SEPAH nəzarəti itirdi, xalq 47 il sonra onu çağırdı Təəccübləndirən detal
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İranda etirazçılar artıq küçələrdə silahla hərəkət edir, aksiyaları sakitləşdirməyə çalışan polis qüvvələrinə atəş açırlar. Ali rəhbər Ayətullah Əli Xameneiyə qarşı şüarlar da səngimir.
Bu proses rejimin süqutuna gətirib çıxara bilərmi? Hadisələrə Qərbin, xüsusilə ABŞ-İsrail ikilisinin münasibəti və mümkün müdaxiləsi hansı səviyyədədir? Azərbaycan İran kimi böyük qonşu dövlətdə ehtimal olunan parçalanma, qarşıdurma və ya inqilab ssenarilərinə necə hazırlaşır?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, 2025-ci ilin son və 2026-cı ilin ilk günlərində İranda baş verən hadisələr ölkənin sosial-iqtisadi iğtişaşlar çərçivəsindən çıxaraq yeni bir sistem böhranı mərhələsinə qədəm qoyduğunu göstərir:
“Hazırkı etirazlar əvvəlki illərin yanvar aksiyaları kimi mürəkkəb və çoxqatlı xarakter daşıyır, iqtisadi narazılıq, ideoloji boşluq və siyasi məyusluq elementlərini özündə birləşdirir. Xüsusilə diqqətimi çəkən məqam odur ki, ictimai müzakirələrdə təkcə sistem əleyhinə şüarlar deyil, eyni zamanda konkret alternativ təkliflər də səslənir. Rza Pəhləvi obrazı və Şah dövrünün simvolizmi də daxil olmaqla alternativ hakimiyyət modellərinə birbaşa istinadlar cəmiyyətin vahid ideologiya ətrafında birləşdirilməsinə yönəlmiş çağırışlardır.
Bundan əlavə, hələ etirazlar başlamamışdan əvvəl Prezident Məsud Pezeşkian iqtisadi və maliyyə böhranının ciddiliyini hiss edərək faktiki olaraq dini və hərbi institutları mövcud vəziyyətdə günahlandırmışdı. Onun bu bəyanatları sistem daxilində siyasi hakimiyyətin real məhdudiyyətlərinin etirafı kimi qiymətləndirilə bilər. Prezident Məsud Pezeşkian son açıqlamalarında icra hakimiyyətinin daxili problemləri effektiv şəkildə həll edə bilməməsinə dəfələrlə işarə edib. Bu ifadələr ekspertlər tərəfindən uzun müddətdir müzakirə olunan bir reallığı təsdiqləyir: İranda seçkili institutların səlahiyyətləri əhəmiyyətli dərəcədə məhduddur”.
Politoloq bildirib ki, İran rialının sürətlə dəyərdən düşməsi, xroniki inflyasiya və əhalinin alıcılıq qabiliyyətinin azalması daha dərin böhranın yalnız zahiri təzahürləridir:
“Burada söhbət sadəcə yoxsulluqdan deyil, eyni zamanda dövlətlə cəmiyyət arasında etimadın kəskin azalmasından gedir. Uzun illər sistem üçün sosial bufer rolunu oynayan orta təbəqə sürətlə marjinallaşır, gənclər isə mövcud rejim daxilində öz gələcəklərini getdikcə daha az görürlər. Dövlət strukturlarının və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətində olan iqtisadi model çevikliyini və özünütənzimləmə qabiliyyətini itirib.
Nəticə etibarilə iqtisadi narazılıq siyasi məzmun qazanır və mövcud rejimin legitimliyi zəifləyir. Etirazların ən diqqətçəkən cəhətlərindən biri Rza Pəhləvinin və Şah sülaləsinin adının gündəmə gətirilməsidir. Vurğulamaq lazımdır ki, bu, monarxiyanın bir institut kimi bərpasına yönəlmiş kütləvi tələb anlamına gəlmir. Lakin Pəhləvi xəttinin yenidən aktivləşməsi faktının özü ayrıca təhlilə layiqdir.
Zaur Məmmədov
Qərb ölkələrində, xüsusilə ABŞ və Avropada Şah irsinin tərəfdarlarından ibarət kifayət qədər konsolidasiya olunmuş dairələr mövcuddur. Bu qruplar əsasən anti-İslam və anti-teokratik ideoloji mövqelərlə birləşir və İslam Respublikasına təzyiq göstərmək üçün “itirilmiş dünyəvi modernləşmə” narrativindən fəal istifadə edirlər. İrandakı küçə etirazlarında Pəhləvi adının səsləndirilməsi xarici ideoloji təsirin mövcudluğuna işarə edir.
Müasir İranın paradoksu ondadır ki, Şah rejimi teokratik sistem kimi qeyri-demokratik idi: avtoritar idarəetmə modeli, yüksək korrupsiya səviyyəsi, hakimiyyətin dar elita çevrəsində cəmləşməsi və cəmiyyətin real siyasi proseslərdən kənarda saxlanılması yaşanırdı. Şah İranı da indiki rejim kimi məhdud siyasi rəqabətə, repressiv aparata və hakimiyyəti nəyin bahasına olursa olsun, qorumağa yönəlmiş dövlət modeli idi. Bu baxımdan, mövcud teokratik sistem qeyri-demokratik olduğu kimi, əvvəlki monarxiyanı da azad və demokratik idarəetmə nümunəsi saymaq olmazdı”.
Z.Məmmədovun sözlərinə görə, diqqətəlayiq məqamlardan biri hakimiyyətə alternativlər müzakirə edilərkən Qacar sülaləsinin qayıdışının faktiki olaraq gündəmə gətirilməməsidir:
“Bu, təsadüfi deyil. Pəhləvi irsinə xüsusi diqqət göstərilməsi onu deməyə əsas verir ki, xarici təsir mərkəzləri rejim transformasiyası ssenarilərində dövlətçiliyin fars versiyasına üstünlük verirlər. Bu isə mümkün dəyişikliklərin etnosiyasi aspektini ön plana çıxarır.
Şübhəsiz ki, İsrail və ABŞ-dakı müəyyən siyasi dairələr İranın regional aktor kimi zəiflədilməsində maraqlıdır. Lakin etirazları yalnız xarici müdaxilənin nəticəsi kimi qiymətləndirmək daxili struktur ziddiyyətlərini gözardı etmək olardı. Xarici faktor prosesləri sürətləndirə bilər, lakin onları yaradan əsas səbəb deyil. Böhranın kökü teokratiyanın ideoloji resurslarının tükənməsində və cəmiyyətə gələcək üçün vahid, inandırıcı vizyon təqdim edə bilməməsindədir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Yanvar 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















