Süni intellekt həkimləri əvəz edəcək? Professor süni intellektin tibbdə risklərindən danışdı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Son illərdə süni intellekt gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə ChatGPT kimi platformalar insanlara məlumat əldə etməyi, suallara sürətli cavab tapmağı və müxtəlif sahələrdə ilkin yönləndirmə almağı asanlaşdırıb. Lakin bu texnologiyaların imkanları artdıqca, onlardan istifadə forması da dəyişməyə başlayıb. Artıq bir çox insan gecə yarısı qəfil ortaya çıxan ağrı, halsızlıq və ya digər narahatedici əlamətlər zamanı həkimə müraciət etmək əvəzinə ilk olaraq telefonuna üz tutur və “diaqnoz”u süni intellektdən almağa çalışır.
ChatGPT və oxşar sistemlər tibbi bilikləri ümumiləşdirə və mümkün ehtimalları sadalaya bilər, lakin onlar xəstəni müayinə etmir, laborator analizləri görmür və insan həyatına görə məsuliyyət daşımır. Bu səbəbdən süni intellektə həddindən artıq etibar bəzi hallarda vaxt itkisinə, yanlış qərarlara və ağır nəticələrə gətirib çıxara bilər. Bəs insanlar həqiqətən risk altındadırmı və süni intellekt tibbdə harada dayanmalıdır?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Ölkə.az-a açıqlamasında bildirib ki, kibernetik sistemlərdən bu və ya digər şəkildə uzun müddətdir istifadə olunur.
"Hazırda süni intellekt yəni daha geniş, daha incə, daha detallı analitik və sintez qabiliyyətinə malik müasir kibernetik sistemlər dövriyyəyə daxil olub. İstər robotlar şəklində, istərsə də başqa formalarda süni intellekt gündəlik məişətimizin bir hissəsinə çevrilməkdədir.
Süni intellektin tətbiqi, şübhəsiz ki, tibbdə bir çox proseduru asanlaşdıracaq, diaqnostika imkanlarını genişləndirəcək. Eyni zamanda qida istehsalı və digər sahələrdə də geniş şəkildə istifadə olunacaq. Lakin bir məqamı nəzərə almaq lazımdır: bu prosesin qarşısını almaq artıq mümkün deyil. Bu, inkişafdır və davam edir".
Professor onu da qeyd edib ki, istənilən inkişafın riskli tərəfləri olur:
"Süni intellektin ekologiyaya, insan resurslarına, insanların əmək qabiliyyətinə və məşğulluq imkanlarına hansı dərəcədə təsir göstərəcəyi ilə bağlı müxtəlif fikirlər və proqnozlar mövcuddur. Amma bir şeyi də unutmamaq lazımdır ki, heç bir süni intellekt insan kimi yaradıcı təfəkkürə malik ola bilməz. İnsanın üstünlüyü məhz buradadır və bu üstünlük həmişə qalacaq. Çünki süni intellekti yaradan da elə insanın özüdür.
Bu baxımdan xüsusi bir təşviş üçün əsas yoxdur. Bununla belə, dünyada insan sayının artdığı və ehtiyacların yüksəldiyi bir şəraitdə süni intellekt bir çox sahələrdə iş yerlərinə və insan resurslarına olan tələbatı azalda bilər. Məsələ də məhz buradan qaynaqlanır. Buna görə işsizlik, tənbəlləşmə kimi narahatedici proqnozlar səsləndirilir.
Hazırda bu barədə qəti fikir söyləmək çətindir. Amma düşünürəm ki, bu problemlər zamanla müəyyən formada həllini tapmalıdır. Ümumilikdə isə dünyada ən ciddi problemlərdən biri insan sayının sürətlə artmasıdır. Bu, bəşəriyyəti təhlükəyə aparan əsas amillərdən biridir. Bu, ayrıca və daha geniş bir mövzudur, amma burada qeyd edilməsi yerinə düşərdi".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















