacib hesab etmir.
Bu məsələdə Kantın əxlaq fəlsəfəsindəki çox mühüm bir prinsip yada düşür. İnsan digər insanlara yalnız öz məqsədlərinə çatmaq üçün vasitə kimi deyil, özlüyündə dəyər daşıyan varlıqlar kimi yanaşmalıdır. Bu yanaşmanı gündəlik həyata tətbiq etdikdə məsələ daha aydın görünür. Avtobusda yüksək səslə danışan insan ətrafındakı sərnişinləri öz rahatlığının fonuna çevirəndə onların da rahatlıq və sakitlik haqqının olduğunu unudur. Çantasını qonşu oturacağa qoyan sərnişin isə həmin yeri boş oturacaq kimi deyil, öz əşyasının yerləşdirilməsi üçün əlavə sahə kimi görür. Halbuki həmin oturacaq başqa bir insan üçün nəzərdə tutulub.
Avtobus dayanacağa yaxınlaşır, sərnişinlərdən biri salona daxil olur və boş oturacaq axtarır. Bir çox hallarda oturacaqların birində insan əyləşib, yanındakı yeri isə çantası tutur. Oturmaq istədiyinizi bildirdikdə həmin şəxsin üzündə narazılıq yaranır. Çantanı götürür, amma bunu elə ləng və nümayişkaranə edir ki, sanki siz ondan şəxsi əşyasını deyil, böyük bir güzəşt istəyirsiniz. Əslində isə tələb etdiyiniz heç nə yoxdur. Sadəcə boş olan oturacaqda oturmaq istəyirsiniz.
Bu davranışın arxasında “mənə aid olan məkan” düşüncəsi dayanır. İnsan bəzən ictimai məkanda özünə aid olmayan ərazini də şəxsi ərazisi kimi qəbul edir. Bir oturacaqda özü oturur, digərini çantası tutur, ayaq üstə dayanan insanlar isə onun üçün problem yaratmamalıdır. Burada söhbət çantadan daha çox düşüncə tərzindən gedir. İnsan ictimai məkanda öz rahatlığını başqalarının rahatlığından üstün tutursa, həmin davranışın başqa sahələrdə də özünü göstərməsi təəccüblü deyil.
Maraqlıdır ki, biz bu cür davranışların çoxunu “xırda məsələdir” deyərək keçirik. Doğrudan da, növbəni pozan bir nəfər ölkənin taleyini dəyişmir. Bir nəfərin avtobusda ucadan danışması şəhərin inkişafına təsir etmir. Bir nəfərin oturacağı çantası ilə zəbt etməsi nəqliyyat sistemindəki problemləri artırmır. Amma cəmiyyət milyonlarla belə gündəlik münasibətdən ibarətdir. İctimai mədəniyyət də məhz bu xırda davranışların cəmindən yaranır.
İctimai davranışın səviyyəsini yalnız insanların yüksək ideallardan danışması ilə ölçmək olmaz. İnsan özündən güclüyə, vəzifəli şəxsə, tanınmış adama hörmət edə bilər. Əsl ölçü isə çox vaxt heç kimin ona baxmadığı anlarda ortaya çıxır. Növbədə özündən sonra gələn insanı gözləyə bilmək, avtobusda ehtiyacı olan şəxsin qarşısında ayağa qalxmaq, telefonla danışarkən səsini azaltmaq, çantanı boş oturacaqdan götürmək, küçədə başqasının keçidinə mane olmamaq, bunların hər biri insanın ictimai davranışının göstəricisidir.
Bütün bunların təhsillə də əlaqəsi var. Məktəbdə uşağa riyaziyyat, tarix, fizika və digər fənlər öyrədilir. Amma cəmiyyətin sağlamlığı üçün yalnız akademik bilik kifayət etmir. Uşağa növbə gözləmək, yaşlı insana hörmət etmək, ictimai məkanda səsini idarə etmək, başqasının şəxsi və ictimai haqqını nəzərə almaq da öyrədilməlidir. Bu vərdişlər sonradan öz-özünə yaranmır. İnsan çox vaxt uşaqlıqdan gördüyü davranışı böyüyəndə təkrarlayır.
Burada ailənin də rolu böyükdür. Valideyn övladının yanında növbəni pozursa, sonra ona qaydalara əməl etməyin vacibliyindən danışmaq o qədər də təsirli olmur. Böyük insan avtobusda güzəştli sərnişinin qarşısında yerindən qalxmırsa, uşağın ictimai məsuliyyət haqqında eşitdiyi nəsihətin təsiri azalır. Uşaqlar çox vaxt deyilənləri yox, gördüklərini öyrənirlər.
Cəmiyyət əslində çox uzaqda, hansısa abstrakt anlayış kimi mövcud deyil. Cəmiyyət elə avtobusda yanımızda oturan, mağazada növbədə qarşımızda dayanan, küçədə bizimlə yanaşı gedən insanlardır. Başqasına necə münasibət göstəririksə, əslində cəmiyyətə də elə münasibət göstəririk.
Odur ki, hər dəfə cəmiyyətdən narazı qalanda bir anlıq dayanıb öz davranışımıza da baxmaq pis olmaz. Bəlkə də dəyişməsini istədiyimiz cəmiyyətin kiçik bir parçası elə özümüzük. Dünyanı düzəltmək böyük və çətin işdir. Amma növbəni gözləmək, ehtiyacı olan insana yer vermək, çantamızı boş oturacaqdan götürmək, telefonla bir qədər sakit danışmaq və başqasının haqqını öz haqqımız qədər vacib saymaq o qədər də çətin deyil. Böyük dəyişikliklərin başlanğıcı da çox vaxt məhz belə kiçik davranışlardan keçir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 07 Oktyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















