Quba Xaçmaz bölgəsində dini durum, çağırışlar və dövlət cəmiyyət əməkdaşlığı geniş müzakirə olunub
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
25 dekabr 2025-ci ildə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə Quba-Xaçmaz bölgəsi üzrə görüş keçirilib. – “Şahdağ Quba Truskavets” otelinin “Panorama” zalında baş tutan tədbir “Bölgədə dini durum, aktual çağırışlar və dövlət–cəmiyyət əməkdaşlığı” mövzusuna həsr olunub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, dini icma rəhbərləri, ilahiyyatçılar, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və bölgə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Regional görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə sayğı duruşu ilə başlayıb. Tədbirin vətəni qorumağı – haqlı olaraq – imandan bilən qəhrəman şəhidlərimizin ruhunun yad edilməsi ilə başlaması, şəhid ailələri və qazilərin də qatıldığı görüşün ümumi ruhunu – dövlətçilik, milli birlik və mənəvi məsuliyyət xəttini aydın şəkildə müəyyənləşdirib.
Tədbirin əsas məruzəçisi olan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkədə mövcud dini durum, qlobal və regional çağırışlar, radikalizm riskləri, həmçinin dövlətin dini sahədə həyata keçirdiyi siyasətin, o cümlədən qanunvericilik aktlarının əsas istiqamətləri barədə ətraflı və sistemli mövqe ortaya qoyub.
Komitə sədri vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət modeli çərçivəsində dini etiqad azadlığını təmin edən nadir ölkələrdəndir. Bu modelin mahiyyəti dinin ictimai həyatda mövcudluğunu inkar etmək deyil, onu hüquqi çərçivədə, sağlam və təhlükəsiz müstəvidə qorumaqdan ibarətdir.
Bildirilib ki, din azaddır, vicdan azadlığı təmin olunur, lakin dini dəyərlərdən sui-istifadə, radikal ideologiyaların yayılması və cəmiyyətin parçalanmasına yönəlmiş cəhdlər qətiyyətlə yolverilməzdir.
Fazil Mustafa qeyd edib ki, Quba-Xaçmaz bölgəsi tarixən multikultural və çoxkonfessiyalı mühitin formalaşdığı məkan kimi seçilir. Bu bölgədə müxtəlif dini icmaların uzun illər dinc yanaşı yaşaması Azərbaycanın tolerantlıq modelinin gerçək təzahürüdür. Bu harmoniyanın qorunmasının yalnız dövlətin deyil, eyni zamanda din xadimlərinin, aydınların, ailələrin və vətəndaş cəmiyyətinin ortaq məsuliyyəti olduğu xüsusi vurğulanıb.
Çıxışda dini sahədə maarifləndirmənin – izah, dialoq və elmi-dini əsaslandırma yolu ilə aparılmasının vacibliyi ön plana çəkilib. Komitə sədri bildirib ki, özəlliklə gənclərin radikal təsirlərdən qorunması üçün sağlam dini biliklərin, milli-mənəvi dəyərlərlə uzlaşan dini təfəkkürün təşviqi əsas istiqamətlərdəndir.
Fazil Mustafa dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsinin dini sahədə sabitliyin təmin olunmasında önəmli rol oynadığını bildirərək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yerli icra strukturları, bələdiyyələr və ictimai birliklər arasında koordinasiyanın daha da möhkəmləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Tədbirin növbəti mərhələsində iştirakçıların sualları cavablandırılıb, dini icma nümayəndələrinin, ilahiyyatçıların və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin çıxışları dinlənilib. Açıq dialoq formatında aparılan müzakirələrdə bölgədə dini sahədə mövcud olan praktiki məsələlər, ictimai gözləntilər və qarşılıqlı güvənin daha da artırılması yolları müzakirə edilib.
Görüşdə həmçinin Qubadan seçilmiş Milli Məclis üzvləri Əlibala Məhərrəmzadə və Anatoliy Rafailov, eləcə də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev çıxış edərək, dini sahədə dövlət siyasətinin hüquqi əsasları, regional əməkdaşlıq və ictimai həmrəyliyin möhkəmləndirilməsi mövzularına toxunublar.
Əlibala Məhərrəmzadə bölgədə tarixən formalaşmış dini-mənəvi harmoniyanın qorunmasının dövlətçilik baxımından önəmini vurğulayaraq, sağlam dini mühiti ictimai sabitliyin və milli birliyin mühüm dayaqlarından biri olaraq xarakterizə edib.
Komitə sədrinin müavini Sahib Alıyev isə dini sahədə həyata keçirilən dövlət siyasətinin hüquqi əsaslarına toxunaraq, qanunvericilik və ictimai dialoq mexanizmlərinin uzlaşdırılmasının cəmiyyətin mənəvi təhlükəsizliyinə xidmət etdiyini diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin Quba-Qusar rayonları üzrə qazısı Naib Səttarov, Şəhid Miqdad Abduləlimovun anası, “Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Xınalıq kənd sakini Yusif Şabanov, AYB Quba bölməsinin sədri, tanınmış ictimai və ədəbiyyat xadimi Ramiz Qusarçaylı və b. çıxışlar ətrafında öz fikirlərini bölüşüb.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanın gücü onun mədəni zənginliyində, mədəni müxtəlifliyinə sağlam baxışdadır və bu müxtəliflik düzgün idarə olunduğu təqdirdə milli təhlükəsizliyin və ictimai sabitliyin önəmli dayağına çevrilir. Regional görüşün əsas məqsədi də məhz bu müxtəlifliyin konstruktiv əsaslar üzərində qorunması, dini sahədə qarşılıqlı güvənin gücləndirilməsi və dövlət–cəmiyyət dialoqunun dərinləşdirilməsi olub.
Görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının l müavini Tariyel İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdiri Ramin Xudayev və başqa rəsmilər iştirak edib.
Sonda Tariyel İbrahimov qonaqlara və bütün iştirakçılara təşəkkür edərək, belə tədbirlərin ictimai fikrin düzgün qidalanması baxımından önəmli olduğunu bildirib.
Tədbir kollektiv xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 26 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















