Qlobal güc balansı dəyişəndə hüquq necə adaptasiya olunmalıdır?
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qlobal güc balansının dəyişməsi beynəlxalq hüququn həm nəzəri, həm də praktik müstəvidə necə işləməli olduğuna dair fundamental suallar doğurur. XX əsrin sonu və XXI əsrin əvvəlləri təkqütblü nizamın hökm sürdüyü, ABŞ-ın hegemon güc kimi çıxış etdiyi bir mərhələ idi və bu dövrdə beynəlxalq hüquq əsasən liberal dəyərlərə söykənən, dövlətlərin suveren bərabərliyini və beynəlxalq institutların legitimliyini qorumağı hədəfləyən mexanizm kimi formalaşmışdı. Lakin son illərdə baş verən geosiyasi transformasiyalar — Çinin sistemli yüksəlişi, Rusiyanın açıq revizionist iddiaları, Hindistan və Braziliya kimi dövlətlərin artan iqtisadi-siyasi çəkisi, eləcə də Afrikanın qlobal proseslərdə daha fəal mövqe tutması unipolyar nizamın tədricən aşındığını nümayiş etdirir.
Bu proses çox zaman "multipolyar dünya” anlayışı ilə ifadə olunsa da, mövcud reallıq daha çox "polisentrist” sistemə keçidi əks etdirir. Çünki güc vahid şəkildə deyil, müxtəlif sahələr və regionlar üzrə qeyri-bərabər paylanır; regional təşkilatlar, texnoloji korporasiyalar və qeyri-dövlət aktorları isə klassik dövlət mərkəzləri ilə yanaşı yeni təsir qovşaqları kimi meydana çıxırlar.
Polisentrist nizamın əsas fərqi ondan ibarətdir ki, bu sistemdə heç bir regional və ya qlobal aktor digərləri üzərində tam və hərtərəfli üstün mövqeyə malik deyil. ABŞ hələ də hərbi, maliyyə və texnoloji baxımdan ən geniş güc resurslarını əlində saxlayır, lakin Çin iqtisadi təsir dairəsi baxımından Asiya regionunda və bir çox inkişaf etməkdə olan ölkələrdə dominant mövqeyə yüksəlmişdir. Avropa İttifaqı klassik güc balansı prizmasından ikinci dərəcəli aktor kimi qiymətləndirilə bilsə də, normativ və institusional güc mərkəzi olaraq beynəlxalq hüququn formalaşması və tətbiqi sahəsində mühüm rol oynamaqdadır. Rusiya isə enerji resursları və hərbi potensialı sayəsində regional güc mərkəzi statusunu qorumağa davam edir. Belə çoxmərkəzli bir mühitdə beynəlxalq hüququn qarşısında duran əsas çətinlik, hüquq qaydalarının fərqli maraqlara, dəyər sistemlərinə və normativ yanaşmalara malik aktorlar tərəfindən qəbul edilə bilən və legitim sayılan çərçivəyə çevrilməsidir. Bu baxımdan "multipolyarlıq” anlayışı bərabər gücə malik bir neçə sabit "sütun” təsəvvürü yaratsa da, real siyasi asimmetriyaları, sahələr üzrə güc fərqlərini və qeyri-dövlət aktorlarının artan təsirini adekvat şəkildə əks etdirmir.
Qlobal güc balansının dəyişməsi mövcud beynəlxalq institutların legitimliyi və praktik effektivliyi ilə bağlı ciddi suallar doğurur. Münhen Təhlükəsizlik Hesabatı 2025-də qeyd olunduğu kimi, multipolyarlıq bəzi siyasi aktorlar tərəfindən daha balanslaşdırılmış və inklüziv beynəlxalq nizam üçün imkan kimi təqdim edilsə də, bu proses eyni zamanda qlobal idarəetmədə parçalanma, koordinasiyanın zəifləməsi və güc rəqabətinin kəskinləşməsi risklərini artırır. Hesabat vurğulayır ki, aktorların və maraqların çoxalması mövcud qaydaların avtomatik şəkildə güclənməsi ilə nəticələnmir; əksinə, normativ konsensus zəiflədikcə beynəlxalq sistemdə qeyri-müəyyənlik və selektiv davranış meylləri güclənə bilər.
Bu kontekstdə Hesabatın giriş hissəsində və ona paralel siyasi müzakirələrdə Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell tərəfindən də vurğulanan əsas narahatlıq ondan ibarətdir ki, yeni aktorların beynəlxalq sistemə daxil olduğu şəraitdə qaydalar zəiflədilməməli, əksinə daha möhkəm və inklüziv hüquqi çərçivələr vasitəsilə gücləndirilməlidir. Bununla yanaşı, Hesabatın ümumi analitik xətti göstərir ki, bir sıra dövlətlər universal qaydalara kollektiv şəkildə tabe olmaqdan daha çox, mövcud normativ çərçivələri öz maraqları prizmasından şərh etməyə meyillidirlər ki, bu da beynəlxalq hüququn tətbiqində fraqmentasiya və selektivlik riskini artırır. Məhz bu nöqtədə beynəlxalq hüquq dərin paradoksla üz-üzə qalır: bir tərəfdən universallıq və normativ bərabərlik iddiası qorunur, digər tərəfdən isə normativ parçalanma və tətbiqdə qeyri-bərabərlik getdikcə daha açıq şəkildə müşahidə olunur.
Qlobal siyasətdə qaydasızlaşmanın dərinləşməsi və güc rəqabətinin artması həm normativ Birləşmiş Millətlər sistemi, həm də regional təşkilatlar üçün ciddi struktur çağırışlar yaradır. CIGI (Centre for International Governance Innovation) analitik mərkəzinin tədqiqatlarında vurğulandığı kimi, BMT-nin üzləşdiyi legitimlik və etimad böhranının əsas səbəblərindən biri Təhlükəsizlik Şurasının daimi üzvlərinə (P5) məxsus qeyri-proporsional qərarvermə səlahiyyətləri və veto mexanizmidir. Bu struktur asimmetriya nəticəsində BMT Ruanda, Srebrenitsa və Darfur kimi humanitar fəlakətlər zamanı vaxtında və təsirli müdaxilə mexanizmləri formalaşdırmaqda ciddi çətinliklərlə üzləşmiş, daha sonrakı mərhələlərdə isə Ukrayna və Qəzza kontekstində fəaliyyət göstərsə də, qərarverici təsir gücü ciddi şəkildə məhdudlaşmışdır.
CIGI-nin təklif etdiyi islahat yanaşması üç əsas istiqamət üzərində qurulur: desentralizasiya, demokratizasiya və rəqəmsallaşma. Desentralizasiya regional təşkilatlarla institusional əməkdaşlığın gücləndirilməsini, regional sülh əməliyyatlarının və münaqişələrin erkən mərhələdə qarşısının alınmasının daha çox həmin strukturlara həvalə edilməsini nəzərdə tutur. Demokratizasiya inkişaf etməkdə olan ölkələrin qlobal qərarvermə proseslərində daha təsirli mövqeyə sahib olmasını və Baş Assambleyanın normativ rolunun artırılmasını hədəfləyir; çünki G20 və BRICS+ kimi platformaların yüksəlişi BMT-ni əvəz etməkdən çox, qlobal idarəetmədə paralel legitimlik mərkəzləri formalaşdırmaq riski yaradır. Rəqəmsallaşma isə süni intellekt və rəqəmsal platformalardan istifadə etməklə qərarvermə proseslərinin daha şəffaf, inklüziv və operativ təşkili üçün potensial transformasiya aləti kimi qiymətləndirilir.
Beynəlxalq hüququn adaptasiyası yalnız institusional islahatlarla məhdudlaşa bilməz; bu proses eyni zamanda sivilizasiyalar və dövlətlər arasında mövcud olan fərqli dəyər sistemlərinin hüquqi müstəvidə idarə olunmasını və bununla paralel olaraq hüququn universallıq iddiasının qorunmasını tələb edir. Münhen Təhlükəsizlik Hesabatı multipolyarlığın potensial olaraq daha balanslı və inklüziv normativ mühit yarada biləcəyini qeyd etsə də, eyni zamanda bu prosesin normativ konsensusun zəiflədiyi hallarda fraqmentasiya, selektiv davranış və qaydaların instrumentalizasiyası riskini artırdığına diqqət çəkir. Hesabat vurğulayır ki, ümumi standartların zəiflədiyi şəraitdə beynəlxalq sistemdə müxtəlif güc mərkəzlərinin mövcud qaydaları öz maraqları prizmasından şərh etməsi ehtimalı yüksəlir.
ETH Zürich-in "Strategic Trends 2025” sənədində isə göstərilir ki, liberal qaydalara əsaslanan beynəlxalq nizam ciddi eroziyaya məruz qalır: iqtisadi və texnoloji alətlər getdikcə siyasi və təhlükəsizlik məqsədləri üçün istifadə olunur, qeyri-dövlət aktorları və qeyri-liberal ideoloji hərəkatlar mövcud hüquqi və institusional çərçivələrə açıq şəkildə meydan oxuyurlar. Bu proseslər beynəlxalq hüququn vahid normativ sistem kimi fəaliyyət göstərməsini çətinləşdirir və hüquqi mühitin çoxsəviyyəli, qeyri-bərabər və parçalanmış xarakter almasına gətirib çıxarır.
Belə bir fraqmentasiya şəraitində beynəlxalq hüququn əsas vəzifəsi "qaydalarla idarə olunan nizam” anlayışını abstrakt və idealist iddia kimi deyil, müxtəlif aktorlar tərəfindən qəbul edilə bilən minimum normativ konsensus kimi yenidən formalaşdırmaqdan ibarət olmalıdır. Bu yanaşma universallıq prinsipindən imtina etmədən, onun tətbiq formalarını dəyişən geosiyasi və mədəni kontekstlərə uyğunlaşdırmağı hədəfləyir və beynəlxalq hüququn polisentrist sistemdə fəaliyyət qabiliyyətini qorumağa yönəlir.
Polisentrist sistemdə beynəlxalq hüququn adaptasiyası üçün mühüm istiqamətlərdən biri yeni əməkdaşlıq formatlarının təşviqidir. Mərakeş Siyasət Mərkəzinin (Policy Center for the New South) "Beyond Global Polarization: New Cooperation Wanted” adlı hesabatında qeyd olunduğu kimi, 2025-ci ilin geosiyasi mənzərəsi dərin qütbləşmə ilə xarakterizə olunsa da, paralel şəkildə qütblər arası əməkdaşlığın yeni və daha praqmatik formaları da formalaşmaqdadır. Xüsusilə süni intellektin tənzimlənməsi, pandemiyalara qarşı hazırlıq, qlobal səhiyyə və digər transsərhəd problemlər sahəsində dövlətlər arasında artan qarşılıqlı asılılıq normativ fərqliliklərə baxmayaraq, funksional əməkdaşlıq imkanları yaradır.
Hesabat vurğulayır ki, dövlətlər mövcud beynəlxalq institutları sadəcə qorumaqla kifayətlənməməli, eyni zamanda onların funksional yenilənməsinə və islahatına məqsədli şəkildə investisiya qoymalıdırlar; əks halda institusional uyğunlaşmanın gecikməsi qlobal idarəetmədə koordinasiya çatışmazlığını və normativ boşluqları dərinləşdirə bilər. Bu yanaşma beynəlxalq hüququn adaptasiyası üçün real və praktik çərçivə təqdim edir: dərin geosiyasi rəqabət və normativ anlaşılmazlıq şəraitində belə müəyyən qlobal problemlər üzrə koordinasiya mümkündür və beynəlxalq hüququn əsas vəzifələrindən biri məhz bu koordinasiyanı hüquqi müstəvidə tənzimləmək, institusional əsaslarını möhkəmləndirmək və uzunmüddətli davamlılıq təmin etməkdir.
Qlobal güc balansı dəyişdikcə "orta güclər”in və qeyri-Qərb koalisiyaların beynəlxalq hüququn formalaşmasında rolu nəzərəçarpacaq dərəcədə artır. "World Rewired: Navigating a Multi-Speed, Multipolar Order” adlı hesabatda vurğulandığı kimi, qloballaşma dağılmamış, əksinə müxtəlif sahələr üzrə fərqli sürətlə inkişaf edən yeni mərhələyə keçmişdir: ticarət, texnologiya, təhlükəsizlik və iqlim siyasətləri eyni vaxtda, lakin fərqli temp və idarəetmə mexanizmləri əsasında formalaşır. Bu şəraitdə orta güclər müəyyən dərəcədə normativ və siyasi agentlik qazansalar da, ABŞ–Çin rəqabətinin yaratdığı struktur gərginliklər onların manevr imkanlarını obyektiv şəkildə məhdudlaşdırır.
Hesabat adaptiv strateji üstünlük əldə etmək üçün "erkən qayda formalaşdırılması” (early rule-shaping), məqsədli koalisiya quruculuğu və çevik alyansların əsas vasitələr olduğunu qeyd edir. Bu yanaşma beynəlxalq hüququn gələcək inkişafı üçün də birbaşa əhəmiyyət kəsb edir: norma formalaşdırılması uğrunda rəqabət gücləndikcə, orta güclər və qeyri-dövlət aktorları beynəlxalq hüququn normativ gündəmini passiv şəkildə izləmək əvəzinə, öz maraqlarını qorumaq və təsir imkanlarını artırmaq üçün koordinasiyalı koalisiyalar yaratmalı və normativ proseslərdə fəal iştirak etməlidirlər. Belə iştirak beynəlxalq hüququn polisentrist sistemdə daha inklüziv və çoxsəviyyəli xarakter almasına töhfə verə bilər.
Bəzi tədqiqatçılar beynəlxalq hüququn mövcud vəziyyətini funksional təsir gücünü itirmiş və ya ciddi şəkildə zəifləmış sistem kimi xarakterizə etsələr də, Lex International tərəfindən 2025-ci ildə yayımlanan "International Law in an Age of Uncertainty” adlı analitik hesabat bu yanaşmaya tənqidi mövqedən yanaşır. Hesabatda qeyd olunur ki, beynəlxalq hüquq bütün mövcud məhdudiyyətlərinə baxmayaraq hələ də bir sıra fundamental normativ qazancları qoruyub saxlayır: ərazi zəbtinin qadağan olunması prinsipi ümumi hüquqi çərçivə kimi qüvvədə qalmaqda davam edir, beynəlxalq məhkəmələr və arbitraj mexanizmləri bir sıra dövlətlərarası və transmilli mübahisələrin həllində funksional rol oynayır, həmçinin beynəlxalq hüquqa həm institusional, həm də ictimai səviyyədə dəstək tamamilə aradan qalxmamışdır. Bununla yanaşı, hesabat açıq şəkildə vurğulayır ki, beynəlxalq hüququn real işləkliyi normativ mətnlərin formal mövcudluğundan deyil, onlara yönəlmiş siyasi və institusional sərmayədən asılıdır. Bu baxımdan beynəlxalq hüququn davamlılığı yalnız böyük güclərin iradəsi ilə deyil, eyni zamanda kiçik və orta aktorların normayaratma proseslərində fəal, koordinasiyalı və kollektiv iştirakı ilə şərtlənir.
Bu kontekstdə qlobal güc balansının dəyişdiyi şəraitdə beynəlxalq hüququn adaptasiyası bir neçə əsas prinsip üzərində qurulmalıdır. İlk növbədə, hüquq universal, lakin elastik xarakter daşımalıdır: əsas insan hüquqları, suveren bərabərlik və güc tətbiqinə qadağa kimi fundamental prinsiplər toxunulmaz "qırmızı xətlər” kimi qorunmalı, eyni zamanda bu prinsiplərin müxtəlif siyasi və mədəni kontekstlərdə tətbiqinə imkan verən çevik mexanizmlər inkişaf etdirilməlidir. İkincisi, beynəlxalq hüquq çoxsəviyyəli struktur qazanmalıdır; qlobal institutlarla regional mexanizmlər arasında funksional iş bölgüsü qurularaq məsuliyyət paylaşımı təmin edilməli və yerli legitimliyə malik regional həll yolları təşviq olunmalıdır. Üçüncüsü, beynəlxalq hüquq normayaratma və qərarvermə prosesləri baxımından daha inklüziv olmalıdır: inkişaf etməkdə olan ölkələr, orta güclər və qeyri-dövlət aktorları bu proseslərə sistemli şəkildə cəlb edilməlidir. Mövcud normativ çərçivələrin formalaşmasında uzun müddət məhdud aktor qruplarının struktur baxımdan dominant mövqedə olması beynəlxalq hüququn legitimliyini zəiflədən əsas amillərdən biri kimi qiymətləndirilir. Dördüncüsü, rəqəmsallaşma hüququn tətbiqində şəffaflığı və iştirakçılığı artıran tamamlayıcı vasitə kimi istifadə olunmalıdır; süni intellekt əsaslı alətlər, açıq mənbəli platformalar və onlayn məsləhətləşmə mexanizmləri hüquqi prosedurların daha əlçatan və hesabatlı təşkilinə töhfə verə bilər. Nəhayət, beynəlxalq hüquq sürətlə meydana çıxan yeni problemlərə uyğun şəkildə daim yenilənməlidir: kiberməkanda fəaliyyətin tənzimlənməsi, ekoloji böhranların doğurduğu hüquqi öhdəliklər və süni intellektin həm dövlətdaxili, həm də beynəlxalq müstəvidə istifadəsinə dair qaydalar artıq təxirəsalınmaz normativ razılaşma tələb edən məsələlərə çevrilmişdir.
Bu tələblər fonunda beynəlxalq hüququn əsas "paradoksu” aydın şəkildə üzə çıxır. Bir tərəfdən beynəlxalq hüquq həm dövlətlər, həm də qeyri-dövlət aktorları üçün universal və hamı tərəfindən qəbul edilən oyun qaydaları yaratmaq iddiasındadır; digər tərəfdən isə qlobal güc balansının dəyişməsi, dəyər sistemlərinin heterogenliyi və artan geosiyasi rəqabət bu qaydaların fərqli şəkildə şərh olunmasına və ya selektiv tətbiqinə şərait yaradır. Qarşılıqlı ittihamlarla səciyyələnən diskurs mühitində beynəlxalq hüququn yaşaması və inkişafı üçün ən rasional çıxış yolu universallıq ilə normativ pluralizm arasında funksional tarazlıq tapmaqdır: əsas hüquqi prinsiplərdən güzəştə getmədən, onların tətbiq formaları və institusional islahat mexanizmləri müxtəlif siyasi və mədəni modellərə uyğunlaşdırılmalıdır. Məhz bu halda beynəlxalq hüquq çoxları üçün paradoksal görünən müasir şəraitdə də normativ əhəmiyyətini qoruyaraq fəaliyyətini davam etdirə və gələcək qlobal nizamın dayanıqlı əsaslarından birinə çevrilə bilər.
Əli Qədimov,
Hüquqşünas, tədqiqatçı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















