Icma.az
close
up
RU
Təbiətə tullayaq, yoxsa sərvətə çevirək?

Təbiətə tullayaq, yoxsa sərvətə çevirək?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təkrar emal ətraf mühiti çirklənmədən qoruyur, böyük iqtisadi səmərə gətirir

Dünyada ən böyük problemlərdən biri təbii sərvətlərin azalması, həm də insan fəaliyyətinin yaratdığı tullantıların sürətlə artmasıdır. Əhalinin sayının çoxalması, istehlakın yüksəlməsi və istehsal həcminin artması nəticəsində hər il milyonlarla ton tullantı yaranır. Bu axının böyük hissəsinin təkrar istifadə olunmadan və emal edilmədən ətraf mühitə atılması isə torpağın, suyun və havanın çirklənməsinə, ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Əvvəllər istifadədən çıxmış məhsulların böyük hissəsi yararsız hesab edilərək poliqonlara göndərilirdisə, bu gün yanaşma fərqlidir.

Mütəxəssislər bildirirlər ki, əslində, təkrar emal tullantı probleminin həllində mühüm vasitə olmaqla yanaşı, yeni iqtisadi imkanların yaradılması üçün də böyük potensialdır. Kağızdan yeni kağız, plastikdən qranul və lif, şüşədən yeni qab, metaldan yeni sənaye məhsulu, üzvi tullantıdan kompost və biogaz əldə edilməsi “tullantı” anlayışının mahiyyətini dəyişir. Müasir dövrdə əsas sual “bu tullantını hara ataq?” deyil, “bu materialdan yenidən necə istifadə edə bilərik?” olmalıdır.

Tullantıların təkrar istifadəsi və emalı ətraf mühitin qorunmasının mühüm istiqamətlərindən biridir. Bu sahədə Avropa ölkələrinin təcrübəsi xüsusilə diqqət çəkir. Bir sıra ölkələrdə tullantılar mənbədə çeşidlənir. Almaniya bu istiqamətdə nümunə göstərilən ölkələrdəndir. Burada tullantıların çeşidlənməsi, depozit sistemi və istehsalçıların məhsulların sonrakı taleyinə görə məsuliyyət daşıması kimi mexanizmlər geniş tətbiq edilir. Vətəndaşın istehlak etdiyi məhsulun qablaşdırmasını geri qaytarması və bunun müqabilində müəyyən məbləğ əldə etməsi sadə görünsə də, bu yanaşma insanı tullantını dəyərsiz əşya kimi deyil, geri qaytarıla bilən resurs kimi görməyə alışdırır.

Skandinaviya ölkələrinin təcrübəsi də düşündürücüdür. İsveçdə tullantıların idarə olunması sahəsində təkrar emal və enerjiyə çevirmə üsullarından istifadə edilir. Lakin burada əsas məsələ təkcə texnologiya deyil, cəmiyyətin ekoloji məsuliyyəti, istehlak mədəniyyəti və dövlət siyasəti bir-birini tamamlayır.

Yaponiyada isə “mottainai” kimi tanınan yanaşma (əşyanı israf etməmək, ondan mümkün qədər səmərəli istifadə etmək düşüncəsi) gündəlik həyat və istehlak mədəniyyətində öz əksini tapır. Tullantı probleminin həlli yalnız zibil qutularının və emal müəssisələrinin sayını artırmaqdan ibarət deyil, israfı azaltmaqdan başlayır.

Beynəlxalq təcrübənin mühüm nümunələrindən biri də tullantıların idarə olunmasının yalnız kommunal xidmətlərin işi olmamasıdır. Bu prosesdə dövlət, bələdiyyələr, biznes, məktəblər, ictimai təşkilatlar və ən əsası, vətəndaş birlikdə iştirak etməlidir. Ölkəmizdə tullantıların idarə olunması və təkrar emal istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev XQ-yə bildirdi ki, bu gün tullantıların böyük hissəsinin ikinci dəfə iqtisadi dövriyyəyə buraxılması zərurətə çevrilib:

– Burada, ilk növbədə, maarifləndirmə işi aparılmalıdır. Lakin yalnız insanlara tullantıları çeşidləməyi izah etməklə nəticə əldə etmək mümkün deyil. Vətəndaş üçün iqtisadi stimul da yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə bunun müxtəlif nümunələri var. Plastik butulkaların xüsusi avtomatlara təhvil verilməsi və əvəzində vətəndaşa pul qaytarılması sadə, lakin səmərəli mexanizmdir. Bu üsul həm küçələrin və yaşayış məntəqələrinin təmizliyinə xidmət edir, həm də tullantını xammala çevirir.

Əsas məsələlərdən biri tullantıların mənbədə çeşidlənməsidir. Plastik, kağız-karton, şüşə və digər materiallar qarışıq şəkildə toplandıqda onların sonradan ayrılması və emala hazırlanması çətinləşir. Buna görə şəhərlərdə insanların rahatlıqla istifadə edə biləcəyi çeşidləmə konteynerləri və qəbul məntəqələri yaradılmalıdır. Xarici təcrübənin öyrənilməsi də bu baxımdan əhəmiyyətlidir. Məsələn, Norveç kimi ölkələrdə tullantıların ayrıca toplanması və xüsusi məntəqələrə çatdırılması sistemləri formalaşdırılıb.

Plastik tullantılar xüsusi diqqət tələb edir. Onların bir sıra növləri qablaşdırma, məişət əşyaları, oyuncaqlar və digər məhsulların istehsalında yenidən istifadə edilə bilər. Müasir texnologiyaların inkişafı isə plastik tullantılardan daha yüksək əlavə dəyərə malik məhsullar və alternativ enerji resursları əldə etmək imkanlarını genişləndirir. O cümlədən tullantılardan hidrogen alınması istiqamətində texnologiyalar gələcək üçün perspektivli sahələrdən biri kimi qiymətləndirilə bilər.

Kağız və kartonun təkrar emalı da mühüm əhəmiyyət daşıyır. Vaxtilə geniş yayılmış “makulatura” toplama ənənəsinin müasir formada bərpası faydalı olardı. Şüşə tullantılarının təkrar istifadəsi də diqqətdən kənarda qalmamalıdır. Şüşə butulkaların toplanması, təmizlənməsi və yenidən istifadəsi həm tullantıların həcmini azaldır, həm də yeni şüşə məhsullarının istehsalında xammala və enerjiyə qənaət etməyə imkan verir. Tikinti tullantılarının, ağac materiallarının və köhnə mebellərin müəyyən hissəsi emal edilərək yeni məhsulların istehsalına yönəldilə bilər. Bunun üçün ayrıca toplama və qəbul sistemlərinin yaradılması vacibdir.

Alim daha sonra qeyd etdi ki, tullantıların yandırılması da məsələnin tam həlli hesab edilə bilməz. Təkrar emala yararlı materialların yandırılması əvəzinə onların yenidən iqtisadi dövriyyəyə buraxılması daha məqsədəuyğundur:

– Yandırma zamanı yaranan emissiyalar ətraf mühit üçün əlavə risklər yarada bilər. Bakı kimi böyük şəhərlərdə bu məsələnin əhəmiyyəti daha çoxdur. Əhali sayının yüksək olması məişət tullantılarının həcminin də artmasına səbəb olur. Buna görə milyonlarla insanın yaşadığı şəhərdə hər bir ailənin tullantısını çeşidləməsi böyük nəticə verə bilər. Lakin bunun üçün həm infrastruktur, həm də iqtisadi maraq yaradılmalıdır.

Müasir emal texnologiyaları tullantıların daha keyfiyyətli ayrılmasına və onlardan daha yüksək dəyərə malik məhsulların əldə olunmasına imkan verir. Buna görə tullantıların idarə olunmasına yatırılan vəsait yalnız xərc deyil, gələcəyə investisiya kimi qiymətləndirilməlidir.

Göründüyü kimi, ətraf mühitin qorunması yalnız meşələri, çayları və dənizləri qorumaqdan ibarət deyil. Bu mübarizə gündəlik həyatımızda yaranan tullantılara münasibətdən başlayır. Аtdığımız hər bir tullantının sabah təbiətə, insan sağlamlığına və iqtisadiyyata təsiri ola bilər. Ona görə də əsas məqsəd tullantını mümkün qədər azaltmaq, yaranan tullantını düzgün idarə etmək və təkrar istifadə oluna bilən materialları yenidən iqtisadi dövriyyəyə qaytarmaqdır. Bu baxımdan təkrar emal sadəcə, texnoloji proses deyil, həm də ekoloji düşüncənin, sosial məsuliyyətin və gələcəyə münasibətin ifadəsidir.

Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri