Icma.az
close
up
RU
Menu

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

Taciri toyda zəhərlədilər

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

Sondan sonra Lətif Şüküroğlunun hekayəsi

Sondan sonra Lətif Şüküroğlunun hekayəsi

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Lətif Şüküroğlunun "Sondan sonra" hekayəsini təqdim edir.

“Pula hər şeyi almaq olar – insan qəlbinin hərarətindən başqa”
Ralf Uoldo Emerso


Yadında o çöhrə qalmışdı. Uşaq üzünə bənzəyən, bir az solğun, bir az da qayğılı gənc qız çöhrəsi. Bu çöhrəni birinci dəfə qırx beş il qabaq qəbul imtahanları vaxtı görmüşdü. O qızın əynində güllü, qısaqol, çit don vardı. Özü də elə bil don əyninə bir az böyük idi. Bəlkə incə, çəlimsiz idi deyə, belə görünürdü. Çiyninə qədər tökülən, nazik, zərif boynunu gizlədən sıx qara saçları vardı. Görkəmindən, elə duruşundan, baxışından da fağırlıq yağırdı. Ancaq bu, ilk təəssürat kimi yanlış ola bilərdi. Sakit, fağır görkəmin arxasında necə təlatümlü, sərt xarakterin gizləndiyi azmı görünüb. Bir də adama yalnız görkəminə görə qiymət vermək çox vaxt özünü doğrultmur. Kimisə tanımaq üçün bəzən illər gərək olur.
Ünsiyyətləri çox qısa olmuşdu. Daha doğrusu, bir neçə dəqiqəliyə abituriyentlərin qəbul imtahanları ərəfəsində ənənəvi sual-cavabına qoşulmuşdular. Sonra qız qulaq batıran hay-küydən uzaqlaşaraq az aralıdakı hündür, enliyarpaq ağacın altında duran tanış qızların yanına getmişdi. Yaxına gəlməsən, bu azsaylı qrupun səsini eşidə bilməzdin. Üzbəüz durduğundan baxışları bir neçə dəfə toqquşmuş, marağını gizlətmək üçün gözünü tez çəkmişdi. Ancaq qız duyuq düşmüşdü deyə, burada da çox durmayıb küçəyə çıxdı. Yəqin yaxınlıqdakı metro stansiyaya gedəcəkdi. O da eyni səmtə, qızın burulduğu döngəyə doğru tələsdi. Metro stansiyası həmin döngənin sağında idi. Az sonra o sirli surət metroya axışan insanların arasına qarışıb gözdən itdi. O isə, yerə yapışmış kimi hələ bir müddət də dayanıb həmin səmtə baxdı.
Universitetin arxa həyətindən küçəyə çıxıb o döngəni burulana qədər baş verənləri dünən olmuş kimi xatırlayırdı. Əslində, həyatında olub-bitən heç nə yaddaşına hopmuş o anları unutdura bilmədi. Güllü, qısaqol, çit don, bir az solğun, bir az da qayğılı çöhrə, çiyninə qədər tökülən, nazik, zərif boynunu gizlədən sıx qara saçlar. O günə aid hər nə vardısa eyni cür təkrarlanırdı. Hərdən bunun reallıqdan çox, bir xəyal olduğunu düşünürdü.

***
Bir aydır şüuruna hakim kəsilən fikirlər yenə beynini gəmirirdi. İnsan ömrü boyu nə qədər son yaşayır. Bu müxtəlif sonların hər birinin də özündən sonra daha bir sonu olur. Uşaqlığın, yeniyetməliyin, gəncliyin, qocalığın, daha nələrin sonu. Bəs bu sonların axırıncısı, ölümdən sonra necə daha bir son varmı? Vaxtın hər kəs üçün əbədi dayandığı güman edilən bu son bəlkə də bir heçliyə işarədir? Bu barədə heç nə bilmirdi. Həyat-ölüm zəncirinin qırılması nə anlam kəsb edir, onun üçün bu da çözülməz müəmma idi.
Bir vaxtlar düşünürdü, həyatda nəyinsə başlanğıcı deyil, sonu qorxuludur. Əksər hallarda da qəfil gələn son. Amma başlanğıc və sonun vəhdətdə olduğunu öyrənəndə daxilində çoxdan hiss etmədiyi bir rahatlıq duydu. Hər başlanğıcın bir sonu, hər sonun bir başlanğıcı olması ruhu necə rahatlada bilərmiş. Həyat–ölüm zəncirinin əks qütblü, ancaq vəhdət təşkil edən həlqələri bir-birindən ayrı deyilsə, fani olana qapılıb, o, əldən çıxanda üzülməyə dəyərmi? Buddizmi öyrənən dostu demiş, əsas məqsəd həyat–ölüm zəncirindən, buddizmdə bu, sansara adlanır, çıxmaq, azad olmaqdır. Başqa sözlə, bir daha doğulmamaq. Sufizmə görə isə məqsəd zərrənin bütövə qovuşmasıdır. Bu da, əslində, o sirli dairənin qapanması deyilmi? Şərqin sufizm üzərində təşəkkül tapmış bir çox təlimləri də bunu təlqin edir.
Bütün bunları ölümündən (ona belə gəlirdi) əvvəl düşünür, öz-özünə pıçıldayırdı. Kaş hər şeyi yenidən başlamaq mümkün olaydı. Onda həyatında nələri dəyişməzdi? Bir vaxtlar uğur hesab etdikləri belə indi ona anlamsız, mənasız görünürdü. Qorxu-hürkü içində, ürəksiz, duyğusuz yaşamışdı. Əslində, yaşamamış, sadəcə, mövcud olmuşdu.
Hər şeyi yenidən başlamaq. Əgər bu mümkün olsaydı, yəqin həmin günə qayıdıb o qızın arxasınca gedər, döngəni burulmamış özünü ona çatdırardı. Yoxsa hər şeyi yenidən başlamağın nə anlamı vardı. Bu, yeni həyatın ilk addımı olardı. Bəs sonra?
Doğrusu, sonrası daha çətin olacaqdı. Həyatı yenidən başlamaq hər şeyini itirməyə hazır olmaq iradəsi tələb edir. Buna gücü çatardımı? Bu barədə də düşünməmişdi. Həm də itirəcəyi təkcə var-dövlət, ad-san, imkanlar deyildi. Əslində, bunlar da az şey sayılmaz. Bir də illərin qazancı olan bu şeylərin sahibi tək o deyildi. Həmişə “nəyimiz var, ailənindir”, demişdi. Bəs dəbdəbəli yaşama alışmış ailə dediyi şəxsləri indiki firavan həyatdan ayırmaq mümkün idimi? Əyləncədən, dəbdəbədən savayı heç nə barədə düşünməyən bu insanlar çətin dəyişə idilər.
Yenə daxilində qarşısıalınmaz dialoq başlandı. Yalnız keçmişdən imtina dəyişmək idimi? Əlbəttə, xeyir. Fərqli yaşam daxilən dəyişmədən başlanmalıdır. Xeyirxah, dürüst, gözütox, bir sözlə, əsl insan olmaq. Ehtiyacı olana əl tutmağı bacarmaq. Babalarımız balığı at dəryaya, balıq bilməsə də, xaliq biləcək deyib, mətbəxə ötür deməyib. Əlindən adi yaxşılıq belə gəlmirsə, tanımadığın birinin dərd-sərinə ürəyin yanmırsa, həyatın dəyişdi, ya dəyişmədi, nə anlamı? Göz görməsin, könül bulanmasın prinsipi ilə yaşayanlar dəyişməsə yaxşıdır.
İndiki kimi yadındadır. Yanına bir məcburi köçkün ailəsi gəlmişdi. Kömək umurdular. Yerlisi olduğu deyilən bu insanları əvvəl qəbul etmək istəməyib, “gündə biri gələcək ki, yerlinəm, nə bilim qohumunam, kömək elə. Bura xeyriyyə cəmiyyətidi, Qaçqınkomdu, ya nədi? Mənim belə işlərlə məşğul olmağa vaxtım yoxdu, bir-iki şirvan verib yola salın”, demişdi. Sonra nəsə fikirləşib, “yaxşı aşağıdakı boş otaqlardan birində gözləsinlər”, demişdi. Yəqin “şəhid ailəsini də qəbul etməyib” qınağından, rayonda daha da rüsvay olacağından ehtiyat etmişdi. Onsuz ağız büzənlər az deyil, tanıyan-tanımayan bir yana, qohum-əqrəba da dalınca danışır, “yekəlib, pullanıb daha adamı saymır”, deyirlər. İstəməsə də aşağı düşməyə məcbur idi.
Ataları şəhid olmuş üç uşaqla köməksiz qalan ana bir daldalanacaq üçün bir saata yaxın yalvardı. Başlarını soxacaq yerləri, yeməyə yavan çörəkləri belə yox imiş. Böyüyü doqquz-on, kiçiyi üç-dörd yaşlarında olan uşaqların üst-başı yaman gündə idi, yazıq görkəmləri ən ürəksiz adamın da qəlbini parçalayardı.

Ancaq onun heç halı da dəyişmədi, sadəcə, ürəyi bulanmasın deyə, belə mənzərələrə alışmamış gözlərini yana çevirdi. Onda ikrah doğuran bu insanları başından necə rədd etməyi düşünürdü. Ən kiçiyinin əl uzadıb yalvarışla:
– Əmi, vallah, acınnan ölüyəm, pul vey peçenyə alım, deməsi onu bu əzabdan qurtardı. Tələsik əlini cibinə salıb iki şirvan çıxardı və heç nə demədən ona uzatdı. Utandığından pörtüb qızaran ana yer yarılsa, o anda yerə girərdi. O isə üstündən dağ götürülmüş kimi rahatladı. Yanındakı köməkçiyə işarə etdi ki, bunları uzaqlaşdır. Özü isə halını pozmadan:
– Qəbula gələnlər var, yaxşı olar, Qaçqınkoma gedin, orada bir şey fikirləşərlər, deyib içəri keçdi. Halbuki, köməkçisinə bu ailəyə elə bu gün bir yer tapmağı, mümkün olmasa, onları təzə aldığı bağ evində yerləşdirməyi tapşıra bilərdi, ancaq tapşırmadı.
Yazıq qadın matı-qutu qurumuş halda bir neçə dəqiqə onun, dövlət məmuru və yerlisi olan bu məxluqun arxasınca baxdı və sonra qeyzlə əl atıb körpənin qolundan yapışdı. Ağu bildiyi pulu bu ürəksiz, vicdansız adamın piylənmiş sifətinə çırpmağa gücü çatmadığına görə özündən iyrəndi. İxtiyarsız ovcuna sıxdığı pula baxdı. Sanki pul deyil, ovcuna bir parça pislik sıxmışdı.

Onu nə yerə tullamağa, nə də təzə adəti üzrə yaylığının ucuna düyünləməyə əli gəlmədi. Ehtiyacın üzü qara olsun, necə ki, bu yazıq ananın üzünü vicdanı qarşısında qara etmişdi. Ancaq nə sirdi bilmədi, beynindən, qəlbindən keçənlərin əvəzinə, dilinə tamam başqa sözlər gəldi:
– Siz Allah, bağışlıyın. Siz Allah, bağışlıyın, deyib köməkçiyə baxdı və sonra da qəzəbdənmi, həyəcandanmı tıncıxan boğazını arıtlayıb:
– Allah erməninin ocağını söndürsün, ocağımızı söndürdü. Səhərdən uşaqların dilinə bir tikə yavanlıq dəymiyib, Allahın quru çörəyini almağa da pul yoxdu. Bu tifilin heç dözümü qalmayıb. Ev-eşiyi tərgidib erməninin əlindən canımızı qurtaran günü, o qaça-qaşda elə zərblə yıxıldı ki, qabaq dişlərinin üçü birdən sındı.

İndiyə qədər çörəyi isladıb verirəm, arada-bir də yalvarışına, göz yaşına tablamıyıb olan-qalanıma bulkadan-mulkadan alıram ki, yesin, dizində taqət olsun. Sübhdən şər qarışana qədər başımızı soxmağa yer axtarmaqdan əsir-yesir olmuşuq. Qohum-qonşu yanında gecələməkdən üzümüzün suyu da qalmadı. O yazıqlar özləri nə gündədi ki, bizə də bir gün ağlasınlar, dedi. Dedi və ürəyində özünü dönə-dönə qınadı ki, “o əclaf kimi bu da insafsızın, qəlbsizin biridisə, dərdini gör kimə deyirsən, ay başına xeyir olmuş”.
Əlindən yapışdığı körpəni arxasınca sürüyə-sürüyə:
– Gedək görək başımıza soxmağa bir cəhənnəm tapırıqmı, yoxsa bir azdan hava qaralacaq, dedi. Ürəyində isə hələ də özünü bərk qınayırdı: “yerlindi dedilər, mən də nahaq yerə ümidlənib gəldim. Qıçım qırılaydı, dilim tutulaydı bura gəldiyim yerdə. Uşağın dərdi olmasa, o verdiyi pulu başına çaxardım. Neyliyim, bəxt-tale yazanın qələmi qırılaydı, bizi bu günə qoydu”. Dönüb onların getməsini gözləyən köməkçiyə bir də baxdı. Köməkçi onun dünyanın bütün dərdi yığılmış, ümidsiz, çarəsiz baxışından necə ürpəndisə, onlar uzaqlaşandan bir xeyli sonra da başını yerdən qaldıra bilmədi.
Bu gün də qohum-qonşu ümidinə qaldılar. Qohumlar, evin tək övladı olan rəhmətlik ərinin dostları küçələri sərgərdan dolaşmalarına dözməyib, yanlarında qalmaları üçün neçə yol yalvarsalar da, xeyri olmamışdı. Tərsliyinə salıb durmuşdu: “yan-yana döşənib yatası deyilik ki”.

***
Az aralıdakı mağazaya girdilər. O məxluqun verdiyi pula bir öynəlik qarınlarını doyurmaq, çatsa, səhər gəvələməyə yavan çörək alacaqdı. Bir anlıq fikri yayınsa da, ara vermədən ürəyində özünü yamanlayır, yeri-göyün sahibinə üz tutub onu bir də beləsinə ürcah etməməsi üçün yalvarırdı. Necə yanıb-yaxılırdısa, orta yaşlı bir qadının qolundan tutub nəsə dediyinin çox gec fərqinə vardı. Qolunu tez çəkib, yad adama şübhə ilə baxdı. Nəsə demək istəyirdi ki, bu gülərüz xanım onu qabaqladı:
– Narahat olma, ay bacı, halınızı gördüm ürəyim dözmədi. Biz yaxınlıqda həyət evində qalırıq. İki ildir, 4 otaqda yoldaşımla təkik, oğlumuz xaricdə oxuyur. Dedim, istəsəniz bir yer tapana qədər bizdə yerləşin. Yoldaşım da razı olar. Bizim də Qarabağlı dost-tanışımız az deyil. Yoldaşımın tələbəlik dostu da Qubadlıdandı. Rayon işğal ediləndə ailəsi ilə neçə ay bizdə qaldılar. O camaatın da neçə nəfərini ermənilər öldürüb. Qalanlar da sizin kimi qaçqın düşüb. Bir ay qabaq münasib yer tapıb köçdülər. Nə olar, indi də siz qalarsınız. Küçədə yatmayacaqsınız ki.
Görünür, bu xanım onun köməkçiyə dediklərini eşitmişdi. Bir də əksər şəhərlilər kimi o da “məcburi köçkün” əvəzinə “qaçqın” deyirdi. Əslində, bu eyniləşdirmə təbii və anlaşılan idi. Çünki hər iki zümrə erməni vəhşiliyinin qurbanı olmuş, yer-yurdundan, el-obasından didərgin salınmışdı. Hər ikisi ölüm, qan, quldurluq, talançılıq görmüşdü. Qaçqınlar da, köçkünlər də son ümid bildikləri doğma şəhər və kəndlərə, əsasən də, Bakıya, Sumqayıta, Gəncəyə, Mingəçevirə üz tutmuşdular. Çünki bu yerlərdə onların qardaş-bacıları, soydaşları, yurddaşları, xülasə, bir parçası olduqları xalq yaşayırdı. O xalq ki, “ev-evə sığmaz, el-elə sığar” deyib və bir əsrdə neçə dəfə öz sözünü göyərdib. Üzündən xeyirxahlıq yağan bu xanım da o xalqın nümayəndəsi idi.
***
Bu məqamda erməni canilərinin törətdiyi vəhşiliklərdən, ölüm-itim təhlükəsindən birtəhər qurtulub qaçqın və məcburi köçkün düşən insanlarımızın pənah gətirdikləri ana vətəndə hansı əzablardan keçdikləri, necə müsibətlər yaşadıqları ilə bağlı yaxın dostumdan eşitdiyim əhvalatı və sosial şəbəkədə rast gəldiyim bir paylaşmanı sizinlə bölüşmək istəyirəm.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin “Vətən səsi” qəzetində Qarabağ, Mil-Muğan zonası üzrə xüsusi müxbir işləmiş həmin dostum o rayonlara ezamiyyə zamanı Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın acınacaqlı durumuna dəfələrcə şahidlik etmişdi. Mən özüm də Qərbi Azərbaycanın qonşu Qafan rayonundan qaçqın düşənlərin ilk dəstəsi ilə 1988-ci ilin fevral-mart ayında Zəngilan rayonunda rastlaşmışdım. Evləri yandırılmış, talan edilmiş, yaxınları öldürülmüş, yaralanmış, nəinki əmlakını, heç geyim əşyalarını götürməyə macal tapmamış bu insanlar olduqca ağır vəziyyətdə idilər. Rayon camaatı, yerli hakimiyyət orqanları onlara imkanları çatan köməyi göstərsələr də, aramsız qaçqın axınının qarşısında bunlar dəryada damla təsiri bağışlayırdı.
Hər yerdən ümidi kəsilən insanların əksəriyyəti Bakıya, ölkənin digər şəhər və rayonlarına üz tuturdular. İndi həmin dövrdə çəkilmiş fotolara baxanda öz dədə-baba yurdlarından ölüm təhdidi ilə qovulmuş insanların məruz qaldıqları vəhşiliklər adamın damarlarında qanını dondurur.
Dostum belə mənzərələrlə daha çox rastlaşmışdı. Onun ürək ağrısı ilə dediklərindən bilirəm ki, dəhşətli günlər yaşamış qaçqınların bir çoxu doğma Azərbaycanda da xeyli müddət əzab-əziyyət içərisində qalıblar. Rayonlara səfərlər zamanı gördüklərinin bir çoxunu o, indiyədək unuda bilmir. Belə dəhşətlərdən biri ilə Ağdam rayonunda, bir qrup qaçqının yerləşdirildiyi keçmiş koloniya (həbs düşərgəsi) ərazisində qarşılaşıbmış.
“Bizim nə günahımız var ki, bu koloniyada yerləşdiriblər? – deyə bir qadın ondan soruşub.
– Yaxşı, tutaq ki, biz günahkarıq, bəs uşaqların nə günahı?” Sonra ayağında süzülmüş, rəngi tamamilə getmiş səndəl olan 10-11 yaşlarında qız uşağını göstərib: “Bunun nə təqsiri var ki, betonun üstündə yatıb-durmaqdan ayaqları qıc olub”, deyib.
Başqa bir qadın: “Niyə bizə açıq demirlər ki, çıxın, gedin. Daha bu qədər zülm niyə verirlər?” soruşub.
60 yaşlarında bir kişi isə: “Əgər sən də başqa gələnlər kimi yazıb bir tərəfə çıxarmayacaqsansa, onda dərdimizi tərpətmə”, demiş və sonra: “Gecələr arvadlarımız otaqdan çölə çıxmağa qorxurlar. Çünki yaxınlıqda koloniyada dustaqlar saxlanılır”, əli ilə məftil torun o üzünü göstərib: “– bax orada gəzişirlər”, əlavə edibmiş.
Utandığından içəridə ayaqyolu olmadığını, hava qaralandan sonra qız-gəlinin zəruri ehtiyacını ödəyə bilmədiyini deməyib. Dostum bunu nisbətən cavan olan başqa bir müsahibindən eşidib. Sözün bitdiyi bu durumda nə demək olardı?
Başqa bir qadın körpə qızının əlində soyduğu kartofu alma bilib dişləməsindən, digəri 14 nəfərlik ailənin darısqal bir otaqda yerləşdiyinə görə gecə yan-yana uzanıb yatmağa belə yerin çatmadığından, üçüncüsü azyaşlı uşaqlarını zirzəmidə siçovulların hücumundan güc-bəla qorumasından danışmışdı. İnsan gözləri ilə gördüyü bu mənzərələri unuda bilərmi? O insanların bu çəkilməz müsibətlərə necə dözüb yaşadığına adam inana bilmir. Ancaq nə qədər ağlasığmaz olsa da, bütün bunlar reallıqdır. Həmin dəhşətləri yaşayanların özlərinə hərdən yuxu kimi görünən acınacaqlı reallıq. Dostum haqlı idi, doğma yurdlarından zorla didərgin salınarkən çəkdikləri müsibətlərin bitdiyini zənn edən qaçqınlar belə vəziyyətə düşəcəklərini heç ağıllarına da gətirə bilməzdilər. Sanki yağışdan çıxıb, yağmura düşmüşdülər.
Facebookda paylaşma edən şəxsi tanımadığım üçün onun ad-soyadının, sadəcə, baş hərflərini yazdım, N.H. Paylaşmadakı şəxs və yer adlarını silsəm də, mətni olduğu kimi saxladım: “Muharibə görməyən, onun acısını həyatının hər addımında hiss etməyən adamların humanizm püləməsi çox normaldır. Mən o adamları qınamıram. Sadəcə, müharibə xatirələrimdən onlara bir-iki detal deyəcəm. Onlar bizim kimi çadır şəhərciyində utana-utana elə çadırdan qurulmuş “opşi” ayaqyolunun önündə əllərində riyaziyyat dəftərinin vərəqi növbəyə dayanmayıblar. Bu o növbələr idi ki, müharibə müəllimlərinin tualetə getmədiyini düşünən şagirdləri ilə müəllimlərini eyni növbəyə qoymuşdu. İbtidai sinif müəllimimiz “M” müəllimin üzündəki xəcalət indiyə kimi ən xırda cizgisinə kimi gözümün önündədir. Xatırladıqca özüm-özümdən utanıram.
Siz bizim kimi BMT-nin yardım verdiyi paltarların qolunda UNİCEF loqosuyla utana-utana məktəbə getməmisiniz. Məktəbdə də paltarın qolundakı loqodan yardım olduğunu başa düşən uşaqlar bizi lağa qoyub ələ salırdılar. O dəqiqələrdə nələr keçirdiyimizi bir Allah bilir.
Nənəmin protez dişi kənddə qalmışdı, çörək yeyə bilmirdi. Çadır şəhərciyinə gələndə anamın boynunda gətirdiyi qızıl boyunbağını dəyər-dəyməzinə satıb nənəmə protez düzəltdirdik. Sonra nənəm “N” şəhərində yataqxanada öldü. Uşaq idim, həyətdən qaca-qaca gəlib yataqxananın “opşi” hamamına girəndə gördüm yaşlı xəstə bibim ölən nənəmin protezin bıçaqla yonub öz damağına uyğunlaşdırır.
Günlər olurdu çadıra yardım gəlmirdi, ac qalırdıq, gedib anama deyirdim ki, acmışam, bircə kəlmə deyirdi, “yaxşı eləmisən”. Deyə bilmirdi ki, yeməyə heç nəyimiz yoxdu. “N” şəhərində yataqxanada dar bir otaqda 8 nəfər qalırdıq. İş-güc yox idi, rəhmətlik atam bazarda hamballıq edirdi. Elə olurdu aylarla məktəbdən evə gələndə xəyalımda dolma yeyəcəyimi canlandırırdım, iştahım daha da artırdı. Amma gəlib stolun arxasına keçəndə anam hər gün olduğu kimi, gətirib qabağıma bir istəkan rəngsiz ilıq su və bir necə dilim çörək qoyurdu. Həftələrlə quru çay ala bilmirdik. Bu həftələr yardım verilənə qədər davam edirdi.
Daha dəhşətli şeylər deyə bilərəm, xatirəmdə elə tükürpədici şeylər var ki, onları Atakama səhrasında özümlə təkbətək də qalsam özüm-özümə danışmağa utanaram. Elə şeylər var onları desən özüm xəcalətdən cırıq-cırıq olaram”.

***
Qubadlı adını eşidəndə qəlbindən xoş, ilıq bir duyğu keçdi. Ümidləndi və ixtiyarsız ötən günləri, simsar bildiyi insanları xatırladı. Ərinin sağlığında onunla Qubadlının neçə kəndində olmuşdu. Bu rayonun Əliquluuşağı, Seytaz, adı dilinin ucunda olan o biri dağ kəndləri erməni hücumlarına məruz qalanda ilk köməyə tələsənlər arasında əri də vardı. Sonra ərazi müdafiə taborları yaradıldı. O taborlar düşmənə qan udduran vaxtlar əri o yerlərə daha tez-tez gedərdi. Bəzən günlərlə oralarda, dağda-dərədə gecələyər, qayıdanda da özünə yer tapmazdı.

Sonra Zəngilan rayonunda yaradılan özünümüdafiə taboruna yazıldı. Sağ olsun, tabor komandiri hərbi xidmətini biz tərəflərdə deyildiyi kimi, “boevoy” hissədə keçməsini, təcrübəli olmasını nəzərə alıb, onu bölük komandiri təyin etmişdi. Kaş etməyəydi, düşmən mərmisinə elə o texnikanın arxasında tuş gəldi. “Görünür, qisməti beləymiş, komandir neyləsin, onun nə günahı”, fikirləşdi.
İndi olmuş kimi yadındadı. Hələ müharibə başlamamış ayda azı bir dəfə Qubadlının Xocahan kəndinə həftəbazara gedərdilər. Bu bazara Qubadlı, Zəngilan, Cəbrayıl, hətta Füzulidən davar, mal-qara, müxtəlif ərzaq və sənaye malları gətirirdilər, bir günün içində də az qala hamısı satılıb qurtarardı. Harada qaldı həmin dərd-sərsiz, qayğısız günlər.
Yay aylarında neçə dəfə Qubadlının Qafan rayonu ilə sərhədindəki “Çay zəmi” deyilən sağı-solu meşə ilə örtülü təpələrin üstü ilə uzanan düzəngahdan keçib dədə-babalarının qədim yaylaq yerlərinə getmişdilər. O yaylaqlarda hər il yayda 3 ay dincəlib, quyruq doğandan (əslində, avqust ayında istilərin azalması ilə quyruğun donması nəzərdə tutulur, L.Ş.) bir-iki həftə sonra, sentyabrda məktəb açılmamış geri dönərdilər. Hələ müharibə başlamamış ayaqları biryolluq o yaylaqlardan kəsildi. Dağı, dərəsi, meşəsi, talası, bulağı, bir sözlə, o yurdlarda nə yer adları varsa, birinin belə erməni dilində olmadığı torpaqlar büsbütün erməniyə qaldı. Ermənilər də məqamı yetişəndə, fürsət bilib bizim ayağımızı halal yurdlarımızdan kəsib, “buralar qədim torpağımızdır”, dedilər.
İndi hərdən ona elə gəlir ki, keçmişdə yaşananların heç biri olmayıb, bunları yuxuda görüb. Uşaqlar olmasa, elə əri, başqa doğmaları da o yuxulardan gəlib və yenə ora qayıdıblar deyərdi. Yuxu qədər xoş olan o xoşbəxt günlərin ömrü çox qısa olmuşdu. Bu dəhşətli, ağır günlərsə, bitmək, tükənmək bilmir, acı bağırsaq kimi uzandıqca, uzanır. Bəs, ahıl-ağbirçəklər, “yaman günün ömrü az olar”, deyirdilər. Niyə olmadı, niyə yaman günün hər biri il qədər uzandı, dərdi-dərd üstünə gətirdi, ömrünü-gününü göy əskiyə düydükcə-düydü. İxtiyarsız göz yaşı yenə yanaqlarını islatdı. Rəngi itmiş, neçə yerdən süzülmüş yaylığının ucuyla onu silməyə çalışdı.
Darılması nahaq deyildi, ancaq bir az naşükürlük etdiyinin də fərqində idi. Hər şeyi görən İlahi onları yadından çıxara bilərdimi? İndi eşitdikləri neçə aydan bəri ümidsizlik içində boğulan bəndəsinə pəncərə açmaq deyildimi? Düzdür, bu pəncərədəki işıq hələ zəif olduğundan, güclə sezilirdi. Ancaq o işığın daha gur, daha şəfəqli olacağına ümid vardı, çünki o, düzgün yaşamadığı ömrə görə peşman olan birisinə deyil, atasız üç yetimi yaşatmağa çalışan çarəsiz bir ananın üzünə açılmışdı. Bu xeyirxah insanı mələk kimi göydən endirən də o idi.
Hər şeydən əli üzülən ailə bir aya yaxın aradığı yeni daldalanacağı tapmışdı. İşğal adlı bəlanın gətirdiyi köçkünlüyün ilk beş ayını ərinin cəbhə dostunun Bakı ətrafında yerləşən hərbi hissələrin birinin yaxınlığındakı darısqal, uçub-tökülən daxmasında keçirmişdilər. Buna da şükür, deyib balalarını başına yığmış, hərbi hissənin yeməkxanasında qab-qacaq yumaqla çörək pulu qazanmışdı. Pis-yaxşı dolanışıqlarına ərinin dostu da kömək göstərmişdi. Ancaq o, könüllü olaraq 1994-cü ilin fevral ayında yenidən döyüşlərə qatılıb şəhid olandan sonra yenə köməksiz qalmışdılar. Uşaqların artan tələbatını ödəmək getdikcə çətinləşirdi. Bir ay da bir qarnı ac, biri tox keçindilər. Ancaq hərbi hissədəki müvəqqəti işini itirəndən sonra burada qalmaq mümkün olmadı. Baş götürüb Bakıya gəldi ki, Allah kərimdir, böyük şəhərdi, bəlkə bir daldalanacaq, iş tapar. Rayon İcra Hakimiyyətindən də kömək vəd etmişdilər. İndi bir aya yaxın idi nə yer, nə də iş tapılmırdı deyə, sərgərdan qalmışdılar. Qohum-qonşu yanında, yarımçıq tikililərdə, o vaxtlar boş olan zirzəmilərdə gecələyir, mağaza, kafe sahiblərinə yalvarıb təmizlik işi görür, yük daşıyır, əllərinə keçən cüzi pulla birtəhər keçinirdilər. İndi bir Allah bəndəsi sanki göydən enib onlara adam kimi yaşamağı təklif edirdi. Kərəminə şükür, İlahi! Sənə şəkk edən kafirdir!
Onlara ayrılan iki otaq geniş olmasa da, səliqə-sahmanı göz oxşayırdı. Zəruri əşyaları da vardı. Ev sahibəsi yaraşıqlı, üzü nurlu, ziyalı bir xanım idi. Hansısa xəstəxanada həkim işləyirdi. Eşitdiyinə görə, əslən Güneyli olan bu xanım yaxşı həkim kimi böyük hörmət-izzət sahibi idi, şəfalı əlləri neçə insana ikinci həyat bəxş etmişdi. Məhəllədəki qonşular kimi, neçə yol özü də onun insanlığına mehriban, həssas münasibətinə şahidlik etdi. Uşaqları xəstə olanda özü ilə bərabər, saatlarla başlarının üstünü kəsdirib durdu. Ərinin onun barəsində zarafatla dediyi, “arzuladığın humanitar fakültəni bitirsən belə, bundan artıq humanitar olmaq mümkün deyildi” fikri əsl həqiqət idi. O da bu sözlərə gülümsəyərək, “atamın sözünü yerə salmadım, yoxsa, nə bilmək olardı”, cavabını verirdi.
Bu ailə ilə ilk gündən elə isinişdilər ki, deyərdin neçə ilin tanışlarıdır. Ana işə düzələnə qədər bazarlıqları, biş-düşləri də bir oldu. Şəhid ərinə görə almalı olduğu kompensasiya üçün lazımi ünvanlara da bərabər baş çəkdilər. Ailə mənzil növbəsinə də götürüldü. Sıxılmasınlar deyə, məcburi köçkünlər üçün bir-iki ölkənin və bəzi təşkilatların göndərdiyi cüzi ərzaq payının birgə istifadəsinə də razı oldular. Uşaqlar yaxınlıqdakı məktəbə düzəldi, dərs, iş, başqa qayğılar anaya dərdlərini yavaş-yavaş unutdururdu. Beləcə, böyüyünün əli çörəyə çatana qədər, 5 ilə yaxın bir ailə kimi yaşadılar. Artıq təhsilini başa vurub geri qayıtmış oğul da bu ailəyə isinişmiş, təfəkkürlü, nisbətən diribaş olan ikinci uşaqla daha çox dostlaşmışdı. Onu həvəsləndirmək üçün, “sən mənin müridimsən, gərək hər elmdən hali olasan ki, mürşidinin başını uca edəsən”, deyirdi. Elə o birilərinə də bacardığı qədər əl tuturdu. İnsafən, uşaqlar da əmi dedikləri bu gəncin əziyyətini itirmir, əsas da analarının könlünü açmaq üçün səylə çalışırdılar.
Hətta bir ara Rayon İcra Hakimiyyətinin tapdığı müvəqqəti yerə köçmək istəsələr də, şəraiti münasib bilməyən ər-arvad buna razı olmamışdı. Şəhid ailəsi kimi iki otaqlı ev alıb yerləşənə qədər birevli kimi yaşadılar. Ayrılanda bəzi zəruri əşyaları götürmək təklifi isə ananı elə kövrəltdi ki, yenə ürəkdən, ancaq bu dəfə minnətdarlıq duyğusundan kövrəlib ağladı. Ən ümidsiz vaxtında onu tək qoymayıb, bu insanlara tuş gətirdiyinə görə Allahına yüz kərə dua etdi. “Kərəminə şükür, İlahi, demək həyatda belə insanlar da varmış”.

***
Gözlərini məcburi yumub, deyilənləri qulaq ardı etsən də, reallıqdan qaça bilməzsən, tez-gec tapıb, qisasını alacaq. Özü də amansızca. Onda başa düşəcəksən ki, həyatda, doğrudan da, adına karma deyilən bir şey var. Ömrünün son 20 ildən çoxunu lap burnunun ucunda olan həqiqətləri görməzdən gəlmiş, bilə-bilə özünü aldatmısansa, günahı gözündə deyil, şüurunda, xasiyyətində axtar. O isə hələ də bəhanələr gəzirdi. Yaşadığı həyat məcbur edirdimi, ətrafının tələbi idimi, fərqi yoxdur qəbul etmişdisə, başqa çıxış yolu vardımı? Əvvəllər belə sualların cavabını dərhal verərdi. İndi bu suallar cavabdan çox sual doğurur, cavabsız sual.
Sabaha ümidi qalmayan adamın son şansını da itirmək qorxusu təbiidir. Belə birinin dilə gətirmədiyi xeyli qorxusu olur. Ən birinci, mənsub olduğu zümrə dərhal və bütün vasitələrlə üstünə gəlir. Sağdan-soldan və heç gözlənməyən yanlardan elə zərbələr alarsan ki, doğulmağına peşman olursan. Siyasətə azacıq qatqın varsa, vəziyyət lap müşkülləşir. Açıq şəklidə qınayanlar, nifrin, hədyan yağdıranlar bir yana, beş-on nəfər özünü rəğbət bəsləyən kimi göstərənin qisas hissi elə alovlanır ki, düşmən sandıqların yalan olur. Həyatında qarşılaşmadığın və təsəvvür etmədiyin təhlükələr adi xarakter aldıqca, özünü unudub, yalnız ailəni, doğmalarını düşünürsən. Bu təhlükələri dəf etmək üçün aramsız çırpınmağın bir faydası olmayanda, çıxılmazlıq içində acizliyin, qətiyyətsizliyin qəlbinə paslı xəncər kimi sancılmasının ağrısını duyursan.
Bütün bunlardan sonra fiziki mövcudluğuna son vermək gücün belə qalmır, başın dönür, gözün qaralır. Əgər bəxtin gətirib ölsən ailəndən, üç-beş nəfərdən savayı, kimsə səni nəinki rəhmətlə anacaq, heç adını çəkməyə lüzum görməyəcəklər. Sanki belə bir adam heç vaxt olmayıb kimi davranmanın gətirdiyi mənəvi əzabdan sarsılan ailən hələ də dağılıb, pərən-pərən düşməyibsə, necə dözəcəklər, bunu da bir Allah bilir.
Hərdən ona elə gəlirdi ki, ətrafda hər kəs ondan canını qurtarmağa çalışır. Ən birinci də dostları. Əslində, dostları çoxdan yoxdur. Özünün, onların da canı bu gecikmiş qərardan sığortalanıb. Ancaq bir vaxtlar onlar vardı və nə zamansa belə olacağını nə o, nə də dostlar ağıllarına gətirə bilməzdi. Onları bir-bir itirmişdi, səbəb də aşağı-yuxarı eyni olmuşdu. Dövlətinin gəlhagəl vaxtına, şan-şöhrətinin zirvədə olduğu günlərə qədər artıq heç biri qalmamışdı. Gör neçə il keçib, indi düz-əməlli xatırlamır da. Yadında yalnız o qalıb ki, onların hər birinin gedişi ilə yaşamağın mənası, nəşəsi o qədər azalmışdı. Həyatı tamam bozlaşmış və bir gün bütün insani duyğulara yad, ruhsuz birinə dönmüşdü.
Həyatında dost deyiləcək kimsə qalmayanda onların yerini yaxın tanışlar, münasibətlərinə ad verməkdə bu gün də çətinlik çəkdiyi müxtəlif sifətlər tutdu. Əvvəlkilərdən fərqli olaraq, onların gəlişi ilə gedişi arasında çox az vaxt çəkirdi. Bir, iki, ən yaxşı halda üç il. Atalar nahaqdan “hər şeydə bir xeyir var”, deməyib. Bu təsadüfi sifətlərin həyatında peyda olmaları ilə yoxa çıxmaları arasındakı vaxtı müəyyən etməkdə həmişə çətinlik çəkib. Bu gəliş-gedişlər o qədər adi, sönük olub, onlara görə daxilində yaxşı-yaman nəsə hiss etdiyi də yadına gəlmir.
Dostları isə heç vaxt unuda bilmədi. Həyatının ən uğurlu illərində belə onları düşünəndə burnunun ucu göynədi, yanıb-yaxıldı. Olub-bitənlərdə daha çox dostları qınasa da, birgə keçən günlərin xiffətini çəkdi, içi göynədi, açıq-gizli köks ötürüb bir anlığa o günlərə dönmək üçün hər şeyindən keçməyə hazır oldu. Belə məqamlarda harada olmağın fərqi yox idi, kimsəni görmür, eşitmir, gözünü bir nöqtəyə zilləyib qalırdı.
Əslində, onları itirməmişdi, qəlbinin bir küncünə sığınıb qalan dostlar elə bil şərt kəsibmiş kimi bir-bir oradan daha dərinliklərə enmişdilər. Əgər ikinci həyat şansı olarsa, onları yenidən qaytara biləcəkmi? Buna gücü çatacaqmı? Axı, onları qaytarmaq itirmək qədər asan deyil. Yadına gəlir, nə vaxtsa dostlardan birinə, “övladlarımız bizdən yaxşı olmayacaq. Çünki biz atalarımızdan yaxşı ola bilmədik. Elə bil onların xeyirxahlığının surətini çıxarıb bizimkini yaradıblar. Bütün yaxşı şeylərlə bağlı belə olub, biz onların surətiyik. Övladlarımız bu surətin surəti olacaqsa, vay halımıza. Əslimizdən, insanlıqdan bir az da uzaqlaşacağıq. Təki mən yanılım”, demişdi. Beləliklə, dünya hara gedəcək, sonumuz necə olacaq?
Yenə də son. Ancaq bu son barədə düşünməyə zaman qalmışdımı? Gözlərini yummazdan əvvəl əlini yaxınlıqda olan birini köməyə çağırırmış kimi irəli uzatdı.

Hər tərəf bir andaca zülmətə büründü. Gözlərini yenidən açanda ilk dəqiqələrdə nə baş verdiyini anşıda bilmədi. Bir saat, gün, ya həftə keçmişdi? Deyəsən xəstəxanada idi, bunu yan-yörəsində hərəkət edən adamların geyimindən və burnuna dolan kəskin dərman qoxusundan başa düşmüşdü. Gözünü bəyaz tavandan ayırıb çarpayının lap yaxınlığında dayanan ağ xalatlı adama çevirəndə elə bil bədənindən neçə yüz voltluq elektrik cərəyanı keçdi. O idi, neçə illər arayıb-axtardığı, o unudulmaz günün yaddaşından silinməyən xatirəsi. Çiyninə qədər tökülən, nazik, zərif boynunu gizlədən sıx qara saçları bir az ağarsa da, dəyişməyib. Ancaq çöhrəsindən, baxışından daha fağırlıq yağmır, əksinə inamlı təsir bağışlayır. “İlahi, bu, necə ola bilər, sonda mənə bu əzabı da yaşadırsan. İllər sonra bu görüşə şərait yaradıb, dərdimin üstünə dərd gətirməklə qisasmı alırsan, qarşında bu qədərmi günahkaram?”

Bütün gücünü toplayıb artıq ortayaşlı bir xanım olmuş o qıza nəsə demək istədi. Ancaq yaşadığı ömürə peşmanlıqdan, nifrətdən, qəzəbdən yoğrulan qəhər daş olub boğazını necə tıxamışdısa, xırıltıdan başqa heç nə eşidilmədi. Öləziyən işıqda son gördüyü döngədən metro stansiyası tərəfə burulub gözdən itən həmin surət oldu. Ən qəribəsi isə bu idi ki, cihazlara qoşulu qalan bədəninin necə soyuduğunu o qızla bərabər özü də hiss edirdi.

Azərbaycanlı dizayner Milanda yeni kolleksiyanı təqdim edib “Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edildi Per Pettersonun yeni kitabı nəşr olunacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see260

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see159

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

01 Oktyabr 2025 01:04see146

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see135

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see133

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see132

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see131

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see129

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see128

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see128

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see127

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see125

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see123

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

01 Oktyabr 2025 02:54see123

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see122

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see121

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see121

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see121

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see121

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

01 Oktyabr 2025 02:51see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri