Icma.az
close
up
RU
Rayonlarda tibbi kadr çatışmazlığı: həkimlər bölgələrdə niyə işləmək istəmir? ARAŞDIRMA

Rayonlarda tibbi kadr çatışmazlığı: həkimlər bölgələrdə niyə işləmək istəmir? ARAŞDIRMA

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Zaman-zaman paytaxtın demoqrafik vəziyyəti ilə bağlı müzakirələr aparılır, müxtəlif səbəblər və həll yolları göstərilir. İşləmək və oxumaq üçün Bakıya insan axını ilə yanaşı, bölgələrdən müalicə üçün paytaxta üz tutanlar da səbəblər sırasındadır. İnsanlarda belə bir fikir formalaşıb ki, rayonda çalışan həkimlərin yetərli savadı və ya təcrübəsi yoxdur. Ona görə də düşünmədən Bakıdakı həkimlərə üz tuturlar. Hər müalicənin də müəyyən müddəti olur. Əksəriyyət yollarda vaxt itirməsin deyə müalicə müddətində müvəqqəti olaraq şəhərdə məskunlaşır. Təbii ki, bölgələrdə həkim çatışmazlığı məsələsini vurğulamaq yerinə düşər.

Milli Məclisdə dəfələrlə bölgələrdə ciddi həkim çatışmazlığı problemi qaldırılıb və bununla bağlı MM-in Səhiyyə komitəsində mütəmadi dinləmələr, müzakirələr keçirilib. Əsas problemlər sırasında rayon sakinlərinin müayinə üçün Bakıya və ya digər iri şəhərlərə üz tutması göstərilib. Bundan əlavə, sertifikasiya imtahanından kəsilən həkimin yerinin boş qalması da ciddi problemlərə səbəb olur. Xüsusilə, rayonlarda dövlət xəstəxanalarında bəzən 1 ştat olur və o həkim sertifikasiyadan kəsiləndə xəstə qəbul edə bilmir. Bununla yanaşı, MM-də qaldırılan məsələlərdən biri də Azərbaycan Tibb Universitetinin məzunlarının rayonlara getmək istəməməsidir.

Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır? Tibbin, əsasən, hansı sahələrində kadr çatışmazlığı müşahidə olunur?

Bölgələrdə çalışan həkimlərin maddi rifahı ciddi şəkildə yaxşılaşdırılmalıdır ki, onların işləməyə maraqları olsun

Həkim-terapevt Sübhan Hacıyevin sözlərinə görə, bölgələrdə ixtisaslı həkim çatışmazlığı orada yaşayan insanların vaxtında doğru-düzgün tibbi yardım almadığı üçün xəstəliklərin ağırlaşmış, bəzən də gecikmiş mərhələyə girməsinə səbəb olur, bu cür xəstələr də məcbur olub Bakıya üz tutur: “Əfsuslar olsun ki, mən öz praktikamda bölgələrdən gələn gecikmiş xəstəliklərlə daha çox üzləşirəm. Bu problemin kökündə həm maddi, həm də sosial səbəblər dayanır. Bölgələrdə çalışan həkimlərin maddi rifahı ciddi şəkildə yaxşılaşdırılmalı ki, onların işləməyə marağı olsun. Həkim təkcə məcburi təyinatla deyil, istəklə və şəraitlə bölgəyə getməlidir. Eyni zamanda, bu həm həkim, həm də orada yaşayan insanlarımız üçün faydalı olacaq”.

Həkim-terapevt qeyd edib ki, bir çox rayonda xəstəxanalar yeni təmirdən çıxsa da, onların şəraiti yetərli deyil: “Onu müasir tibbi cihazlarla təchiz etmək lazımdır və həmin o müasir tibbi cihazlara yiyələnə biləcək bilikli, savadlı, təcrübəli, bacarıqlı və ixtisaslı həkimlər lazımdır”.

O vurğulayıb ki, xüsusilə terapevtik və cərrahi sahələrlə yanaşı, anestezioloq və reanimatoloq kimi mütəxəssislərin çatışmazlığı da ciddi narahatlıq doğurur: “Bu boşluqlar aradan qaldırıldıqdan sonra daha dar ixtisaslı sahələr üzrə həkimlərin bölgələrə yönləndirilməsi mümkündür. Həmçinin sertifikasiya imtahanı da müəyyən dərəcədə problemlər yaradır. Düzdür bu gün bu problem qismən aradan qaldırılıb. Öz üzərində işləyən, istər daxili, istərsə də xarici konfranslarda iştirak edən həkimlərin müəyyən akkreditasiya balları olur ki, onlar sertifikasiyadan azad olunurlar. Amma regionda çalışan həkimlər üçün bu əlçatan deyil. Xəstə sayı çoxdur deyə bəzən məzuniyyət götürüb gələ bilmirlər. Ona görə də bir həkim bir neçə həkimin işini görməli olur. Nəticədə onların iş yükü çox olduğundan konfrans və təlimlərdə iştirak edə bilmirlər. Bu isə müasir onların tibbi yeniliklərdən uzaq qalmalarına səbəb olur və məcburi sertifikasiya imtahanından keçməli olurlar”.

Sübhan Hacıyev problemin kompleks şəkildə həll olunmasını təklif edib: “Həm maddi, həm inzibati, həm də tədris baxımından işlər görülməlidir. Bu, təkcə həkimlərin deyil, bütövlükdə cəmiyyətin sağlamlığı üçün əhəmiyyətlidir”.

Bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 711 həkim fəaliyyət göstərir, bununla belə, bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilir:

“Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB səlahiyyətləri çərçivəsində zəruri tədbirlər həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2129 nömrəli Fərmanının ikinci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib. Həmin Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minib. Sözügedən qayda ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu vahid formada tənzimlənəcək”.

Qeyd edilib ki, TƏBİB-in tabeliyindəki müəssisələrə tibb və qeyri-tibb işçilərinin işə qəbulu həmin müəssisələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılıb: “Eyni zamanda, TƏBİB-in tabeli tibb müəssisələrində daim xidmət səviyyəsinin artırılması istiqamətində işlər aparılır, yeni şöbələr, mərkəzlər yaradılır (uroloji, kordioloji, travmatoloji, hemodializ və.s.), avadanlıqlarla təmin olunur və istismar müddəti başa çatmış avadanlıqlar yeniləri ilə əvəz olunurlar.

Həkim mütəxəssislərin tabeli tibb müəssisələrinə cəlb olunması, vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi və tibb personalının müasir avadanlıqlar vasitəsilə tibbi xidmət göstərməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək”.

Həkimlərin bölgələrdə fəaliyyət göstərməsini stimullaşdıran tədbirlər planı hazırlayıb həyata keçirilməlidir

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov bildirir ki, bu gün ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar, İcbari Tibbi Sığortanın (İTS) tətbiqi, davamlı olaraq insanların səhiyyə xidmətlərinə əlçatanlılığın artırılması, tibbi xidmətin keyfiyyətinin yüksəlməsi İTS-ə daxil olan xidmətlər zərfinin daha çox xidmət növlərini əhatə etməsinə hədəflənib: “Eyni zamanda, bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada, hətta inkişaf etmiş ölkələrdə belə mövcud olan əsas problemlərdən biri kadr çatışmazlığı, xüsusilə səhiyyə sistemində ölkənin müəyyən regionlarında kadr çatışmazlığı məsələsi davamlı olaraq qarşıda duran əsas problemlərdən biridir. Bu gün Azərbaycanda da bu istiqamətdə lazımi tədbirlərin görülməsinə baxmayaraq, hələ də müəyyən regionlarda məhdud istiqamətdə ixtisaslaşmış həkimlərin çatışmazlığı mövcuddur. Təkcə sözügedən həkimlərin deyil, eyni zamanda, ilkin səhiyyə sistemində ailə həkimlərinin və digər həkimlərin, tibb işçilərinin çatışmazlığı ilə rastlaşırıq”.

Deputat əlavə edib ki, Azərbaycanda tibbi təhsilin təşkilində, xüsusilə Azərbaycan Tibb Universitetini bitirmiş tələbələrin rezidentura ilə onların təcrübəsinin artırılması və həkim kimi çalışması sisteminin tətbiqinin əsas məqsədi yüksək keyfiyyətli, peşəkar ixtisaslı həkimlərin hazırlanmasına xidmət edir, bu gün də o öz müsbət nəticəsini verir: “Lakin TƏBİB də, Səhiyyə Nazirliyi də müəyyən regionlarda həkimlərin fəaliyyət göstərməsini stimullaşdıran tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Bu, istər məvacib artımında, istər digər iqtisadi sahələrdə müəyyən kreditlərin verilməsi, həkimlərin ev şəraitinin yaxşılaşdırılması, əlavə stimullaşdırıcı tədbirlərin görülməsi ola bilər. Çünki bazar iqtisadiyyatına uyğun olaraq insan daha əlverişli şəraitdə çalışmaq istəyir. Bu cür stimullaşdırıcı tədbirlərin görülməsi TƏBİB-in qarşısında duran əsas məqsədlərdən olmalıdır”.

Həkim çatışmazlığının qarşısının alınması üçün göndərişlərin təmin olunması çox vacibdir

Soltan Məmmədovun sözlərinə görə, həkim çatışmazlığının qarşısının alınması üçün göndərişlərin təmin olunması çox vacibdir: “Həm stimullaşdırıcı, həm də müəyyən inzibati tələblərə əsaslanan tədbirlərin görülməsi çox önəmlidir. Xaricdə dövlət hesabına təhsil alıb geri qayıdan həkimlərin, həmçinin Bakıda rezidenturanı bitirən şəxslərin mütləq qaydada rayonlara göndərişləri ilə bağlı məcburi formatda müəyyən inzibati tədbirlərin görülməsi çox önəmlidir. Eyni zamanda, bu gün TƏBİB tərəfindən 65 yaşını keçmiş müəyyən həkimlərin könüllü qaydada ilkin səhiyyə xidmətində, xüsusilə rayonlara, kənd məntəqələrinə cəlb olunması ilə bağlı müəyyən yeni mexanizmlərin tətbiqi ətrafında da müzakirələr gedir”.

Deputat onu da qeyd edib ki, rezidenturaya daxil ola bilməyən həkimlərin ilkin səhiyyə xidmətinə cəlb edilməsi məsələsi müzakirə olunub: “Universiteti bitirmiş və rezidenturaya daxil ola bilməyən tibb işçilərinin stimullaşdırıcı mexanizm kimi ilkin səhiyyə xidmətində çalışmalarına imkan yaratmaq daha düzgün yanaşma olar. Bundan başqa artıq bu gün Səhiyyə Nazirliyi və TƏBİB öz tələblərinə uyğun olaraq rezidenturalarda qəbul yerlərinin sayının müəyyən olunmasını həyata keçirir ki, bu da tələbə uyğun olaraq təkliflərin hazırlanması üçün bir mexanizmin tətbiqidir. Bu gün həkim çatışmazlığının həll olunması üçün müəyyən işlərin görülməsində qanunverici bazanın mövcud olmasına baxmayaraq, lazımi qaydaların tətbiqi, xüsusilə buna kompleks yanaşma məsələnin həllinə kömək edəcək. Burada istər tələb və təklifin düzgün müəyyən olunması, istər müəyyən stimullaşdırıcı və inzibati məcburedici tədbirlərin həyata keçirilməsi, eyni zamanda, bu məsələnin daha innovativ həlli yollarının artaşdırılması daha düzgün olar”.

Səhiyyə Nazirliyindən bildirilib ki, Nazirlik tərəfindən ildə iki dəfə rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim-mütəxəssislərin təyinatı həyata keçirilir: “Təyinat zamanı Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, habelə müraciət əsasında digər dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində mövcud vakant həkim vəzifələri həkim-mütəxəssislərə təklif olunur və onlara iş yerlərinə göndəriş verilir. Qanunvericiliyə uyğun olaraq, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər. Bundan əlavə, ixtisaslar üzrə həkim hazırlığı Səhiyyə Nazirliyinin tərtib etdiyi müvafiq normativ hüquqi sənədlərə əsasən tənzimlənir”.

Ölkədə hazırda neçə xəstəxana və həkim fəaliyyət göstərir?

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ilin sonunda Azərbaycanda çalışan təxminən 33-36 min həkimin 60–70%-i yalnız Bakı, Sumqayıt və Gəncədə cəmləşib. Ötən il ölkədə həkimlərin sayı 33 645 nəfər, tibb müəssisələrinin sayı isə cəmi 338 ədəd olub. Həmçinin Bakıda ən az həkim olan ərazilər Suraxanı (483), Qaradağ (363) və Pirallahı (84) rayonlarıdır.

Rayonlarda həkimlərin ümumi sayı nə qədərdir?

Bildirilib ki, Naxçıvanda həkim sayı ən az olan yerlər Culfa (27), Şahbuz (23), Kəngərli (14) və Sədərək (9) rayonlarıdır.

Bundan əlavə, Qobustanda 49, Daşkəsəndə 7, Naftalanda 39, Lerikdə 37, Xızıda 33, Yardımlıda 38, Zərdabda 46, Samuxda 50, Hacıqabulda isə cəmi 51 həkim fəaliyyət göstərir. Görünür, bu rayonlarda da həkim-əhali nisbəti kritik səviyyədədir.

Ən az həkim olan bölgələr hansılardır?

Əksər ucqar rayonlarda da ciddi çatışmazlıq müşahidə olunur: Cəlilabad, Göyçay, Qəbələ, Qusar, Yevlax, Sabirabad, Balakən, Ağcabədi, Şamaxı, Goranboy, Kürdəmir, Qax, Tərtər və s. bu bölgələrdə həkimlərin sayı yalnız 100-200 arasıdır.

Beynəlxalq təcrübədə problemin həlli yolları

Beynəlxalq təcrübədə bölgələrdəki həkim çatışmazlığı problemi müxtəlif strategiyalarla həll edilir. Bu tədbirlər əsasən maliyyə stimulları, təhsil siyasəti, infrastruktur dəstəyi rəqəmsal texnologiyalardan istifadə ilə həyata keçirilir. Məsələn, Kanadada ucqar bölgələrə gedən həkimlərə illik əlavə maaşlar, kredit borclarının bağışlanması, təqaüd üstünlükləri və ev təminatı verilir. Bundan əlavə, xüsusi proqram ilə (Rural Physician Incentives) bu bölgələrdə çalışan həkimlərə 100.000 CAD-a (kanada dolları-red.) qədər dəstək göstərilir.

Avstraliyada daha yüksək maaş verilməsi ilə yanaşı, yollama və ev xərclərinin ödənməsi, eləcə də ailə üzvləri üçün dəstək (məktəb, sosial xidmətlər) təmin olunur.

Braziliyada isə tibb tələbələrinə məcburi olaraq 2 il regionlarda çalışma tələbi qoyulur. Xarici ölkələrdən, o cümlədən Kubadan həkimlər gətirilərək çatışmazlıq olan bölgələrə yönəldilir. Tələbələrə və gənc həkimlərə bölgələrdə təcrübə keçmək üçün əlavə ödəniş və təlim imkanları yaradılır.

ABŞ-da isə həkimlərə təhsil kreditlərinin bağışlanması qarşılığında 2–4 il regionda işləmə öhdəliyi verilir. Yeni Zelandiya və İsveçdə “Telemedicina” geniş tətbiq olunur: mütəxəssis həkimlər videobağlantı ilə ucqar bölgələrdəki xəstələri konsultasiya edir. Bölgə xəstəxanalarında əsas tibbi xidmətlər üçün yüksək texnologiyalı mərkəzlər qurulur.

NorveçFinlandiya kimi ölkələrdə dövlət bölgələrdə çatışmazlıq olan ixtisaslar üzrə məzunlara öncədən iş yeri təmin edir. Koreyada regiondan olan tələbələrin tibb fakültələrinə qəbul üçün kvotaları artırılaraq məzunlara doğma bölgələrində işləmə öhdəliyi verilir.

Türkiyənin bölgələrdəki həkimlərlə bağlı strategiyası

Türkiyədə isə tibb fakültəsini bitirən hər həkim, istər ümumi həkim, istər ixtisaslı (mütəxəssis) həkim olsun, dövlət tərəfindən təyin olunan bölgədə 300-600 gün arası işləmək məcburiyyətindədir. Bu xidmətə “Məcburi xidmət” deyilir. Uzaq bölgələrdə çalışan həkimlərin əmək haqqına əlavə təyinat ödənişi, məskunlaşma yardımı (ev kirayəsi, qida və nəqliyyat) edilir. Həmçinin onlara ailə üzvləri üçün bəzi sosial təminatlar (uşaq bağçası, məktəb və s.) təqdim olunur. Bundan əlavə, həkimlərin bölgələrdə uzun müddətli qalması üçün əlavə maaş təşviqləri edilir. Eyni zamanda, yerli gəncləri tibb təhsilinə cəlb etmək, onların regionda qalma ehtimalını artırmaq məqsədilə bölgələrdə (məsələn, Van, Şırnak, Hakkari, Ağrı, Iğdır və s.) bir çox yeni tibb fakültəsi açılıb. Onu da qeyd edək ki, bəzi bölgələrdə tibb ixtisas imtahanında (TUS) ixtisas yerləri daha aşağı balla verilir, bu da daha çox həkimin bölgəyə yönəlməsinə səbəb olur.

Araşdırma və açıqlamalardan belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda da beynəlxalq təcrübəyə əsaslanaraq problemi kompleks şəkildə həll etmək mümkündür. Sadəcə bunun üçün zaman, maddi baza və düzgün strategiya lazımdır...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see146

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri