“TRAMP UKRAYNAYA KÖMƏK ETMƏYƏ MƏCBUR OLACAQ” “Azərbaycana yuxarıdan aşağı baxan Avropa ölkələri elə zəifləsələr yaxşıdır”
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Hərbi analitik Azad İsazadə dünyada və regionda baş verən proseslərlə bağlı “AzPolitika”-nın suallarını cavablandırıb.
Hurriyyet.az müsahibəni təqdim edir:
- Azad bəy, Sizcə, Tramp hökumətinin Ukrayna ilə bağlı atdığı yeni addımlar nəyə söykənir? Ən müxtəlif təhlillər, versiyalar var. Siz nə düşünürsüz?
- Mürəkkəb məsələdir. Çünki bu gün heç kim deyə bilməz ki, Tramp nə zaman rol oynayır, nə zaman qeyri -ənənəvi ideyalar ortaya atır. Sadəcə, o öz psixoloji durumuna görə o, yaxşı ideyanı da eybəcər formada həyata keçirir. Elə götürək Ukraynanı. Deyir ki, dünyada 3 ildir müharibə gedir və mən bu müharibəni dayandırmaq istəyirəm. İdeya yaxşıdır. Amma bunu nə formada edir? Putinlə faktiki təslimçilik siyasəti aparır, işğala məruz qalan Ukraynaya isə “xox gəlir”. Fevralın 28-də Ağ Evdə nə baş verdi? Bir tərəfdən, guya Tramp və Vens Zelenskini alçaltmaq istədilər. Tramp həmişə deyirdi ki, hər bir biznes layihəsində əvvəlcə vəziyyəti kəskinləşdirmək lazımdır, sonra əks tərəf yarı qiymətə də razılaşacaq. “Xox gəldilər” və gözləyirdilər ki, bunlardan asılı olan Ukrayna bütün şərtlərə razı olacaq. Zelenski də tərsliyinə saldı, təslim olmadı.
- Oval kabinetdə baş verənləri həm də bir psixoloq kimi necə şərh edərdiniz? Nə baş verdi orada?
- İki ölkə lideri söhbət edən zaman heç kimin müdaxilə etmək səlahiyyəti yoxdur. Vitse-prezident belə, rəhbəri oturan yerdə icazə verməyiblərsə danışa bilməz. Böyük-kiçik məsələsi, hərəsinin öz statusu var. Trampın icazəsini almadısa, deməli qeyri-rəsmi icazəsi vardı ki, Vens söhbətə qoşuldu. Halbuki bu, sadəcə adi protokol görüş idi. Ən maraqlısı odur ki, rəsmi versiyanı televiziyada göstərəndə kamera elə qurulmuşdu ki, ancaq üçü efirə düşürdü. Sonra o biri kanallara baxanda görürük ki, orda adam daha çoxdur. Dövlət katibi Rubio bu mübahisədə özünü itirmişdi. Deməli, gözləmirdi bu vəziyyəti. Ukrayna tərəfdən Yermak və səfir oturmuşdu və s. Amma kamera Yermakı göstərmirdi. Vens, Zelenski və Trampı çəkirdi. Deyəsən, çəkən “Fox News” idi.
- Amma Trampa yaxın bir jurnalsit də bu təxribata qoşuldu…
- Bəli, jurnalist də çox tanınmış biri deyil. O, trampçı bir senator xanımın “boyfrendi” idi. Yersiz bir sual verdi. Bir həftə, ya 10 gün öncə Hindistanın Baş naziri Modi gəlmişdi Trampın yanına və ənənəvi milli geyimində idi. Heç kim heç nə demədi. O saat media Çörçilin hərbiyə oxşar formada Vaşinqtona gəlməsinin fotolarını yaydı… Zelenski dəfələrlə bu barədə açıqlama verib. Müharibə gedir və o, müharibə aparan ölkənin rəhbəridir. BMT-nin iclasında Fidel Kastro hərbi formada çıxış edib. Yadınıza gəlirsə, Qəddafi də BMT-yə mili ərəb geyimində gəlirdi.
- Ağ Evdə Zelenskiyə qarşı təxribat planlaşdırılmış ola bilərdimi?
- İstisna etmirəm. Bunlar Zelenskini sıxışdırıb təslim olmağa məcbur etmək istəyirdilər. Nəticədə nə baş verdi? Tramp bütün dünyaya elan edib ki, mən bu müharibəni dayandıracam. Müharibəni dayandırmaq üçün iki tərəf də razılaşmalıdır. Putin razı deyil. Bu görüşdən öncə Lavrov demişdi ki, heç bir atəşkəs ola bilməz. “Bizim dörd vilayətimizi” azad edib bizə qaytarsınlar, onda biz danışmağa başlayarıq. Trampın deməyindən isə belə çıxır ki, guya Putin sülh istəyir, Zelenski razılaşmır. Tramp bu müharibəni dayandırmaq məsələsində sözünün üstündə dayana bilmədi. Sözsüz ki, Tramp gözləmirdi ki, Avropa bu cür birləşəcək və Zelenskinin arxasında dayanacaq.
- Sizcə, Zelenski qarşıdurmadan qalib çıxa bildimi?
- Məncə, hə. Sözsüz ki, səhvləri oldu. Amma indi burda nə səhv axtaraq? Davada səhv hərəkət yoxdur. Əlimizin altında nə varsa onunla vururq. Kimi kərpic vurur, kimsə taxta götürür, kimsə dəmir... Davadan sonra başa düşürük ki, kərpic taxtadan daha yaxşı idi. Hətta bir psixoloji məqamı demək istəyirəm, mübahisə zamanı bir an Tramp özünü itirmişdi. Deyəndə ki, biz olmasaydıq üç həftəyə müharibə qurtaracaqdı. Zelenski dedi ki, bunu eşitmişik, Putin 3 gün demişdi.
- O zaman Vens müdaxilə etdi.
- Bəli. Tramp ikinci dəfə də özünü Zelenski “mən bura kart oynamağa gəlməmişəm” deyən zaman itirdi. Zelenski KVN yetirməsidir. Hazırcavablıq qabiliyyəti yüksəkdir. İkisi də şoumendir. Bu vaxt Tramp özünü itirdi və söhbəti dəyişdi. Mən hesab edirəm ki, Zenskinin bununla da Ukraynadakı nüfuzu artdı. Zelenski uduzmadı. Amma vəziyyət gərginləşir…
- Silah yardımını kəsirlər...
- Bəli. Bu gün xəbər yayılıb ki, silah verməyi dayandırır, yardımları kəsirlər. Amma 2025-cı ilin ortasına qədər Ukrayna döyüşə bilər. Tramp özü deyir ki, bu, Avropanın problemidir. Avropa aktivləşib və Ukraynaya pul, silah verəcək. Tramp çox güman ki, Avropanın ardınca Ukraynaya kömək etməyə məcbur olacaq. Amma söhbət təkcə Trampdan getmir. ABŞ Birinci Dünya Müharibəsində həmin işi elədi, heç bir tərəfi tutmadı, axırda görəndə ki, kim udur, onun tərəfini tutdu. İkinci Dünya Müharibəsində də eynisini etdi, 1943-cü ilə qədər qoşulmadı. ABŞ-nin əsas müttəfiqi Böyük Britaniya tək döyüşürdü.
- Tramp müharibəni bitirmək istəyir, amma Zelenskinin üzərinə gedir. Rusiya ilə işi yoxdur. Amma ortada işğal faktı var, beynəlxalq hüquq pozulub. Bəzi senatorlar, konqresmenlər isə hətta deyir ki, Tramp Putindən qorxur…
- Ola bilər. Tramp Putinə bir nümunə kimi baxır ki, o boyda dövləti özünə tabe elədi və onu idarə edir. Nə parlamentdən, nə mətbuatdan, nə də seçkidən asılı deyil.
- Simpatiyası var?
- Simpatiyası var. “Putin mən istədiyimi bacardı, mən də belə eləməyə çalışacam” deyir.
- Beynəlxalq mediada Trampın keçmişinə nəzər salırlar. Rusiya KQB-si ilə bağlılığını ortaya qoyurlar. Trampın fəaliyyəti də bu iddiaları gücləndirir. Məsələn, Pentaqon Rusiyaya qarşı kiber fəaliyyətin dayandırılması haqqında göstəriş verib. Sanksiyaların azaldılması ilə bağlı iş gedir. Birbaşa dialoqun, diplomatik münasibətlərin bərpası ilə bağlı artıq İstanbulda görüş keçirildi, səfir təyin olunub. Sizcə, belə bir bağlılıq mümkündürmü?
- Tramp ilk dəfə Moskvaya SSRİ vaxtı gəlmişdi. Hamımız bilirik ki, SSRİ-də hər bir xarici vətəndaş KQB-nin nəzarəti altına düşüb. Üstəlik, o zaman Tramp adi əcnəbi deyildi, milyarder idi. Sözsüz ki, KQB onunla maraqlanıb və hansısa əməliyyatlar aparıb. Demirəm agent ediblər, amma onun üzərində işləyiblər. Hətta hesab eləsək ki, Moskvada Trampa qarşı hansısa kompromat var, ortaya nələr çıxa bilər ki, Trampdan bunu indiyədək görməmişik? Onsuz da hər şey açılıb. Üzr istəyirəm, qadınlarla rəftarı, ailə problemləri, iflas olması, yalan danışması və sair. Tramp əvvəlki prezidentliyi dövründə, 4 il ərzində 20 min dəfə yalan söz deyib. Bunu hesablayıblar. Buna baxmayaraq, Amerika xalqı onu seçib. Onu açıq-aşkar ittiham ediblər ki, sən hansısa qadını zorlamısan.
- Ancaq yeni, təkzibolunmaz sübutlar çıxsa ki, Amerika dövlətinin başçısının Rusiya kəşfiyyatına bağlılığı olub, bu, Amerika üçün utanc gətirən bir məsələ olardı...
- Deyəcək yalandır. Məhkəmə sübut elədi ki, Trampın çoxlu günahları var. Hakim də dedi ki, mən prezident seçkisi bitənə qədər qərar çıxarmıram. Prezident seçiləndən sonra da onu məhkum etmək mümkün deyil. Mən bilmirəm, necə olursa Tramp çirkli sudan təmiz çıxır. Hətta bir fakt da var ki, o, iflas olan zaman Rusiya milyarderi onu xilas edib, oun hansısa obyektini ikiqat qiymətə alıb. Aydındır ki, onun Rusiyaya qarşı simpatiyası var. Sözsüz ki, Zelenskidən də zəhləsi gedir. Putin qapalıdır, özünü nümayiş etdirməyi xoşlamır, ona görə də onunla rəqib deyillər.
- Putin və Trampın simasında ABŞ və Rusiya arasında sürətli bir yaxınlaşma gözləyirsinizmi?
- Yaxınlaşma olsa da, ikisi də çalışacaq bir-birini aldatsın və istər-istəməz konflikt yaranacaq. Putin tam yaxınlaşa bilmir, çünki illərdir həddindən artıq anti-Amerika havası ilə öz cəmiyyətinin qulaqlarını doldurub. İndi bilmirlər necə sakitləşdirsinlər camaatı.
- Amma Kremlə yaxın bütün ruporlar bu yaxınlaşmanı tərənnüm edir...
- Rəsmi ruporlar hə. Amma bloqerlər deyirlər ki, bəs deyirdiniz, “Qərb Amerikanın başçılığı ilə bizim bütün varımızı əlimizdən almaq istəyir. İndi isə Putin deyir ki, gəlin aparın. Biz buna görə vuruşuruq?” Bir azdan Rusiyada itkilər bir milyona yaxınlaşacaq. Narazılıq var və Putin məcbur olacaq onları nəzərə alsın. Birdən-birə Putin Trampla əlaqəni istiləşdirə bilməz. Əsas məsələlərdən biri də odur ki, ortada Çin faktoru var. Çini satıb 4 illik Trampın tərəfinə keçmək? Strateji baxımdan bu, Putinə sərf eləməyəcək. Putin çalışacaq ki, Qərbi parçalasın. Putini sözsüz ki, bu vəziyyət qane edir – “Qərb dağılır”. Mask da dedi ki, ABŞ NATO-dan çıxmalıdır. “NATO dağılır”, bu da Putinə sərf edir.
- Bəs müharibənin taleyi necə oalcaq? Avropa hərbi teatrda ABŞ-ni əvəz edə biləcəkmi?
- Bəzi məqamlarda hə, bəzi məqamlarda yox. Məsələn, 3 il ərzində Ukrayna Qərbdən 800 tank alıb, tək ABŞ-dən isə 31. Amma “Patriot”, hansı ki, ən yaxşı hava hücumundan müdafiə sistemi ABŞ-dədir. Ukraynaya 3-4 ədəd verilib və bu gün onun hesabına Ukrayna nisbətən özünü müdafiə edə bilir. Bu baxımdan yardımlar dayanarsa. çətin olacaq.
- Bəs Kurskdakı vəziyyət nədən xəbər verir?
- Orada vəziyyət hələ mürəkkəbdir. Ukrayna ordusunun bir təchizat yolunu tam kəsməyiblər, amma o yol atəş altındadır. Yol işləyir, amma təhlükəlidir. Ümid edirəm ki, Ukrayna Kurskda mövqelərini necəsə saxlaya biləcək. Toretskdə tərsinə, Ukrayna hücuma keçib və bir neçə hərbi bölməni mühasirəyə alıb. Ümumilkdə Donetsk vilayətinin 40 faizinə Ukrayna nəzarət edir.
- Bu günlərdə Ukrayna Dnepr şəhərində böyük bir itki verdi.
- Bu, Ukrayna ordusu komandanlğının səhvi idi. Poliqon üzərində onların kəşfiyyat dronu uçurdu, bunu eşidiblər, fikir verməyiblər, əsgərləri həyətə çıxarıblar və orada onları “İsgəndər”-lə vurublar.
- Rusiya indi Trampın jestlərindən psixoloji baxımdan bir az dirçəlib. Amma döyüşləri aparmaq üçün güc lazımdır. Qarşıdakı illərdə Rusiyanın imkanları artacaqmı?
- Dünən məlumat çıxdı ki, “Şimal 2” qaz kəmərini açmaq istəyirlər.
- Sonra təkzib elədilər...
- Bu dönəmdə feyk məlumatlar çox yayılır. Biz bu müharibəni faktiki olaraq onlayn yaşayırıq.
- Zelenskinin istefaya getməsi haqqında çağırışlar var…
- Amma Zelenski bəyan edib ki, o, getməyə hazırdır. Sadəcə deyir ki, Ukraynanı NATO-ya qəbul edin və mən bilim ki, funkisiyam bitib, özüm getməyə hazıram. O, senator Qremə qəşəng dedi ki, mənim getməyimi istəyirsinizsə, gəlin Ukrayna vətəndaşlığını qəbul edin və mənim əleyhimə səs verin.
- Avropa Komissiyası bu gün bəyan edib ki, 800 milyard dollarlıq hərbi dirçəliş paketi hazırlayır. Britaniya və Kanadanın dəstəyini əlavə eləsək, Almaniyada yeni hakimiyyətin mövqeyini də nəzərə alsaq, Avropa sürətli bir hərbi dirçəliş yaşayacaqmı?
- Deyəsən,Tusk dedi ki, gülməli vəziyyətdir, 500 milyonluq Avropa 300 milyonluq ABŞ-dən xahiş edir ki, bizi 100 milyonluq Rusiyadan qoru. Sözündə məntiq var. 500 milyon birləşib nəyisə həll edə bilər. Sadəcə, birləşdirən bir fiqur lazımdır. İndiki liderlərinin içində onları birləşdirən lider Zelenski ola bilər. Bu gün Avropada iki real döyüş qabiliyyətli ordu varsa, biri Ukraynadır, biri də Türkiyə.
- Bəs Polşa?
- Birinci eşalonda deyil. Birinci eşalonda Türkiyə və Ukraynadır. Türkiyə onillərdir antiterror müharibəsi içindədir. Ukrayna da həmçinin. Ukrayna istəsə və avropalılar buna qəbul eləsələr, Zelenski lider kimi Avropanı birləşdirə bilər. Ona güclü resurslar da lazım deyil.
- Avropanın öz daxilində əks fikirlər var. Məsələn, Macarıstan qurumdan çıxarıla bilərmi?
- Avropalılar uzun müddət ABŞ-nin çətiri altında istirahət ediblər. İndi bundan imtina etməlidirlər. Ciblərindən xərci bir az da hərbiyə verməldirlər. Sosial layihələr, LGBT, pişikləri qorumaq, həftədə 4 iş günü etmək istəyirdilər. Bilirsiniz, döyüşkən olmaq çüün bir az ac olmaq lazımdır. Divanda outran birinin oradan qalxması çətindir, amma adi stulda oturan biri üçün yox. Niyə? Çünki divan daha rahatdır axı. Bunlar nəinki oturublar, divanda uzanıblar. Ukrayna isə stulda oturub.
- Bu gedişat bizim regiona necə təsir edir?
- Bacardığımızı maksimum əldə eləmişik. Hansısa xırda işlər qalıb. Bir kənd ora, bir kənd bura sərhəddi çəkmək və Naxçıvana yol açmaq. Siyasi baxımdan bizə qarşı çıxış edən qüvvələr zəifliyib, o cümlədən də Avropa. Biz deyirik ki, Avropa birləşsin, amma Azərbaycana yuxarıdan aşağı baxan Avropa ölkələri elə zəifləsələr yaxşıdır. Nümunə kimi Fransanı götürək.
Trampın heç vecinə də deyil ki, Qafqazda nə baş verir. USAİD-in bağlanması bizim xeyirmizə oldu. Bizə qarşı işləyirdi. Azərbaycan 10 milyonluq dövlət olmağına baxmayaraq, Ermənistana daha çox layihə verirdi. İndi o layihələr də kəsilir. Azərbaycan üçün vəziyyət yaxşıdır. Əsas məsələ odur ki, hərbi-siyasi qarşıdurmaya qoşulmayaq.
- Hansı istiqamətdə qoşulmaq ehtimalı var?
- Osmanlı İmperiyası Birinci Dünya müharibəsində Almaniya tərəfində döyüşdü, məğlub oldu və imperiya dağıldı. İkinci Dünya müharibəsində yeganə Avropa ölkəsi Türkiyə və İsveç idi ki, müharibəyə qoşulmadılar və inkişaf elədilər. Biz də neytral siyasət aparmalıyıq.
- Rusiya bu gedişatdan ruhlanıb Ukrayndan sonra Cənubi Qafqaz məsələsinə qayıda bilərmi?
- Birmənalı şəkildə hə. Ukrayna Rusiya üçün əhali, əsgər kimi lazımdır. Rusiya oradan 2 milyonu öz ordusuna qatsa, 5-10 ilə Polşanı belə işğal etməyə qadir olacaq.
- Perspektivə necə baxırsınız?
- Ermənistan yumşalıb. Başa düşürlər ki, arxasında dayanan yoxdur. ABŞ ilə bağladıqları strateji əməkdaşlıq xartiyası da işləməyəcək.
- Bəs sülh sazişi və Zəngəzur yolunun açılması necə?
- Zəngəzur yolunun açılması çox realdır. Çünki real olmasaydı yəqin ki, bu gün Azərbaycan dəmir və avtomobil yolunu sərhədə qədər çəkib gətirməzdi. Real olmasa idi bu xərci çəkməzdi. Deməli, nəsə real bir şey var ki, biz faktiki olarq buna hazırıq.

