Tofiq Əbdülhəsənli 70 illik mənalı ömür və ziyalı missiyası
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Dekabrın 30-da Azərbaycan elminə, jurnalistikaya töhfələr vermiş, "Qızıl qələm", "Həsən bəy Zərdabi" və "Araz" ali ədəbi mükafatları laureatı, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Tofiq Əbdülhəsənlinin 70 yaşı tamam olur. Onun ömür yolu sözə, elmə və milli-mənəvi dəyərlərə sədaqətin bariz nümunəsidir. Uzun illər ərzində Azərbaycan filologiyasının müxtəlif sahələrində apardığı araşdırmalar, elmi məqalələr alim-pedaqoqun zəngin yaradıcılıq irsini formalaşdırıb.
T.Əbdülhəsənli 1955-ci ildə Neftçala rayonunun Pirəbbə kəndində doğulub. Orta təhsilini Neftçala rayonunun Yuxarı Qaraymanlı kənd məktəbində alıb. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.
T.Əbdülhəsənli onlarla monoqrafiya, dərslik, dərs vəsaiti, ölkədə və xaricdə çap olunan 100-dən artıq elmi məqalənin, həmçinin, "Azərbaycan dili" və "İşgüzar Azərbaycan dili" dərsliklərinin müəllifidir.
Tofiq Əbdülhəsənlinin elmi fəaliyyəti ilə yanaşı, pedaqoji xidmətləri də xüsusi qeyd olunmalıdır. O, uzun illər ali məktəblərdə gənc filoloqların yetişməsində mühüm rol oynayıb, yüzlərlə tələbəyə Azərbaycan dili və ədəbiyyatının incəliklərini sevdirib. Onun elmi rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar bu gün ölkənin elmi-mədəni həyatında fəal iştirak edən mütəxəssislərin formalaşmasına zəmin yaradıb.
Ədəbi-tənqidi və publisistik irsin başlanğıcı
Alimin publisistik fəaliyyəti də diqqətəlayiqdir. Cəmiyyətin aktual problemlərinə həssas münasibəti, milli düşüncənin, ana dilinin və ədəbi-estetik dəyərlərin qorunması uğrunda qələmə aldığı yazılar onu geniş oxucu auditoriyasına sevdirib. Məhz bu xidmətlərinə görə Tofiq Əbdülhəsənli nüfuzlu mükafatlara layiq görülüb və dövlət tərəfindən "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı ilə təltif edilib.
Tofiq müəllim 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Azərbaycan dili" kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində çalışıb. Hazırda UNEC-in "Azərbaycan dili" kafedrasının müdiridir.
"Gənclik" nəşriyyatında formalaşan redaktor məktəbi
Universitet illərindən fəal, daim axtarışda olan, yazmağa daha çox meyilli tələbələrdən olub Tofiq müəllim. Jurnalist fəaliyyətinə tələbəlik illərindən başlayan T.Əbdülhəsənli o illərdə müxtəlif mətbu orqanlarda məqalələrlə çıxış edib. 1980-ci ildən isə T.Əbdülhəsənli peşəkar jurnalist kimi bir müddət Azərbaycan Respublikasının Televiziya və Radio Verilişləri Komitəsində iqtisadi və ekoloji mövzularda verilişlər hazırlayıb. O, həmin dövrlərdə tələbələrin həyatlarından bəhs edən silsilə reportajların müəllifi olub. Bu layihə onun tez bir zamanda tanınmasına və jurnalist kimi təcrübə qazanmasına kömək edib.
80-ci illərdə "Gənclik" nəşriyyatına işə düzəldim. Sonradan isə fəaliyyət sahəsini genişlənməyə başlayıb. Bir müddət radio, televiziya sahəsində işləyib. Sonra isə Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinə şöbə müdiri vəzifəsinə təyinat alıb.
Yazılı mətbuata daim üstünlük verən T.Əbdülhəsənli 1985-1990-cı illərdə "Gənclik" nəşriyyatının redaktoru işləyib. 1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin orqanı - "Həyat" qəzetində şöbə müdiri olub. 1992-2002-ci illərdə Milli Məclisin rəsmi nəşri "Azərbaycan" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycanın bu təlatümlü illərində peşəkarlığı, insanların qəlbinə yol tapmaq bacarığı ilə seçilən, yazılarındakı mövqeyi ilə tanınan Tofiq müəllim 10 il bu mətbu orqanda çalışıb.
2003-cü ildə öz arzusu ilə "Respublika" qəzetinə keçən T.Əbülhəsənli fəaliyyətini burada davam etdirib. Əsasən ölkə iqtisadiyyatı, maşınqayırma və energetika kompleksi barədə silsilə məqalələr yazaraq bu sahələrin inkişafını və tərəqqisini işıqlandırıb. Onun neft strategiyası, iqtisadi islahatlar mövzusunda yazdığı analitik-iqtisadi məqalələr, mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfində maraqla oxunub. Neçə-neçə şərhləri, məqalələri, təhlili və publisistik yazıları dərc olunub.
Tofiq müəllim 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Azərbaycan dili" kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində çalışıb. Hazırda UNEC-in "Azərbaycan dili" kafedrasının müdiridir.
Doğma torpağa sevgi
Tofiq Əbülhəsənli deyir ki, doğma Neftçala rayonu Pirəbbə kəndindən çıxıb arzularımın dalınca yollananda təxminən 17 yaşı olub: "Həmin vaxtdan xeyli keçib, illər arxada qalıb. Bakıdayam o zamandan. Amma bu uzun illər ərzində bir gün də qəlbən, ruhən Pirəbbəsiz olmamışam. Elə görüşünə də tez-tez gedirəm doğma kəndin. Hər dəfə də gedəndə ürəyim mənzil başına çatmağa tələsir. Əvvəllər, yəni cavanlıqda mindiyim bəzən kiçik, bəzən iri tutumlu avtobusların sürücülərini tələsdirmək istəyirdim. Sonralar artıq sükan arxasında özüm olanda yol boyu hiss məni üstələdikcə ürəyimdə özümə əmr edirdim: "Yavaş, Tofiq, maşınında tək deyilsən, ailən var, uşaqların var!" Elə ki, kəndə çatıram, dərhal dərindən nəfəs almaq istəyirəm. Sanki ciyərlərim genişlənib daha çox hava udmaq istəyir... Yadıma gəlir ki, orta məktəbdə oxuyanda bizə belə bir mövzuda inşa yazdırardılar: "Haradan başlanır Vətən?" Əlbəttə, hər birimiz yazırdıq ki, Vətən Pirəbbədən başlanır. Yazmağına düz yazırdıq. Amma bəlkə də verilən sualın dərinliyinə bir o qədər vara bilmirdik. Onda çoxumuzun anlayışında Vətən elə Pirəbbənin ərazisi qurtaranda bitirdi. Axı o zaman az qala hamımız kəndimizdən qırağa çıxmamışdıq. Vaxt gəldi, ömür qatarı bizləri o biri kəndlərə, şəhərlərə də apardı. Həm də təkcə öz yurdumuzda, öz ölkəmizdə deyil. Qatarlarla təhsil, elm, iş, qazanc dalınca digər məmləkətlərə gedənlər də oldu. Mənim üçün mənzil başı Bakı oldu, baş şəhərimiz, paytaxtımız, canımız Bakı. Bakı bizə qucaq açdı, burada oxuduq, təhsil aldıq, işə düzəldik. Uğurlarımızın, gözəl günlərimizin, sevgimizin, ümidlərimizin realaşdığı şəhər oldu Bakı. Ömrün bu yaxın-uzaq yollarında nə qədər gözəl yerlər görsəm də, Bakı mənim üçün cox əziz bir şəhər olaraq qalacaq".
Zəngin və çoxşaxəli yaradıcılığa malik ziyalı
45 il Azərbaycan mətbuatına töhfələr verən T.Əbdülhəsənli jurnalist kimi zəngin və çoxşaxəli yaradıcılığa malik ziyalılarımızdan biridir. Əminliklə söyləmək olar ki, onun bu sahədəki fəaliyyəti təmiz əqidəyə, dövlətə və dövlətçiliyə sədaqət prinsiplərinə, o cümlədən yüksək amallara söykənir. O, təkcə dövlət səviyyəli, ölkə miqyaslı mətbuat orqanlarında müvafiq şöbələrə rəhbərlik etməklə kifayətlənməmiş, eyni zamanda həmin mətbu orqanlarında dövlətimizin və xalqımızın mənafeyi, taleyi üçün mühüm əhəmiyyət daşıyan saysız-hesabsız məqalələr dərc etdirmişdir. Bu cəhətdən Tofiq müəllimin publisistik yaradıcılığı, əsasən, üç istiqaməti: ədəbi-tənqidi, iqtisadi və ekoloji mövzuları əhatə edir.
T.Əbdülhəsənli ədəbi-publisistik yazıları ilə həmişə filoloji ictimaiyyətin diqqət mərkəzində olmuşdur. "İçimizdəki alov və ya qam şaman duası", "Vətənlə sevgi arasında", "Həsrətin 43 ili", "Rəssam qızlar", "Şeyx Səfi məqbərəsi", "Mən köçdüm, yurdum qaldı...", "Dürrə", "Ömür bir qatardır", "Sənətə məhəbbət olanda", "Məhəbbət oyunu", "El alqışları", "Tarixi yaşadan Şirvanşahlar sarayı", "Uşaq ədəbiyyatımıza qayğı gələcəyimizə qayğıdır" və s. yazılarında öz həyat təcrübələrini, müşahidlərini və həqiqət axtarışlarını bədii dillə əbədiləşdirən ziyalının əsərlərini dəfələrlə oxumaq insanı yormur. Ədəbi-tənqidi yazılarının yer aldığı "Vətəndaş yanğısı" kitabı da yazarın bədii-estetik fikirlərini təhlil etmək baxımından maraqlı olub, onun ötən əsrin 80-ci illərindən qələmə aldığı ədəbi-tənqidi və publisistik yazılarının toplusu kimi təqdir olunmaqdadır.
"Gənclik" nəşriyyatında uzun illər redaktor işləyib, onlarla kitabı araya-ərsəyə gətirib. Bu sahədə elə bir təcrübə toplayıb ki, redaktə etməli olduğu yazıda gözündən iynənin ulduzu boyda bir nöqsan da yayına bilməz. Bununla belə, yaşından, təhsilindən, vəzifəsindən asılı olmayaraq hər bir müəllifin dilinə, üslubuna hörmətlə yanaşmağı bacarır.
Tofiq müəllim yazanı, yazmağı bacaranı qiymətləndirən insandır! Bir nəfər ona işıqlı insan dedi. Əlbəttə ki, söhbət qəlbin işığından gedir...
Müxtəlif mövzu və janrlarda qələm işlədə bilən müəllif
Nəşriyyatdakı işindən sonra tale elə gətirib ki, ölkənin aparıcı qəzetlərinin iqtisadiyyat şöbələrinə rəhbərlik edib. İqtisadiyyat - hər gün rəqəmlər, icmallar, təhlillər... Həmin illərdə onunla çiyin-çiyinə çalışan həmkarları söyləyirlər ki, bir də görürdün iqtisadi problemlərə aid yazıların içərisindən baş qaldıran Tofiq müəllim kükrəyib Füzulinin, Cavidin, Xəlil Rza Ulutürkün misralarını əzbərdən deyir. Çoxumuz heç bilmirdik ki, o, artıq filologiya üzrə namizədlik dissertasiyası da müdafiə edib. Zəhmətinin bəhrəsi olan "İstiqlal işığında", "Vətəndaş yanğısı" kitablarını nəşr etdirib. Hələ qovluqlarında neçə-neçə kitaba yerləşəcək məqalələri var. Ədəbi, ekoloji, iqtisadi mövzularda.
Fakt, rəqəm və poeziya, şeir... Bunların müsbət nəticə verən birləşməsi, qovuşması niyə, nədən, necə yaranmışdı? Mükəmməl savadın, dərin biliyin, geniş dünyagörüşünün və elmi diapazonun nəticəsi, bəhrəsidir bu. Məhz buna görə Tofiq Əbdülhəsənli müxtəlif mövzu və janrlarda qələm işlədə bilən müəlliflərdəndir. O, həm ədəbiyyatçı, həm jurnalist, həm iqtisadçı, həm də alim kimi yazmağı bacarır. Uzun illər mətbuatda çalışdığı zaman qələmindən çıxan çoxsaylı məqalələrdə filoloji təfəkkürü, jurnalist müşahidəsi və iqtisadi biliyi üst-üstə gələrək bir vəhdət yaradıb. Elə buradaca bir daha xatırladaq ki, o, 12 il "Azərbaycan" və 15 il "Respublika" (2003-2018-ci illər) qəzetlərində şöbə müdiri vəzifəsində çalışıb. Bu nüfuzlu mətbu orqanların səhifələrində əsasən Azərbaycanın iqtisadi inkişafı, müəllifi Ümummili Lider Heydər Əliyev olan yeni neft strategiyası, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətlə bağlı yüzlərlə publisistik məqaləsi dərc olunub.
İqtisadi mövzuda yazmaq, ələlxüsus qəzet məqaləsi yazmaq çətindir. Əvvəla, biliyin, mövzuya bələdliyin olmalıdır, ikincisi də burada gözəl sözlər yığımı kara gəlmir.
70 illik ömür yolunun hər mərhələsi elmi zəhmət, mənəvi zənginlik və ictimai məsuliyyətlə səciyyələnən professor Tofiq Əbdülhəsənli bu gün də yaradıcılıq enerjisi, prinsipial mövqeyi və ziyalı təfəkkürü ilə nümunədir. Onun fəaliyyəti Azərbaycan elminin və mədəniyyətinin inkişafında əhəmiyyətli yer tutur.
Yubiley münasibətilə görkəmli alimə möhkəm cansağlığı, uzun ömür, yeni elmi nailiyyətlər və yaradıcılıq uğurları arzulayırıq.
S.QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Dekabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















