Icma.az
close
up
RU
Vətən savaşının bədii və hüquqi tərənnümü

Vətən savaşının bədii və hüquqi tərənnümü

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq şairi, yurdsevər publisist, istiqlal mübarizi Sabir Rüstəmxanlının 2020-ci ilin noyabr ayında dərc olunmuş “Qarabağa dönüş” poeması ilk oxunuşdan dillər əzbəri oldu. Həmin dövrdə coşub-daşan Qələbə təntənəsinin, Zəfər duyğularının təsiri altında bu şanlı mənzuməni yaşanan öyünc və sevincin ifadəsi poetik dastanı kimi qiymətləndirmişdim.

Digər vətənpərvər ziyalımız, tanınmış hüquqşünas, fəlsəfə doktoru, yetkin qələm sahibi Vafəddin İbayevin bu yaxınlarda nəşr olunmuş “Suverenliyin zəfər yolu” kitabını oxuyanda yenidən 5 il əvvəlin Zəfər təntənələrinin bəxş etdiyi ovqatı yaşadım. Sabir müəllimin şeiriyyətində əksini tapmış ideya-məzmunu Vafəddin müəllim hüquqi dillə ifadə edib. Elə buradaca poeziya ilə hüququn ortaq ifadə nöqtələrini axtarmağa başladım. Hər iki əsərin qayəsinə ədəbi-bədii, fəlsəfi-tarixi, siyasi-hüquqi prizmalardan baxdıqda müəlliflərin fərdi yaradıcılığının – poeziya ilə hüququn eyni mövzu ilə bağlı vəhdət təşkil etdiyinə, hətta bir-birini tamamladığına əmin oldum.

Şair Sabir Rüstəmxanlı poemada Qarabağ dərdini bir zamanlar üçün “yaramızdan axan qan”, “ətalət yuxusu” kimi qiymətləndirir, bu dərddən ürəyimizin “çilik-çilik” olmasını qeyd etməklə, xalqın qəflət yuxusundan oyanmasını, soydaşlarımızı, torpaqlarımızı əsir etmiş yağılara qarşı mübarizəyə qalxmasını, paralanmış ürəyimizin bütövləşməsini arzulayan şair harayını ucadan səsləndirirdi.

Poemada Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların səmərəsizliyi, Azərbaycan əsgərinin mübarizəyə hazırlanması, onun Xocalı qisası, torpaqlarının azadlığı uğrunda mübarizəyə atılması, Şuşanın sıldırım qayalarına qalxaraq düşmənə gözlənilməyən istiqamətdən qəfil zərbələr endirərək Zəfəri əldə etməsi bədii sözün əlvan və alovlu çalarları ilə təsvir edilib.

Hüquqşünas Vafəddin İbayev isə eyni məsələləri daha çox siyasi və hüquqi müstəvidə nəzərdən keçirib. Hüquqşünas həmkarımızın qələmə aldığı, Hüquq və İnsan Haqları İnstitutunun nəşr etdiyi “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər“ kitabı Zəfər yürüşünün 5-ci ildönümü günlərində oxucuların müzakirəsinə təqdim olunmaqla yenidən yaşanan təntənələrlə həmahənglik yaratdı.

Kitab 44 günlük Vətən müharibəsi günlərində Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını, müsahibələrini gündəmə gətirməklə bizi 30 il səbirsizliklə gözlədiyimiz o günlərə qaytardı. Kitabı vərəqlədikcə, xalqı Zəfərə aparan ali çağırışları, həqiqət saçan nidaları, bədxah sualları və qətiyyətli cavabları dinlədiyimiz, oxuduğumuz həmin 44 günün ümidli və həyəcanlı günlərini bir də, lakin bu dəfə arxayınlıq və fərəhlə yaşadıq.

Vafəddin İbayev kitabda müxtəlif beynəlxalq sənədlərə müraciət edib, beynəlxalq hüquq normalarının təfsirini, müxtəlif siyasi proseslərin təhlilini verib. Müəllifin Qurani-Kərimin ayələrinə, onların şərhinə, ulu Dədə Qorqud sözünə, ünlü yazıçı və şairlərimizin əsərlərinə, Aristotel, Makiavelli kimi filosofların, görkəmli siyasətçilərin fikirlərinə, fatehlərin sərkərdəlik məharətlərinə müraciət etməsi kitabı zənginləşdirərək daha da maraqlı edib.

Qarabağ Zəfəri haqqında yazılmış müxtəlif yazılarda, kitablarda müəlliflərin eyni məsələlərə oxşar münasibət bildirməsi təbiidir. Çünki Qarabağ Zəfəri birdir, onun əldə olunması üçün çəkilən zəhmət, fədakarlıqlar, bu proses zamanı cərəyan edən hadisələr də eyni mənbədən qaynaqlanıb, eyni hədəfə – işğal altında olan torpaqların azadlığa çıxarılmasına həsr edilib.

Bu mübarizədə baş vermiş hadisələrə münasibətlər, baxışlar, yanaşmalar müxtəlif və fərqli olub. Bəzi hallarda isə müxtəlif yanaşmaların biri-birini tamamlaması, inkişaf etdirməsi müşahidə edilib. Eyni hadisə və məram barədə müxtəlif əsərlərin mövcudluğu bu gerçəyin daha yaxşı və hərtərəfli dərk olunmasına kömək edib.

Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması bu ricətlə başlayır:

Yaramızdan axan qan qan deyil, qorxumuzdur,
Ağrılarla qovulan ətalət yuxumuzdur.
Dünən ağladığıma bu gün qəlbən gülürəm,
Ölüydüm yaşadıqca, dirilməyə gedirəm.
Nə bu ölüm yenidir, nə yarımcan dirilik,
Üzdə bütöv olsam da, ürəyim çilik-çilik...

Eyni ağrını, “nəğmənin ağıya”, “laylanın göz yaşına” dönməsini Vafəddin İbayev 417-ci ildə Qal şairinin “Tanrının bəsirəti haqqında nəğmə” şeirində ölkəsinin 10 ildə məruz qaldığı fəlakətinin təsviri ilə müqayisə edir: “Bu naməlum şair şeirində həmvətənlərinin məruz qaldığı bəlaları “Əhdi-ətiq”də ifadəsini tapan müddəalarla əsaslandırır, eyni zamanda, onun çağırışları insanları mübarizəyə səsləyir: “Əgər bu qalalar verilməyibsə... onda bu əllərlə yaradılmış gözəlliklər Allahın seçdiyi xalqın xeyirxahlıqlarına şahidlik etmək üçün yaşamalıdır”.

Bu parça “Əhdi-ətiq”i xatırladır: “Allahın seçdiyi xalq düz yoldan yayındığına görə məhvə məruz qalır”. Lakin mətnin ikinci gizli mənası da var: “Əgər sizdə bir azca da olsa daxili qüvvə qalıbsa, gəlin, günahlarımızın boyunduruqlarını silkələyib, zəncirləri qıraq və bizim vətənimizə azadlıq və şöhrəti qaytaraq”.

Sabir Rüstəmxanlı:

Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır.
Haqq-ədalət yolunda sonadək savaşmaqdır,
Sağalmaz yara olar boyun əymək düşmənə.
Ömrüm sığışa bilməz parçalanmış Vətənə.

Vafəddin İbayev düşmənə qarşı mübarizə aparılmasının zəruriliyi ilə bağlı Heydər Əliyevin 1993-cü ildəki çıxışına müraciət edir: “İndi gərək hər kəs Vətən, torpaq, namus yolunda öz payını, öz borcunu versin. Xalqın övladları bu torpaqda doğulub dünyaya gəliblərsə, atalarımızın, babalarımızın ruhu bizim üçün müqəddəs və əzizdirsə, öz borcumuzu verməliyik. Bu hamının borcudur”. Bəli, artıq hər kəs bilirdi ki, Vətən hamımızındır və onu birgə qorumalıyıq.
Müəllif sonra bildirir ki, Azərbaycan övladları: “Vətən yolunda öldü var, döndü yox!” şüarı ilə ancaq irəliyə baxırdılar, onlar üçün geriyə yol yox idi... Torpaqdan güc alan Azərbaycan əsgəri hər kəndi, hər obanı, hər yüksəkliyi azad etdikcə daha da fərəhlənir, qələbədən-qələbəyə inam qazanır, düşmənin bir vaxtlar zəbt etdiyi torpaqları xarabazarlığa çevirməsindən doğan nifrət onu işğalçıları qovmağa, Azərbaycan torpaqlarından çıxarmağa səsləyirdi”.

Sabir Rüstəmxanlı:

İşğal ordusu durdu işğalçının yanında
Boğdu öz şərəfini Xocalının qanında.

Hüquqşünas isə erməni əsilli Fransa jurnalisti Berain Siracyanın “Hücumdan əvvəl” məqaləsindən sitat gətirir: “Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim… Ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik”.

Vafəddin İbayev daha sonra yazır: “İlham Əliyev müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə, onların mandatlarına müvafiq olaraq qərəzsizlik nümayiş etdirməli olduqlarına münasibət bildirərək qeyd edirdi ki, Fransanın son günlərdəki mövqeyi onların vasitəçilik missiyalarına müvafiq olmamış, onlar əsassız olaraq Azərbaycan və Türkiyəni münaqişəyə muzdlular cəlb etməkdə ittiham etmiş, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir” kimi şüarlarla çıxış etmişlər.

Fransa dövlət başçısının bu cür fəaliyyəti həmin ölkədə yaşayan erməni diasporunun təsirinin nəticəsi olsa da, Fransanı nüfuzdansalıcı bir hərəkət kimi dəyərləndirilməlidir. Tarixi təcrübə digər dövlətlər kimi, Fransanın da beynəlxalq aləmdə bir qayda olaraq, ədaləti deyil, özünün maraqlarına xidmət edən siyasət həyata keçirməsini təsdiq edir”.

Sabir Rüstəmxanlı:

Hüquq donub, haqq batıb, dünya eşitmir, kardı.
Qatilə dur deməyən özü də günahkardı.

Vafəddin İbayev bu məsələni hüquq prizmasından şərh edir: “Əslində, Azərbaycan Ermənistan tərəfindən müharibənin başlanma təhlükəsini hiss etmiş və təxminən bir həftə əvvəl BMT kimi nüfuzlu beynəlxalq təşkilatın tribunasından Ermənistanın bu niyyətinin qarşısının alınmasını, onun dayandırılmasını beynəlxalq ictimaiyyətdən tələb etmişdi. Lakin həmişəki kimi, yenə də beynəlxalq ictimaiyyət cavab reaksiyası verməmişdi”.

Sabir Rüstəmxanlı:

Dünya özü də bilmir istəyi nədir bizdən,
Otuz il qara duman əksilmir üstümüzdən.
Sanki görmür kor gözü – Vətənimdir burası.
O millətlər birliyi, bu dövlətlər şurası...
Hamısının ağzında eyni çürük saqqızdı,
Hamı siyasət qurdu, quzu–yurdum yalqızdır.

Vafəddin İbayev Uinston Çörçillin Fulton nitqində qeyd etdiklərini yada salır: “Çətinliklər və təhlükələr biz onları sezməsək belə aradan qalxmayacaqdır. Biz hər şeyi öz axarına buraxdığımız və nə baş verəcəyini gözlədiyimiz zaman da onlar yoxa çıxmayacaqdır. Əgər biz əmin-amanlıq siyasətini həyata keçirsək, bu halda da onlar yoxa çıxmayacaqdır. Nizamasalma lazımdır. Biz nə qədər uzun zamana bunu təxirə salsaq, onu əldə etmək bir o qədər çətin olacaq, bizi hədələyən təhlükə bir o qədər artacaqdır”.

İlham Əliyev U.Çörçillin 74 il əvvəl söylədiklərini bilirdi, həm də bunları 17 illik prezidentlik təcrübəsində yaşamışdı. İlham Əliyev bir həftə əvvəl, BMT-nin sessiyasında təcavüzkar dövlətin cilovlanmasının zəruriliyini bildirəndə də BMT-nin, beynəlxalq ictimaiyyətin bu xəbərdarlığa, həmçinin biganəliklə yanaşacağını da bilirdi”.

Sabir Rüstəmxanlı:

Ancaq birdən göylərdən bir şimşək çaxıb keçdi,
Həqiqət min yalanı yandırıb yaxıb keçdi.
Savaş deyən sərkərdə milləti oyandırdı,
Hər ürəkdə ümiddən çilçıraqlar yandırdı.

Vafəddin İbayev isə yazır: “Azərbaycan gəncləri də, Azərbaycan xalqı da artıq xoşbəxtliyin necə əldə ediləcəyini bilirdi. Bunun üçün mübarizə aparmaq lazım idi. Ordu bu mübarizəyə hazırlanmışdı. Onlar 2016-cı ilin aprel ayından sonra düşmən üzərində bir neçə dəfə qələbə qazanmışdılar və artıq Ermənistan ordusu üzərində qələbə qazanmağa onlarda əminlik vardı. Orduda çalışanlar bilirdilər ki, “kim ki, qılıncının qara dəstəyindən möhkəm yapışmaq istəmir, onun iti ucu özünə tərəf dönəcəkdir”.

İlham Əliyev inamla bildirirdi ki, Azərbaycanı öz məqsədlərinə çatmaqdan heç bir qüvvə yayındıra bilməz: “Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.

Vafəddin İbayev 2006-cı ildə qələmə aldığı “Xarıbülbül həsrətində” yazısına istinadla yazır: “Reallıq isə belədir ki, Qarabağda doğulmasam da, Qarabağı Vətənimin bir parçası, Üzeyirin, Xan qızının, Bülbülün vətəni, gözəllik təcəssümü kimi sevirəm. İstəyim, arzum bir daha Cıdır düzündə gəzib o əzəməti, o gözəlliyi duymaqdır. Qışda lopa-lopa yağan qarda gəzib Şuşanın təmiz, saf havasını udmaq istəyirəm. Yayda istinin cırhacırında İsa bulağının suyundan içmək, “Qarabağ şikəstəsi”ni Qarabağda dinləmək istəyirəm. Cıdır düzündə dizimi torpağa qoyub Xarıbülbülün gözəlliyinə tamaşa etmək, ətrini duymaq istəyirəm. Bir də inandıqlarım var. O gün gələcək, arzularım çin olacaq. Buna inanıram”.

Sabir Rüstəmxanlı:

Tələs, igid əsgərim, havalar soyuqlaşır.
Təpələr çallaşmada, bir azdan qış gələcək.

Vafəddin İbayev, sanki, şairin narahatlıqlarının əsaslılığını sübut etmək üçün N.Makiavelliyə müraciət edir: “Hələ üç əsr əvvəl N.Makiavelli yazırdı: “Qış müharibəsindən təhlükəli və ehtiyatsız heç nə yoxdur. O, xüsusən müdafiə olunandan daha çox, hücuma keçən üçün təhlükəlidir...”. Yağıntılı hava və şaxta ordunu məcmu halında səfərbər etməyə və düşmənə qarşı vahid kütlə kimi durmağa imkan vermir. Ona görə də möhkəm qurulmuş ordunun yaradılmasına sərf olunmuş zəhmət əbəs yerə yoxa çıxır”.

Hüquqşünas torpaqların müdafiəsi üçün fədakarlığın zəruriliyini Heydər Əliyevə müraciətlə əsaslandırır: “Hər bir insanın özünə görə qiyməti var, hər kəs atası-anası, qardaşı-bacısı üçün, ailəsi üçün ən qiymətlidir. Bizim heç birimiz həlak olanlardan qiymətli deyilik, o cümlədən mən də. Ona görə də Kəlbəcəri, başqa torpaqlarımızı da müdafiə etmək lazım idi. Bəlkə də beş dəfə, on dəfə artıq qurban vermək lazım idi, ancaq müdafiə edib öz torpağımızda alnıaçıq, üzüağ oturmaq lazım idi. Ola bilər, yarımız qırılaydıq, amma yarımız öz torpağımızda qalardıq. İndi nə olsun ki, əksəriyyəti çıxıb gəlib, qaçqın düşübdür. Torpaqlarımız da, burada düz dedilər, yağıların əlindədir. Güman edirəm ki, biz bundan sonra bütün işlərimizə, həyatımıza, hökumətimizə, dövlətimizə, respublikamıza, torpaqlarımıza əsl vətənpərvər kimi münasibət göstərməliyik”.

Sabir Rüstəmxanlı:

Tikiləcək kəndlərim, sonsuz cah-cəlalıyla.
Erməni dil uzadıb “Qarabağ” deyəndə vur,
Dəmir quşlar uçuşsun qartallarla yanaşı,
İlanı yuvasında, bayquşu göyündə vur!

Vafəddin İbayev yazır: “İlham Əliyev uzunmüddətli müharibə aparılmasını istəmirdi. Onu müharibə deyil, azad ediləcək torpaqlarda yeni yaşayış məskənləri, təhsil ocaqları, sağlamlıq mərkəzləri, idman stadionları, yollar, hava limanları, aqrar və sənaye parkları, “Qarabağ şikəstəsi”nin Qarabağda hər tərəfə yayılacağı, insanların qurub-yaratmaq eşqi ilə həyat sürəcəyi məkanlar qurmaq maraqlandırırdı. O, qurub-yaratmaq, tikmək, inkişaf etdirmək üçün yaranmışdı. Onun çağırışı dağıtmaqda deyil, yaratmaqda, inkişafda idi”.

İlham Əliyev də münaqişənin sülh yolu ilə nizama salınmasına çox çalışdı. 17 il münaqişənin danışıqlar yolu ilə nizama salınması üçün saysız-hesabsız görüşlər keçirdi, müzakirələr apardı, çıxışlar etdi, Ermənistanın iqtisadi inkişafı ilə bağlı güzəştlər təklif etdi. Lakin Ermənistan tərəfi sağlam düşüncə nümayiş etdirə bilmədi.

Vafəddin İbayev yazır: “Hz. Peyğəmbər tərəfindən “şəhid” sözünün Allah yolunda canından keçən mənası da işlədilmişdir: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”. Vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü haqq işə fəda etmək şəhidliyin əsas əlamətidir. Bu zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar vətən, millət, dövlət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər. Şəhidlər xalqın, millətin milli qürur mənbəyi, milli iftixar hissi, and, namus yeri, baş tacı hesab olunur. O torpaqlar Vətən hesab olunur ki, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları, şəhidləri var”.

Sabir Rüstəmxanlı:

Daşlar soyuq, sürüşkən, altda dibsiz uçurum,
Qayaların başında düşmən əsgəri min-min.
Yağış ol, dumana dön, düşmən duyuq düşməsin
Gözündəki şimşəyi görənə kimi sənin.

Vafəddin İbayev: “İlham Əliyev digərlərinə mümkünsüz görünən işi Azərbaycan əsgərinin görə biləcəyinə inanırdı. O, mümkün olmayanı həyata keçirmək üsulunu tapmış, təlimlərdə Azərbaycan əsgərini buna hazırlamışdı. Azərbaycan əsgərinin sıldırım qayalara dırmanıb gözlənilmədən Şuşa şəhərində meydana çıxması düşmən arasında vahimə toxumu səpdi, onu lərzəyə saldı. Sadə yolu keçmək asandır, lakin bu yolun sonunda əsl qiymətli nəsə nadir hallarda olur. Mümkün hesab olunmayan yoldan zəhmət, əziyyət, qətiyyət hesabına məqsədə doğru irəliləmək mütləq bəhrəsini verməlidir. Allah-taala zəhməti qiymətləndirir. İnsan əlindən gələni etməli, sonra Allaha təvəkkül aparmalıdır”.

Sabir Rüstəmxanlı:

Əsgərin silahı yox, əmrin özü silahdır,
Bu əmr özü qanaddır, qaldırır uçurumdan.

Vafəddin İbayev yazır: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı müharibə yeni dövrün müharibəsi idi. Yeni texnologiyalardan istifadə olunmaqla düşmənin texnikası və canlı qüvvələrinə endirilən dəqiq zərbələr döyüşlərin taleyinin həllində mühüm rol oynayırdı. Azərbaycan əsgər və zabiti yeni texnologiyalardan məharətlə istifadə etməklə yanaşı, döyüşlərin bütün növlərində, hətta əlbəyaxa döyüşlərdə də qəhrəmanlıq nümunələri nümayiş etdirirdi”. Müəllif çətin döyüş epizodlarından misallar gətirməklə Azərbaycan əsgərinin şücaətini Qədim Roma əsgərlərinin qəhrəmanlıqları ilə müqayisə edir.

Sabir Rüstəmxanlı:

Ona gülməli gəlir bizim son niyyətimiz,
Min-min gözdən yayınıb Şuşaya qalxa bilmək.
Ölkələrə əl açan erməni ümidiylə
Erməni ordusunu bir əllə boğa bilmək!
Gecənin havasını doldurub ciyərinə
Bilir ki, vuruşacaq yüz dostunun yerinə.
Bu qoyun sürüsünə qurd kimi saldırmalı,
Qoynundakı bayrağı Şuşada qaldırmalı!

Vafəddin İbayev “Kitabi-Dədə Qorqud”a müraciət edir: “Azərbaycan əsgəri düşmən tərəfindən müəyyən edilmədən Şusa şəhərini çiyinlərində saxlayan qayalara çatmaq üçün günlərlə meşə cığırlarını, dərələri keçib, dağları aşıb, uzun məsafə qət etmişdi. Onların çətin keçidli uzun məsafəni qət etdikdən sonra qayalara dırmaşıb şəhərə daxil olması son dərəcə yüksək fiziki hazırlıq, dözüm, cəsarət, Dədə Qorqudun dili ilə desək, “ciyərli olmaq tələb edirdi: “O gün ciyərli, cəsur igidlər bəlli oldu”.

Sabir Rüstəmxanlı:

Şuşam uca olsa da, bayraq ondan da uca,
Altında keşik çəkib mən də baxım doyunca.
Sonra düşmən gülləsi sinəmdə yanır, yansın,
Təki Vətən göyündə bayrağım dalğalansın!

Vafəddin İbayev şairin “Təki Vətən göyündə bayrağım dalğalansın!” fikrini öz sözləri ilə bu cür ifadə edir: “Bu yol çətin, lakin şərəfli bir yol idi. Bu yol əsgər üçün qan-tər, əzab-əziyyət, partlayış, güllə, yanğın, bəzən şəhidlik və şikəstliklə müşayiət olunan, lakin dövlət bayrağı ellərimiz, obalarımız üzərində dalğalananda hər cür əzabı ona unutduran bir yol idi. Bu yol yuxusuz gecələr, səksəkəli günlər yaşayan, uzun gecələri Allah-taalaya dualarla keçirən, balasına qovuşmaq həsrəti ilə saçlarını ağardan, Vətən torpaqlarında üçrəngli bayrağımızın dalğalandığını görüb şəhid balasının bu an üçün qurban getməsinə dözümlə: “Təki Vətən sağ olsun”, - deyən anaların, gözləri yol çəkən, Vətənin müdafiəsi ilə bağlı toy-busatı təxirə salınmış nişanlı qızların, qardaşına görə narahat bacıların həsrət yolu idi”.

Sabir Rüstəmxanlı:

Bu bizim haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız.
Vur, əsgərim, vur! - deyə əmr eləyir Komandan
Qoy bir də yurdumuzda tokülməsin nahaq qan.
Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,
Başımızın üstündə üçrəngli bayrağımız!

Geriyə baxmadan qaçan erməni əsgərlərinin vəziyyətini Vafəddin İbayev L.Tolstoyun təbirincə ifadə edir: “Qaçan heyvanın başına vurmaq yox, bəlkə, qamçını onun başı üzərində saxlamaq, heyvanı qorxutmaq daha faydalıdır”.

Sabir Rüstəmxanlı:

Azərbaycan içindən doğulur, diqqətlə bax,
Xalqın ruhu bütövsə, bütövdür gələcəyi!

Vafəddin İbayev yazır: “İlham Əliyevin qələbələrin əldə olunmasında mühüm amil kimi dəyərləndirdiyi məsələlərdən biri də xalqın birliyi ilə bağlı idi: “Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.

Müasir dövrümüzün böyük şairi Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poemasını oxuyanda böyük mənəvi zövq almışdım və yeni baxış bucağından bir daha dönüb oxumaq daha xoş təəssürat yaratdı.

Vafəddin İbayevin böyük zəhmət, elmi araşdırma, müqayisəli təhlil əsasında yazdığı “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı Qarabağ Zəfərinə növbəti töhfədir.

Adil MİNBAŞI,
hüquqşünas, baş ədliyyə müşaviri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see187

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri