TOYLARIMIZ Məmmədxan Əzizxanlı yazır
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Toy ciddi el yığnağıdır. Toyu qorumaq, varsalmaq (zənginləşdirmək) gərəkdir, zibilləmək yox.
Bu gün toylarımız - yeni ailə qurulması adıyla ən əziz gün əvəzinə, görməmişlik, israfçılıq, səs-küy işgəncəsi, yüngüllərin yarıçılpaqlığının topluma “mədəniyyət” kimi sırınması, toyxana sahibinin qonaqları bir-birilə uzlaşmayan, gərəksiz qidalar yeməyə zorlaması, yaxşı toy adətlərinin unutdurulması və yerində məntiqsiz, mənasız davranışlar - bütün bunların fonunda nəmər adına şişirdilmiş toy xərcinin qonaqlara “məcburi” ödətdirilməsi, qanun-qayda, əxlaq, adət saymayan, yarıbayarı zəhmətsiz gəlir vasitəsi olan toyxanalar pis vərdişlərinin yaranması yerinə çevrilib. Halbuki, toy ciddi el yığnağı olmaqla, həyat eşqimizin, arzularımızın qovuşduğu, oluşduğu yerdir.
Ən gərəkli, səmimi el adəti olmalı olan toyda sadalanan pisliklər ucbatından toy sevincimizi tam yaşaya bilmirik. Buna son qoyulmalı, pis toy gələnəyi qondarma işbazların əlindən alınmalı, öz keçmiş təyinatına-özəlliyinə qaytarılmalıdır. Bunun üçün toy süfrəsi yalnız sifarişçinin - toy sahibinin istəklərinə uyğun döşənməli, dünyəvi olmayan, əndərbadi, mənasız tamaşalar, əxlaqımıza yad, hər cür dini, cəhalət göstəriləri yığışdırılmalıdır, heç bir davranış normal həddini aşmamalı, bütün bunlara aparıcı - Toybəyi nəzarət etməlidir.
Toybəyi el adətlərimizi bilən, el arasında hörmətli, ötkəm, xoş davranışlı, obyektiv, təşkilatçılıqda yaradıcı qabiliyyətli, hamını yola verə bilən bacarıqlı birisi seçilməli, sonda el adətincə ona hər hansı formadasa toy xələti, nəməri verilməlidir.
İnsan həyatının ən əhəmiyyətli, dönüş anlarından biri də yeni ailə qurulmasıdır. Yeni ailə qurulmasının şadlıqla qeyd olunması məntiqidir. Toylar yüz illərdən süzülüb gələn otruşmuş qaydada aparılmalıdır. Toya hər hansı əlavə onun məzmununa uyğun gəlməlidir, içəriyinə, yəni mahiyyətinə zidd olmamalıdır, ardıcıllığını pozmamalı, məntiqi tamamlamalıdır. Toya, onu varsalladan ştrixlər, göstərilər əlavə oluna bilər, əks məzmunlular isə, yox. Klassik məzmununa uyğunsuz fraqmentlər toyu özəlliyindən uzaqlaşdırır, kimlərinsə maddi, siyasi, hətta pozucu maraqlarına xidmət elədiyindən buna yol verilməməlidir.
Toyda davranışlar öz həddini aşmamalı, bütün coşquyla paralel təmkin saxlanılmalıdır, yoxsa olayın şiti çıxar, toyun gözəlliyi itər. Toy, yalnız evlənənlər üçün çalına bilər, başqaları üçün yox.
İsrafçılıq - ən çox toyxana sahiblərinə sərf edir, çünki belədə, onlar qida adına zay, soyuq qidaları süfrəyə təkrar, gərəksiz qidalarını işə verməklə daha çox pul qazana bilirlər. Əgər şadlıq saraylarının sahibləri gərəkli xidmətləriylə yanaşı, belə yaramazlıqları etmədən halal pul qazansaydılar, mən onları qınamazdım. İsrafçılığın qarşısının alınması birbaşa toy sahibinin marağında olmaqla onun görəvidir, vəzifəsidir, bununla da o, həm maddi, həm mənəvi pozğunluğun qarşısını ala bilər, həm də toy xərcini azaldar, çünki sifarişçi odur, onun da sözü keçməlidir, yoxsa öz boyat qidalarını bizə soxuşdurmağa çalışan xidmətçilərin yox.

Yemək, həm də bərəkətdir. A kişilər, harda görünüb ki, toyda adı milli mətbəximizdə olmayan, mənşəyi bilinməyən, şübhəli yeməklər verilsin? Toyda verilməli olan milli yeməklərimiz – plovdur, çörəkdir, bozbaşdır, lülə və tikə kabablardır, göyərtidir, içkilərdir, çaydır, qalanları, gərəksidir, pul tələsidir. Plovun birinci yox, axırda verilməsi sanki toyu hörmətdən salmaq üçün düşünülüb. Çünki qabaqca o qədər gərəksiz yeməklər verilir ki, axırda plovu yeməyə nə mədədə yer, nə həvəs, nədə də plovda dad qalır. Mən plovu birinci verdirmişəm, qismət olsa yenə birinci verdirəcəyəm.
Toya gələn qonaqların hamısı musiqi adına salona ifraz edilən, qulaqlarımızı zorlayan, səs terrorundan əzab çəkir, ağız deyəni qulaq eşitmir, əhvallaşmaq üçün foyeyə çıxmalı olurlar, halbuki onlar burada musiqi dinləməklə, yeməklə, əylənməklə, oynamaqla istirahət etməliydilər. Səs-küyün marağında olanlar, toyu öz səviyyəsizliklərinə endirən qonaqlar, yarımçıq musiqiçi və müğənnilərdir. Çünki belədə yaranan tozanağda onların səhvi, xaric oxumaları ört-basdır olunur, bilinmir. Sanki, bütün qonaqlar səs gumbuldadan beş-üç eloktrosəsin əlində beş-altı saatlıq girovluqdadırlar.
Mən, 01.09.2025-ci il tarixdə “Sapfir”də toyda, çalançılardan səsin yarıbayarı azaldılmasını istədim, əksinə ikiqat artırdılar... Abrına qısılan qonaqlar da susur, işgəncəyə dözürlər. Toyun gedişi buraxılıb səs guppuldadanlarla, oynamaq adıyla atılıb, düşən uşaq-muşaqların ixtiyarına. Toy sahibi isə, görünür, toyun necə keçməsində yox, pulun nə qədər yığılacağında maraqlıdır.
Virtuoz, vokal səsli müğənni Şahin İsmayılov toy biabırçılığının bir səbəbini də toyun, evin kişisinin istədiyi və etməli olduğu kimi yox, kişinin, evin xanımının və uşaqlarının istəklərinə uyub indiki halda, kökümüzdən uzaq düşməklə aparıldığına razılaşmağında gördüyünü dedi. Məncə, o, haqlıdır. Axı, uşaq, toyu edən deyil, toyu ediləndir. Toya dəvət olunanların mütləq əksəriyyəti toy sahibi atanın, ananın qohumları, dostları, tanışlarıdır, demək toy da bir neçə tanışı olan gənclərin istəyi də nəzərə alınmaqla, əsasən böyüklərin zövqünə, istəyinə uyğun aparılmalıdır, amma indi bizim toylarda əksinədir. Ona görə də toyun ləzzəti qaçıb, toy bəzi qarmaqarışıq elmlər doktorları kimi, içərikdən uzaq, gubbultulu, tozanaqlı bir yığnaq olub.
Bəzi gəlinlər də daxil olmaqla, abrı yaddan çıxıb evdə qalan qadınlar üçün toy ən yaxşı fürsət yeridir - gecə alt paltarında, şəffaf, dar-düdük geyinənlər öz həyasızlıq dərəcəsinə uyğun olaraq hədlərini o qədər aşırlar ki, hətta abırlı geyinənlərə yuxarıdan aşağı baxırlar... Dağıl a dünya. Bəylə gəlin yalnız otaqda, yad gözdən uzaq, ancaq özlərinə aid intim ilişkilərin hələlik bir qismini – öpüşmədi, qucaqlamadı, suvaşmadı, qucaqda fırlatmadı, bir-birini yedirtmədi və sair kimi mübhəm, yad gözdən uzaq olmalı olan istəklərini görməmişcəsinə, qonaqlarla “bölüşərək” icra edirlər... Bununla da sanki, qonaqları öz etdiklərinə şərik etmiş olurlar, axı bu ayıbdır. Bəzilərinin açıq-saçıqlığı qız-gəlinlərimizə örnək olmamalıdır. Unutmamalıyıq, insanlığın ən böyük dəyərlərindən biri də insanın ayıb, abır sayılan yerlərini paltarla örtməkdir, açmaq deyil. Baxmayaraq, hamımız vəhşilikdən gəlmişik... ancaq, abırlı geyinmək- reallığının diktə etdiyi dünyəvi davranışdır, sosial sifarişdir, mədəniyyətdir. Axı biz, artıq min illərdir Türk Törəsilə yaşayan, “Üzündə yad izi var, sənə kim baxdı yarım” deyə, çağlayan həssas, tək ailəli, qeyrətli xalqıq... Pislikləri kəsib ataq, özümüzə yaraşdırmayaq.
Öz toyunda, yalnız bircə dəfə, axırda bəy tərifi zamanı oynamalı olan, “ağır oturub, batman gəlməli olan” bəy üzlü Bəyoğlan, gül üzlü Gəlinlə birlikdə, bambılı kimi, az qala toyun başlanğıcından axırınacan atılıb-düşənlərin ortasındadır... Hər kəs toyda 1-2 dəfə gözəl oynamalıdır, çox oynamaq yüngüllükdür, kimsəyə, xüsusilə Bəyoğlana, Gəlinqıza heç yaraşmayandır.
Toy üçün ən yaxşı örnək Üzeyir bəyin ssenarisi əsasında çəkilmiş “O olmasın, bu olsun” filmində toy səhnəsidir.
Mən, öz toyumu borca da olsa qonaqlardan pul yığmadan elədim, çünki özümə söz vermişdim, əhd eləmişdim (ancaq iki qohumum məndən gizli özləriyçün pul yığmışdılar), qohumlar, el-oba sağ olsun, toyu (17.09.1983) Qalada, Lənkəran Şadlıq Sarayında yola verdilər. Toyu gözəl səsli, Cəlilabadlı xanəndə Yusif Məmmədov (əzizləri torpağı sanı yaşasın) aparırdı, sonradan xalq artisti olan, unudulmaz Qədir Rüstəmov pulsuz-parasız, bircə sözümə Ağdamdan Lənkərana gəlmişdi (əzizləri torpağı sanı yaşasın), sinif yoldaşım, dostum Tofiq Ağayev deyir ki, toy iki xanəndənin yarışması ilə bəhsəbəhs, yaxşı keçdi. Bakıya gəlmək üçün yolpulunu da, üzümə üz bağlayıb, təzə tanışım Gülüdən (nikah pulunu) almalı oldum, cib xərcliyim də qalmamışdı. Toypulu borcumu qaytardım, ancaq yol pulunu 21 yığım (sentyabr) 1983-cü ildən bəri, hər ay bütün maaşımı da, indilərdə bütün pensiyamı da verməyimə baxmayaraq qaytara bilməmişəm, deyir, bəs eləmir, ödəmir... Qismət olsa, bir belə toyu da sonuncu olaraq, xanəndə Mustafanı - Bala Qədiri çağırmaqla eləməliyəm. İmkanı olan, ancaq mənim kimi borca girmədən, yol pulusuz qalmadan, beləcə, nəmərsiz, toypulu yığmadan toy eləsə yaxşıdır, bunun qürurlu ləzzəti ömürlükdür...
Toy-birinci saatında, əsas yeməklər veriləndə həzin, yüngül, aşağı tonlu musiqi ilə başlamalı, sonradan növbə ilə muğam, mahnı, saz havaları, rəqslər bir-birini əvəzləməlidir. Çalğı heç vaxt qonaqları yoracaq qədər gur olmamalıdır, onlara zövq verəcək qədər tonda olmalıdır. Belədə toy əzab yerinə yox, istirahət yerinə çevrilər. Toyu Toybəyi idarə edir, onun sözü qətidir, hər kəs sifarişini ona verməli və onun göstərişlərinə ciddi əməl etməlidir. Toy hamının qaydanı gözləməklə şənləndiyi, əyləndiyi ciddi ictimai yerdir. Toyda kimsə xoşagəlməz hərəkətə yol verməməlidir. Toy bir qayda olaraq 5-6 saata yekunlaşmalıdır, istisnalar ola bilər, istəyən bir neçə gün də toy çaldıra bilər. Qonaqlar bir qayda olaraq toyun axırını gözləməlidirlər. Toyun axırında, qonaqlar getməmiş, Bəyoğlanın, Gəlinqızın el adətincə tərifi, onlara nəmər, xələt verilməsi, qonaqların alqışlarıyla yola salınmasıyla şənnik yekunlaşır. Toyun alverə, əzab yerinə çevrilməməsinin qarşısını yalnız sadalanan qaydada olmaq olar.
Bu yazı bütün toyxanaların girəcəyində asılmalıdır.
Məmmədxan ƏZİZXANLI
Keçmiş prokuror


