Icma.az
close
up
RU
Oman görüşü: Vaşinqton ilə İran razılığa gələcəkmi?

Oman görüşü: Vaşinqton ilə İran razılığa gələcəkmi?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, aprelin 12-də Omanda İran və ABŞ arasında danışıqlar baş tutacaq. İranın xarici işlər naziri Abbas Əraqçının və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında baş tutacaq danışıqlarla bağlı artıq dünya mətbuatında mühüm fikirlər səsləndirilir - bəziləri, Vaşinqtonun Tehrandan nüvə proqramının hərbi komponentindən ciddi şəkildə tamamilə imtinasını tələb edəcəyini və Ağ Evin İranın danışıqlardan imtina edəcəyi təqdirdə hücumlara start verəcəyini düşünürlər. Bir sıra siyasi texnoloqlar isə ABŞ-ın qlobal iqtisadi bazarda önə çıxması üçün vacib şərtə çevrilən müvəqqəti sülh dövrünə çalışdığını, bunun üçün də bəzi güzəştlərə razı olacağını deyir. 

ABŞ vaxt verir - İran isə dolayı yolu üstün tutur...

İranla “məsləhətləşmələr”in anonsu aprelin 7-də ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan görüşdən sonra səsləndirildi. ABŞ lideri görüşlə paralel olaraq gizlin mesajlar da verdi: Məsələn, ABŞ prezidenti danışıqların nəticəsiz qalacağı təqdirdə Tehranın özünü “böyük təhlükə” ilə üz-üzə qoyacağını açıq dillə ifadə etdi. “Açıq” və “böyük təhlükə” dedikdə Tramp yəqin ki, əvvəllər bir neçə dəfə də vurğuladığı İrana hava zərbələrini nəzərdə tuturdu. Xatırladaq ki, martın sonunda prezident “NBC News”-a bildirmişdi ki, “əgər onlar razılığa gəlməsələr, bombardman olacaq. Bu, onların heç vaxt görmədiyi bir bombalama kampaniyası olacaq”.

Düzdür, həmin vaxt İran rəhbərliyi də sərt ritorika səsləndirmiş və respublikanın ali lideri Əli Xamenei “etsələr də, cavabımız sərt olacaq” demişdi, amma hər kəs anlayır ki, İranın bu qarşıdurmada itirəcəyi daha çox şey var. BƏƏ-nin vasitəçiliyi ilə İrana razılaşma təklifi göndərən ABŞ digər tərəfdən işini də ehtiyatlı tutmuşdu - “Axios” mənbələrinə görə, Tramp Tehrana yeni nüvə sazişi üzrə danışıqlar aparmaq üçün iki ay vaxt verib.

Cavab isə konkret olub: İran Prezidenti Məsud Pezeşkianın bildirdiyinə görə, birbaşa danışıqlar variantı kənara qoyulub - “dolayı danışıqlar yolu”na üstünlük verilib. Siyasi mütəxəssislər bu görüşü müharibədən qaçmaq üçün real şans kimi dəyərləndirirlər.

Şərtlər dəyişəcəkmi?

Omanda konkret nəyin müzakirə olunacağı hələlik bəlli deyil - ABŞ siyasətçiləri düşünür ki, Tramp hələ hədəflərini dəqiq müəyyənləşdirməyib. Düzdür, Trampın ilk prezidentlik dövründəki davranışlarını göz önünə gətirsək, söhbətin təkcə İranın nüvə proqramının məhdudlaşdırılmasından getmədiyini açıq aydın görmək olar. Trampın danışıqlardakı mövqeyi və yeni razılaşma şərtlərinin, İranın 2018-ci ilin may ayında nüvə sazişindən (JCPOA) çıxmasından sonra danışıqları bərpa etməsi ilə bağlı 12 tələbdən daha sərt olacağı gözlənilir. Xatırladaq ki, ABŞ İrana bəzi şərtlər irəli sürmüşdü:

- Uranın zənginləşdirilməsinin tamamilə dayandırılması və bütün əlaqəli obyektlərin (o cümlədən Əraqdakı ağır su reaktoru) bağlanması;

- MAQATE müfəttişlərinin bütün nüvə obyektlərinə, o cümlədən hərbi bazalara tam girişinin təmin edilməsi;

- Ballistik raketlərin hazırlanmasına və nüvə silahı daşıya bilən raketlərin buraxılmasına son qoyulması;

- İranda saxlanılan bütün ABŞ və müttəfiq vətəndaşlarının azad edilməsi;

- Terror qruplarına (Hizbullah, Həmas və İslami Cihad kimi) dəstəyin dayandırılması;

- İraqda şiə silahlı qruplarına dəstəyin dayandırılması və onların tərksilah edilməsi;

- Yəməndə Ənsar Allah (Husi) hərəkatına dəstəyi və onlara silah tədarükünü dayandırmaq;

- İranın qonşularına, o cümlədən İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə qarşı təhdidlərə son qoyulması;

- Fars körfəzi və Hörmüz boğazında beynəlxalq gəmiçiliyə hücumlara son qoyulması.

- ABŞ və onun müttəfiqlərinə qarşı kiberhücumların dayandırılması;

- Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərdən, o cümlədən terrorçu qruplara dəstəkdən və digər ölkələrin daxili işlərinə müdaxilədən imtina etmək.

Bu şərtlər hələ 2018-ci ildə irəli sürülmüşdü. Amma nəzərə alsaq ki, bu şərtlərin bəziləri artıq öz aktuallığını itirib, onları əvəz edəcək müddəalar da maraqla gözlənilir...

Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış ehtimalı...

Qeyd edək ki, aprelin 7-də İran Xarici İşlər Nazirliyi bir daha bəyan etdi ki, İran nüvə silahı istehsal etməyəcək, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirdi ki, “İran heç vaxt və heç bir halda nüvə silahı hazırlamaq yolunu tutmayacaq. Bu, ölkənin Ali rəhbəri Ayətullah Əli Xameneinin fətvasına əsaslanan strategiyamızın tərkib hissəsidir. Bu məsələdə heç bir şübhə yoxdur və ola da bilməz”.

Xatırladaq ki, 2019-cu ilə qədər İranın nüvə proqramı Birgə Hərtərəfli Fəaliyyət Planı ilə tənzimlənirdi - Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) isə İranın nüvə proqramı ilə bağlı 2015-ci ildə imzalanmış beynəlxalq sazişdir. Bu razılaşma BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya) və Almaniya (P5+1) ilə İran arasında əldə olunub. JCPOA-nın əsas məqsədi İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq və qarşılığında ona qarşı tətbiq olunan iqtisadi sanksiyaları yüngülləşdirmək idi. Bu razılaşmaya əsasən İran uranın zənginləşdirilməsini 3,67 faiz səviyyəsində saxlamalı idi (silah istehsalı üçün lazım olan 90 faizdən xeyli aşağı). Eyni zamanda, Fordo nüvə zavodunda zənginləşdirmə prosesi dayandırılmalı və müəssisə tədqiqat mərkəzi kimi fəaliyyət göstərməli, İranın nüvə obyektləri daimi monitorinq altında qalmalı idi. Paralel olaraq isə İran bu öhdəlikləri yerinə yetirdikdən sonra BMT, ABŞ və Avropa İttifaqının iqtisadi sanksiyaları mərhələli şəkildə ləğv edilməli idi.

Amma 2018-ci ildə ABŞ prezidenti Donald Tramp JCPOA-dan çıxaraq İran üzərinə yenidən sanksiyalar tətbiq etdi. Buna cavab olaraq İran da razılaşmadakı bəzi öhdəliklərindən imtina etdi. Beləliklə də, ABŞ-ın planı tərk etməsi ilə saziş faktiki olaraq fəaliyyətini dayandırdı və İran yenidən nüvə proqramını inkişaf etdirməyə qayıtdı.

“Avroüçlük” görüşür - Rusiya və Çin isə...

İranın nüvə proqramı ilə bağlı digər JCPOA iştirakçılarının mövqeyi də maraqlıdır - hələlik görünən odur ki, Vaşinqton digər saziş üzvlərini İranla danışıqlara cəlb etməyi planlaşdırmır. Son vaxtlar bu ölkələr Tehranla nüvə məsələsini ayrıca müzakirə edirlər. “Avropalı üçlük” Cenevrədə İranla məsləhətləşmələr keçirir (sonuncu, dördüncü raund martın 29-da baş tutub) - bu görüşlər “sanksiyaların ləğvi müqabilində hərbi nüvə proqramından imtina” düsturuna qayıtmaq ümidi belə yaratmışdı. Rusiya isə məsələnin həllini Moskva və Pekindən ayrı görmür. Vurğulandığı kimi, Moskva ilə Pekin Tehranla öz nüvə proqramı üzrə danışıqlara başlayıb. Bu il martın 14-də üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin Pekində keçirilən görüşündə bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoymağın zəruriliyi vurğulanıb. “Bloomberg” isə yazmışdı ki, fevral ayında Tramp Vladimir Putinlə telefon danışığı zamanı İranla danışıqlarda vasitəçi rolunu oynamasını istəyib və Putin buna razılaşıb. Kreml bu məlumatı təsdiqləməyib və onun nümayəndələri yalnız qeyd ediblər ki, Rusiya İranın müttəfiqi və tərəfdaşı kimi situasiyanın həlli üçün əlindən gələni etməyə hazırdır.

Müharibədən qaçış planı...

Qeyd edildiyi kimi, Omanda keçiriləcək danışıqlar regionun gələcək taleyi ilə bağlı böyük maraq kəsb edir. Xüsusilə, bölgənin sabitliyi, nəzərdə tutulan qlobal iqtisadi laiyhələrin gələcəyi böyük ehtimalla bu danışıqlardan sonra aydınlaşacaq. Düzdür, bu görüşlərə optimist yanaşmalar sərgiləyənlər də tapılır - məsələn, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov görüşlə bağlı qərarı alqışladıqlarını bildirib. Bu görüşün isə İran ətrafında gərginliyin azalmasına gətirib çıxaracağına ümid edib. Görünür, Rusiya hərbi ssenaridən qaçmağı daha məqbul sayır - düzdür, 2025-ci ilin yanvarında Moskva və Tehran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsində “tərəfdaşın tərəfində hərbi əməliyyatlara məcburi giriş”lə bağlı hər hansı bir müdəda yoxdur.

Beləliklə, Omandakı görüşün əsas məqsədi gərginliyin azaldılması və ola bilsin, Rusiya, Çin və “Avroüçlüyün” iştirakı ilə gələcək məsləhətləşmələrlə bağlı iş formatının yaradılmasıdır...

Pərviz SADAYOĞLU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri