Xanım İsmayılqızı: Qalmaqalı boş vaxtı çox olan, bekar adamlar yaradırlar
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qələm əhli olan müsahiblərdən biri söhbət əsnasında belə bir fikir söyləmişdi: "Mən söz adamıyam". Ta o zamandan bəri yazarlardan həmsöhbət seçəndə bu fikri xatırlayıram, çünki söz adamı ilə qabaq-qənşər oturmaq heç də asan deyil. Bugünkü müsahibim kimi...
Onu çoxdan tanıyıram, özü də lap çoxdan. Eyni məktəbin şagirdləri olmuşuq, aramızda iki sinif fərqi vardı. Lakin sonralar bu fərq də itdi, çünki onun böyük bacım Təhminə ilə sinif yoldaşlığı 9-10 yaşından elə bir dostluğa çevrildi ki, məktəb illərini adlayıb universitetdə davam etdi və bu gün ömrünün müdrik çağını yaşayır. Bəzən onlara baxanda mənə elə gəlir ki, bu münasibət dostluqdan çoxdan çıxıb, lakin adını tapa bilmirəm.
Özünün yaradıcı bir dünyası var. Orada sözün çəkisi ilə musiqinin harmoniyası ona aid dəst-xətt üzrə illərdir ki, yol gəlir. Qələmini həm jurnalistikada sınayıb, həm də tərcümədə. "Bir məndim, bir də özüm" deyərək, "Ağ və Qara"ya hopan misraları "Dua yağışı"na çevriləndə, "İlahi, yerimi demə" pıçıltısı ilə "Səni göyə bağışladım" naləsini içində boğa bilib. Amma özünün dediyi kimi: "Allahım, niyə mən?" deyərək, çox da üsyan edib, lakin sonunda Tanrının bəxş etdiyi güc çətin sınaqdan onu çıxara bilib. Gəlib çatdıq bugünkü müsahibimizin təqdimatına. Yay fəslinin ilk şənbə qonağı Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair, bəstəkar Xanım İsmayılqızıdır. Və düşünürəm ki, aramızda olan illərin münasibəti səmimi müraciətə icazə verə bilər.
- Şeirlərinin birində belə demisən: "Eh... gidi dünya... Nələri itirmədik ki..." Heç düşünmüsənmi nə istəyirik bu dünyadan?..
- İnsanın giley-güzarlı vaxtında üz tutacağı bir tək Allahı var. Əllərimizi göyə açıb arzularımız üçün dualar edirik, çətinliklərimiz olanda kömək istəyirik. Bütün hirsimizi, hikkəmizi isə dünyanın üstünə yıxırıq. Dünya da dayanıb öz yerində. Gəlib gedənlər həmişə olub. Bizdən əvvəl də, bizim vaxtımızda da. Elə özümüz də gəlmişiksə, gedəcəyik, amma dünya olduğu kimi qalacaq. Söyən də var, döyən də var bu dünyanı. Nədənsə bu dünyanın ancaq bizdən aldıqlarını görürük, axı onun bizə verdikləri də var. Bütün qəzəbimizi, ağrımızı-acımızı dünyanın üstünə tökməyi yaxşı bacarırıq. Fani adlandırdığımız bu dünyadan bəzən qeyri-mümkün olanları istəyirik. Bunu özümdən bilirəm. Elə vaxtlarım olub ki, istəmişəm o dünya ilə bu dünya bir olsun. Dünyasını dəyişənlər də bizi görsün, biz də onları. Sağalmaz xəstəm olub, Allaha yalvarıb istəmişəm ki, dünyada möcüzə baş versin, xəstəm şəfa tapsın. Vallah, dünyadan çox şey istəyirik, sağ olsun ki, bizi saxlayır.
- Bəs bu dünyada özün necəsən?..
- Dünyanın özü kimi... Gah narahat, gah rahat... Gah nasaz, gah sağlam... İçində özü ilə gah savaşan, gah susan və şükür olsun ki, hələ nələrəsə qalib gəlməyi bacaran biri kimiyəm. Dünyada nələr baş verirsə, yaradıcı insanın daxilində onlar mütləq şəkildə özünü büruzə verməlidir.

- Kifayət qədər tanınırsan, tanıyıram, amma bilmədiyim bir məqam var - qələm səni tapdı, yoxsa sən qələmi?
- Əslində kim-kimi tapıb, heç özüm də bilmirəm. Reallıqda isə qələmlə tanışlığımız lap kiçik yaşlarından başlayır. Heç nə dərk etməzdən əvvəl cızma-qaralar çəkmişik və düşüncəmizdə onu nəyəsə bənzətmişik. Daha sonra hərfləri tanımağa başladıq, sözlər yazdıq, cümlələr qurduq. Bir az da böyüyəndə fikrimizi bildirmək üçün bizə inşalar yazdırdı müəllimlərimiz. Bunun hamısını qələmlə birlikdə etdik. Lakin həmin qələmə süzülən hisslərin sözə çevrilən məqamı fərqlidir və nə yaxşı ki, bu, məni tapdı. Nə yaxşı Tanrı məni sevdi, seçdi və bir cığır açaraq dedi ki, bu, sənin yolundur. Yəni içimdəki hisslərimin partlayışını sözə çevirməsəydim, bəlkə də ürəyim tap gətirməzdi. Belə deyim də, Tanrının mənə rəhmi gəlib. Məni lap erkən yaşımdan tanıyanlar da bilir ki, özümü dərk edəndən qələmlə həmişə nələrsə etmişəm.
- Yəni söz dilə gəlmək istədi... Onda elə sözdən danışaq...
- Söz Allahın bizə hədiyyəsidir, çünki O, yalnız yaratdığı ən ali varlıq olan insana özünü ifadə etmək imkanını verib. Söz dildir, söz hisslərin üzüdür, insanın kimliyidir. Söz azadlığın qapısıdır, duyğuların rəngidir. Bəlkə də Tanrı özünün varlığını insanın bətnində bərqərar edib də sözü insana verib. Ona görə də söz Allah qədər müqəddəsdir və sözə ehtiyatla yanaşmaq lazımdır.
- Deməli, söz əhli olmaq o qədər də asan deyil...
- Baxır hansı sözün əhli olmaq, çünki adi danışıq dili də sözdən ibarətdir. Amma sualın səmtini anladığım üçün deyə bilərəm ki, əslində çətin deyil, əgər o ixtiyar sənə verilibsə... Yəni söz əhli çəkisi ağır olan sözü deməyi, ifadə etməyi bacaran, ona haqqı çatanlardır. Sözü səviyyəsində saxlayan, sözünü dinlədə bilən, insan şüurunda yollar açan, qaranlıqdan işığa aparan, ziyasından hər kəsə pay verməyi bacarandır söz əhli.
- İlk qələmə aldığın...
- Yadımdadır, orta məktəbdə oxuyurdum. Amma ona şeir demək olar, ya olmaz, bu, artıq ayrı məsələdir, çünki indiki nəzərimlə baxdıqda, bunu təbii ki, bilirəm. Bu, mənim ürəyimdən gələn saf hisslərimin ifadəsi idi. Yeddinci sinifdə 8 Mart qadınlar bayramında anama hədiyyə kimi yazmışdım ilk şeirimi, çünki başqa bir imkanım yox idi təbrik üçün. Onu şeir adlandırmaq olmasa da, yaddaşımda ilk şeir kimi indi də qalmaqdadır.
.
- Yaradıcı aləmə jurnalistika ilə gəlmisən. Başlayaq elə mətbuatın bu gününə münasibətindən...
- Mətbuatın bu günündən razı deyiləm. Nə yaxşı ki, bu gün hələ ciddi mətbu orqanları var, peşəkar jurnalistika səviyyəsini saxlamağı bacarır. Lakin reallıq budur ki, əksər jurnalist adını daşıyanların yazılarını çap edən saytlar, qəzetlər, efirlərdə işıqlandıranlar sanki qalmaqal yarışına çıxıblar, başları reytinq toplamağa qarışıb. Ən acınacaqlısı isə odur ki, əksəriyyət bu istiqamətə daha meyillidir. Açıq deyəcəyəm, birinin yaradıcılığı, ya kitabı, ya bəstələri haqqında səliqəli, məntiqli, yerli-yerində işlənən sözlərin məcmusundan ərsəyə gələn bir yazı rastımıza çıxanda sevinib şükür edirik ki, nə yaxşı onların çiyinlərində peşəkar jurnalistika hələ ki, irəliləyə bilir. Heç uzağa getmədən fikirlərimi qəzetinizə aid edə bilərəm. Mən "525-ci qəzet"ə yarandığı vaxtdan bələdəm, elə o zamandan bu günə qədər qəzetin adını, simasını, oxucu marağını qoruyub saxlamağı bacaran baş redaktor Rəşad Məcidi tanıyıram. 90-cı illərin əvvəllərində Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışırdım və "525-ci qəzet" də həmin binada fəaliyyət göstərirdi. Əvvəllər mətbuatda kiçik yazılarım, esselərim dərc olunurdu. Rəşad Məcid qəzetin mədəniyyət səhifəsini mənə həvalə edərək, tanınmışlarla müsahibələr hazırlamağımı istədi. Beləcə, qəzetlə əməkdaşlığım başladı və bir neçə il davam etdi. İllər keçib, zaman dəyişib, lakin "525-ci qəzet"in jurnalistləri hər zaman, hər yerdə öz imzasını təsdiq edir. Onların özündə, davranışında, qələmində həmişə fərqlilik olub. Dəyərli olduğu kimi, dəyərliləri də seçə bilirlər. Gələn gənclərdən də hiss olunur ki, kimin əlindən su içib. Bu keyfiyyətləri Rəşad Məcid ciddi şəkildə qorumağa davam edir.
- Bəs əslində jurnalist kimdir...
- Başlayaq ondan ki, hər sahənin öz jurnalisti olmalıdır və onun obyekti olan həmin istiqamətin ən azından əlifbasını mütləq bilməlidir. Əgər sən jurnalist bir tarixçi ilə müsahibəyə gəlmisənsə, qarşındakı insanı tanımaqdan savayı, tarixi məlumatların yetərincə olmalıdır. Bəyəm iş bir qucaq sual yazmaqla bitir? İstər bəstəkarı, yazıçısı, həkimi, müəllimi olsun fərq etməz, əsas jurnalist savadlı və məlumatlı olmalıdır. Yəni üz tutduğu hədəfə tərəf hazırlıqlı getməlidir ki, söhbətin gedişatına yeri gələndə müdaxilə də etsin, aldığı cavabdan lazım olduqda yeni sual çıxara da bilsin.
- Jurnalist həmvar da yazmalıdır axı...
- Yazmalıdır... Nələrinsə müqabilində şişirdilmiş, məxsusi, tapşırıqlı və ya sifarişli yazıları ictimailəşdirmək də var jurnalistikamızda. Gəl, burada dayanaq...
- Dayanaq və keçək tərcüməçiyə, çünki uzun illər Azərbaycan Dövlət Tərcümə Mərkəzində məsul vəzifədə çalışmısan...
- Tərcüməçi əsərin ikinci müəllifidir. Əsərin oxucuya hansı səviyyədə çatdırılması tərcüməçidən asılıdır. O, orijinal əsəri bərbad da edə bilər, öz dəst-xətti, üslubu ilə müəllifin özündən də keyfiyyətli bir məhsul qoya bilər ortaya. Dil bilmək tərcümə etmək anlamına gələ bilməz. Tərcüməçi mütləqdir ki, əlində qələm tutan söz əhli olsun. Tərcüməçinin söz bazası, dil ehtiyatı olmalıdır, ədəbi dili, əsərin orijinal dilinin incəliklərini bilməlidir.
- Alman şairi Hötenin belə bir fikri var: "Tərcümə qadına bənzəyir. Sadiqdirsə, gözəl deyil, gözəldirsə, sadiq deyil"...
- Birini də mən Belinskidən deyim: "Tərcümə şüşə altından gözəl bir çiçəyə baxmaq kimidir. Onun gözəlliyini görə bilirsən, lakin ətrini duya bilmirsən". Tənqidçi bununla demək istəyib ki, nə qədər mükəmməl tərcüməçi olsan da, orijinalın əvəzini heç zaman verə bilməzsən. Çünki hər dilin özünə məxsus ifadələri, sətiraltı mənaları var ki, bu, yalnız onlara aiddir və özləri də başa düşür. Müqayisə üçün özümüzdən bir misal çəkim. Bizdə belə bir ifadə var: "Gözüm səndən su içmir". Eşidən kimi dərhal mənasını başa düşürük. İstər ingilis olsun, istər alman, ispan, ya fransız, fərq etməz, onların da dilində bu tip ifadələr var. Onlar belə ifadəni öz dilində yazanda, öz oxucusu daha dəqiq anlayır, nəinki tərcümə olunanda. Nə qədər sözün, ifadənin alternativini tapsan da, yadda saxlamaq lazımdır ki, tərcümə hər zaman orijinala uduzur.

- Sonunda Xanım İsmayılqızı söz adamına çevrildi. Qələm elə hey yazdı və yazılanlar kitablarda özünə yer etməyə başladı. Adı qısa, məna çəkisi ağır kitab...
- Kitabda əksini tapanlar həyatın başqa bir üzüdür. Orada da hadisələr cərəyan edir, obrazlar var. Müsbət tərəfindən özünə nələrisə götürə bilirsən, dünyagörüşünü artırırsan. Bədii əsərlərin mövzusu əksər hallarda həyatdan götürülür və sənin oradan öyrəndiklərin yeri gələndə köməyinə çatır. Kitab savadsızlığın qatı düşmənidir. Mütaliə insanın özünü ifadə etmək imkanlarını daha genişləndirir. Gizli deyil ki, biz sovet dövrünün yetirmələriyik və o zamanın müsbətlərindən biri insanların kütləvi mütaliə etməsi idi. Hamı mütaliə edirdi və hər yaşa uyğun kitab tapmaq problem deyildi. Biz klassiklərimizi orta məktəbdən tanıyıb mütaliə etməyi öyrənmişik. Düzdür, hər dəyişən zaman öz sözünü deyir, amma elə dəyərlər var ki, onlar toxunulmazdır, kitab kimi. Mütaliə edən heç zaman sıradan biri ola bilməz, onun hissləri, şüuru, dili iti, zövqü yüksək olar.
- Kitablarının birinin adı "Ağ və qara"dır. Hamı bu rəngləri eyni gözlə görmür...
- Ağ və qara rənglər həyatımızın ilkidir, dünyamızın iki üzüdür. Həyatımızı rəngarəng etmək üçün bu iki rəngin yanına hansısa rəngləri qatmaqla, ömrümüzün alabəzək çalarlarına sevinirik. Müsahibələrimin birində demişdim ki, qara görəndir, çünki dünyanı gözümüzün qara giləsilə görürük. Ağ göstərəndir, çünki ləkəni çox tez götürür. Bir şeirimdə deyirəm ki, mənim ağ vərəqim və qara qələmim olmasa, içimdəki hisslərin şəklini söz qiyafətində dünyaya gətirə bilmərəm. Bəstələdiyim musiqilər pianonun ağ-qara dillərindən süzülərək notlara çevrilir. Suala cavabımı bir şeirimin misraları ilə yekun vurmaq istəyirəm:
Ağla qara arasında bir harmoniya yaranır,
Bu aralıqda deyəsən, həzin bir duyğu oyanır.
Bu duyğunun rəngi düşür gündən qaçan illərimə
Bu duyğunun səsi düşür pianonun dillərinə.
- Sırada bəstəkar Xanım İsmayılqızıdır. Zaman gəldi və anladın ki, sözlə musiqi qoşalaşmaq istəyir...
- Məktəbli idim, haradasa səkkizinci sinifdə oxuyardım. Belə bir həvəs yaranmışdı məndə. Xoşuma gələn mahnını eşidəndə, həmin musiqiyə öz sözlərimi qoşub oxuyardım. Sözlər də öz-özünə gəlirdi. Sinifdə yaxın rəfiqələrim də bunu bilirdi. O zaman mən bu yazdıqlarımı şeir kimi qəbul etmirdim, amma görürdüm ki, sözləri musiqinin üzərinə oturda bilirəm. 1986-cı ildə yoldaşım evə piano aldı, qızımı musiqi məktəbinə qoymaq fikrimiz vardı. Keçdim pianonun arxasına ki, onun vəziyyətini yoxlayım. Özümdən asılı olmayaraq bir melodiya çaldım sonra ona sözlər də yazdım və beləcə, "Sevgimizi qoruyub yaşayırıq" mahnısı yarandı. Altı ildən sonra bu mahnı rəhmətlik Səməd Səmədovla Ruhəngiz Allahverdiyevanın ifasında səsləndi. Yalnız o zaman anladım ki, musiqi və sözlər qoşalaşmaq istəyir. Həmin vaxtdan etibarən əksər mahnılarımın şeirlərinin müəllifi elə özüməm. Amma xeyli bəstəkarlarla da işbirliyim olub, davam da edir.
- Nə zaman rahatsan - şeir yazanda, yoxsa mahnı bəstələyəndə?
- Əslində hər ikisində rahatam. Hansının narahatlığı içimə qonursa və daxilən hansına köklənirəmsə, ondan azad olanda özüm rahatlanıram.
- Şair-bəstəkar kimi sözlə musiqinin vəhdəti sənin üçün nədir?
- Bu vəhdət mənim hisslərimin ifadəsidir, duyğularımın simasıdır, içimin harayıdır. Bu vəhdət bir ömür nəğməsi də ola bilər.
- İlham pərisi və sən...
- Mən ona ilham pərisi yox, təb deyirdim. Təbimin gələn vaxtı da olub, gəlməyən vaxtı da. Əgər təbin gəlibsə, səni dinc qoymursa, içində təlatüm yaradıbsa, o, mütləq püskürməlidir. Bu hal, məncə, yaradıcı insanların hamısında olur. Şeir də, musiqi də mənə qəfil gəlir. Elə ki gəlir, yazmayana qədər məndən əl çəkmir. Başlanğıcda olurdu görürdüm ki, təb məni bivaxt da yaxalaya bilir. Özümlə kiçik bir diktofon gəzdirirdim, musiqi gələn zaman tez onu zümzümə edib saxlaya bilirdim. Eləcə də şeiri söyləyib sonradan üzərində işləmişəm. Demirəm, yaradıcılığımda sifarişli işlər də olur və bilirsən ki, bunu yazmalısan. Elə olan halda da mən həmin təbi gözləyirəm.
- Sənət cameəsində qalmaqal bitmir ki, bitmir...
- İşi-gücü ilə məşğul olan birinin qalmaqal yaratmağa vaxtı olarmı? Qalmaqalı əsasən bekar, boş vaxtı çox olan adamlar yaradırlar. Götürək efirləmizi, bu gün onların tamaşaçıya təqdim etdiyinin adı nədir? Efirə elə adamları dəvət edirlər ki, onların sənətə heç dəxli yoxdur. Bəs onda bu adamla nədən danışmalıdırlar? Beləcə, başlayır şəxsi söhbətlər, birinin digərilə olan gərgin münasibəti mövzu olaraq ortaya atılır, telefon bağlantıları, təhqirlər, məhkəmə çəkişmələri, arada "şok, şok, şok" anonsları, hay-küy, bununla da veriliş bitir. Təəssüf ki, belə verilişlərin bekar tamaşaçıları da var və beyinlərinin nə qədər zəhərləndiyindən özləri də bixəbərdirlər. Efirlər bu gün sanki qeybətxanaya çevrilib, acınacaqlısı da odur ki, bura hamı qoşulub. Özlərini unudaraq başqasının həyatını müzakirə obyektinə çevirib buna enerji sərf etmək, dalaşmaq, vuruşmaq insana niyə bu qədər maraqlı ola bilər? Efirlər isə reklam naminə bu gün reytinqə xidmət edir, ona tamaşaçı məhz buna görə lazımdır. Günümüzün reallığı budur, ona görə ki, dərin verilişlərə bu gün baxanları barmaqla saymaq olar. Nə yazıq ki, bunlar beş-altı nəfərin tənqidi ilə düzələn deyil.
- "Bir məndim, bir də özüm"... Oxucunu həm maraqlandırmısan, həm də düşündürmüsən...
- Çünki bu misra yarananda özüm də, ruh halım da belə idik... Hər kəsə və hər şeyə rəğmən... Vəssalam...
- "Qəm qalası"na hərdən baş çəkirsən yəqin ki...
- Təbii ki, baş çəkirəm, o qala mənimdir. Mahnının da, ifasının da otuz ildən artıq yaşı var. Kimsə düşünə bilər ki, görəsən, Xanım ömrünün o çağında nə yaşayıb ki, qəmindən qala yaranıb? İnanmıram ki, həyatda qəmsiz kimsə var, bir göz gülürsə, o biri mütləq ağlamalıdır. Mən də bu halımı poeziyanın dilinə saldım. O qala bu gün də var, ora düşənlər də, oradan çıxanlar da var. Mən isə həmin qalanı heç tərk etmədim. Yazdıqlarım da qəm qalasının divarları arxasından çıxır.
- Bu gün bəşəriyyətin "Dua yağışı"na çox ehtiyacı var, amma Allah səsimizi eşitmir, sanki "Tanrının yad balası" olmuşuq...
- Tanrının yad balası yoxdur, hamımız onun doğmalarıyıq. Mənim bu poetik ifadəm həmin anda qəlbimin harayı idi, ovqatımın məhsulu idi. İnsanın həyatında hər şey hamar olmur. Mən də kələ-kötür, dərə-təpə, eniş-yoxuşlu yollarla həyatımı yaşayanda, Allaha üz tutub dayanmadan soruşurdum: "Niyə mən bunları yaşamalıyam? Niyə mənə bu əziyyəti verirsən?"
Övladımı itirəndə çox üsyan etdim, amma Rəhman Allah bir ananın yanğısına məni bağışlayar. Lakin elə bir məqam çatdı ki, bu üsyankar Xanım yaxşı mənada Allahdan soruşdu: "Niyə məni seçmisən? Niyə mənə vermisən bunu? Nəyin mükafatıdır bu?" Bax, görürsən, suallar bir-birinə çox bənzəyir, lakin həm zaman fərqlidir, həm məna, həm istək, həm hisslər fərqlidir. Nə edək ki, əlimiz hər yerdən üzüləndə ümid, pənah yerimiz yalnız Allahdır.
- Bir söhbətin içində Allahın adını çox tutduq və Vaqif Səmədoğlunun misraları düşdü yadıma: "Dünya susmalıdır artıq, Allaha kömək vaxtıdır"... Sanki bu günümüzlə səsləşir...
- Rəhmətlik Vaqif Səmədoğlu bu şeiri yanılmıramsa, 20 Yanvar faciəsindən sonra yazmışdı, amma düz vurğuladın, sanki bu günümüzlə səsləşir. Gör dünya olaraq, Allahı nə qədər yükləmişik ki, artıq Ona kömək etmək vaxtıdır. Müharibəyə susayanlar yəqin ki, Tanrını unudub, amma çox nahaq, Allah yaratdığını bir anın içində yox etməyə qadirdir, lakin hələ ki dözür...
- Bir göz qırpımı qədər vaxtın var...
- O anda təkcə oğlumu görmək istəyərdim...
- Hansı çoxdur - qazandıqların, ya itirdiklərin...
- Hər ikisi..
- Heyifsiləndiklərin...
- O qədərdir ki... İndi dediyim "kaş ki"lər kaş ki olmayaydı...
- Fəsillər dəyişkəndir... Sənin də ömrünün bir Xanım fəsli var...
- Hə, o həm dəyişkəndir, həm də deyil... İstər şair, istər bəstəkar kimi yaradıcılığa qovuşduğum nöqtədə bir fəsil var. O fəslə düşəndə, yaradıram. Amma ömrün Xanım fəslinin içində təbiətin bütün fəsilləri var və bəzən onlar üst-üstə düşməyə bilir. Qoy olsun... Elə ömrün Xanım fəslinin özəlliyi və xanımlığı da budur...
SÖZARDI:
Dünya susub dayanıb eşqin cazibəsində,
Fəsilləri fırlanır sevginin nəfəsində,
Azadlığın içində oynamaq həvəsində,
Mən səndən asılıyam, sən də məndən asılı...
Ömrün Xanım fəsli ilə bir-birindən asılı olmağa dəyər...
Tamilla M-ZADƏ


