Icma.az
close
up
RU
Paşinyanın regional kommunikasiyalar “yuxusu”

Paşinyanın regional kommunikasiyalar “yuxusu”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan özünün jurnalist keçmişini yada salaraq məqalə yazıb. Onun seçdiyi sərlövhə belədir: “Ermənistan və Azərbaycan arasında kommunikasiya kanalları haqqında”.

Bəribaşdan bir məqamı vurğulayaq: Rəsmi İrəvan hazırda tutduğu destruktiv mövqeyində qaldıqca sərlövhənin özündə ehtiva etdiyi anlam Ermənistan üçün yalnız yuxu olacaq. Elə Nikolun yazdıqları da yuxudur.

Əlbəttə, o, sadəlövh deyil, konkret məqsədləri var. Məqsəd vasitəyə bəraət qazandırır ki, bu barədə sonda söz açacağıq. Hələlik isə mətləbə keçək.

Nikol öhdəliyini danır

N.Paşinyan məqaləsində Azərbaycan tərəfinin Ermənistanın kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini bildirməsi üzərində dayanır və bu yanaşmanın, guya, düzgün olmadığını vurğulayır. Nikol məsələnin Bakı və İrəvan arasında problematik mahiyyət daşıdığını açıqlayaraq yazır ki, “Ermənistanın birtərəfli öhdəliyi yoxdur”. Onun sözlərindən belə çıxır ki, hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağa mükəlləfdir. Hələ erməni baş nazirin mövqeyini vay-şivən salmaqla əsaslandırması da var: “Bu gün Azərbaycanda nə bir nəqliyyat, nə bir yol, nə bir dəmir yolu, nə bir boru xətti, nə bir elektrik xətti, nə bir kabel, nə də iqtisadi kommunikasiya nə Ermənistana, nə də Ermənistandan keçənlərə açıqdır”.

Qeyd edək ki, N.Paşinyanın qaldırdığı vay-şivən reallığın təhrifinə, yaxud yeni reallıq formalaşdırmağa yönəlib. Onun bu “məqsədinin” digər təzahür formaları var, əvvəllər də olub. Məsələn, Nikol ötənilki açıqlamalarının birində öz imzasının da yer aldığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanı məğlub dövlət kimi qələmə vermək üçün əsas yaratmadığını dilə gətirmişdi və mövqeyində qalır.

Ancaq hər kəsə bəllidir ki, üçtərəfli bəyanat İrəvan qarşısında öhdəlik müəyyənləşdirir. Fikrimizin təsdiqi üçün sənədin 9-cu bəndini diqqətə çatdıraq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Digər tərəfdən, öhdəliyin bilavasitə Ermənistanın üzərinə qoyulması amili də var. Bunun sübutu isə Prezident İlham Əliyevin üçtərəfli bəyanatın imzalanmasından sonra xalqa müraciətində səsləndirdiyi fikirlərdir: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.

Bəli, Prezident İlham Əliyev üçtərəfli bəyanatın 9-cu bəndinin özünün şəxsi təkidinin nəticəsi olduğunu vurğulayıb. Nəzərə alsaq ki, ümumən torpaqlarımızın işğaldan azad edilməsi dövlətimizin başçısının təkcə təkidi deyil, eyni zamanda, prinsipiallığının və qətiyyətinin nəticəsi idi, o zaman belə düşünmək mümkündür ki, Ermənistanın hazırda öz öhdəliklərini yerinə yetirməsi üçün də, yumşaq desək, təkid lazımdır. Mövcud məqam barədə Paşinyan düşünməli, keçmişi danmamalı və məcbur etməməlidir ki, ona 44 günlük müharibə dönəmində kənar dövlətlərə necə yalvardığını xatırladaq.

Naxçıvan yolunda “erməni qanqalı”

N.Paşinyan məqaləsində onu da bildirib ki, Ermənistanın bütün yolları Azərbaycana açıqdır. “Hələ 2022-ci ildə hökumət Ermənistan–Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qərar layihəsini dövriyyəyə gətirmişdi ki, bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistana daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək”, – deyən baş nazirin manipulyasiya yolu tutduğu aşkardır. Məgər, o fərqində deyil ki, məsələ rəsmi İrəvanın qəbul etdiyi hansısa qərarla tənzimlənə bilməz? Yaxşı fərqindədir, sadəcə, reallıqları söz oyunu ilə təhrif edir, öz aləmində diplomatik davrandığını sanır.

Əslində, N.Paşinyanın yazdıqları mətləbə yaxınlaşma və tez bir zamanda ondan uzaqlaşmaq mahiyyəti daşıyır. Mahiyyət nəyə hesablanıb? Məsələn, Nikol Ermənistanın haqqında söz açdığı qərarının qəbulunu əsaslandırarkən bildirir ki, Naxçıvana daxil olmaq üçün heç bir infrastruktur yoxdur, onu qurmaq lazımdır və bu işi, kifayət qədər, tez görmək olar. Ancaq baş nazir həmin infrastruktur hazır olanadək başqa yolu təklif edir. “...İndi fiziki infrastrukturun hazırlığı baxımından, məsələn, yük maşınları Kornidzor keçid məntəqəsi vasitəsilə, Laçın–Kornidzor hissəsi ilə Ermənistan Respublikasının ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər yollarımızla hərəkət edərək, Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilərlər. Eyni şey əks istiqamətdə də mümkündür. Bu cür tranzit yüklərin daşınması üçün fiziki infrastruktur hazırdır. De-yure qərar qəbul etmək qalır. Azərbaycan və Türkiyədə maraq olarsa, qərarı qəbul etməyə hazırıq”, –deyən müəllif bildirdiklərinin kökündə dayanan məqsəd Azərbaycanın Naxçıvana quru yolunu kəsməkdir. Yəni, baş nazir hər vəchlə çalışır ki, ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında əlaqə olmasın.

Türkiyə amili, Marqara ümidi

Digər tərəfdən, görünür, Paşinyan Türkiyə ilə sərhədlərin açılmasına fokuslanır, nəinki Azərbaycanla normallaşmaya. Onun Marqara sərhəd-buraxılış məntəqəsi üzrə hərəkəti təmin etmək istəyi bundan qaynaqlanır. Sən demə, ölkəmizdən daşınan yüklər Laçından Marqaraya, oradan isə Türkiyəyə daşına bilərmiş. Görəsən, Nikol fərqindədirmi ki, hazırda da Azərbaycandan qardaş ölkəyə Gürcüstan vasitəsilə daşımalar həyata keçirilir. Qazaxdan Sarpa (Gürcüstan-Türkiyə sərhədinə - red.) qədər məsafə 6 saatdır. Laçından Marqaraya məsafə isə 5 saat. Yəni, elə bir ciddi fərq yoxdursa, Azərbaycan Türkiyəyə doğru daşımalarda nəyə görə Gürcüstandan yox, Ermənistandan keçidə üstünlük verməlidir? Həm Nikol Marqara ilə bağlı çox da ümidlənməməli, Avropadakı dostlarının çağırışlarına inanıb oyun qurmamalıdır. Çünki Türkiyə Ermənistanla sərhədlərin açılmasında Azərbaycanın mənafeyini əsas götürür və bu, birmənalıdır.

Təhlükəsizlik zəmanəti deyilən vəzifə də var ki, Nikol məqaləsində bunu “həll edir”. Ermənistanın yükdaşımalarda təhlükəsizliyi təmin edəcəyini vurğulayan Paşinyan “çıxış yolu” tapır. Onun mövzuya dair yazdıqları, bir növ, uşaq başı aldatmağa oxşayır: “Lakin azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinliklər yaranarsa, o zaman bu yükdaşımalar Ermənistan yollarında həmişə sürmüş və fəal surətdə sürməkdə davam edən Türkiyə TIR-ları tərəfindən təşkil oluna bilər. Digər ölkələrin yük maşınları da eyni şeyi edə bilər”, – deyən erməni baş nazir o qədər primitiv hiyləgərliyə baş vurur ki, heyrətlənməmək mümkünsüzdür. Göründüyü kimi, o, kommunikasiyaların açılması məsələsinə, tamamilə, yeni ovqat gətirmək niyyətindədir. İrəvanın 44 günlük müharibədən sonra formalaşmış regional düzənə meydan oxumaq, onu dəyişdirmək istəyinin daha bir təzahürü də budur.

Naxçıvana yol və erməni məkri

Yuxarıda üçtərəfli bəyanatın 9-cu bəndini diqqətə çatdırdıq. Qeyd edək ki, Nikol məqaləsində irəli sürdüyü digər fikirlərlə də sənədin mahiyyətinə qarşı çıxıb. Söhbət təhlükəsizlik zəmanətindən düşmüşkən, baş nazirin sözlərinə görə: “Ermənistan heç vaxt yazılı və ya şifahi öhdəlik götürməyib, heç vaxt razılaşmayıb və hətta özünün suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hansısa şəkildə məhdudlaşdırılmasına, o cümlədən Ermənistan Respublikasının ərazisi vasitəsilə Qərbi Azərbaycandan Naxçıvan Muxtar Respublikasına əlaqə məsələsi ilə bağlı razılığa gələ biləcəyinə eyham vurmayıb”.

Deməli, Paşinyan Naxçıvana yolu “bağlamaqla” məşğuldur və bu azmış kimi, o, Azərbaycanın digər əraziləri ilə muxtar respublikamızı birləşdirən yolun regional kommunikasiyaların açılmasında alt mövzu olduğunu vurğulayıb. Əlbəttə, Paşinyan başlıca mövzunun məhz Naxçıvana yol olduğunu çox yaxşı anladığını sübuta yetirir. Məsələn, yazır ki, rəsmi İrəvan bu məsələdə, guya, son dərəcə yaradıcı və çevik davranıb: “2022-ci ildə Azərbaycanın narahatlığına cavab olaraq, sərhəd-keçid məntəqələrində malların və vətəndaşların pasport, gömrük və digər nəzarət funksiyalarının beynəlxalq ixtisaslaşmış təşkilata verilməsini qarşılıqlı prinsip əsasında təklif etdik. Azərbaycan buna razı olmadı”.

Suverenlik və ərazi bütövlüyündən danışmaq hara, təhlükəsizliyin beynəlxalq şirkətə həvalə olunması hara? Təbii, Azərbaycan Ermənistanın perspektivi şübhəli təklifinə müsbət reaksiya verə bilməzdi. Axı ölkəmiz nəyə görə İrəvanın təklifinə razı olmalıdır? Ortada üçtərəfli bəyanat var. Sənəddə çox aydın şəkildə Naxçıvana yolda maneəsizlik amili vurğulanıb. Hələ biz Rusiya Federal Təhlükəsizlik Xidmətinin funksiyasını bir kənara qoyuruq. Halbuki, məsələ önəmlidir. Çünki üçtərəfli bəyanat məhz Moskvanın təşəbbüsü ilə ərsəyə gəlmişdi. Başqa sözlə desək, Rusiya Ermənistanı Azərbaycanın əlində qalıb məhv olmaqdan xilas etmişdi. Hazırda ağız dolusu təhlükəsizlikdən danışan Paşinyanın bütün bunları, habelə Qərbdəki dostlarının kara gəlməməsini “unutması” isə son dərəcə təhlükəlidir.

“Ermənistandan Ermənistana yol”?

Qeyd edək ki, N.Paşinyan ötən həftə Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandırarkən, ölkəmizin Naxçıvana yolla bağlı irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” (heç bir gömrük və sərhəd nəzarəti olmayan yol - red) məntiqinə qarşı olaraq “Ermənistandan Ermənistana yol” ideyasından söz açmışdı. Hərçənd, indi onun Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesinə baş vurması şübhəli durum yaradır. Yəni, demək çətindir ki, rəsmi İrəvan Azərbaycanın digər əraziləri ilə Naxçıvana yolun sərhəd və gömrük nəzarəti olmadan açılmasına paralel Mehri-Yerasx marşrutunun da eyni qaydada fəaliyyət göstərməsinə razıdır.

Əlbəttə, Mehrini Yerasxla birləşdirən yol Naxçıvandan keçsə, bu, Ermənistan üçün sərfəlidir. Hərçənd, o yolun hansı strateji anlam daşıdığı elə də müəyyən deyil. Ancaq Paşinyan əbəs yerə məsələni gündəmə gətirməz. Şübhəsiz, baş nazirin bildirmək istədiyi nə isə var. O zaman onun nə demək fikrində olduğunu təxmin edək.

Bir halda ki, Nikol Ermənistanın ərazi bütövlüyü və suverenliyi klişesini qabardır, deməli, o, Mehri-Yerasx marşrutunu gündəmə gətirməklə, əslində, Azərbaycan qarşısında yeni tələb qoyur. Yəni, Ermənistanın iki bölgəsini birləşdirən yolun Naxçıvan keçidini müəyyənləşdirir. Bunun, bir növ, Bakının öhdəliyi kimi qeydə alınmasına çalışır. Halbuki, belə çalışma mənasızdır. Çünki əgər Ermənistan ərazi bütövlüyü və suverenliyi klişesindən kənar dayansa, müvafiq surətdə “Azərbaycandan Azərbaycana yol” məntiqi həyata vəsiqə qazansa, bu, hər bir halda etimad mühiti formalaşdıracaq, dövlətlərarası münasibətlər qaydasına düşəcək. O zaman istər-istəməz Ermənistanın Mehridən Yerasxa getmək üçün Naxçıvandan keçməsi mümkün duruma gələcək.

Bir nüansa da diqqət yetirək. Mehridən Yerasxa yol indi də var və ermənilər həmin yolda hərəkət edirlər. Naxçıvan erməni avantürasına görə Azərbaycanın digər ərazilərindən ayrı düşüb. Deməli, heç bir halda “Azərbaycandan Azərbaycana yol”a qarşı “Ermənistandan Ermənistana yol” təşəbbüsü irəli sürülə bilməz.

Naxçıvana İrandan yol

Məlumdur ki, Ermənistan Naxçıvana yolun maneəsizliyi prinsipini qəbul etməsə, Azərbaycan qədim diyarımıza yolun İran variantı üzərində dayanacaq. Bununla əlaqədar rəsmi Tehranla razılıq da mövcuddur. Axı işğal illərində vətəndaşlarımız Naxçıvana doğru məhz İslam respublikası ərazisindən hərəkət edib, heç bir təhlükəsizlik sıxıntısı yaşamayıblar.

Yəni, Naxçıvana İrandan yola dair müsbət presedent var. Bunu Paşinyan bilir və ona görə məqaləsində Azərbaycanın İran seçimi barədə qeydlər aparır. Daha doğrusu, o, ölkəsinin Tehranın Naxçıvana yol baxımdan şərtlərinin eynisini təmin etməyə hazır olmasından söz açır. Amma çox nahaq yerə. Birincisi, Azərbaycan üçün İran Ermənistan deyil, ümumən, Ermənistan İran ola bilməz. İkincisi, Tehran Naxçıvana yolda sərhəd və gömrük nəzarəti tətbiq etsə də, bu, ölkəmizə məqbuldur. Çünki birincinin təhlükəsizlik təminatlarına etimad nəinki var, eyni zamanda, məsələ tarixi əhəmiyyət daşıyır. Ermənistana isə inam yoxdur və bu da tarixə söykənir. Güman edirik, təkcə ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Naxçıvana gedən yoldakı qatarlarımızın Mehri ərazisində necə daşa basıldığını xatırlatmaq kifayətdir.

Məqsəd “vasitəyə” bəraət qazandırmaz!

Sonda bir suala aydınlıq gətirək. N.Paşinyan bu məqaləni nə üçün qələmə alıb? Hesab edirik ki, ayının min oyunu bir armudun başında olduğu kimi, Nikolun da “cəfəngiyatı” hər şeyin Azərbaycanın razılığından asılı olduğunu bildirməyə yönəlib. Yəni, İrəvan sülhün regional kommunikasiyaların açılması kimi əsas seqmenti ilə razıdır, qalır Bakının məsələyə müsbət yanaşması.

Aydındır ki, yuxarıda diqqətə çatdırdığımız məqamlara görə ölkəmizin Paşinyanın yazdıqlarına kompleks şəkildə pozitiv yanaşması mümkünsüzdür. Şübhəsiz, Nikol bunun fərqindədir. Ancaq əvvəldə də vurğuladığımız kimi, məqsəd vasitəyə bəraət qazandırır. Ermənistanın məqsədi sülhdən yayınmaq, Paşinyanın məqaləsi isə vasitədir. Yəni, rəsmi İrəvan Azərbaycanı barış mühitinin formalaşmamasına görə günahkar çıxarmağa çalışır.

Konpensasiya və ya təzminat

Ən sonda onu da deyək ki, Naxçıvana yol Ermənistan üçün otuz ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasətinin, bir növ, konpensasiyasıdır. Bir ölkə gəlib digərinin ərazisini ələ keçirsin, əhalisini qovsun və bunun müqabilində heç bir təzminat ödəməsin? Dünyada belə təcrrübə yoxdur! Yaxşı olar ki, Paşinyan yuxusunu qələmə almaqdansa, reallıq hissini bərpa etsin. Qərbin müxtəlif kluarlarında, anti-Azərbaycan dairələrində hazırlanan planların reallaşdırılmasına cəhd göstərməsin. Nəzərə alsın ki, indiyədək özgəsinin ipi ilə quyuya enmək erməni avantürizminin davamı baxımından heç bir fayda verməyib, əksinə, zərər gətirib. Ermənistanın növbəti zərəri qarşılaması mümkünsüzdür. Çünki bunun miqyası daha böyük olacaq.

Əvəz CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see129

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see126

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see124

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see123

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see122

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see120

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see118

Ağ Ev Tramp Zelenski danışıqlarının bərpası üçün şərtləri açıqlayıb

04 Mart 2025 07:48see118

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see117

Alimlər ən qədim quşlardan birini aşkar etdilər

04 Mart 2025 15:58see115

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see114

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see113

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see113

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see112

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see112

Çeçen döyüşçülər Ukrayna tərəfə keçərək Rusiyanın kəşfiyyat məlumatlarını ötürüblər...

04 Mart 2025 07:21see111

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see111

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see111

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see110

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri