Rəfail Tağızadənin yaradıcılığı Polşa ədəbiyyatşunaslığının diqqətində
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Danuta Xmielovska
Varşava Universitetinın professoru
Polşa tarixşünaslığının atası sayılan Yan Dluqoş öz salnamələrində qeyd edir ki, Polşa kralı IV Kazimej Yagello ilə Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən arasında diplomatik əlaqə 1472-ci ildə baş verib və sonrakı əsrlərdə ticarət və diplomatik əlaqələr inkişaf edib.
Polşa mədəniyyətinin tədqiqatçısı Gülər Abdullabəyovanın fikrincə, Azərbaycan-Polşa əlaqələrinin uzun, zəngin və maraqlı tarixi var. XIX əsrdə iki ölkə arasında əlaqələr, ilk növbədə, adıçəkilən tədqiqatçının yazdığı kimi, hər iki ölkənin müstəqilliyini itirməsi ilə bağlı ümumi ictimai-siyasi hadisələr sayəsində möhkəmlənmişdir. Bu ölkələr çar Rusiyasının hakimiyyətinin əsarətinə keçdi və bu xalqların mütərəqqi nümayəndələri ümumi düşmənə qarşı mübarizədə birləşdilər.
1830-cu ilin noyabr üsyanından sonra polyak üsyançıları çar hökuməti tərəfindən Sibirə və Qafqaza sürgün edildilər. Bu istedadlı insanlar Azərbaycan-Polşa ədəbi əlaqələrinin əsasının qoyulmasında öz töhfələrini verdilər. XIX əsrdə bu əlaqələrin inkişafında hər iki xalqın yazıçıları, şairləri və alimləri iştirak etmişdilər. Müharibələrarası dövrdə və İkinci Dünya Müharibəsindən sonra da ədəbi əməkdaşlıq davam etdi. Şeir və nəsrin qarşılıqlı tərcümələri nəşr olundu. Azərbaycan-Polşa ədəbi əlaqələrinin çoxəsrlik tarixini şərti olaraq aşağıdakı dövrlərə bölmək olar:
1. Azərbaycan-Polşa ədəbi əlaqələri Çar Rusiyası dövrü;
2. Sovet dövründə;
3. Müstəqil dövlətçilik dövründə.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra əlaqələr daha fəal inkişaf etməyə başladı. Beynəlxalq görüşlər və şeir festivalları, ikitərəfli mədəniyyət müqavilələri hər iki ölkənin yaradıcı insanlarının bir-birlərini daha yaxından tanımasına, fikir və təcrübə mübadiləsinə imkanı yaratdı.
Azərbaycanın tanınmış şairləri arasında özünə layiqli yer tutan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı Rəfail Tağızadənin şeirləri bir çox dillərə tərcümə olunub. R.Tağızadənin başqa xalqların poeziyasından da tərcümələri var, amma onun polyak poeziyasına xüsusi rəğbət bəsləyir.
“Polşa ədəbiyyatı və mədəniyyəti ilə tanışlığım Adam Mitskeviçin şeirləri və Şopenin musiqisi ilə başladı. Keçən əsrin 80-ci illərində baxdığım “Znaxar” filmi də Polşanı mənə sevdirdi. Bu filmi çox bəyəndim, baş qəhrəman rolunu ifa edən aktyor Rafal Vilçur yaddaşımda iz buraxdı.
2007-ci ildə Polşaya ilk səfərimdə Varşavanı, Qdanskini, Polşa xalqını, onun mədəniyyətini, memarlığını, tarixi abidələrinı, insanlarını tanıdıqdan sonra bu ölkəyə olan sevgim daha da artdı”, - deyə Rəfail Tağızadə 2011-ci ildə Polşaya ikinci səfərində Varşava Universitetində bu məqalənin müəllifi Varşava Universitetinin professor Danuta Xmielovska və həm də yazıçı-şair, professor Andjey Zanevski ilə görüşündə fikirlərini bölüşdü.
“Polyak poeziyası haqqında daha çox rəhmətlik dostum, istedadlı şair-rəssam Adil Mirseyiddən eşitmişdim. Səfərdən qayıtdıqdan sonra, o, mənə rus dilində “Polşa şairləri” kitabını verdi. Kitabda beş şairin şeirlərini dərc olunmuşdu: Anna Svirşçinska, Tadeuş Rujeviç, Miron Bialoşevski, Andjey Bursa və Eduard Staxura. Bu şeirləri oxuyandan sonra hiss etdim ki, bu şeirlər mənə çox doğmadı, çünki burda çoxlu müharibə şeirləri vardı. Onları Azərbaycan dilinə tərcümə etməyə başladım”, - deyə Rəfail davam etdi. Sonra Nobel Mükafatçıları Çeslav Miloşu, Vislava Şimborskanı və Adam Zaqayevskini, Aleksandr Vatı, Rişard Krinskini, Yeva Lipskanı, Stanislav Barançakı, Andjey Zanevskini və başqa şairləri də tərcümə etdim”.
2010-cu ildə çap olunan „Qəfil görüş” Polşa poeziya antologiyası kitabında dörd şairin hər birindən on şeir yer alıb ki, onlardan Vislava Şimborskanın və Tadeuş Rujeviçin şeirlərini Rəfail Tağızadə, Çeslav Miloşun və Zbiqnev Herbertin şeirlərini isə şair Səlim Babullaoğlu tərcümə edib.
Tağızadə təkcə tərcüməçi deyil, o, həm də Polşaya həsr olunmuş şeirlərin, “Adam Mitskeviçin xatirəsinə on nəğmə” poemasını da müəllifidir. Bu poemadan əvvəl, o, sevimli bəstəkarı Frederik Şopenə həsr olunmuş "Şopenin ürəyi" poemasını yazıb. Poema polyak dilinə tərcümə edilib.
Azərbaycan şairi Polşa xalqının daim öz azadlığı uğrunda mübarizə apardığına görə polyak xalqına xüsusi rəğbəti var: „Varşavada Şopen və Mitskeviçlə bağlı çoxlu yerlər var. Polyaklar tarixlərinin çox çətin bir dönəmində Varşavanın mərkəzində Adam Mitskeviçə abidə ucaldıblar. Bütün bunlar polyakların onları bütün dünyada tanıdan qəhrəmanlarına böyük hörmətlə yanaşmasından xəbər verir.” Bu da şairin Polşaya sevgisini artırır. O, insanı ovsunlayan, xəyallara və fantaziyalara aparan Varşavanı sevir. Kral qəsrində olarkən, onun yenidən qurulmasının nəticələrinə baxanda qeyri-ixtiyari ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, polyak əsilli diplomat Metyu Brayzanın dediyi sözləri xatırlayır: “Dağıdılmış, viran edilmiş Ağdam (1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan şəhəri) mənə müharibədən sonrakı Varşavanı xatırladır”.
Rəfail Tağızadə 2011-ci ildə Nobel mükafatçısı Çeslav Miloşun 100 illik yubileyinə Polşaya dəvət olunarkən özünün dediyi kimi bir çox maraqlı insanlarla tanış olub. Onların arasında Varşava Universitetinin professorları Danuta Xmielovska və şair-nasir Andjey Zanevski, Polşa PEN-klubunun prezidenti Adam Pomorski, Varşavada Adam Mitskeviçin adına Ədəbiyyat Muzeyinin direktoru Yaroslav Kleynoçki, şair Adam Zaqayevski və başqaları vardı. O, Ədəbiyyat Tədqiqatları İnstitutunda və Polşanın Mədəniyyət və Milli İrs Nazirliyində də görüşlər keçirib.
Şopenin yaradıcılığının Azərbaycanda təbliğinə verdiyi töhfələrə görə Rəfail Tağızadə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri Boqdan Zdroyevski tərəfindən xüsusi diplomla təltif edilib.
Yaxın vaxtlarda Polşada çap ediləcək Rəfail Tağızadənin İlahə Kərimova tərəfindən polyak dilinə tərcümə edilmiş “Seçilmiş şeirlər” kitabına şairin yaradıcılığı və Azərbaycan ədəbiyyatı haqqında yazıçı, şair, tənqidçi, hörmətli ədəbiyyatşünas Andjey Zanevskinin yazdığı ön söz böyük maraq kəsb edir: “Rəfail Tağızadə məşhur şair və istedadlı tərcüməçidir. O, ağır insan taleləri ənənələrinin varisidir. Onun şeirlərində bizə yaxın olan motivləri tapa bilirik. Xalqlarımızın taleləri oxşardır, onları baş verənlər və tarixlər yaxınlaşdırır. Yaradıcı insanlar - rəssamlar, yazıçılar və şairlər də oxucular və dinləyicilər kimi hər yerdə eyni şəkildə darıxırlar, səadət, məhəbbət, anlayış axtarırlar, onları tənhalıq, ayrılıq, kədər incidir. Həyat müəllif üçün sirlərin açılmasına, ürək döyüntülərinin səsinin ifadəsinə, güzgü qarşısında deyilən sözlərin və gizli görüntülərin ifadə edilməsinə nüfuz edərək poeziyanın quruluşunun dərinliyinə ağrılı və qərəzsiz təsir göstərir. Poeziya ədəbiyyatın ən real və bununla da ən vacib sahəsidir, çünki özündə etirafa yaxın ümid daşıyır, unudulmuş, uzaqlaşan, real üfüqdə sürüşüb gedən etirafa...
Sən, mən,
yоrulmuş gümаnlаr,
sаrаlаn аrzulаr
dаyаnıb qаpılаr kаndаrındа...
Nə çаğırаnı vаr,
nə yоlа sаlаnı...
Yеnə sən, mən
və bir də
ümidlər qаpısındа
yоrulub sаrаlаnlаr.
Gözəl düşünülmüş və mükəmməl yazılmış şeir... Lakin şairin bizi qarşısına gətirdiyi qapı açılacaqmı? Və bu kimdən asılıdır? Ayrılıqdan, kədərdən, yalandan qorunmaq mümkünmü? Rəfail Tağızadə məni çətinlik qarşısında qoyur... Bu ədalətlidir, çünki hər kəsin öz ayrılıq yolları, əsas məkanları, ürəyinə ən yaxın olanları var.
Şairin bioqrafiyası haqqında xüsusiyyətlər meydana gəlir...
Şəhərə məcburi köçmüş ananın xatirələri - bağ və bəlkə də, düşmənin doğradığı doqquz qoz ağaçı - balladanın xüsusi aurasında səslənir. Bu gün yalnız bazardan alınan qoz həmin itirilmiş epizodu xatırladır... Yenə də ana kölgəsi, dünyaya gəlmə, qısalan ömür, atasını adgünü münasibəti ilə təbrik edən əsgər oğul... Və oğul həsrəti ilə yaşayan atanın dərdi, qayğıları...
Mən isti еvdə,
оğlumun üzünü sаzаq kəsir sərhəddə...
... Məni təzədən dünyаyа gətirərdinmi аnа,
sоyuq fеvrаl аyındа?
Özünəməxsus, epik inadkarlıqla yazılmış intim əsər... Şairin bioqrafiyasını dəqiq bilməsək də, təsəvvür edirik ki, o, Qarabağ müharibəsindən yazır. Amma ən mühümü göndərilən mesajdır... Biz nəsillərin, ailələrin, qohumların təşkil etdiyi uzun bir zəncirin halqalarıyıq. Oğula ata və ana lazımdır. Sən də, mən də hər hansı bir yaxın adamın olmasını istəyirik. Bütün bu istəklər cəmiyyəti yaradır. Sevginin və isti münasibətlərin hər bir zərrəsini qorumaq lazımdır. Unutmaq insana baha-başa gəlir.
Rəfail Tağızadənin poeziyası müasir forması ilə - qısa şeirlər, cəlbedici fabula, cümlələrin yığcamlığı, təkliflərin yeniliyi, ekspressiv metaforalarla, vəsflərin dramatikliyi ilə oxucunu valeh edir... Poetik fikirlər aydın, müqayisələr orijinaldır, hər bir süjet ətrafında təxəyyülün incəliyi özünü göstərir. Oxucunu uzaqgörən baxışlar, mənzərələrin həqiqiliyi, simvolik obrazlarla əhatə olunmuş fikirlərin qısa olması təcübləndirir...”
Polyak dilindən çevirəni: Zeynəb Səmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















