Radiasiya təhlükəsi zamanı nə etməli? Radioloqdan TÖVSİYƏLƏR
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Radiasiya ionlaşdırıcı təsiri ilə hüceyrə strukturlarını zədələyən və ciddi sağlamlıq riskləri yaradan fiziki amildir. Radiasiyaya məruz qalma zamanı əsas məqsəd qəbul edilən dozanın minimuma endirilməsidir".
Bu fikirləri Redaktor.az-a radiasiyadan qorunmaq üsullarından bəhs edən tibb elmləri doktoru, radioloq Məlahət Sultanova bildirdi.
Müsahibimiz vurğuladı ki, ilkin mərhələdə radiasiya mənbəyindən dərhal uzaqlaşmaq, qalın divarlı qapalı məkanda sığınmaq, xarici çirklənməni azaltmaq üçün üst geyimi çıxarmaq və bədəni sabunlu axar su ilə yumaq zəruridir:
"Radiasiyadan qorunma zamanın azaldılması, məsafənin artırılması və ekranlama prinsiplərinə əsaslanır. Bu yanaşma ionlaşdırıcı şüalanmanın bioloji təsirini minimuma endirməyə yönəlmişdir: məruz qalma müddətinin qısaldılması udulan dozanı azaldır, mənbədən məsafənin artırılması şüalanmanın intensivliyini fiziki qanunauyğunluqlara uyğun olaraq zəiflədir, ekranlama isə yüksək sıxlıqlı materiallar vasitəsilə şüaların udulmasını təmin edir. Bu prinsiplər radiasiya təhlükəsizliyi protokollarının elmi əsasını təşkil edir".
Radioloq əlavə etdi ki, radiasiya təhlükəsi zamanı tibbi yanaşma mərhələli və multidissiplinar şəkildə aparılmalıdır:
"Radiasiya dozasının qiymətləndirilməsi klinik simptomlar, fiziki dozimetrik ölçmələr və laborator göstəricilər (tam qan analizi, limfosit səviyyəsi) əsasında aparılır. Dekontaminasiya tədbirləri radioaktiv maddələrin orqanizmdən uzaqlaşdırılmasına yönəlmiş tibbi və gigiyenik müdaxilələrdir. Xarici çirklənmə zamanı radioaktiv maddələr dərinin və geyimin səthindən yuma və paltarın dəyişdirilməsi ilə kənarlaşdırılır. Daxili çirklənmə şübhəsində isə radioaktiv maddələrin orqanizmdə sorulmasını azaltmaq və xaric edilməsini sürətləndirmək məqsədilə spesifik sorbentlər və ya xelat preparatları tətbiq olunur. Spesifik profilaktika: Radioaktiv yodla məruz qalma riskində, qalxanabənzər vəzin qorunması məqsədilə kalium yodidin həkim göstərişi ilə tətbiqi. Kalium yod əsasən radioaktiv yodla məruz qalma ehtimalı yaranmadan əvvəl və ya məruz qalma ilə eyni vaxtda qəbul edilir. Məqsəd qalxanabənzər vəzin əvvəlcədən “doydurulması” və radioaktiv yodu qəbul etməsinin qarşısının alınmasıdır. Dəstəkləyici terapiya: Maye-elektrolit balansının bərpası, analgetiklər, qusma əleyhinə preparatlar və infeksiyaların profilaktikası. Hematoloji nəzarət və müalicə: Sümük iliyi supressiyası riskinə görə mütəmadi qan analizləri, zərurət olduqda hematopoetik böyümə faktorlarının “hematopoietic growth factors” tətbiqi (sümük iliyində qan hüceyrələrinin istehsalını stimullaşdırmaq üçün istifadə olunan tibbi müdaxilə). Psixoloji dəstək: Kəskin stress reaksiyalarının azaldılması və adaptasiyanın təmin edilməsi. Radiasiyaya məruz qalan şəxslər uzunmüddətli dövrdə onkoloji və endokrin fəsadlar baxımından mütəmadi tibbi izləmədə saxlanmalıdır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















