Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məryəm Bağırova
İnsan var olduqca suallar da var olmuşdur. Onun ən qədim, ən sarsıdıcı suallarından biri budur: “Bu baş verənlər təsadüfdürmü, yoxsa hər şeyin bir mənası, bir səbəbi var?”
Bəzən həyat bizi elə bir nöqtəyə gətirir ki, qarşılaşdığımız hadisələr ya bir möcüzə kimi görünür, ya da kədərli, səbəbsiz bir xaos kimi.
Təsadüf, görünüşdə səbəbsiz və nəzarətsiz şəkildə baş verən hadisələrə verilən addır. Lakin bu, insan şüurunun məhdudluğundan doğan bir anlam ola bilər. Nə qədər ki, səbəbi görə bilmirik, biz ona “təsadüf” damğasını vururuq. Əslində isə təsadüf anlayışı, insanın nizamlı kainat qarşısında acizliyini etiraf etdiyi bir susqunluqdur.
Ənənəvi fəlsəfə axınlarında – xüsusən Aristotelin və daha sonralar Spinozanın təlimində – hər bir hadisənin müəyyən səbəblə baş verdiyi müdafiə olunur. Determinizmə görə, nəinki böyük hadisələr, hətta bir yarpağın küləklə sağa yox, sola düşməsi belə səbəbsiz deyil. Həyat bir sistemdir, və biz o sistemin içində müəyyən qanunlara tabe olan varlıqlarıq. Bu baxışa görə təsadüf yoxdur – yalnız bizim bilmədiyimiz səbəblər var.
Egzistensialist filosoflar, xüsusilə Sartre və Camus, dünyanın mənasızlığını vurğulayaraq təsadüfü qəbul edirlər. Onlar deyirlər ki, kainat özü nə yaxşıdır, nə pis. O, sadəcə var. Həyatda rastlaşdığımız hadisələrin heç biri doğulduğumuz, yaşadığımız və ya sevdiyimiz üçün səbəb və məqsəd daşımır. Camus bunu “absurd” adlandırır: Mənasız bir dünyada mənalı bir həyat axtarışı. Amma o da deyir ki, bu mənasızlıq bizi ruhdan salmamalıdır – əksinə, insan öz həyatına özü mənalar yükləməli, öz hekayəsini özü yazmalıdır.
Şərq fəlsəfəsində, xüsusən Hind və Çin dünyagörüşlərində isə hər şeyin bir səbəbi və mənası olduğuna daha çox inanılır. Karma qanununa görə, insanın əvvəlki hərəkətləri onun gələcəyini müəyyən edir – bu həyatda və ya növbətisində. Taoist düşüncədə isə həyat böyük bir axın, bir harmoniya içindədir. Orada hər bir hadisə bu axının tərkib hissəsidir – təsadüf deyil, zərurət var.
Ən dərin və bəlkə də ən gözəl nəticə budur: Təsadüfi görünən hadisələrə də biz mənalar yükləyirik. Əziz bir insanı yolda təsadüfən görmək, vaxtında gecikdiyimiz üçün bir faciədən qurtulmaq – bəlkə də bunların səbəbi yoxdur. Amma biz onları yaddaşımızda mənalandırırıq. Beləcə, insan öz varlığı ilə kainatdakı xaosu anlamlandırır. Biz özümüz o “mənanı” yaradan varlıqlarıq. Biz “təsadüf” deyirik. Bir sözlə, sanki hər şeyi bağlayıb bağışlayırıq. Amma doğrudanmı bu qədər sadədir? Bir baxış, bir yolayrıcı, bir yerə getməmək, bir mesajın yazılmaması – bunlar sadəcə “olsaydı, belə olardı” ilə ötüşürmü? Xeyr. Təsadüf yoxdur, sadəcə səbəblər gözlə görünmür. Kainat təsadüfü qəbul etmir. Ən kiçik zərrəciklərdən tutmuş ulduzların toqquşmasına qədər hər şey səbəblə baş verir.
Fizika qanunları belə deyir: enerji itməz, sadəcə forması dəyişir. Deməli, heç bir şey – heç bir qarşılaşma, rastlaşma, baxış, uzaqlıq – boş yerə deyil. Hər şeyin öz çəkisi var. Görünsə də, görünməsə də.
Kvant fizikası isə daha dərinə enir: Bir zərrə müşahidə olunmadan əvvəl mövcud olmaya bilər, amma müşahidə olunmağa başladıqda mövcudluq seçimi edir. Bu nə deməkdir? Demək, baxışın özü belə həyatın axınını dəyişir. Hətta sənin bir qərarın, bir geri çəkilməyin belə haradasa, bir zamanda bir şeyi dəyişdirir. Bu, “təsadüf” deyil. Bu – daxili seçimlərin kənardakı reallığa təsiridir.
İnsan zəkası təsadüfü anlayış əskikliyi kimi qəbul edir. Fəlsəfə çoxdan deyib: “İnsan, səbəbini bilmədiyi şeyə təsadüf deyir”. Bu, tənbəllik deyil. Sadəcə düşüncənin həddidir.
Bəzən bir insanla illərlə yollarımız kəsişmir, amma sonda bir saniyəlik toxunuş, bir anlıq rastlaşma olur və hər şey dəyişir. Əgər bu, “təsadüf” idisə, niyə o qədər uyğun zaman, yer, hiss və enerji bir anda birləşdi? Bəlkə də bu görüş illərlə hazırlanmışdı. Sadəcə sən hazır olduğun zaman baş verdi.
Həyat planlıdır, sadəcə sən planı əvvəlcədən oxuya bilmirsən. Tanrının yazısı səninlə paylaşılmır. Sən onu yaşaya-yaşaya oxuyursan. Ona görə bəzi hadisələr, rastlaşmalar, gecikmələr sənə təsadüf kimi görünür. Amma bunlar sənin ruhunun inkişaf mərhələləridir. Bəziləri dərs, bəziləri xəbərdarlıq, bəziləri cavabdır. Amma heç biri səbəbsiz deyil. Bəzən deyirik: “Əgər o gün ora getməsəydim...” Bu “əgər”lərin hamısı bir səssiz nizamın izləridir. Biz nə qədər dəyişsək də, həyat öz kodlarına sadiqdir. Ən təsadüfi görünən insan belə, həyatına bir səbəblə daxil olur. Bəzən bir insanla görüşürsən və o, sənin taleyini dəyişir. Və ya bir insanla heç görüşmürsən - və o, sənin içində bir iz qoyur. Hər iki halın bir ortaq nöqtəsi var: təkmilləşmə.
Sən o insandan sonra dəyişirsən. Bu, “təsadüfi” olsaydı, niyə iz buraxırdı? Deməli, o insan sənə ya xatırlatma üçün, ya imtahan üçün, ya da keçməyin gərəkən bir mərhələ kimi verilmişdi. Və sən keçdin... ya da keçə bilmədin. Əgər bir şey alınmadısa, bu da təsadüf deyil – bu da cavabdır
Hər baş tutmayan görüş, hər yazılmayan mesaj, hər səssiz ötüşmə – bir “xeyir”in təcəssümüdür.
Bəzən sən birini çox istəyirsən, amma heç cür alınmır. Bu “olmama” da təsadüf deyil.
Çünki həyat sənə yalnız istədiyini yox, ehtiyac duyduğunu verir. Əgər bu görüş sənə lazım deyilsə – neçə cəhd etsən də, baş tutmayacaq.Və bu da bir hikmətdir.
Sonda: hər şey olması gərəkdiyi kimi olur – hətta olmamışlar belə. Əgər bir insanla rastlaşmadınsa – o da sənin yolunun parçasıdır. Əgər bir hadisə baş tutmadısa – o da sənə nəyi istəməməli olduğunu öyrətdi. Əgər sən bu yazını bu an oxuyursansa – bu da təsadüf deyil.
Sən bu fikri bu anda oxumalıydın. Təsadüf... bəlkə heç mövcud deyil. Bəlkə də həyat – səssiz şəkildə səbəblərlə toxunmuş ssenaridir. Bəlkə də biz Tanrının yazısını oxumağa çalışırıq – bir ömür boyu.
Bəs həqiqət nədir? Təsadüf dediyimiz – ağlın çatmadığı yer, yoxsa Tanrının bizə izah etmədən yazdığı planmı? Ola bilsin, həyat bu iki həqiqət arasında – görünənlə görünməyənin sərhəddində – səssizcə rəqs edir. Bəzən baş verənlər izah olunmaz görünür, bəzən də baş verməyənlər bir ömür boyu iz qoyur. Biz buna “təsadüf” deyirik, çünki mənanı hələlik görə bilmirik. Amma – düşünən, sual verən, hiss edən insan – verilməyən cavabların içindən belə bir səbəb axtarar. Və bəlkə də əsas gerçəklik budur: Həyat heç vaxt tam izah olunmur, amma dərk edilmək üçün yaşanır. Biz nə qədər az anlasaq da, içində olduğumuz hər an - mənaya doğru bir addımdır. Ona görə də bəlkə təsadüf yoxdur, ya da varsa belə – sən onu mənaya çevirdiyin anda artıq o, təsadüf olmur. Çünki həyatın ən böyük sirri budur: Sənin seçimlərinlə Tanrının səssiz planı – eyni yolda qarşılaşar. Orada – rastlaşma nöqtəsində – həqiqət dayanır.
Təsadüf yoxdur... və ya bəlkə də var. Amma bəlkə də, məsələ heç onun olub-olmamasında deyil. Həyat, çox vaxt bizim planlamadığımız ssenarilərlə yazılır. Və biz nə qədər hesablasaq da, nə qədər çalışsaq da - bəzən yol, bizi özü aparır. Ona görə, bəlkə də hər şeyi idarə etməyə çalışmaq, elə axının özünü dərk edə bilməməkdir. Çünki bəzən ən böyük müdriklik, baş verənləri dəyişmək yox, onların içində özünü tapmaqdır.Hər şey zamanla izah olunur, mənalandırılır. Və sonda – hər şey, öz vaxtında və öz şəkildə yerini tapır.
Yəni mütləq doğru da, yanlış da yoxdur.


