Passionarlıq paradiqması
Icma.az, 525.az saytına istinadən bildirir.
Bu gün, oktyabr ayının 16-da akademik İsa Həbibbəylinin növbəti doğum günüdür. İsa Həbibbəyli çoxşaxəli fəaliyyəti ilə bütövlükdə müasir Azərbaycan elmi, mədəni və ictimai mühitinin istər ideya-mənəvi, istərsə də, təşkilati-struktur baxımdan şəkillənməsində ciddi "impakt faktoru" olan azsaylı ziyalılarımızdan biridir. Onun yaradıcı alim təfəkkürü nəzəri-metodoloji əsasları etibarilə müxtəlif ictimai-humanitar elmi istiqamətləri vəhdətdə əhatə etdiyindən əsərlərində həm elmi, həm də ictimai baxımdan ən problematik, aktual və konseptual məsələlər əhatə olunur, fəaliyyəti bütün hallarda ümumictimai məzmun kəsb edir. Ona görə də belə şəxsiyyətlərin bioqrafiyaları ilə bağlı xüsusi tarixlər onların personalarının cəmiyyətə təqdimatından daha çox, aktual elmi, ictimai məsələlərdən bəhs etmək üçün həm də çox yaxşı bir bəhanə və əlverişli bir imkandır. Səmimi etiraf edək ki, İsa müəllim Akademiyanın prezidenti seçildikdən sonra çoxsaylı İsasevərləri, ən yaxın həmkarlarını, dostlarını, xüsusən də, yaxın çevrəsində olan komanda üzvlərini belə bir imkandan məhrum edib. Ötən il, 75 illik yubileyi ərəfəsində İsa müəllim özü haqqında bir cümlə belə yazılmaması üçün bütün nüfuzundan, əlaqələrindən istifadə etdi, bəzən hətta bir sıra media qurumları ilə, ədəbi-elmi mühitin nüfuzlu nümayəndələri ilə "savaşa qalxdı". Səhv etmirəmsə, ötən il onun bu qadağasını pozmağa yeganə olaraq yazıçı Anarın cəsarəti çatdı. Gərgin elmi, təşkilati, ictimai fəaliyyətlə müşayiət olunan bir il göz qırpımında ötdü. Yəqin ki, Akademiyanın 80 illik yubileyinə qızğın hazırlıq getdiyi bu günlərdə İsa müəllimin, çətin ki, öz doğum günü yadına düşmüş olsun. Akademiyanın hər onillik yubileyi elmin təntənəsi olmaqla yanaşı, həm də onun dövlət və xalq qarşısında hesabatıdır. Bu baxımdan Akademiya prezidentinin üzərinə xüsusi ümummilli və tarixi məsuliyyət düşür. Bu məsuliyyəti bütün varlığı ilə dərk edən İsa müəllim üç ildir ki, hamımızın gözləri qarşısında bütün obyektiv çətinliklərə, subyektiv mülahizələrə baxmayaraq, yorulmadan, qeyri-adi bir həvəslə, ilahi bir eşqlə çalışır. Və zaman keçdikcə bu fəaliyyət ictimai şüurda xüsusi effekt yaradır - "akademik İsa Həbibbəyli" adı Akademiyanın, "Akademiya" sözü İsa Həbibbəylinin assosiativ işarəsinə çevrilir. İndi İsa Həbibbəyli personasından yazmaq Akademiyadan yazmaq deməkdir, Akademiya haqqında danışmaq İsa Həbibbəylinin fəaliyyətlərindən danışmaq deməkdir. Ona görə də hesab etdik ki, İsa müəllimin bu doğum günü bəhanəsilə akademik personanın psixoloji portreti kontekstində səksən illik yubileyi ərəfəsində olduğumuz qocaman, müdrik Akademiyamızın müasirləşən və yeniləşən obrazını da təsvir etsək, nə qədər təvazökarlıqdan uzaq olsa da, düşünürük ki, bizim dayandığımız nöqtədən aydın müşahidə etdiyimiz akademik İsa Həbibbəylinin fəaliyyətinin bu istiqamətinin geniş ictimaiyyətə təqdiminin elmi olmaqla yanaşı, ictimai də əhəmiyyəti vardır.
Akademiyanın digər prezidentlərindən fərqli olaraq İsa Həbibbəyli Akademiyanın rəhbəri vəzifəsinə olduqca mürəkkəb və məsuliyyətli bir vaxtda seçilmişdir. Bu mürəkkəblik onunla əsasən xarakterizə olunurdu ki, həmin dövrdə cənab Prezident İlham Əliyevin 2022-ci ilin iyul ayındakı Sərəncamına əsasən elm və təhsilin strukturlaşması yeni modelə transformasiya olunmalı idi. Bir tərəfdən illərlə formalaşmış ənənəvi struktur mümkün qədər az itkisiz və ağrısız sökülməli, digər tərəfdən isə yeni struktur tamamilə yeni biçimdə, dünyanın çağırışlarına və ölkənin maraqlarına uyğun olaraq qurulmalı idi. Vaxtilə Cəfər Cabbarlı Mirzə Fətəli Axundov haqqında yazırdı ki, "bəlli olduğu üzrə Mirzə Fətəlinin mühiti əski Şərq ənənəsinin pozulduğu, yeni Qərb mədəniyyətinin araya soxulduğu bir dövrün mücəssəməsidir. Həyatın bir tərəfi sökülür, dağılır, o biri tərəfi başqa, tam başqa bir biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın başı yanında durmuş, amansız qələmi ilə bura sökülməlidir, bura isə belə tikilməlidir deyir". 2022-ci il Sərəncamından sonra Azərbaycan Milli Elmlər Akademiyasının yeni nəzərdə tutulan struktura transformasiya vəziyyəti, təxminən, Cəfər Cabbarlının təsvir etdiyi derekonstruksiya situasiyasına bənzəyirdi. Akademik İsa Həbibbəyli bir mühəndis kimi "bu sökülən və tikilən binanın yanı başında dayanaraq bura belə sökülməlidir, bura isə belə tikilməlidir" deyən mühəndis missiyasını öz üzərinə götürür.
Tarixi Akademiyanın tarixi ilə eyni olan akademik Mirəsədulla Mirqasımovdan başlamış və özündə neçə-neçə görkəmli ziyalının adını cəmləşdirən "akademik prezidentlik təsisatı" öz xüsusi ənənələri olan bir məktəb olaraq formalaşmışdır. Biz vaxtilə Akademiyanın doqquzuncu prezidenti, akademik Mahmud Kərimov haqqında məqaləmizdə bu təsisatı nəzərdə tutaraq belə bir fikir ifadə etmişdik ki, "Azərbaycan elmi elitasının ən görkəmli ziyalılarının təmsil olunduğu bu silsilədə hər prezidentin öz üslubu, öz dəsti-xətti olub". Bu kontekstdə Akademiyanın on ikinci prezidenti olaraq İsa Həbibbəylinin fərdi idarəçilik üslubu hansı xüsusiyyətləri ilə seçilir?
İsa Həbibbəylinin şəxsiyyətini xarakterizə edən ən başlıca keyfiyyət aşıb-daşan yaradıcı və qurucu fəaliyyət enerjisidir. Qeyd etdiyimiz kimi, o, yorulmadan, xüsusi həvəs və eşq ilə fəaliyyət göstərir. Onun iş qrafiki heyrətamiz dərəcədə sıxdır. İsa müəllimin Akademiya Rəyasət Heyətinin binasında yerləşən iş otağının pəncərəsindəki işıq bəzən gecə yarısına qədər sönmür və bu işığın şölələri bütün respublika miqyasında elmi-ədəbi mühitimizin daha da aydınlanmasında müstəsna rol oynayır. Hətta bu qədər mürəkkəb iş qrafikinin məlum məhdud zamana sığdırılmasına, müxtəlif xarakterli mürəkkəb informasiyaların yaddaşda saxlanılmasına, çoxsaylı tapşırıqların icrasına dəqiqliklə nəzarət edilməsinə... heyrət etməmək olmur. Necə ola bilər ki, səhər tezdən xarici ölkə səfirliyinin nümayəndəsi ilə yüksək səviyyəli görüşü bütün dövlətçilik və diplomatik etiketlərinə əməl edərək keçirib, arada qalan yarım saatlıq vaxtda aparat əməkdaşları ilə verilən tapşırıqların icrası ilə bağlı müşavirə keçirəsən, saat 11-də mühüm bir dövlət səviyyəli tədbirə sədrlik edib, orada şifahi olaraq dərin məzmunlu nitq söyləyib, günorta ağır bir gündəlikdən ibarət Rəyasət Heyətinin iclasını axşam saat 7-yə qədər idarə edəsən? Sonra isə gecə yarısına qədər iş otağında növbəti elmi-təşkilati, ictimai fəaliyyətlə bağlı işlərlə məşğul olasan? Və nümunə üçün şərti olaraq göstərdiyimiz bu qrafik şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri davam edə?
Bu fəaliyyət enerjisini, qurub-yaratmaq eşqinin daxili anatomiyasını başa düşmək üçün Lev Qumilyovun passionarlıq nəzəriyyəsinə müraciət etmək lazımdır. Lev Qumilyova görə, passionarlıq, müəyyən bir məqsədi həyata keçirməyə istiqamətlənən qarşısıalınmaz daxili canatmadır. Alimə görə, o şəxslər passionar hesab edilir ki, onlarda bu impuls özünüqoruma instinktindən yüksək olur. Tarixin təkəri məhz passionar şəxsiyyətlərə minnətdar olaraqdan irəliyə doğru hərəkət edir.
İsa Həbibbəyli məhz passionar şəxsiyyətdir. Onun fəaliyyət enerjisi daxili stixial əsasa dayandığı üçün heç bir halda müəyyən bir məqsədə nail olmaqla sonuclanmır. Burada ən ali məqsəd özü elə qurub-yaratmaq üçün fəaliyyət göstərməyin özüdür.
Bu daxili stixial potensiyada bir neçə istiqamət özünü ayrıca olaraq göstərir. Birincisi intellektuallıqdır. İsa Həbibbəyli yuxarıda da qeyd etdiyimiz kimi, dar ixtisası etibarilə peşəkar ədəbiyyatşünasdır. Bununla yanaşı, o, hər şeyi təfəkkürünün predmeti ilə seçir. Lakin bu seçim elmi "hər şey", "hərşeyşünaslıq" təsiri bağışlamır, metodoloji elmi zənginlik təsiri bağışlayır. Təbiidir ki, bir şəxsin tarix, iqtisadiyyat, fəlsəfə, folklor, ədəbiyyat sahələrinin hamısını peşəkar səviyyədə bilməsi, ictimai-siyasi məsələlərdən baş çıxarması mümkün deyildir. Lakin İsa Həbibbəyli zəngin ümumnəzəri-metodoloji yanaşma bazası hesabına bütün bu elm sahələrinin problemlərinə dərindən nüfuz etməyi, onları uğurla koordinasiya etməyi bacarır. Hesab edirik ki, onun intellektuallığı belə universal bazadan, möhkəm nəzəri-metodoloji əsasdan qaynaqlanır.
Metoforik olaraq belə bir yanaşma var ki, elmdə fakt tikinti materialı, analitika, nəzəri-metodoloji ümumiləşmə isə memarlıq konstruksiyasıdır. Adını unutduğumuz bir rus akademiki qeyd etmişdir ki, əgər bir kimyaçı yalnız kimyanı bilib, başqa heç bir şey bilmirsə, onda o, heç kimyanı da bilmir. Burada ümummetodoloji, ümumfəlsəfi biliyə sahib olmaq nəzərdə tutulur. Məhz buna görə də 2022-ci ildən akademik İsa Həbibbəylinin ideya memarlığı və icraçı mühəndisliyi ilə yenidən rekonstruksiya olunan, fiziki zaman etibarilə o qədər də uzun müddəti əhatə etməyən, lakin Akademiyanın tarixi inkişafında tipoloji olaraq yeni keyfiyyət mərhələsi kimi özünü göstərən, ən əsası isə uzunmüddətli gələcək inkişafın vektorlarını özündə sxemləşdirən yeniləşmə və islahatlar mərhələsini xarakterizə etmək üçün bu mərhələdə görülən çoxşaxəli istiqamətlər üzrə faktların sadalanması səmərəsiz metoddur. Təsəvvür edək ki, Akademiyanın yeniləşmə mərhələsinin yalnız istiqamətlərinin tam olmayan siyahısı aşağıdakılardan ibarətdir: struktur islahatları, elmi prioritetlərin yenidən müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin inkişafı, türk dünyası ilə elmi əməkdaşlıq əlaqələrinin inkişafı, gənclər siyasəti, elektron elmin inkişafı, elmin informasiya siyasətinin yenidən qurulması, elmin normativ-hüquqi bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığının yeni beynəlxalq standartlara uyğunlaşdırılması, Qərbi Azərbaycan tədqiqatları, Qarabağ və Şərqi Zəngəzurla bağlı tədqiqatlar, şəxsiyyətlərin öyrənilməsi, Nobelçilik hərəkatı, milli ideya axtarışları və s. çoxsaylı elmi, elmi-təşkilati, ictimai tədbirlər. Bütün bu istiqamətlər üzrə isə onlarla, bəlkə də yüzlərlə tədbirlər, layihələr, nəşrlər, faktlar...
Ona görə də akademik İsa Həbibbəylinin islahatlar konsepsiyasının AMEA-nın yeniləşmə və islahatlar mərhələsinin əsas özəlliyi əvvəlki mərhələdən fərqli olaraq ictimai və humanitar elmi istiqamətlərin bütün səviyyələrdə prioritetliyidir. Akademik İsa Həbibbəylinin sistem yanaşmasında milli humanitar elm ümumən milli mədəni düşüncə sisteminin üzvi tərkib hissəsidir. Əsasən, ictimai və humanitar elmi müəssisələrin fəaliyyət göstərdiyi AMEA-da hazırda əsas vəzifə bu istiqamətdə fəaliyyətin dövlətin mədəni-mənəvi, ideoloji sahədəki inkişafına yönəldilməsidir. Məqsəd ictimai-humanitar elm sahələrindəki tədqiqatlar vasitəsilə coğrafi xəritəmizdən heç də az əhəmiyyətsiz olmayan "ideoloji ərazimizin" və "ideoloji sərhədlərimizin" keşiyində ayıq-sayıq dayanmaq və Akademiyanı Azərbaycanşünaslığın baş qərargahına çevirməkdir! Bu vəzifədən irəli gələrək həyata keçirilən çoxşaxəli tədbirlərin nəticəsi olaraq elm, xüsusən də ictimai-humanitar elmlər artıq sırf laboratoriya və şöbə divarları arasından çıxıb cəmiyyətin ideoloji və mədəni qan-damar sistemində pultasiya edən canlı prosesə çevrilmişdir. Bu prosesi obrazlı olaraq ictimai və humanitar elmlər vasitəsilə millətin öz tarixi yaddaşını zamanın rəqəmsal kitabəsinə həkk etməsi kimi də mənalandırmaq olar. Bu mərhələ həm də humanitar intellektual transformasiyaların milli-mənəvi özünüdərklə qarşılıqlı ahəngidir. Akademik İsa Həbibbəyli bu mərhələdə klassik və modernin sintezini yaratmağı bacarmışdır: o, ənənəyə dərin hörmətlə yanaşır, amma hər addımında yeniliyi, axtarışı, modernizmi, elektron elmi, süni intellekti əsas prinsipə çevirir. Onun elmi-intellektual liderliyində Akademiya bir növ milli ideya laboratoriyasına çevrilir və bu laboratoriyada yalnız nəzəri bilik yox, həm də milli ruh mayalanır. İsa Həbibbəylinin ideyası humanitar elmlərin millətin özünüanlama vasitəsinə deyil, özünüyaratma, sinergetik özünütəşkil vasitəsinə çevrilməsinə əsaslanır. Bu baxımdan tarix, arxeologiya, fəlsəfə, ədəbiyyat, folklor, sənətşünaslıq yalnız keçmişi anlamaq üçün deyil, həm də gələcəyi mənalandırmaq üçündür.
Akademik İsa Həbibbəylinin islahatlar konsepsiyasının fəlsəfi qayəsini "keçmişin gələcəklə dialoqu təşkil edir. Onun islahatlar konsepsiyasının fəlsəfi platformasında belə bir fikir dayanır ki, elm artıq yalnız bilik yığımı yox, milli özünüdərkin fəlsəfi mexanizmidir. AMEA-nın fəaliyyəti bir millətin zamanla söhbətə çıxmasına, öz taleyini anlamağa, keçmişindən gələcəyinə körpü salmağa yönəlməlidir. AMEA-nın bu dövr fəaliyyəti, əslində, bir millətin öz keçmişini "indi" də oxumağıdır. Zaman burada yalnız xronoloji ardıcıllıq yox, ideyaların, düşüncələrin, mənəvi sorğuların axarıdır. Burada tarix və müasirlik birləşərək cəmiyyətin əxlaqi və ideoloji təməllərini möhkəmləndirir.
Akademik İsa Həbibbəylinin islahatlar konsepsiyasının koqnitiv xarakteristikası yalnız ixtisaslaşmaya deyil, inteqrasiya və sinergetik təfəkkürə əsaslanır. Burada tarix filologiyaya və etnologiyaya, fəlsəfə texnologiyaya, sosiologiya ədəbiyyata, folklor antropologiyaya söykənir. Məhz bunun nəticəsidir ki, Akademiyada son dövr araşdırmalarda fikir sərhədləri silinir, intellektual məkanlar bir-biri ilə dialoqa girir. Burada elmi bilik yalnız nəticə deyil, həm də prosesdir, hər yeni yanaşma insanın özünü, millətini, cəmiyyətini, taleyini anlamağa bir addım yaxınlaşmasıdır. Burada onu da vurğulamaq lazımdır ki, AMEA-nın əsas funksiyası və missiyası fundamental elmi araşdırmalardır. Digər təşkilati tədbirlər yardımçı xarakterlidir. Məhz bunun nəticəsidir ki, Akademiyada bu dövrdə koqnitiv çeviklik əsas prinsipə çevrilmişdir: sahələrarası dialoq, multidisiplinar yanaşma, analitik və sintetik metodların vəhdəti bunun əyani nümunəsidir. Bu dövr Azərbaycan elmi üçün intellektual sərhədlərin genişləndiyi, ideya sərhədlərinin tədricən aradan qalxdığı bir dövrdür.
Akademik İsa Həbibbəylinin konseptual yanaşmasında Akademiyanın ideoloji dayaqları Heydər Əliyev irsindən, Azərbaycançılıq ideologiyasından, milli kimlik şüurundan, dövlətə sədaqət anlayışından qidalanır. Akademiya öz fəaliyyəti ilə yalnız bilik istehsal etmir, həm də ideya yaradır, cəmiyyətin ruhunu möhkəmləndirir. Bu, konfranslar, monoqrafiyalar, layihələr timsalında əyaniləşən ideologiyanın, necə deyərlər, "yumşaq gücü"dür. Bu güc milli mövcudluğu qoruyur. Akademik İsa Həbibbəylinin rəhbərliyində AMEA Heydər Əliyev ideallarını XXI əsrin elmi kontekstinə çevirən bir ideya generatorudur.
Dördüncü Sənaye İnqilabının səsi, süni intellektin qlobal yüksəlişi, ekoloji çağırışlar və iqtisadi rəqəmsallaşma - bütün bunlar Azərbaycanın elmi məkanında bir oyanış zərurətini doğurdu. Bu çağırışların fonunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə elektron elm Akademiyada hərəkat səviyyəsinə yüksəlmişdi. Mübaliğəsiz demək olar ki, bu istiqamətdə görülən çoxsaylı tədbirlər nəticəsində Akademiya türk dünyası üçün nümunə ola bilər. Bu hərəkatın strateji vizyonu, milli dövlət maraqlarını və qlobal elmi trendləri ahənglə birləşdirərək Azərbaycan elminə yeni nəfəs verir.
Akademik İsa Həbibbəylinin passionarlığının əsasında dayanan diğər mühüm keyfiyyətlərdən biri mənəvi potensialdır ki, fəaliyyətində intellektuallıqdan heç də az rol oynamır. O, zəngin daxili mənəvi potensiala malikdir, insanpərvərdir, xeyirxahdır, emosionaldır, kövrəkdir...
Onun şəxsiyyətində hər kəsi özünə cəlb edən inteqrativ ruh bu mənəvi potensiyaya dayanır. Bütün titullarına, şöhrətinə baxmayaraq, o, xarakterində "el-oba sadəliyini" bütün naturallığına qədər qoruyub saxlamışdır. Elə bunun nəticəsidir ki, onun ətrafında zahiri imicləri ilə sadə əyalət adamlarını daim görmək mümkündür. Akademik İsa Həbibbəyli onlarla ünsiyyətə, onların qayğıları ilə məşğul olmağa da həmişə vaxt tapır.
Məlumdur ki, passionarlığın son dərəcə mühüm xüsusiyyətlərindən biri onun sirayətedici təsirə malik olmasıdır ki, bu da passionar induksiya adlanır. Qumulyova görə, insanlar passionar, harmoniyalı (sakit həyat yaşayanlar) və subpassionar (faydalı işlər üçün faydasızlar) olmaqla üç qrupa ayrılırlar ki, harmoniyalı şəxslər passionarların təsir dairəsinə düşərkən çevrilib passionarlara çevrilirlər, subpassionarlar isə çevrədən kənara atılırlar. Bu qanunauyğunluq akademik İsa Həbibbəylinin öz komandasına münasibətdə özünü tamamilə doğruldur. Onunla sıx əməkdaşlıqda olub sakit oturmaq mümkün deyil. Ya onun iş tempinə uyğunlaşmalı, şərti mənada harmoniyalılıqdan passionarlığa keçməli, ya da subpassionar olaraq çevrədən kənarlaşmalısan. Elə bu qanunauyğunluğun nəticəsidir ki, hazırda Akademiyanın Rəyasət Heyəti və elmi müəssisələrinin bütün kadr potensialı hərəkətə gəlmişdir.
Passionarlığın daxili balansının nəticəsidir ki, akademik İsa Həbibbəylinin idarəçilik fəlsəfəsində radikallıqla liberallıq, tələbkarlıqla xeyirxahlıq onun şəxsiyyətində "qızıl orta xəttə" birləşmişdir. Məhz bunun nəticəsidir ki, akademik İsa Həbibbəyli işgüzar münasibətlər kontekstində sərt irad bildirdiyi şəxsin fərdi məişət qayğısı ilə doğma övladı kimi ilgilənə bilər. Belə balans həm işgüzarlığı, həm mənəvi münasibətləri özündə əks etdirən inteqrativ sosial sahə yaradır.
Ötən əsrin sonlarında - bütün bəşəriyyətin ikinci minilliyi tamamlayıb üçüncü minilliyə qədəm basmağa hazırlaşdığı bir vaxtda dünya ictimai-humanitar elmi düşüncəsinin ən nüfuzlu avtoritetlərindən olan, fransız antropoloqu Klod Levi-Strossun gələcəyi modelləşdirən bir ümumiləşdirici mülahizəsi anoloji baxış və yanaşmalar sırasından önə sıçrayaraq sürətlə "paradiqmalaşdı": "XXI əsr ya ictimai elmlər əsri olacaq, ya da ümumiyyətlə olmayacaq!" Həm dünyada, həm də Azərbaycanda bir-birindən fərqli çoxsaylı interpretasiyalara məruz qalan bu qənaət XX əsr ümumtürk humanitar elmi düşüncəsinin zirvə şəxsiyyətlərindən olan Yaşar Qarayev idrakı ilə ilk təmasdaca dərhal növbəti daha ciddi və düşündürücü elmi problemin qoyuluşunu şərtləndirdi: "Bəs bu ictimai elmlər özü XXI əsrdə necə olacaq?"
XXI əsrin dörddə biri qədər zaman məsafəsini qət etdiyimiz hazırkı dövrdə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə ictimai və humanitar elmlərin inkişafı istiqamətində görülən əməli işlər, hesab edirik ki, həm Klod Levi-Strossun çağırışına, həm də professor Yaşar Qarayevin sualına verilən ən uğurlu cavabdır. Hesab edirik ki, elmi yaradıcılıqla belə məşğul olmaq, belə eşqlə işləmək, fəaliyyət göstərmək həm ümumbəşəri, həmdə milli-mənəvi dəyərlərə, dövlətə və xalqa sadiqliyin ən böyük nümunəsidir.
Sərxan XAVƏRİ
Filologiya elmləri doktoru "Ədəbiyyat" qəzeti


