Icma.az
close
up
RU
Türkiyə səfərimiz: Vətəndən Vətənə

Türkiyə səfərimiz: Vətəndən Vətənə

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Dekabrın 17-18-ində Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyədə rəsmi səfərdə olduq. Bu, Milli Məclisin sədri Sahibə Qafarovanın VII çağırış Milli Məclisə seçkilərindən sonra ilk rəsmi səfəri  idi və ölkə olaraq qardaş Türkiyənin seçilməsinin də simvolik əhəmiyyəti var, - düşünürəm. Çünki bizim Türkiyə ilə yaxınlığımızın tarixi, milli, mənəvi gerçəklərə əsaslanan ənənələri mövcuddur. Tariximizdə 1918-ci ildə Bakını ermənilərdən xilas edən Nuru və Mürsəl paşa örnəyi var, Şuşanın ilk fatehi, 1918-ci ildə Qarabağ ermənilərini Azərbaycan hakimiyyətinə tabe edən miralay, 28 il sonra Türkiyə Cümhuriyyətinin müdafiə naziri olmuş Cəmil Cahid Toydəmir nümunəsi var. 1980-ci ildə Gəncədə açılan və hərb tariximizdə müstəsna rol oynayan “Kiçik zabitlər məktəbi”nin məhz Türkiyənin köməyi ilə gerçəkləşməsi, ADR dövründə milli tədris cəbhəsində kadr çatışmayanda Türkiyənin Azərbaycana əlli nəfərlik müəllim heyətini göndərməsi də önəmli faktlardan biridir. Fikir həyatımızda mühüm rol oynayan Məhəmməd Fuad Köprülüzadə, İsmayıl Hikmət kimi ziyalıların işığından ədəbiyyat bugünə qədər də faydalanmaqdadır. Əlbəttə, mübadilə qarşılıqlı olmuşdur. Təkcə onu demək kifayətdir ki, çağdaş dünyəvi Türkiyə Respublikasının ideoloji əsaslarının müəyyənləşməsində Əli bəy Hüseynzadənin fikirləri də az rol oynamamış, “türkləşmək, müasirləşmək, islamlaşmaq” triadasının Türkiyədə təməli bu azərbaycanlı mütəfəkkir tərəfindən qoyulmuşdur. 1920-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulanda, hətta ondan əvvəl müəyyən səbəblərlə mühacirlik həyatı yaşayan fikir adamlarına ikinci vətən Türkiyə olmuşdur: Əli bəy Hüseynzadə, Mirzə Bala Məmmədzadə, Əhməd bəy Ağaoğlu və b. O Ağaoğlu ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuş, elə həmin il Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. O Ağaoğlu ki,  Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, “Hakimiyyəti-milliyə” qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi kimi fəaliyyət göstərmişdir.

Azərbaycanın milli-siyasi düşüncəsi bunları heç vaxt unutmur, unutmaz da. Bütün bu qardaşlıq, dostluq əzmi 2020-ci ildə, tarixi Zəfərimizin qazanılması zamanı yenidən təkrarlandı. Türkiyə bu zəfərdə bizə mənəvi-siyasi dəstəyi ilə böyük hərəkətverici qüvvəyə çevrildi və “bir millət, iki dövlət” olmağın qürurunu yaşatdı. Elə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla olan görüşdə bunu Sahibə xanım Qafarova da xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycan Türkiyə münasibətlərini  bu gün dörd kəlmə dəqiq ifadə eləyir: “Bir millət, iki dövlət”.

Dekabrın 17-18-də olan görüşün mahiyyətində bu yaxınlığı daha yüksək səviyyəyə qaldırmaq, iki qardaş ölkənin parlamentləri, bütövlükdə ölkələrimiz və xalqlarımız arasında münasibətləri daha da inkişaf etdirmək, bütün istiqamətlərdə uğurların sırasını artırmaq əsas qayə, əsas hədəf idi. Bu səfər bütün məqamları ilə əhəmiyyətli olsa da, daha çox üç görüşün faydalığını xüsusi qeyd etmək istəyirəm. Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, Sahibə xanım Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun görüşü, iki ölkənin Parlamentlərarası Dostluq Qruplarının nümayəndələri arasında baş tutan görüş!

 Dekabrın 17-də Milli Məclisin Azərbaycan-Türkiyə Dostluq Qrupunun sədri Əhliman Əmiraslanovun və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrımın rəhbərliyi ilə təmsil olunan nümayəndələr arasında baş tutan görüşdə həm bizim Milli Məclisin, həm də Türkiyə Böyük Millət Məclisinin bir sıra komitə sərdləri iştirak etdiyindən (səhiyyə və sosial məsələlər,  konstitusiya məsələləri, müdafiə və təhlükəsizlik komitələrinin sədrləri) gələcəkdə qarşılıqlı əməkdaşlıqla bağlı mühüm məsələlər haqqında danışıldı. Azərbaycan-Türkiyə münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması, eləcə də bütün türk dövlətləri və parlamentləri arasında yaxınlığın daha dinamik mərhələyə adlaması kimi məsələlər müzakirələr olundu, təkliflər verildi. Bir sıra məsələlərlə bağlı ortaq dəyərlər, ortaq yanaşmalar müzakirə predmetinə çevrildi ki, başlanğıcı, zəmini uğurla qoyulan bu  məsələlərin zamanla gerçəkləşəcəyinə də əminik. Məsələn, orada belə bir fikir rəğbətlə qarşılandı ki, yaxın vaxtlarda türk dövlətləri parlamentlərinin dostluq qruplarının birgə konfransı təşkil olunsun və qanunlarımızın bir-birinə yaxınlaşdırılması istiqamətində işçi qrupları da fəaliyyət göstərsin. Eyni zamanda, dekabrın 7-də Türkiyədən  Azərbaycan parlamentinin 106-ci  ildönümünə görə ölkəmizə gələn deputatlar öz razılıqlarını bildirdilər. Onlar xüsusilə Şuşa, Xankəndi, Xocalı, Xocavənd və Füzuliyə səfərlərini məmnunluqla ifadə etdilər, səfərlə bağlı zəngin təsəssüratlarını bölüşdülər. Azərbaycanın qısa müddətdə işğaldan azad edilən ərazilərdə gördüyü işlərdən heyrət və qürurla bəhs etdilər. Bu söhbətdə həmçinin Qərbi azərbaycanlıların doğma ata-baba yurdlarına qayıdışı məsələsi də müzakirə olundu. Yeri gəlmişkən, qeyd edim ki, bunu mətbuat konfransında Numan Kurtulmuş da xüsusi vurğuladı. Bir daha göstərdi ki, Qərbi Azərbaycan amili bizim qədər Türkiyənin də diqqətində olan məsələdir və onlar bu məsələdə də bizə beynəlxalq səviyyədə hər cür dəstək verməyə hazırdırlar.

Bütün hallarda Azərbaycan-Türkiyəni birləşdirən ortaq mənəvi bağlar möhkəmdir. Bunu dekabrın 18-də Anıt məzarı ziyarət edərkən, Ümummilli lider Heydər Əliyevin Türkiyədə ucaldılan  abidəsi önünə gül dəstəsi qoyarkən bir daha hiss etdik. Sahibə xanım Qafarovanın hər çıxışında məhz bu məqamlara vurğu salması, iki qardaş ölkəni birləşdirən ortaq tarixi-siyasi-mənəvi dəyərləri önə çəkməsi, eləcə də 2021-ci ildə iki ölkənin başçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış və ondan sonra münasibətlərin yüksələn xətlə inkişaf etdirildiyi Şuşa Bəyannaməsinin mənəvi həyatımızda oynadığı müqtədir rolla bağlı əsaslı fikirləri bu bağın, bu yaxınlığın daha da ucalara qaldırılacağı əminliyi doğururdu. Bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün Zirvə məqamını yaşayır. Elə bu yaxınlarda, dekabrın 19-da Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçildikdən sonra ölkə başçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi təşəkkür məktubunun mətni böyük mənəvi bağlılığın göstəricisi idi: “Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.”

Türkiyə öz adını millətlərin və xalqların demokratiya və istiqlal xəritəsinə çoxdan həkk etmiş, ayağını dörd dənizə məhkəm dayayan azad, məğrur bir dövlətdir. Böyük tarixi-siyasi aşamalardan keçib öz hüququnu, namus və şərəfini bərpa edən Azərbaycan da indiki tale və statusla özünü Türkiyə ilə vahid etnik məhvərdə dərk etməyə imkanlar açır, kültürlərin qaynayıb-qovuşduğu siyasi-mənəvi-mədəni birgəlik modelinə çevrilir  və bu birgəlik yeni bir mərhələyə qədəm qoyur artıq. Dünya miqyasında siyasi, iqtisadi, elmi, mədəni inteqrasiyanın yüksək hüduda çatdığı şəraitdə Azərbaycanın ən yeni tarixi tərəqqisi üçün  yeni kontekst, şübhəsiz ki, Türkiyə və türk-islam dünyası ola bilər. Dekabrın 17-18-də baş tutan görüş də əsası çox əvvəllərə gedib çıxan bu dostluq, qardaşlıq körpüsünün dayaqlarını daha da möhkəmləndirmək yolunda uğurlu bir addımı ifadə etdi.

Bir məqamı da demək istəyirəm. Geri dönmək üçün, Esenboğa hava limanına gedərkən, yolda üzərində böyük türk şairi Nazim Hikmətin şəkli olan böyük bina nəzərlərimi cəlb etdi. “Nazim Hikmet Kültür Merkezi”! Şairin Azərbaycan ictimai-mədəni həyatı ilə yaxınlığını, onun Azərbaycan sevdasının ilkin poetik bəyannaməsi olan “Neftə doğru” şeirini, “Günəşi içənlərin türküsü” adlanan ilk şeirlər kitabının 1927-ci ildə Bakıda çap olunmasını, Azərbaycana dörd dəfə etdiyi səfəri və sonuncu səfəri zamanı -1957-ci ildə  Bakı Dövlət Universitetinin akt zalında etdiyi çıxışı xatırladım qeyri-ixtiyarı: “Mən Türkəm, siz də Türksünüz, ruhumuz, gələnəklərimiz bir, xalqlarımız, dillərimiz qardaşdır”!

Bu gün Nazim Hikmətin, bu böyük şairin arzuladığı münasibətlər dalğasında yollarımız kəsişir və qovuşur. Elə onun bütün dünyaya dostluq, qardaşlıq mesajları ötürən misralarının da timsalında həmçinin. “Bir günlük də olsa öğrensin dünya arkadaşlığı”, - deyirdi böyük Nazim Hikmət! Sənətin qayəsində dayanan harmoniya, birlik, sülh istəyi heç vaxt nizamını pozmur. Və o yerdə güclü olur ki, tarixi proseslərin gedişində özünün idealdan  gerçəkliyə çevrilmə əzminə şahidlik edir. Necə ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dost, qardaş olmağın örnəyini verir bütün yer üzünə. Amma bir günlük deyil, bir ömür boyu, əbədi!

ELNARƏ AKİMOVA,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see446

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see226

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see201

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see187

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see186

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see185

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see181

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see180

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see180

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see179

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see177

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see172

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see171

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see171

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see171

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see166

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see165

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri