“Qarabağ” mövsümə məğlubiyyətlə başladı, “Neftçi” qələbəyə həsrət qalıb Tura baxış
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının II turunda nəzərdə tutulan görüşlərin hamısı baş tutdu. Ötən tur meydana çıxmayan “Qarabağ”la “Sabah” bu dəfə meydana çıxdı. Avrokuboklarda fərqli əhval-ruhiyyə ilə yarışan klublarımız elə Premyer Liqada da fərqli nəticələr qazandılar. “Sabah” Şamaxı səfərindən 3 xalla qayıtdısa, “Qarabağ” doğma meydanda “Sumqayıt”a uduzdu. “Neftçi” də ardıcıl ikinci oyunda azarkeşlərini üzdü.
“İmişli” – “Neftçi” 0:0
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 94. Rafael Vieqas 14. Ronaldo Rodriqes 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Junior
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 44. Həzrət İsayev 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç
Baş məşqçi: Xorxe Kaşkilya.
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 77. Falaye Sako 6. Sessi D Almeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 36. Həsən Mahmudov 14. Edvin Kuç 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.
“İmişli” təəccübləndirməyə davam edir. Ötən tur “Turan Tovuz”la sona qədər vuruşan və yalnız son saniyələrdə qapısında qol görən əyalət təmsilçisi bu dəfə “Neftçi”ni üzməyi bacardı. Samir Abasovun komandası Şamaxı səfərinə mütləq 3 xal qazanmaq həvəsiylə yollanmışdı. Amma bu istəyi reallaşdırmaq mümkün olmadı. Düzdü, “Neftçi” rəqibindən üstün görünür və daha çox hücum etməyə çalışırdı. Bu hücum cəhdlərini məntiqi sonluğa çatdırmaq isə mümkün olmadı. Bassala Sambunun qaçırdığı epizod isə Samir Abasovu sözün əsl mənasında diz çökməsiylə nəticələndi. İntizamlı müdafiə olunan “İmişli” də bir neçə dəfə “Neftçi”nin qapısı qarşısında təhlükəli vəziyyət yarada bildi. Tərəflərdən heç biri qol vurmağı bacarmayınca görüş qolsun heç-heçəylə yekunlaşdı.
İki turdan sonra qələbəyə həsrət qalan komandalardan “Neftçi” iki xalla 7-ci sıradadır. “İmişli” 10-cu sırada qərarlaşıb. Debütantın aktivində 1 xal var.
“Qarabağ” – “Sumqayıt” 0:1
Qol: Ronaldo Vaskez, 72.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev , 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata
Baş məşqçi: Saşa İliç
Serbiyalı çalışdırıcı Saşa İliç sürprizləri sıralayır. “Sumqayıt” onun rəhbərliyi altında meydana çıxdığı iki qarşılaşmadan maksimum nəticə ilə ayrılıb. Özü də qapısında qol görmədən. “Gənclik şəhəri”nin təmsilçisi “Azərsun Arena”dan 3 xalla ayrılmaqla böyük sensasiyaya imza atdı. Doğrudur, bunda “Qarabağ”ın futbolçularının motivasiyasının azlığının da böyük rolu oldu. Hər kəs yaxşı başa düşür ki, “köhlən atlar”in fikri daha çox astanasında olduğu Çempionlar Liqasının əsas mərhələsindədir. Buna görə də Qurban Qurbanov da “Sumqayıt”la görüşə əsasən ehtiyat qüvvəni buraxmışdı. “Sumqayıt” da bundan maksimum yararlandı. Vaskez 72-ci dəqiqədə Şahruddinin növbəti kobud səhvini bağışlamadı. “Qarabağ” bu qola cavab verə bilməyincə görüş “Sumqayıt”ın minimal hesablı qələbəsiylə yekunlaşdı.
6 xallı “Sumqayıt” turnir cədvəlinin zirvəsini “özəlləşdirib”. Saşa İliçin komandası vahid liderdir. Bir oyunu təxirə salınan “Qarabağ” isə xalsız qalıb və 11-ci sırada qərarlaşmaqla hər kəsi təəccübləndirir.
“Kəpəz” – “Karvan-Yevlax” 2:3
Qollar: Coy Sleyd Mikels, 38- pen. Tompson Qavi, 51. Kayl Spens, 89 - Məqsəd İsayev, 77. Vitor Feijao, 90+6-pen.
"Kəpəz": 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bentu, 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 27. Məqsəd İsayev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao
Baş məşqçi: Adil Şükürov
"Karvan": 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 15. Rəhman Şabanov, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 11. Kayl Spens, 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov
“Karvan-Yevlax” da mövsümə yaxşı başlayıb. Ötən tur nominal meydan sahibi kimi “Qəbələ”ni Şamaxıda qəbul edən debütant məğlub olmamaqla ilk xalını qazanmışdı. Bu dəfə Azər Həşimovun komandası “Kəpəz”i üstələməyi bacardı. “Kəpəz”in bu cür acınacaqlı vəziyyətdə olmasına son illər artıq adət etmişik. Görünən odur ki, bu mövsüm də “sarı-göylər” elitadakı yerini qorumaq üçün ölüm-qalım savaşı verəcək. Buna nə qədər nail olacaqlarını isə zaman göstərəcək. Çünki elitaya bu mövsüm yüksələn “İmişli” ilə “Karvan-Yevlax” hazırda Gəncə klubundan daha yaxşı görünür.
Qəbələdə keçirilən qarşılaşmada qapılara beş qol vuruldu. Bu qollardan üçünü “Karvan-Yevlax”ın futbolçuları “Kəpəz”in qapısından keçirdi ki, sonda 3 xala sevinən tərəf də onlar oldular. Qələbə sayəsində xalını 4-ə çatdıran “Kavran-Yevlax” 2-ci pilləni tutur. Xalsız qalan “Kəpəz” artıq sonuncu pilləyə “dəmir atıb”.
“Şamaxı” – “Sabah" 1:2
Qollar: Dioqu Balau, 59 - Coy Lens Mikels, 1; 76.
“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 5. Arsen Ağcabəyov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqu Balau 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 14. Ravil Qafarov 24. Sənan Muradlı 6. Antonio Lara 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
“Sabah": 92. Stas Pokatilov 8. Ayaz Quliyev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 18. Pavol Safranko (k) 40. İqor Noqeyra 3. Stiv Solvet 13. İvan Lepinitsa 11. Kahim Parris 22. Zinedin Uld Xaled
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 6. Abdulax Xaybulaev 88. Xəyal Əliyev 80. Akim Zedadka 70. Cesse Sekidika 33. Umarali Raxmonaliyev
Baş məşqçi: Valdas Dambrauskas
Avrokuboklarda uğursuzluqla üzləşən “Sabah” yerli çempionata yaxşı başladı. Son mövsümlərdə “Şamaxı” “Sabah” üçün xeyli çətinlik yaradırdı və uzun müddət idi ki, “bayquşlar” Şamaxı səfərində qələbə qazana bilmirdi. Artıq bu tilsim qırılıb. Mikels bu dəfə də “Sabah”ın xilaskarına çevrildi. Məhz onun vurduğu qolla “Sabah” 1-ci dəqiqədə hesabı açdı. Meydan sahibləri asan təslim olmayıb, bu qolun cavabını ikinci hissədə verə bildilər. Dioqu Balau 59-cu dəqiqədə “Şamaxı” azarkeşlərini ayağa qaldırdı. Bundan sonra oyunun axarı bir qədər sakitləşdi. Elə bu məqamda da Mikels yenidən səhnəyə çıxdı. Onun 76-cı dəqiqədə vurduğu qol yekun hesabı müəyyənləşdirdi.
Şamaxıdan 2:1 hesablı qələbəylə dönən “Sabah” bu 3 xalın sayəsində 5-ci pillədə qərarlaşıb. Yeganə xalını ilk turda “Neftçi”dən qoparan “Şamaxı” isə 9-cu yeri tutur.
“Turan Tovuz ” – “Araz-Naxçıvan” 1:2
Qollar: Alexandro Serrano, 78-pen. - Şarl Boli, 38. Ba-Muaka Simakala, 52.
"Turan Tovuz": 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 2. Abdulla Rzayev, 5. Roderik Miller, 99. Vadji İbrahima, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Sadiq Şəfiyev, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos
Baş məşqçi: Kurban Berdiyev
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo (k), 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
“Turan Tovuz” yenə də ümidləri doğrultmur. “İmişli”ni çətinliklə məğlub edən qərblilər “Azərsun Arena”da “Araz Naxçıvan”a təslim oldular. Elmar Baxşıyevin komandası Zirədə olduğu kimi, yenə də yaxşı təsir bağışladı. Görünər odur ki, Naxçıvan təmsilçisi bu mövsüm də mükafata iddialılar sırasında yer tapmaqda israrlıdır. Həm Şarl Bolinin, həm də Simakalanın vurduğu qollar xeyli baxımlı alındı. Nominal qonaqların “Turan Tovuz”u bütün komponentlərdə üstələdiyi aşkar idi. “Turan Tovuz”un təsəlli qoluna Serrano 78-ci dəqiqədə penaltidən imza atdı. Qərb təmsilçisinin bundan artığına gücü çatmayınca 3 xalı bayram edən tərəf “Araz Naxçıvan” oldu.
Məğlubiyyətsiz irəliləyən “Araz Naxçıvan” 4 xalla 3-cü pillədədir. 6-cı yerdəki “Turan Tovuz”un aktivində 3 xal var.
“Qəbələ” – “Zirə” 1:2
Qollar: Nicat Əliyev, 16 - Ceyhun Nuriyev 31, 45+2.
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 36. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila.
Baş məşqçi: Kaxaber Tsxadadze
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 29. Ceyhun Nuriyev 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 31. Eldar Tərlanov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 26. Stefan Aka 28. Leroy Mikels 93. Brahim Konate 77. Yeqor Boqomolski 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov
Qəbələdə keçirilən görüşdə hesabı gözlənilmədən meydan sahibləri açdı. Nicat Əliyev 16-cı dəqiqədə yerli azarkeşləri ayağa qaldırdı. Amma yavaş-yavaş üstünlüyü ələ alan “Zirə” fasiləyə qədər bu qolun əvəzini çıxdı. Özü də artıqlaması ilə. Ceyhun Nuriyev isə bu görüşün qəhrəmanına çevrildi. Onun 31-ci dəqiqədə vurduğu qol sayəsində hesab bərabərləşdi. İlk yarıya əlavə olunmuş ikinci dəqiqədə Ceyhun komandasını hesabda önə çıxardı. Tərəflərin çoxsaylı səylərinə baxmayaraq, ikinci hissədə azarkeşlər qol görmədi. Belədə “Zirə” Qəbələ səfərindən 3 xalla dönməyə bacardı.
Artıq “Zirə”nin aktivində 4 xal var. Üç komandanın xalı 4-ə bərabərdir ki, onlardan “Zirə” dördüncü pillədə yer alır. Bir xallı “Qəbələ” isə 8-ci sırada qərarlaşıb.
Amal Abuşov

