Icma.az
close
up
RU
Ölümsaçan yağlar süfrələrimizə necə ayaq açır?

Ölümsaçan yağlar süfrələrimizə necə ayaq açır?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İşbazların bu cinayəti ölkəmizdə ani ölümlərin artmasına səbəb olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu günlərdə yaydığı məlumatda bildirilir ki, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Elman Sahib oğlu İmanverdiyevin istehsal etdiyi kərə yağından götürülən nümunələrin sınaq nəticələrinə əsasən, satılan bu məhsullarda bitki sterini – “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar olunub. Bundan sonra məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən yığışdırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Sahibkar barəsində inzibati tədbir görülüb, aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı isə icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, aşkar olunan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, bu, istehsalçının qanunvericiliyə zidd şəkildə istehlakçıları aldatması və hüquqlarını pozması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınan, pasterizə edilən qaymaqdan istifadə bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkarlanıb. Uyğunsuzluğun “Natural”, “Tac” və “Selskoe” əmtəə nişanlı duzsuz kərə yağları partiyalarında olması bildirilib. Yeri gəlmişkən, yağ turşuları üzrə uyğunsuzluq AQTA əməkdaşları tərəfindən bir müddət bundan əvvəl həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı kərə yağından götürülən nümunədə də üzə çıxarılıb.

Bəs ekspertlər bu barədə nə deyirlər? Onlar yağ alınarkən nələrə diqqət yetirilməsini məsləhət bilirlər? Əlbəttə, bu suallara mediada vaxtaşırı cavablar eşidilir, münasibətlər bildirilir. Həmin məqamlar – keyfiyyətli və keyfiyyətsiz yağları bir-birindən ayırmağın yolları isə belə müəyyənləşdirilir:

– ilk növbədə, məhsulun xarici görünüşünün onun keyfiyyət göstəricilərinə cavab verməsi ilə bağlı məsələyə xüsusi diqqət yetirilməlidir. Başqa sözlə, unudulmamalıdır ki, gözəgəlimli qablaşdırma heç də hər zaman məhsulun keyfiyyəti prinsipinə əsaslanmır, bu, bir çox hallarda aldadıcı olur;

– yağ alarkən, süd və yağın mövcud qiymətlərinə diqqət yetirmək, qiymətin ucuz olmasına şübhəli hal kimi yanaşmaq zəruridir. Yeri gəlmişkən, mütəxəssislərin fikrincə, yağ mövsümə görə, təxminən, 20-25 litr süddən əldə olunur;

– ticarət müəssisəsində yağın markası diqqətlə nəzərdən keçirilməli, eyni zamanda, istehsal müəssisəsinin mövcudluğu barədə aydın təsəvvür olmalıdır, onların tanınmışlar sırasında yerləşməsinə daha çox önəm verilməlidir. Başqa sözlə, məhsulun üzərində etiket məlumatlarının, istehsalçı müəssisənin adının, ünvanının, tərkibində, həqiqətən, süddən istifadə olunması ilə bağlı məlumatın yerləşdirilməsinə diqqət yetirilməlidir;

– yağ alarkən onun rənginə baxılmalıdır. Məhsul kəskin sarıdırsa, deməli, tərkibində boyalardan istifadə olunub, açıq sarıdırsa, o zaman bu rəng heyvanların yaz-yay mövsümündə təzə otla qidalanması ilə bağlıdır. Əgər kəskin şəkildə sarıdırsa, deməli, tərkibində boyalardan istifadə olunub.

Mütəxəssislərin fikrincə, yağın keyfiyyətini ev şəraitində də öyrənmək mümkündür. Belə ki, yağ isti suda tez əriyirsə, deməli, məhsul keyfiyyətlidir. Ancaq belə bir proses zamanı hissələrə bölünərək topa şəklində qalıb gec əriyirsə, bu, onun keyfiyyətsizliyindən xəbər verir. Eyni zamanda, keyfiyyətli kərə yağı insanın bədən temperaturunda da dərhal əriyir, ağızda xoşa gələn dad yaranır. Trans yağlar isə gec əriməklə bərabər, ağızda acılığa səbəb olur. Ekspertlər, həmçinin deyirlər ki, kərə yağı tavada isidilərkən köpüklənirsə və ağ rəngə çalırsa, bu da məhsulun keyfiyyət göstəricisi sayılır. Bundan başqa, keyfiyyətli yağ otaq temperaturunda formasını saxlayır və yumşalır. Keyfiyyətsiz məhsullar isə əriməyə başlayanda ətrafa su şəklində yayılır.

Yeri gəlmişkən, biz yuxarıda ekspertlərin fikirlərinə əsaslanaraq, kərə yağı alarkən süd və yağın mövcud qiymətlərinə diqqət yetirməyin zəruriliyinə də toxunduq. Çünki məhsulun qiymətinin ucuz olması onun keyfiyyətsizliyinə şübhə ilə yanaşmağa əsas verir. Sosioloq Elçin Bayramlının sözlərinə görə, ilin əvvəlindən bazarlarda 11-12 manatdan başlayan qiymətə kərə yağı satılır. Amma real istehsalçılar iddia edirlər ki, kərə yağı 20 manatdan ucuz başa gələ bilməz. Bu, praktik baxımdan da mümkün deyil. Belə bir halda yerli istehsalçılar üzərinə rus dilində sözlər yazmaqla zirzəmidə hazırlanan məhsulu kərə yağı adı ilə 11-12 manata satırlar. Başqa sözlə, onlar palma yağı və marqarindən istifadə etməklə, kərə yağına dadvericilər vurmaqla “kərə yağı” hazırlayıb ticarət müəssisələrinə göndərirlər.

Sosioloq daha sonra deyir: “İşbazlar gizli sexlərdə hazırladıqları naməlum mənşəli yağların üzərinə Rusiya, Belarus markalarının adlarını yazıb, Kremlin, Minskin şəkillərini yapışdırıb şəhərin diqqət çəkməyən ərazilərində yerləşən ticarət obyektlərinə yerləşdirirlər. Bu mağazalarda isə satılsın deyə ucuz qiymətə – 14-15 manata Belarus və ya Rusiya kərə yağı adı ilə satılır. Halbuki Belarus yağının kiloqramı Bakıdakı öz rəsmi dükanlarında 25 manatdır.

Ekspertlər bildirirlər ki, belə təhlükəli yağlar əsasən aralıq marketlərdə, bazarlarda satılır. Ən pisləri “kənd yağı” adı altında satılan məhsullardır. Bunlar daha çox marqarin qarışığı olanlardır və ucuz olduğuna görə də vətəndaşlar onlara üstünlük verirlər. Lakin həmin məhsullar böyük supermarketlərə, necə deyərlər, yol tapa bilmirlər. Ədalət naminə AQTA da bu məsələdə istehlakçı mənafeyini müdafiə edir. Ümumiyyətlə, adıçəkilən agentlik belə narahatedici məqamları diqqətdə saxlayır, saxta, keyfiyyətsiz kərə yağlarının ticarət müəssisələrindən yığışdırılmasına ciddi səy göstərir və görülən işlər, həyata keçirilən tədbirlər barədə mediada vaxtaşırı məlumatlar yayır.

Yeri gəlmişkən, bazarda yerli istehsalçılar və fərdi satıcılar tərəfindən təklif olunan təbii nehrə yağları da mövcuddur. Onların qiymətləri keyfiyyətə və satıcıya görə dəyişə bilər. Amma mütəxəssislərə görə nehrə yağı adı altında satılan bu yağlar da əsil deyil, işbazlar buna da əl ataraq, insanları aldadırlar.

İqtisadçı ekspert Xalid Kərimli mediaya kərə yağının bahalaşmasını Avropada heyvandarlıqda məhsuldarlığın azalması və dünya bazarında süd məhsullarının qiymətinin artması ilə əlaqələndirir. Onun sözlərinə görə, respublikada bir çox istehsalçılar xammalı xaricdən idxal etdikləri üçün qlobal qiymət dəyişiklikləri yerli bazara da təsir edir. Bundan əlavə, ölkədə südlük istiqamətli heyvanların sayının tələbatı tam ödəməməsi və iqlim dəyişiklikləri kimi amillər də qiymət artımına səbəb olan digər amillərdir.

Ekspertə görə, keçən il uzun müddət dünyada yağ və ağartı məhsullarının qiymətlərində bahalaşma müşahidə edilib. Yağ məhsulları ölkəmizə əsasən 3 istiqamətdən idxal olunur. Birinci istiqamət Okeaniya bölgəsidir – Yeni Zelandiya və Avstraliyadan gətirilir. Orada heyvandarlıq yaxşı inkişaf edib. İkinci istiqamət isə MDB məkanıdır – Rusiya və Belarus. Üçüncü istiqamət isə Qərbi Avropa ölkələridir –Fransa, Niderlanddır. Yəni hər 3 istiqamətdə dünyada yağ qiymətlərinin bahalaşması müşahidə olundu və təbii ki, bu, bizim bazarlara da təsir göstərdi. Dünyada qiymətlər niyə bahalaşdı? Çünki tələbat çox idi. Hazırda isə sabitləşmə var. Amma bu bahalaşma uzun müddət, noyabrdan etibarən bir ildən çox davam etdi və qlobal səviyyədə təsirini göstərdi. Buna görə də bizim bazara da təsir etdi.

Ekspertə görə, 2024-cü ilin sentyabr ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (təxminən, 9,5 manat) olsa da, pərakəndə satış şəbəkələrində bu məhsulun qiyməti 20,9 manata qədər yüksəlib. Bu, idxal qiymətləri ilə satış qiymətləri arasında əhəmiyyətli fərqin olduğunu göstərir.

Noyabr ayında isə kərə yağının qiymətində əlavə artım qeydə alınıb. Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan “Belarus” kərə yağı, dekabr ayında 23,95 manata qədər bahalaşıb. Bu, bir ay ərzində, təxminən, 10 faiz qiymət artımı deməkdir. Ümumiyyətlə, kərə yağı qiymətlərinin artması həm qlobal bazarlardakı dəyişikliklər, həm də yerli istehsal və idxal xərclərinin yüksəlməsi ilə əlaqədardır.

Leyla ZÜLFÜQARLI,
həkim-dietoloq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin daxili bazarda satılan saxta kərə yağı ilə bağlı bu yaxınlarda yaydığı açıqlama ciddi narahatlıq doğurur. Fikrimcə, belə hallar heç də az olmadığından daxili bazarda vaxtaşırı olaraq ciddi araşdırmalar aparılmalı, saxta yağlarla həqiqi, keyfiyyətli yağlar seçilməlidir. Hazırda daxili bazarda kərə yağı adı ilə satılan məhsullardan hansının təmiz, keyfiyyətli olması hamını maraqlandıran, hər kəsi düşündürən ciddi məsələdir. Çünki mən özüm də bir qida mütəxəssisi, dieotoloq olaraq təmiz kərə yağı lazım gəldikdə onu axtarmaq məcburiyyətində qalıram. Almaq istədiyim məhsulun keyfiyyətinə əmin olmaq üçün, ilk növbədə, qablaşdırılmış məhsulun üzərindəki etiketi nəzərdən keçirirəm. Əgər orada yağlılıq 82,5 faiz göstərilibsə, düşünürəm ki, bu yağ təmiz ola bilər. Çünki əsl kərə yağının keyfiyyət göstəricisi məhz bu qədər olmalıdır.

Əsl təmiz kərə yağı keyfiyyətli süddən alınmalıdır. Elə istehlakçılara da tövsiyə edirəm ki, onlar süd məhsullarını aldıqları zaman qiyməti nisbətən ucuzdur, deyə yağlılıq göstəricisi aşağı olanlara çox da güvənməsinlər. Yağlılığı daha çox olan süd məhsullarına üstünlük versinlər. Çünki tərkibində kalorisi çox olan məhsullar təhlükəli deyil. Əsl kərə yağının yağlılıq göstəricisi minimum 82,5 faiz təşkil etməlidir. Bununla belə, axtarışlarım, müşahidələrim nəticəsində ticarət şəbəkələrində 82,5 faizlik kərə yağlarının çox az olması qənaətinə gəlmişəm. Belə yağlara nadir hallarda rast gəlmək mümkündür. Tapılanda belə, onun həqiqiliyinə şübhə yaranır. Bir dəfə rastlaşdığım və adını çəkmək istəmədiyim bir yağ markasının üzərində yağlılıq göstəricisinin 82,5 faiz yazıldığı diqqətimi çəkdi. Yeri gəlmişkən, qida mütəxəssisi kimi yağın nə dərəcədə təmiz, keyfiyyətli olduğunu yoxlaya bilirəm. Həmin yağın tərkibini araşdırdığım zaman aydın oldu ki, etiketin üzərində yazılanlar heç də həqiqəti əks etdirmir. Çünki həmin məhsulun yağlılıq göstərici 80 faizdən belə aşağı idi.

Belə hallara yol vermiş istehsalçılar etiketin üzərində saxta məlumatları yazmaqla birmənalı olaraq istehlakçıları aldadırlar. Buna görə də belə məsələlər ciddi şəkildə laborator yoxlamaların aparılmasını zəruri edir. Süd məhsullarının keyfiyyəti aşağı olmaqla yanaşı, bir çox hallarda istehsal prosesində palma yağı, palmalit turşusundan istifadə olunur. Belə məhsulların tərkibində doymamış yağların və ya doymuş yağların faizi aşağı olur.

Yəni istehsal prosesində insan orqanizmi üçün son dərəcə zərərli olan qatqılardan istifadə edilir. Buna misal olaraq spred tərkibli və yaxud bitki tərkibli zülalı göstərmək olar. Kərə yağının tərkibinə nəzər saldıqda orada palma yağı, bitki tərkibli yağ, bitki zülalı qətiyyən olmamalıdır. Varsa, bu, onu göstərir ki, belə yağların tərkibində qatqılar çoxdur, həmin məhsullar bitki yağlarının qarışığından alınmışdır. Bu, heç bir halda kərə yağı sayıla bilməz. Kərə yağı təmiz süddən alınmış heyvan mənşəli yağdır, yağ turşularının toplanmasından əldə olunur.

İndi əhalini bir məsələ daha çox düşündürür: hansı yağlara güvənmək olar? Bu suala isə birmənalı cavab vermək çətindir. Çünki daxili bazarda yağlar həddindən artıq çoxdur. Həmin məhsulların əksəriyyətinin isə mənşəyi və tərkibi qeyri-müəyyəndir. Biz də bir qida mütəxəssisi olaraq bəzən onlara hansı yağ markasını təklif etməkdə aciz qalırıq. Çünki etiketin üzərindəki məlumatlar çox vaxt həqiqəti əks etdirmir.

Alıcı isə heç bir halda məhsulu alarkən onun tərkibini yoxlamaq iqtidarında deyil. Odur ki, bəzi işbazlar bundan məharətlə istifadə edərək istehlakçıları aldatmağa nail olurlar. Ona görə də qida sektorunda nəzarət tədbirləri müntəzəm olaraq aparılmalı, keyfiyyətsiz mallar, xüsusən də saxta, insan orqanizmi üçün təhlükəli sayılan yağlar ticarət şəbəkələrindən yığışdırılmalıdır. Satışda yalnız keyfiyyətli yağlar saxlanılmalıdır ki, insanlarımız seçim edərkən çətin vəziyyətdə qalmasınlar, evlərinə keyfiyyətli məhsul alıb apara bilsinlər.

Bəs, bu cür yağların ziyanı nədir? Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, yağ keyfiyyətsiz olduqda onu qəbul edərkən orqanizmə çoxlu miqdarda doymuş və doymamış yağ turşuları daxil olur. Trans yağlar və spred yağlar müəyyən biokimyəvi proseslər nəticəsində yarımparçalanmaya məruz qalır. Bu zaman onların tərkibində orqanizm üçün yad maddələr formalaşır. Bunlar da qatqı maddəsi olaraq toksin kimi orqanizmdə qalır.

Son illər ölkəmizdə ürək, qan-damar xəstəlikləri və ürək tutmalarının, bu səbəbdən ani ölümlərin artması müşahidə olunur. Bu zaman şuntlamalar edilir, stend qoyulur. Bunun da əsas səbəbi damarların mənfəzinin daralması və tıxanıqlığın yaranmasıdır. Bütün bunlar keyfiyyətsiz yağların törətdiyi fəsadlardır. Keyfiyyətsiz yağlar təkcə ürək-damar xəstəliklərinə, kardioloji aspektdən ürəyin zədələnməsinə səbəb olmur, eyni zamanda, şəkərli diabetin yaranmasına, piylənmənin yüksək dərəcəyə gəlib çatmasına, təzyiqin yüksək olmasına, eləcə də aşağı ətraflarda hərəkət məhdudiyyətinə gətirib çıxarır. Hərəkət məhdudiyyəti ilə əlaqədar insan oturaq həyata keçir ki, bu da bir sıra xroniki xəstəliklərə yol açır.

O ki qaldı istehsal prosesi zamanı etiketin üzərində həqiqəti əks etdirməyən məlumatların göstərilməsinə, buna isə dələduzluqdan, istehlakçıların aldadılmasından başqa ad vermək mümkün deyil. Düşünürəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu sahədə nəzarət tədbirlərini daha da gücləndirməlidir. Daxili bazarda digər ərzaq malları kimi yağın da qiymətinin getdikcə artdığı bir şəraitdə istehlakçıları aldadaraq keyfiyyətsiz, insan orqanizmi üçün zərərli məhsulların satılması hallarının qarşısı qətiyyətlə alınmalı, buna yol verənlər ən sərt şəkildə cəzalandırılmalıdır.

Ağa SALAMOV,
qida mütəxəssisi

Kərə yağlarına laboratoriya şəraiti olmadan diaqnoz qoymaq mümkün deyil. Bəzən işbazlar bitki spreylərindən istifadə edirlər. Bu da qatqı hesab olunur. Belə halları Qida Təhlükəsizliyi Agentliyi aşkarlayır. Amma kərə yağının keyfiyyətini müəyyən etmək üçün xüsusi ipucuları da var. Məsələn, otaq temperaturunda olan kərə yağı yumşaq halda olur. Həmçinin kərə yağı əriyəndə tərkibindəki süd üzə çıxır və köpüklənir. Bundan əlavə, onların xüsusi spesifik qoxusu və dadı olur. Bəzən yağ ağızda xoş dad buraxmır. Bu zaman artıq məhsuldan şübhələnməyə dəyər.

Bəzi kərə yağı adı altında satılan qarışıq yağlar var ki, onlar insan orqanizmində ciddi fəsadlara yol açır. Belə saxta məhsullar insanlarda ürək-damar, mədəaltı vəz, qaraciyər xəstəliklərinə səbəb olur.

Nehrə yağı var və onun tərkibi çox faydalı yağ turşuları, vitamin və minerallarla zəngindir. Bəzən deyirlər ki, bu, bitki tərkibli kərə yağıdır. Amma nə bitkisi olduğu bilinmir. Kərə yağı heyvan mənşəli yağdır və süddən əldə olunur. Onun bitki tərkibli olması mümkün deyil. Əgər kərə yağında bitki yağı varsa, onu qatılaşdırmaq üçün istifadə ediblər. Həmin yağlar hidrogen püskürtməklə müəyyən bir istiliyə, məsələn, 250 dərəcəyə çatdırılır. Bunu edirlər ki, bitkinin qoxusunu dəyişsinlər. Nəticədə, qatı bir maddə əldə edilir və ona rəng, dadlandırıcılar vurub kərə yağı adı ilə satırlar.

Bəs kərə yağının təbii, keyfiyyətli olmasını necə müəyyət etmək olar? Bunun üçün məhsulu seçərkən ilkin olaraq onun tərkibindəki inqridientləri nəzərdən keçirmək önəmlidir. Qeyd edək ki, təbii kərə yağının tərkibini göstərən etiketdə marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Əsl kərə yağının tərkibi yalnız tam yağlı süd və qaymaqdan ibarət olur. Əgər paketin üzərində “yağ” sözü yazılıbsa, bu elə özü həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün əsas verir.

İnək südündən hazırlanmış təbii kərə yağını qiymətinə əsasən də müəyyənləşdirmək olar. Əgər məhsulun içini açıb baxmağa imkan varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət yetirilməlidir. Belə ki, o, nə kəskin sarı, nə də kəskin ağ olmalıdır. Digər önəmli məqamlardan biri də təbii kərə yağının toxunduqda möhkəm olmasıdır. Onu da unutmayaq ki, paketi açılan yağ nə paketə, nə də ki kəsdikdə bıçağa bulaşmamalıdır.

Yemək hazırlayarkən də yağın saxta olub-olmadığını ayırd etmək olar. Əgər təbiidirsə o, bərabər şəkildə əriyəcək, yox əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir. Bundan əlavə, təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi yumşaq olmur. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olmalıdır. Kəsildikdə isə təbəqələrə bölünməməli və parlaq görünməlidir. Nəhayət, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.

“XQ”nin analitik qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də cinayətkarlar pitonlarla hədə qorxu gələrək YDM ni qarət ediblər

17 Mart 2025 03:02see200

Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı… Cəlalı həmişəlik İTİRDİK

17 Mart 2025 14:55see196

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see131

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see130

Elçin Əzizov: Klassik musiqi heyrətamiz bir sənət növüdür

16 Mart 2025 22:57see129

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see124

Palmer millidə forma geyinməyəcək

16 Mart 2025 21:59see124

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

17 Mart 2025 14:59see123

Üz dərisini hamar, parlaq və gözəl edən 2 MEYVƏ

17 Mart 2025 02:03see123

Abşeronda yeni çəkilən yol su içində qalıb SƏBƏB NƏDİR?

17 Mart 2025 14:41see120

İnvestisiya etdiyiniz hər qəpiyə dəyər olan üç işlənmiş avtomobil

17 Mart 2025 00:56see120

Hikmət Babaoğlu: “Dövlətimizin imkanları var ki, həmin şəxsləri Azərbaycana gətirsin”

17 Mart 2025 15:15see119

“Sabah” rekorda şərik oldu

17 Mart 2025 12:17see119

“Hər oyun kobud səhvlər buraxırıq” Berdıyev

16 Mart 2025 21:14see118

ABŞ Rusiyaya qarşı qurulan beynəlxalq qrupu tərk edir

17 Mart 2025 10:54see118

Bu film Rusiyada ilin ən çox gəlir gətirən filmləri arasında altıncı sırada yer tutur

16 Mart 2025 22:35see118

TƏBİB: "Xızıda yol qəzasında xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" YENİLƏNDİ

17 Mart 2025 15:05see118

“Nyukasl” “Liverpul”u məğlub etdi ÇEMPİON OLDU

16 Mart 2025 23:06see116

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see115

NATO ölkələrindən biri Ukraynaya hərbi yardımın uzadılmasını istisna edib

17 Mart 2025 12:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri