Icma.az
close
up
RU
Ölkəmizin diplomatik uğurlarının daha bir parlaq səhifəsi ŞƏRH

Ölkəmizin diplomatik uğurlarının daha bir parlaq səhifəsi ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlumdur ki, ölkəmizin dünya xəritəsində yerləşdiyi coğrafi mövqe asan bölgə hesab edilmir. Qafqazın qəlbində böyük güclərin maraqlarının toqquşduğu, siyasi və iqtisadi gərginliklərin daim dəyişdiyi bir məkanda yerləşən ölkəmiz bütün bu mürəkkəb geosiyasi mənzərəyə baxmayaraq, öz milli maraqlarını qoruyur və beynəlxalq münasibətlərdə fəal rol oynayır. Bu gün Azərbaycanın xarici siyasəti təkcə müdafiəyə deyil, eyni zamanda irəliyə, əməkdaşlığa, strateji tərəfdaşlıqlara əsaslanır. Qeyd edək ki, bu siyasətin ən bariz nümunələrindən biri də Azərbaycan ilə Çin Xalq Respublikası arasında qurulan münasibətlərdir. 2019-cu ilin 24 aprelində Pekində keçirilən və tarixi əhəmiyyət daşıyan görüş zamanı Prezident İlham Əliyev Çin lideri Si Cinpinə söyləyib: "Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik...". Bu sözlər diplomatiya tariximizin, Azərbaycanın Şərqə böyük strateji baxışının ifadəsi idi.

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan böyük güclərin kölgəsində qalmaq əvəzinə, öz səsini ucaldan, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imici qazanan bir ölkədir. Çin kimi dünya nəhəngi ilə münasibətlərin bu qədər dərin və səmimi olması, ölkəmizin çoxqütblü dünya siyasətində uğurla manevr etdiyinin sübutudur. Bu, regionumuzdan başlayıb Avrasiyanın siyasi və iqtisadi gələcəyinə uzanan körpüdür.

Cənab İlham Əliyev hələ hakimiyyətinin ilk illərində bu istiqamətdə olduqca böyük addımlar atmışdır. Ölkə başçısının 2005-ci il 17 mart tarixində Çinə rəsmi səfəri beynəlxalq ictimaiyyət məsləhətləşmələrinin fəallaşdırılmasını və inkişaf modelləri arasında qarşılıqlı faydalanmaya kömək edilməsini əhatə edirdi. Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dövlət başçıları dostluq və qarşılıqlı etimad şəraitində ikitərəfli münasibətlərə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair ətraflı fikir mübadiləsi apardılar. Tərəflər birgə səylər nəticəsində Azərbaycan - Çin münasibətlərinin siyasi, iqtisadi və mədəni əsaslarının daha da möhkəmləndiyini məmnunluqla vurğulamışdılar. Məhz uğurlu, qarşılıqlı hörmət və inam prinsiplərinə əsaslanan əlaqələrin yeni dövrü də olduqca əlamətdardır.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Səfər çərçivəsində ölkə başçımızın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü, Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi bir daha təsdiq etdi ki, iki ölkə lideri tarixi bağları yeni dünya nizamında daha da möhkəmləndirmək niyyətindədirlər. Tarix demişkən, qədim İpək Yolu bu gün yenidən canlanır və bu möhtəşəm dönüşdə Azərbaycan və Çin birlikdə addımlayır. Min illər öncə karvanların keçdiyi yollar bu gün müasir dəmir yolları, enerji xətləri və strateji əməkdaşlıqla yenidən qurulur. Azərbaycan və Çin bu böyük layihədə yalnız tərəfdaş deyil, həm də birgə gələcəyə inanan iki dost ölkədir. Bu əməkdaşlıq genişmiqyaslı strateji istiqamətləri əhatə edir. Azərbaycanla Çin arasında imzalanmış "İpək Yolu İqtisadi Kəməri" haqqında Anlaşma Memorandumu iki ölkənin qarşılıqlı etimada və ortaq vizyona söykənən münasibətlərinin təməl daşı oldu. Bu sənəd real layihələrə, birgə planlara və konkret iqtisadi təşəbbüslərə çevrildi. Energetikadan kənd təsərrüfatına, maşınqayırmadan telekommunikasiyaya qədər bir çox sahələrdə atılan birgə addımlar münasibətləri gücləndirdi, əməkdaşlığın hüdudlarını genişləndirdi. Azərbaycanın yerləşdiyi geostrateji mövqe və Çinin qlobal iqtisadi gücü - bu iki amil bir araya gələndə, nəticə yalnız regional deyil, həm də beynəlxalq əhəmiyyətli olur. Tərəflər sülh, sabitlik və inkişaf ideyalarını paylaşaraq bu dəyərləri real siyasətə çevirməyə çalışırlar. Çin və Azərbaycan bu gün dünyaya göstərir ki, qədim dostluq müasir çağırışlara cavab verə bilər, yeni iqtisadi əməkdaşlıqların təməlini qoya bilər.

Xüsusi vurğulanmalıdır ki, 44 günlük Vətən müharibəsindən əvvəl və sonra da iki ölkə arasındakı münasibətlərin spektrı daim genişlənmişdir. Ümumiyyətlə, Çin və Azərbaycan qarşılıqlı olaraq ölkələrin öz müqəddəratını təyinetmə prinsipinə, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır. Bütün bunlar qlobal miqyasda etibarlı mühitin formalaşması üçün vacib addımlardır. Hələ on il əvvəl Azərbaycanla Çin arasında 10 mühüm sənəd imzalanmışdı - bu sənədlər sadəcə formal razılaşmalar deyildi, gələcəyə uzanan diplomatik körpülər idi. 2015-ci il dekabrın 10-da Pekində baş tutan görüş zamanı Prezident İlham Əliyev və Çin lideri Si Cinpin "Dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə"yə imza atdılar. Bu sənəd münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini simvolizə edirdi. Zaman keçdi, dünya dəyişdi, Azərbaycan-Çin münasibətləri də daha da dəyər qazandı. Əlaqələrin yeni müstəvidə inkişafı naminə 2024-cü ilin 3 iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı bu münasibətlərə yeni nəfəs verdi. Həmin zirvədə qəbul edilən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" bu tərəfdaşlığın artıq regional deyil, strateji əhəmiyyət daşıdığını təsdiqlədi. Çinin Cənubi Qafqazda artan rolunun, Azərbaycanın isə regionda etibarlı və məsuliyyətli aktor olmasının təsdiqi idi. Çin üçün Azərbaycan sabitlik adasıdır, güvənilən tərəfdaşdır. Azərbaycan üçün isə Çin böyük iqtisadi potensiala malik dost və strateji tərəfdaş ölkədir. Məhz hadisələrin bu kontekstində ölkə başçısının Çinə səfəri münasibətlərin əhatəsini daha da genişləndirəcək. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalandı. 18 bəndlik bəyanatın hər bir müddəası regional və qlobal miqyasda iki ölkə üçün yeni perspektivlər vəd edir. Məsələn, siyasi səviyyəyə nəzər salsaq görərik ki, iki ölkənin aparıcı siyasi qüvvələri - Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qurulan dialoq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu siyasi müzakirələr, partiyalar səviyyəsində həyata keçirilən qarşılıqlı əlaqələr əslində böyük bir diplomatik mexanizmin əsas hissəsidir. Bu gün Bakı ilə Pekin təkcə beynəlxalq arenada bir-birini dəstəkləmir, eyni zamanda daxili siyasi sistemlər səviyyəsində də təcrübə və ideya mübadiləsinə açıqdır. Tərəflər hökumətlərarası əməkdaşlıq üçün müntəzəm mexanizmlər yaratmaq əzmini nümayiş etdirərək bu əlaqələrin yalnız təmas səviyyəsində deyil, davamlı və planlı şəkildə inkişaf etdirilməsinə çalışırlar. İki ölkənin parlamentləri arasında formalaşan təmaslar, eləcə də beynəlxalq və regional təşkilatlarda birgə fəaliyyətin əlaqələndirilməsi bu prosesin əyani nümunələridir. Xarici işlər nazirlikləri arasında keçirilən müntəzəm məsləhətləşmələr isə siyasi münasibətlərin daha peşəkar, ardıcıl və praqmatik şəkildə irəliləməsinə zəmin yaradır. Bu isə o deməkdir ki, Azərbaycan və Çin təkcə bu günü deyil, sabahı da birlikdə düşünür, regional və qlobal məsələlərə ortaq baxış formalaşdırmağa çalışır. Digər tərəfdən, həm Azərbaycanın, həm də Çinin qlobal miqyasda təşəbbüskarı olduğu meqalayihələrdə bir-birini dəstəkləməsi prioritet olaraq qəbul olunub. Məlumdur ki, geridə qoyduğumuz ildə Azərbaycan müasir dünyamızı yaxından maraqlandıran bir nömrəli tədbir kimi COP29-a ev sahibliyi etdi. Çin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi münasibətilə Azərbaycana daim dəstək göstərdi. Hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişmələri ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışladı. Tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına və Paris Sazişinə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırıblar. Bu həm də inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırışdır. Tərəflər qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişmələriilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər. Digər tərəfdən, qarşılıqlı dəstək prinsipi təkcə COP29-la məhdudlaşmayıb. Çin həmçinin 2026-cı ildə Bakı şəhərində 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsində Çin Azərbaycan tərəfinə dəstəyini ifadə edib, sıx və səmərəli əməkdaşlığa hazır olduğunu bildirib. Məhz bu çərçivədə münasibətlərin gələcək portretində isə daha böyük məqsədlər var: maliyyə əməkdaşlığının dərinləşdirilməsi, ticarət və sərmayələrin milli valyuta ilə həyata keçirilməsi, banklararası əlaqələrin genişləndirilməsi və birgə layihələrin maliyyə baxımından dəstəklənməsi. Bu planlar, əslində birgə qazanılan uğurların yol xəritəsidir.

Ən əsası, bütün bu proseslər Azərbaycan-Çin əlaqələrinin dinamikasını artırır, iki ölkəni iqtisadi, həm də diplomatik və sosial müstəvilərdə bir-birinə daha da yaxınlaşdırır.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri