Icma.az
close
up
RU
Paşinyan kilsə davasına diaspor da qoşulur

Paşinyan kilsə davasına diaspor da qoşulur

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dövlət–din qarşıdurması Ermənistanın sərhədini aşır

Erməni Apostol Kilsəsi ilə hakimiyyət arasında yaşanan gərginlik səngimiş kimi görünür. Ölkənin baş naziri Nikol Paşinyanın beş gündür “Facebook” sosial şəbəkəsindəki hesabında bu istiqamətdə heç bir paylaşım etməməsi belə deməyə əsas verir. Ancaq, bu, iqtidarın kilsə ilə bağlı başlatdığı kampaniyadan, yəni katolikos II Qareginin taxtdan əl çəkməyə məcbur edilməsi və yeni katolikos seçkilərinə nail olunması prosesindən imtina etdiyi anlamına gəlmir.

Müvəqqəti deeskalasiya, yəni qeyri-sabit vəziyyətin nizamlanması üçün məqsədyönlü addımların atılması Hayastan mediasının da diqqətindən yayınmır. “Hraparak” qəzetinin bununla bağlı yaydığı xəbər maraq doğurur.

Qeyd edilir ki, N.Paşinyanın katolikos və Erməni Apostol Kilsəsi ilə bağlı paylaşımlar etməyi dayandırmasından və səhərlər artıq məzmurlar (iudaizm və xristianlıqda lirik dua poetik nümunələri, ruhani nəğmələr–S.H.) oxumamasından 5 gün keçməsinə baxmayaraq, kilsəyə qarşı kampaniyanı başa çatmış hesab etmək olmaz. Hakimiyyətə yaxın mənbələrdən alınan məlumata görə, bu susqunluq, sadəcə, görüntü xarakterlidir: hakimiyyət kilsəyə qarşı işini gizli davam etdirir, lazımi məlumatlar, faktlar, ittihamedici sübutlar toplayır, taktika işlənilir. Passivlik isə regiondakı qeyri-sabitliklə və İranla İsrail arasındakı münaqişə ilə bağlıdır.

Kilsə təxribatçı əməllərindən qalmır

Yazıda bildirilir: “Paşinyan dərk edir ki, cəmiyyət, xüsusilə, bu günlərdə kilsəyə açıq hücumu bağışlamayacaq. Ona görə də hücumu davam etdirmək üçün “suların durulmasını” gözləməyə üstünlük verir. Kilsə də öz növbəsində çağırışı qəbul etdi: bir gün əvvəl “dəyirmi masa” təşkil olundu və orada yüksək rütbəli din xadimləri, eləcə də siyasi və ictimai xadimlər Paşinyanın bəyanatlarını təhlil edərək onlara sərt qiymət verdilər”.

Qeyd edək ki, tarixən erməni və Azərbaycan xalqları, eləcə də haylar və türklər arasında nifaq salınmasında, ədavətin qızışdırılmasında müstəsna rol oynayan kilsə təxribatçı əməllərindən qalmır. İyunun 16-dan 22-dək kilsənin iqtmətgahında – Eçmiədzində “Ararat həftəsi”nə həsr olunmuş təntənəli tədbirlərin keçirilməsi bunun göstəricisi sayıla bilər. Həftə iyunun 22-də katedral kilsədə bayram liturgiyası ilə başa çatacaq. Sonda “Müqəddəs Eçmiədzin taxtının toxunulmazlığı və əbədi nuru üçün” arzu-diləklər səslənəcək.

Rusiyalı biznesmen II Qareginə açıq dəstək verdi

Rusiyada yaşayıb fəaliyyət göstərən biznesmen, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın kilsəyə və katolikosa verdiyi dəstək də diqqətdən yayınmır. O, “Nyus.am”a açıqlamasında Ermənistan hakimiyyətinin bütün ermənilərin katolikosuna qarşı atdığı addımlardan danışıb: “Ermənistanın, erməni kilsəsinin bir neçə minillik (?) tarixini unudaraq kiçik bir qrup erməni kilsəsinə, erməni xalqına hücum edibsə, mən hansı fikirdə ola bilərəm?! Mən həmişə erməni kilsəsinin və erməni xalqının tərəfində olmuşam. Ona görə də hadisələrdə birbaşa iştirak edəcəm. Əgər siyasətçilər buna nail olmasalar, biz öz qayda-qanunlarımızla bütün bunlarda iştirak edəcəyik”.

Onu da qeyd edək ki, kadrlardan S. Karapetyanın müsahibə zamanı kilsənin iqamətgahının həyətində olduğu görünür. Bu isə biznesmenin Rusiyadan bu məsələlərlə əlaqədar Ermənistana gəldiyini göstərir.

Beləliklə, aydın olur ki, Ermənistanda siyasi və dini institutları arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Paşinyanın sosial şəbəkələrdə susqunluğu hökumətin geri çəkilməsi kimi deyil, daha çox “siyasi pauza” kimi izah oluna bilər. Yəni, bu, nə geri çəkilmədən, nə də kilsə ilə barışmaq niyyətindən xəbər verir. Bu, həm də hökumətin uzunmüddətli planlarının hələ də gündəmdə olduğuna işarədir. Katolikosun taxtdan getməsi ilə bağlı məsələnin ciddi siyasi-ideoloji çəkişmənin tərkib hissəsi kimi qiymətləndirilməsi mümkündür. Görünən sakitlik isə, əslində, mübarizənin bitməsi deyil, yeni mərhələyə keçidinin işartısı ola bilər.

“Hraparak” qəzetinin yazdığı kimi, hakimiyyətin səssizliyi fonunda arxa planda kompromatlar toplanır, ittihamlar üçün zəmin hazırlanır. Bu, kampaniyanın formaca dəyişməsi, amma mahiyyətcə davam etməsi deməkdir. Təsadüfi deyil ki, bəzi mənbələr Paşinyanın paylaşımları və hətta səhərlər paylaşdığı məzmurlardan belə imtinasını taktiki gediş kimi qiymətləndirirlər. Regiondakı gərginlik, xüsusilə də İran–İsrail böhranı, görünür, Paşinyanı bir qədər ehtiyatlı davranmağa vadar edib. Amma bu o demək deyil ki, kilsə ilə bağlı planlar masa üzərindən yığışdırılıb. Əksinə, bu susqunluq daha sərt mərhələyə keçidin hazırlığı ola bilər.

“Hraparak”ın qeyd etdiyi sonuncu abzası təhlil edəsi olsaq deməliyik ki, bu məqam bir daha Paşinyanın yalnız taktiki səbəblərdən geri çəkildiyini göstərir. Cəmiyyətin, xüsusilə kilsəyə simpatiyası olan təbəqənin narazılığı baş nazirin manevr imkanlarını məhdudlaşdırır. Ona görə də prosesin emosional dalğası səngiyənədək gözləməyi üstün tutur. Amma bu, hücumdan imtina deyil. Bunu siyasi improvizasiya kimi də qiymətləndirmək olar. Kilsə isə geri addım atmır, əksinə, mövqeyini ictimai müzakirəyə çıxararaq müdafiəyə keçir. “Dəyirmi masa”da din, siyasət və cəmiyyət təmsilçilərinin sərt mövqeyi onu göstərir ki, qarşıdurma yeni fazaya qədəm qoyur. Yəni, qarşılıqlı sakitlik müvəqqəti və aldadıcıdır.

Gərginliyin yeni fazası irəlidədir

Kilsənin “Ararat həftəsi” keçirməsi ilə bağlı yayılan məlumata gəldikdə isə demək lazımdır ki, bu məlumat Erməni Apostol Kilsəsinin öz siyasi və ideoloji təsir imkanlarını itirmək niyyətində olmadığını bir daha sübut edir. Tarixən erməni toplumunda kilsə təkcə dini yox, həm də milli kimliyin qoruyucusu kimi çıxış edib, amma bu rol çox vaxt təxribatçı istiqamətə yönəlib. Azərbaycan və türk xalqları ilə münasibətlərdə nifaq salmaqda onun payı danılmazdır. İndi isə Eçmiədzində təşkil olunan “Ararat həftəsi” həmin xəttin yeni ideoloji davamıdır. Bu tədbirlər sırf dini xarakter daşımır, eyni zamanda tarixi yaddaş və milli identiklik üzərindən siyasi mesajlar verir. “Müqəddəs Eçmiədzin taxtının əbədiliyi” kimi ifadələr dini romantizmdən çox, kilsənin təsir imkanlarının qorunmasına yönəlib. Belə mərasimlər eyni zamanda Paşinyan hakimiyyətinə cavabdır. Yəni, “kilsə buradadır və geri çəkilmək niyyətində deyil”. Liturgiyanın bu qədər təntənəli keçirilməsi isə mövqelərin daha da sərtləşəcəyindən xəbər verir. Kilsə bu yolla həm daxili ictimai dəstəyini möhkəmləndirməyə çalışır, həm də siyasi mesaj verir. Bir sözlə, Eçmiədzin yenidən ideoloji cəbhəyə çevrilir.

Samvel Karapetyanın verdiyi açıqlama isə yanan ocağa benzin tökməyə bənzəyir və Ermənistanda kilsə ilə hakimiyyət arasındakı gərginliyin nə qədər dərin və mürəkkəb olduğunu göstərir. “Taşir” şirkətlər qrupunun sahibinin kilsəyə və katolikosa açıq dəstəyi, həmçinin hadisələrə birbaşa müdaxilə etmək niyyəti bu mübarizənin yalnız siyasi yox, həm də ictimai-dini təbəqələrdə geniş rezonansa malik olduğunu ortaya qoyur. Karapetyanın “kiçik qrup erməni” ifadəsi ilə hakimiyyətin kilsəyə hücumunu tənqid etməsi, bu qarşıdurmanın yalnız hökumət daxilindəki siyasi münaqişə olmadığını, həm də geniş kütlələrdə hiss olunduğunu göstərir. Onun Ermənistana səfəri və kilsə qarşısında çəkilən görüntüləri vəziyyətin nə qədər ciddi olduğunu vurğulayır. Bu həm də o deməkdir ki, diasporun aparıcı simaları da bu proseslərdə aktiv rol oynayır və məsələnin Ermənistan sərhədlərindən kənara çıxdığını göstərir. Karapetyanın siyasətçilərin bacarmadığı işi öz qaydaları ilə etməyə hazır olması isə həm də gələcəkdə daha kəskin qarşıdurmaların olacağına işarədir. Bu açıqlamalar Ermənistanda cəmiyyətin parçalanma riskini və dini institutların siyasi oyunlarda alət kimi istifadə edilməsinin nə qədər təhlükəli olduğunu göstərir. Belə vəziyyətdə gərginliyin yumşaldılması üçün konstruktiv dialoq və ortaq məxrəcə gəlmək xüsusi əhəmiyyət kəsb edir.

Yekun olaraq, qeyd edə bilərik ki, Ermənistan cəmiyyətində kilsə və hakimiyyət arasında gərginlik hələ qalmaqdadır. Paşinyanın taktiki susqunluğu prosesin sona çatması deyil, sadəcə mərhələli davamıdır. Kilsə öz mövqeyini möhkəmləndirmək üçün güclü ictimai dəstək əldə etməyə çalışır. Diasporun tanınmış simalarının məsələyə müdaxiləsi vəziyyətin mürəkkəb olduğunu göstərir. Bu qarşıdurmanın həlli yalnız katolikosun vəzifəsindən getməsi yolu ilə həllini tapa bilər. Əks təqdirdə ölkədəki parçalanma dərinləşəcək və gərginlik artmağa davam edəcək.

Yeganə HACIYEVA,
politoloq

– Bu gün istər kilsə, istərsə də siyasi partiya və qruplar Ermənistanda Paşinyan iqtidarına alternativ sayıla bilməzlər. Məsələ ondadır ki, Hayastan cəmiyyəti fərdlərin ətrafında birləşən cəmiyyətdir. Yəni, bu cəmiyyət üçün ideya yox, fərdlər önəmlidir. İndi isə erməni diasporu və lobbisi dini ideologiyadan istifadə etməklə bu prosesi dəyişməyə çalışır. Hazırda erməni diasporu ilə kilsə müştərək oynayır. Onlar siyasi cameəni fərdlərin ətrafında birləşməkdən çıxararaq ideologiya ətrafında birləşdirmək siyasəti yürüdürlər. Hazırda bu proses gedir. Nə qədər uğurlu olub-olmayacağı ayrı mövzudur.

Bununla belə, hesab edirik ki, prosesin Ermənistan hakimiyyəti üçün ciddi qorxusu yoxdur. Amma Paşinyan iqtidarının narahat olduğu məqam bundan ibarətdir ki, bu proses yeni siyasətçilər, yeni liderlər yetişdirə bilər. Paşinyan da fərdlər ətrafında birləşən siyasi cameəni ideoloji əsaslara doğru itələyən prosesə özü nəzarət etmək istəyir.

Bu prosesin getməsi ilə yanaşı bölgədə baş verən proseslər Ermənistan üçün ciddi risklər formalaşdırır. Çünki İranın ən ehtiyat etdiyi qonşusu məhz Ermənistandır. Baxmayaraq ki, Tehranın İrəvanla yaxşı münasibətləri mövcuddur.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri