Qaranlıq pəncərələrdən görünməyən dramlar Xuraman Hüseyn yazır
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
(Sima Ənnağının “Sandıqça” hekayəsi haqqında)
Sima Ənnağı hekayəyə nəhayət, baharın şəhəri bürüməsinin təsviri ilə başlayır. O, bir neçə gün əvvəl yağan qarın erkən çiçəkləmiş budaqlara şəkər tozu kimi səpildiyini deyir, qara buludların şişmiş lopalarla günəşi udduğundan, mülayim bahar günəşindən tam zövq almağa imkan vermədiyindən söz açır. Həmin gün də qarın demək olar ki, hər yerdə əriməsindən, havada incə, şirin qətran və nəm torpaq qoxusundan da bəhs edir.
Bu cür havanı çox sevən hekayənin qəhrəmanı Zərnişan işdən çııxıb qızı Leylanın oxuduğu məktəbə gedir. Küknar və şam ağaclarının sıralandığı parkda addımlayarkən ayazlı-qətranlı qoxunu ciyərlərinə çəkib gülümsəyən Zərnişanın bu kefi kök halını S. Ənnağı “niyə də olmasın?”, -deyərək təqdir edir: “Onun ailəsi, qızı, həyat yoldaşı, qalmağa evi, yeməyə çörəyi vardı. Daha insana nə lazımdı ki?” Müəllifin bir kəlam da yadına düşür: “Əgər gözlərin görürsə, yeriyə bilirsənsə, danışırsan, sevirsən və hər səhər yatağından qalxa bilirsənsə, sən düşündüyündən daha zənginsən!”
Mobil telefonuna tanımadığı nömrədən zəng gəldiyini görən Zərnişan onun kim olduğunu soruşur.
“-Qızın bizdədi. Polisə zəng etmə. Bir saatdan sonra ev telefonuna zəng gələcək”,-xışıltılı metal səs deyir. Zəng kəsilir, telefon susur. Zərnişan əvvəlcə səhv etdiyini düşünür: “Necə? Qızı təhlükədə idi? Onu oğurlayıblar? Kim? O, təşviş içində bayaqkı nömrəyə zəng etsə də, ona zəng çatmır.
Hekayənin qəhrəmanı fikrini toplamağa çalışaraq Leylanın sinif rəhbəri Zeynəb müəllimə zəng edir. Zeynəb müəllim həmin gün Leylanı bir qadının götürdüyünü bildirir və Leylanın qadını görən kimi onun yanına qaçdığını və qohumlarından olduğunu düşündüyünü deyir. Zərnişan əri Kənana zəng edərək Leylanın yoxa çıxdığını və yəqin oğurlandığını bildirir. Həyəcanlanan Kənan hadisəni eşitdikdən sonra Zərnişanla birgə polisə üz tutur. Leylanı aparan qadının kimliyi və qızlarının başına nə iş gəldiyi onları narahat edir. Hava qaralanda Kənana zəng edən polis onun qızının tapıldığını deyir və təcili bölməyə gəlməsini istəyir.
Polis bölməsinin qarşısında oğurlanmış və sonradan tapılmış qızın valideynlərini gözləyən bir neçə bloger maşından düşdükdən sonra Kənanla Zərnişanın fotolarını çəkməyə başlayırlar. Aralarında müsahibə almağa can atan da olur. Kənan onların qarğa, quzğun kimi tökülməsinə əsəbləşir və uzaq durmalarını istəyir. Kənanla Zərnişan çox cansıxıcı yer olan bölməyə daxil olurlar.
Ağbaş müstəntiq onları içəri dəvət edəndə Leyla onun masası üstündəki ağ vərəğə şəkil çəkir. Zərnişan qızını görərkən atılıb onu qucaqlayır, sinəsinə sıxır. Hara, kimlə, niyə getdiyini və ona nə isə edib, etmədiklərini soruşur. Leyla isə heç nə olmamış kimi rəsm çəkməyə davam edir.
Müstəntiqlə Leylanın dialoqunu dinləyən zaman məlum olur ki, onu Gülnarə adlı bir xanım aparıb gəzdirir, yelləncəkdə yelləndirir, yemək alıb yedizdirir, sonra ticarət mərkəzinə aparır və orda itirir. Həmin gün dükanlarda böyük endirim olduğundan hər yerdə səs-küy, izdiham olur. Leyla Gülnarəni yanında görmədikdə ağlamağa başlayır. Mühafizəçi onu sorğu-sual edib polisə təhvil verir.
Qürurlu və inadkar
Zərnişan müstəntiqdən Gülnarənin kim olduğunu soruşur. Müstəntiq gözünü Kənana dikir. O isə Gülnarəni tanımadığını deyir. Zərnişanı Gülnarənin kimliyi çox maraqlandırır. Kənanın onun tanımadığını deməsini düşündükcə bu işdə nə isə bir qaranlıq olduğunu düşünür. Kənan yatdıqda noutbuku açır, brauzer tarixçəsinə daxil olub, onun işlədiyi saytlara və səhifələrə baxsa da şübhəli heç nə görmür. Ya həqiqətən şübhəli səhifələrə girmədiyini, ya da şifrələri gizli saxladığını və baxdıqdan sonra pozduğunu fikirləşir. Bu işdə onun skeptik məqamlar axtarmasının əsas səbəbi həm də azyaşlı qızının talehi idi.

Ertəsi gün müstəntiq yenə Kənanla Zərnişanı bölməyə dəvət edərək onlara bir-neçə fotoşəkil göstərir və həmin şəkillərin ticarət mərkəzinin kameralarından alınmış görüntülər olduğunu bildirir. Onlar şəkildəki qadını tanımadıqlarını deyirlər. Həmin axşam Kənan işinin olması bəhanəsilə Gülnarəgilə yollanır. Ona nə etdiyini söyləyir. Gülnarə də arxayın şəkildə heç nə etmədiyini, qızı ilə bir az gəzib əyləndiyini, məqsədinin isə Zərnişandan heyif çıxmaq oldunu bildirir. Kənan onun indi uşaq oğrusu kimi cavab verməli olacağını, özünü də, onu da zibilə saldığını deyir və onun nəyinin çatmadığını, nə etdiyini soruşur. Gülnarə etinasız şəkildə onun özünün çatmadığını, üç ildi Zərnişandan boşanacağına söz verdiyini və boşanıb onunla evlənərsə xoşbəxt olacaqlarını bildirir. Kənan isə boşanmağın onun fikirləşdiyi kimi asan olmadığını və Leylanı, Zərnişanı düşündüyünü deyir. Gülnarənin ürəyindən Leylanın onlarla qalması, Zərnişanın isə başqasına ərə getməyi, uşaq doğması keçir. Kənan onun bu sözlərinə qeyzlənir. Gülnarə Leylanın bəlkə də Kənanın qızı olmadığını deyərək onun ürəyinə şübhə toxumu səpir. Kənan bu sözlərə sillə, yumruq ilə təpki verir.
Gülnarə ilə münasibətə son qoymalı olduğunu düşünən Kənan əgər Zərnişanın qulağına çatsa ailəsinin bir anda dağılacağını, qürurlu və inadkar Zərnişanın onu bağışlamayacağını bilir və onun gözündən düşmək də istəmir. Müəllif, acı xatirələr sandıqçası olan gizli sandıqçadan bəhs edir...
Kənan evə qayıdarkən Gülnarənin sözlərini xatırlayır. Onun Leyla haqqında dediyi ox kimi beynini incidir. Zərnişanın heç vaxt ona xəyanət etməyəcəyini düşünən Kənan Leylanın ona çox oxşadığını bilir. Gülnarənin onu itirməmək üçün bunu uydurduğunu fikirləşir. Kənan Leyla haqqında hər şeyi bilmək üçün Gülnarəgilə dönür. O, bunun yalan olduğunu onun öz dilindən eşitmək istəyir. Kənanın onunla evlənməsini istəyən Gülnarə qonşusu Ələsgərin ofisdə printerləri təmir edərkən Zərnişanı orada gördüyünü, köhnə xatirələrin dirçəldiyini deyir. O, Ələsgərin Zərnişanın qızı olduğunu bilmədiyini və niyə onunla əlaqəni tez kəsdiyini bildirir. Kənandan əvvəl Zərnişanın Ələsgərlə görüşməyindən, sonra araları dəydiyi üçün onunla tanış olduğundan və tez bir zamanda evləndiklərindən də söz açır. Zərnişanın onun üçün bir mələk olduğunu hesab edən Kənan eşitdiklərinə inanmır. Demək, onun həyatında başqa bir kişi də olubmuş.
“Alın yazısı” bəxt, taleh kimi...
Zərnişanın dediyi hər söz onda qıcıq yaradır. Kənan evdən çıxandan sonra Leylanı sorğu-suala tutaraq onu aparan qadını haradan tanıdığını soruşur. Leyla onu əvvəllər də gördüyünü, hətta evlərində də olduğunu bildrir. Leyla sirkə gedərkən o, gedə bilmədiyi üçün atasının bileti Gülnarəyə verib onu da özləri ilə apardığından, kafeyə, yeməyə getdiklərindən danışır. Və Gülnarənin ona zərli pulqabı aldığını, içinə də beş manat qoyduğunu deyir. Leyla danışdıqca Zərnişan Kənanın Gülnarəni çoxdan tanıdığını başa düşür. Zərnişanın həyəcanını duyan Kənan Ələsgər haqda onun özünün söz salmasını gözləyir. Zərnişan da ondan öz səhvini etiraf etməsini istəyir. Bəlkə o zaman onu bağışlayardı. Onun Ələsgəri haradan tanıdığını soruşan Kənana qrup yoldaşı olduğunu bildirən Zərnişan da Gülnarəni haradan tanıdığını soruşur. O, qonşu olduqlarını deyir. Zərnişan Ələsgərlə görüşmədiyini desə də Kənan Ələsgərin onu unutmadığını bildirir və ona atalıq testi vermək istədiyini deyir. Artıq onların bir-birlərinə inamı, güvəni yox idi. Gecə Ələsgər Zərnişana həyətdə onu gözlədiyini yazır. O, Ələsgərin evli qadına nə cürətlə belə mesaj yazmağını düşünsə jaketini çiyninə atıb evdən çıxır. Ələsgər illər keçməsinə baxmayaraq Zərnişanın heç dəyişmədiyini bildirir, ərindən qorxmamağını, qızını da götürüb onun yanına gəlməsini istəyir. Gülnarənin onunla qonşu olduğunu deyən Ələsgər Zərnişanın ərinin neçə ildir, onunla görüşdüyünü də deyir. O, Zərnişanı sevdiyindən söz açaraq onun qərar verməsini istəyir. Ona əzab verən hər kəsin-Kənanın, Gülnarənin, Ələsgərin yox olmasını istəyən Zərnişan isə razılaşmır. Acı xatirələr də sandıqçadan sıçrayıb çıxır, qarşısını kəsmək olmur. Ələsgər, Leylanın onun qızı olduğunu bildiyini deyir. Bəlkə də o vaxt bunu desəydi qızları ilə birgə xoşbəxt olacaqlarını bildirir. Zərnişanın israr etdiyin görən Ələsgər o, unutsa da özünün heç nəyi unutmadığından da söz açır. Və gümüş alışqanı yəqin hələ də işlətdiyini, qrup yoldaşı ilə mərc gəlib mərci udduğunu yada salır. Gənclik zarafatları yada düşdükcə bir mərcə görə Zərnişanın sevginin üstündən xətt çəkməsini xatırlayırlar.
Sima Ənnağı hər kəsin həyatda elə bir insanla rastlaşmağından söz açır ki, o insanın təsiri ilə dəyişmək, xoşbəxt də olmaq, iztirab da çəkmək mümkün olur. Bir-neçə gün əvvəl baharın gəlişini, gözəl havanın ətrini duyan, həyatından məmnun Zərnişan indi özünü üfunətli, zibillə dolu xəndəyə düşmüş kimi hiss edir və Kənanın yəqin hər şeyi eşitdiyini düşünür. O, başını qaldırıb binanın pəncərəsinə baxır. Bəzi pəncərələrdə işıq görsə də qaranlıq pəncərələrin arxasında hansı dramlar yaşandığı haqda fikirləşir.
Maraqlı hadisələrdən bəhs edən S. Ənnağı bu hadisələri obrazların xasiyyətinə, davranışına uyğunlaşdıra bilir. O, obrazların yaşantıları, həyata baxışı, dünyagörüşü barədə söhbət açaraq onların həyatın daşlı, kəsəkli yolları ilə gedərək necə büdrəməsindən danışır. Bu, bəzən sonda “alın yazısı”, bəxt, taleh kimi də dəyərləndirilir. Halbuki bu yolu insan özü də yaşayacağı-bunun sonunun necə olacağı haqda fikirləşmədən özü də seçir.
“Sandıqça”da nələr göründü?
Göründüyü kimi, hekayənin əsasını, hadisələrin gedişini S. Ənnağının təqdim etdiyi obrazlar müəyyənləşdirir. “Sandıqça”nın qəhrəmanlarını fərqli obrazlarla oxucuya təqdim edən müəllif hekayənin ana xəttindəki sevgi, bəxt, xəyanət mövzusunu əks etdirən bədii ştrixləri oxucuya göstərir. Qəhrəmanların çatışmayan bəzi cəhətləri oxucuya bir az da başqa aspektdən təsir edərək “Kənanın başına gələnlərə bax”,-deyir. Məlumdur ki, bədii obrazı yaradılanların spesifik xüsusiyyətləri var. Belinski bədii inikasın sütunu, keyfiyyət göstəricisi olan obrazlılıq haqqında deyirdi: “Sənət həqiqətin bilavasitə ürəkdəngəlmə məzmunudur”, yaxud obrazlı təfəkkürdür.”
Yazıçı Rüstəm İbrahimbəyov “Şirə bənzər” pyesi əsasında ekranlaşdığrılmış “Ürək, ürək” filmində də əsl məhəbbətə edilən xəyanətdən bəhs edir. Sima Ənnağı da “Sandıqça”dakı belə sirrlərdən söz açır.
Poeziya hisslərin, duyğuların lirik tərcümanı olduğu kimi, nəsr də həyatın bədii təsvirinə bir az da rəssam ovqatı ilə yanaşmaqdır. Oxucu, eskiz cızmaqdan başlayan yazıçının obrazların həyatda yaşadıqları, qarşılaşdıqları, gördükləri haqda oxuyur. Hekayənin adı “Sandıqça” da bunu diktə edir.
Müxtəlif janrların spesifik xüsusiyyətlərinin tarixilik və müasirliyin vəhdətində təhlilinin ədəbiyyatda keyfiyyət göstəricilərinin yüksəlməsinə xidmət etdiyini görürük. S. Ənnağının müasir dövrün yeniliklərindən söz açması da hekayəyə bədii estetik dəyər verir.

