Qəzza üçün 21 maddəlik Tramp planında Azərbaycan necə yer alıb? Üç istiqamət var MÜSAHİBƏ
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az müsahibəni təqdim edir.
- Elxan bəy, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində tarixi nəticələr əldə edildi. Söhbət 21 maddəlik “Tramp razılaşması”ndan gedir. Gözləntilər nədən ibarətdir? Bununla bölgədə qalıcı sülhü təmin etmək mümkün olacaqmı?
- Dünya tarixində də nümunələr var ki, müharibələri bitirmək üçün əldə edilən razılaşmalar çox çətinliklə həyata keçirilir. Bəzən razılaşmaların bir hissəsi yerinə yetirilmir. Yaxın Şərq uzun on illiklər münaqişə ocağı olub, oranı barıt çəlləyi adlandırırlar. Ona görə də düşünmək olmaz ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının hazırladığı 21 maddəlik sülh planı çox rahat şəkildə işə düşəcək və tam şəkildə yerinə yetiriləcək. Əsas amil isə heç olmasa planın ilkin maddələrinin yerinə yetirilməsidir. Bu istiqamətdə artıq irəliləyiş var.

- Bu irəliləyişlər nədən ibarətdir?
- Qəzzada artıq atəşkəs rejimi hökm sürür. Müəyyən pozuntular olsa da, bu mövcuddur. Əsirlərin qarşılıqlı olaraq dəyişdirilməsi prosesi gedir. Məhz bu səbəbdən iki ildir ki, İsrail Qəzzanı atəş altında saxlayırdı.
- Növbəti mərhələ üçün əsas plan nədir?
- Qəzzanın idarəetmə məsələləri növbəti mərhələdə öz həllini tapmalıdır. Bunun üçün sülhməramlı qüvvələrin formalaşması və quruculuq işlərinin başlaması üçün addımlar atılmalıdır. Çünki geri qayıdan insanlar haradasa yaşamalıdır.

- Prosesin gedişində çətin məsələlər hansılardır?
- Sözsüz ki, HƏMAS-ın tərksilah olunması çətin proseslərdən biridir. Onlar hələ ki, bununla razılaşmır. Amma ilkin nəticələr müsbətdir. İki illik davamlı müharibədən sonra nisbi sakitliyə və sabitliyə nail olunub. Tramp 20 dövlətin başçısını Misirə dəvət etmişdi. Əslində Qəzzada sülhün əldə olunmasında ABŞ ilə yanaşı digər üç dövlətin - Türkiyə, Qətər və Misirin də böyük rolu olub. Bunu Tramp da vurğuladı. Yəni, hamı çalışdı ki, Qəzzadakı qətliam dayansın.
- İndiki gedişat hər iki tərəf üçün nə dərəcədə məqbuldur?
- Görünən odur ki, indiki gedişat hər iki tərəfi razı salıb. HƏMAS-ın əlində olan girovlar və cəsədlər İsrailə geri qaytarılır. HƏMAS da o qədər narazı deyil. İsrail həbsxanalarında olan minlərlə fələstinli azad edilir. Bu da fələsintililər üçün uğur sayıla bilər.

- Qəzzanın bərpası ilə bağlı ilkin plan nədən ibarətdir?
- Amerika diplomatiyasında belə bir istiqamət var ki, hansısa layihə hazırlanarkən böyük koalisiyalar yaratmağa çalışırlar. İndi də ABŞ eyni siyasətdən çıxış edir. Qəzzada sülh və atəşkəsə riayət etmək üçün böyük koalisiyaya ehtiyac var. Məqsəd odur ki, bu məsələdə “hamı əlini daşın altına qoysun”. Çünki Qəzzada sürətli quruculuq işləri üçün maliyyə lazım olacaq. Yəni, tək ABŞ, Qətər, Misir və Türkiyənin iştirakı ilə bu mümkün deyil. Digərləri də bu prosesdə yer almalıdır. Qəzzadakı quruculuqla bağlı ayrıca bir tədbirin keçirilməsi nəzərdə tutulub. Bunun Londonda baş tutması da gözlənilir. Qəzzada iş yerləri açılsa, xəstəxanalar və digər yerlər bərpa olunsa, terrorun da miqyası azalar. Çünki gənclərin işsiz qalması fonunda HƏMAS onları başqa proseslərə cəlb edir.
- Daha çox dövlətin Misirdə sülh prosesində iştirakı HƏMAS və İsrail üçün nə vəd edir?
- Bu eyni zamanda sözsüz ki, İsrail və HƏMAS üçün müəyyən dərəcədə təzyiq elementidir. Tramp administrasiyası bununla İsrail və HƏMAS-a mesaj göndərir ki, beynəlxalq aləm sizə görə, Misirdə toplaşıb və sülh istəyir. Bölgənin bərpası üçün maliyyə də ayrılacaq, amma yenidən müharibəyə başlamayın. Yenidən atəşkəs pozulsa, bu ölkələr də çətin durumda qalacaq. Ona görə də Tramp da dünya liderlərinin əksəriyyətini Misirə dəvət etmişdi.

- Qəzzada sülh quruculuğu və bərpa prosesində Azərbaycanın iştirakı ilə bağlı ilkin proqnozlar nədən ibarətdir?
- Azərbaycan Qəzzadakı bərpa prosesində üç istiqamətdə fəaliyyət göstərə bilər. Prezident İlham Əliyevin Misirdəki sülh sammitində iştirakı da önəmlidir. Bu, o deməkdir ki, Tramp administrasiyası Azərbaycanın da bu prosesdə rol almasını istəyir. Əgər, Qəzza ilə bağlı sülhməramlı kontingent yaradılacaqsa, orada Azərbaycan hərbçiləri də iştirak edə bilər. İraqda, Kosovoda, Əfqanıstanda olduğu kimi Qəzzada da Azərbaycan hərbçiləri beynəlxalq qüvvələrin tərkibində sülhməramlı missiyada yer alacaq. Qəzzanın bərpasında Azərbaycanın da donor kimi iştirakı mümkündür. Ukraynada olduğu kimi Qəzzada məktəb və xəstəxanaların tikintisində Azərbaycan şirkətlərinin iştirakı ehtimalı var.

- Yaxın Şərqdə sülhün təmin edilməsi Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
- Yaxın Şərqdəki sülh prosesi Azərbaycanın maraqlarına cavab verir. Çünki orada müharibə gedəndə Azərbaycana qarşı müxtəlif təxribat xarakterli fikirlər səslənirdi. Az qala ölkəmizi İsraillə əməkdaşlıqda ittiham edirdilər. Mənasız informasiyalar yayırdılar ki, guya Azərbaycan Fələstini tanımayıb və s. Halbuki, 90-cı illərin əvvəllərindən ölkəmiz Fələstin dövlətini tanıyıb və onun Bakıda səfirliyi fəaliyyət göstərir. Rəsmi Bakı Fələstin məsələsində BMT-nin qətnamələrini və bölgədə iki dövlətin yaradılması ideyasını dəstəkləyib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bölgədə İsrail və Fələstin dövləti olmalıdır.


