“Xocalı və 31 Mart soyqırımları: Qan yadaşımız!”
Icma.az, Moderator-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Şölət Zeynalovun “XOCALI VƏ 31 MART SOYQIRIMLARI: QAN YADDAŞIMIZ!” məqaləsini təqdim edirik.
Soyqırımının fəlsəfəsindən bəhs edərkən nə demək olar? Müdriklərdən kimsə çox mahiranə şəkildə demişdir: “Ölülər utanmırlar, çünki onlar ölüdürlər”. Tarixdə baş verən soyqırımları nəzərdən keçirilərsə, insan nəsli qəbul etməlidir ki, onların əvəzinə məhz biz sağ qalanlar utanmalıyıq!
Müqəddəs mətnlərdə deyilir: Şəhidlərə ölü deməyin, onlar yaşayırlar! Elə kədər var ki, bu əbədiyyətə qədər xatırlanmalıdır, çünki bu kədərin, rəzalət və insani enmənin müəllifi insan qanına susayan - insandır! Xocalı, Holokost, Xatın, Əlcəzair, Myanma, 31 Mart Soyqırımı - bunlar bizə insan adına törədilmiş qətliamları, qəddarlıqları, naqislikləri və terror hərisliklərini xatırladır!
Tarix böyük okean kimidir, orada – okeanda baş verən nəhəng dalğaları təbiətin atılışı, təmizlənmə, etiraz etmə instinkti kimi də qəbul etmək olar, xalqların taleyi də belədir, onların başına gələn faciələr onun kədərli tarixi kimi xatırlansa da, bu yenidən doğulmaq üçün dost və düşmənin tanınması üçün vəsilə ola bilir. Böyük Liderlər tarixin böyük xalqlara misli görünməyən hədiyyəsidir, böyük Liderlərin və güclü dövlətlərin mövcud olduğu zamanlarda həmin dövləti təmsil edənlərə qarşı heç bir soyqırımı, heç bir xarici etnik, milli, ekzistensial və s. təhlükələr ola bilməz. Bu tarixi qanunauyğunluqdur!
Vacib xatırlatma: Soyqırımı fəlsəfəsindən bəhs ediriksə, bəzi məsələlərin qısa olsa da burada vurğulanmasını zəruri hesab edirik. Təbii ki, tarixdən məlumdur ki, Azərbaycan xalqı son əsrlərdə bir neçə dəfə ən ağır formada soyqırımına məruz qalmışdır və onlardan biri 1992-ci ildə erməni terrorçuları tərəfindən – məhz Azərbaycanda xaos və özbaşınalığın tüğyan etdiyi, dövlətin zəif olduğu, ölkəyə rəhbərlik edənlərin siyasi prosesləri və geopolitik situasiyanı bilməmələri və səhlənkarlığı nəticəsində baş verdi. Biz burada “geopolitik situasiyanı bilməmələri və səhlənkarlığı” ifadələrini ona görə vurğulayırıq ki, artıq həmin dövrlərdə rəsmi orqanlarda işləyən rəhbərlərin, həm 1905-1907-ci illər, həm də 31 mart 1918-ci il hadisələrinin əsl mahiyyətindən xəbərləri var idi. Onlar məhz bilməli idilər ki, Moskvada Heydər Əliyevə qarşı aparılan kampaniyaların arxasında ermənilər dayanır. Onlar məhz bilməli idilər ki, tarixin, siyasətin, həyat fəlsəfəsinin gedişatını ana dili kimi bilən belə dahi şəxsiyyətlər Tanrının Azərbaycan xalqına göndərdiyi hədiyyədir. Onlar bilməli idilər ki, belə keçid mərhələlərində yalnız yüksək Zəka xalq və dövləti xilas edə bilər... Təəssüf ki, onlar bu tarixi zərurəti və prosesi görə bilmədilər və 1988 -1993-cü illər Azərbaycan xalqının həyatında ən ziddiyyətli və kədərli dövr kimi tarixə düşdü. Bir milyondan artıq məcburi qaçqın ordusu və torpaqlarımızın 20 faizinin itirilməsi... Erməni faşizminə qarşı təmərküzləşmədə ciddi yanlışlıqlar və nəticələri.
Hadisələri qabaqlayaraq qeyd edək ki, Xocalı soyqırımı o soyqırımılarındandır ki, artıq həmin dövrlərdə dünyada qloballaşma, demokratikləşmə, milli intibahlar, ideologiyasız cəmiyyətlər və s. kimi illüzion trendlər dünya gündəliyini zəbt etməkdə olsa da, Azərbaycanlılara qarşı həyata keçirilmiş bu misli görünməmiş qətliama görə həmin zaman nə Qərb dövlətləri, nə də dünyanın digər nüfuzlu təşkilatları heç bir ciddi reaksiyalar vermədilər. Lakin tarixdən məlumdur ki, məhz dahi siyasi xadim, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Xocalı faciəsinin nəticələri öz siyasi-hüquqi qiymətini tapdı. Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1994-cü il tarixli iclasında Xocalı soyqırımı (genosidi) günü haqqında qərar qəbul etdi. Qərarın birinci maddəsində göstərilir: fevralın 26-ı Xocalı soyqırımı kimi elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin. Eyni zamanda Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1995-ci il tarixli iclasında Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması ilə əlaqədar dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edilməsini qərara aldı. Daha sonra isə son dərəcə faydalı bir ideya və hərəkat olaraq “Xocalıya Ədalət” beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlandı. Bu qlobal tanıtım hərəkatın miqyası o qədər böyüdü ki, həqiqətən də, istər Qərb ölkələrində, istərsə də Şərqdə bir çoxları anladılar və qəbul etdilər ki, məhz Xocalıda tarixin ən faciəvi soyqırımlarından biri baş vermişdir. Məhz həmin dövrdən başlayaraq Xocalı soyqırımının qlobal miqyasda tanınması işi daima həm Heydər Əliyev Fondunun rəhbərliyinin, həm də Azərbaycanın dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Bu genişmiqyaslı hərəkat və siyasət nəticəsində Azərbaycandan başqa, Xocalı soyqırımını tam səviyyədə qətliam kimi Pakistan və Sudan dövlətləri tanıdı. Daha sonra faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıdılar. Fakt budur ki, bu təbliğat və ədalətli mübarizənin nəticəsi olaraq indiyədək ABŞ-nin 22 ştatı Xocalı soyqırımını qətliam kimi tanıyan sənəd qəbul etdi. 20 noyabr 2012-ci il tarixində isə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul etdilər. Bu faktları burada xatırlamaq bir zərurətdir. Çünki, bu illərdə əgər Azərbaycan dövləti və onun siyasi rəhbərliyi tarixi ədalətin bərpası, milli maraqların təminatı və beynəlxalq hüququn həyata keçirilməsi işini o qədər zərgər dəqiqliyi ilə həyata keçirdi ki, sonda Ədalət qalib gəldi! Ermənistanın monoetnik və terrorçu ideologiyası Azərbaycançılıq ideologiyası qarşısında diz çökdü. Azərbaycan öz Suverenliyinə qovuşdu. Bu baxımdan indi sözün hər iki mənasında Xocalı və xocalılar azaddır. Bu azadlığı ona Ali Baş Komandan və onun Qəhrəman Əsgərləri bəxş etdi!
Ədəbiyyatdan və açıq internet resurslarından oxuyuruq: 1992-ci ilin fevral ayının 25 və 26-da Azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qadın olmaqla, 613 mülkü əhali, Xocalı sakinləri amansızcasına qətlə yetirilibdir. Bu soyqırımında etnik mənsubiyyəti Azərbaycan türkü olduqlarına görə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Erməni faşistlərinin sivil insanlara atdığı güllələrdən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Bu soyqırımı və qətliamlar zamanı əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil”.
Faktların analizi sübut edir ki, Xocalı soyqırımı əsl həqiqətdə, erməni ideologiyasının iç üzünü əks etdirən, təkzib edilməsi mümkün olmayan tarixin bir acı həqiqətdir.
Bu soyqırımı haqqında ədəbiyyatda daha sonra qeyd edilir: “Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir”.
Yazıçı və ziyalı adına iddia edən soyqırımı ideoloqlarından biri olan Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı insanlıq adına həqarət olan kitabında 1992-ci ilin 26 fevralında Xocalıda erməni faşistlərinin törətdiklərindən fəxrlə yazırdı: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Bax, budur erməni ideologiyasının iç üzü... Bu soyqırımının mahiyyəti və kökünü anlamaq üçün ötən əsrin əvvəllərində baş verən hadisələrə müraciət edək... tarix daima xatırlanmalıdır.
XX əsrin əvvələrində Azərbaycanlılara qarşı həyata keçirilən total soyqırımından bir neçə epizod: Tarixdən məlumdur ki, “bolşeviklərin siyasi hakimiyyətdə olduğu dövrdə yəni, 1917-ci il noyabrın 2-dən iyulun 31-dək, Azərbaycanın Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan, Lənkəran, Göyçay, Naxçıvan və başqa yaşayış bölgələrində apardıqları anti-Azərbaycan siyasətindən ən çox əziyyət çəkən dinc türk-müsəlmanlar olmuşdur. Erməni vandallarının əlinə düşmüş bu tarixi fürsət onların əsl mahiyyətini, milli kimliklərini, Azərbaycan türklərə qarşı olan nifrətlərini açıq şəkildə ortaya qoymuş oldu.
“Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır”.
“İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir”.
“Quba və ətraf yerlərdə türk-müsəlman əhali üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün FTK 1918-ci il dekabrın 12-də işə başlamış və 1920-ci ilin aprelin 20-də başa çatdırmışdır. Bu araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran üç cilddən ibarət 451 vərəqə tərtib olunmuşdur.”
1917-20-ci illər Cənubi Qafqazda baş verən hadisələr göstərir ki, soyqırıma meyilli erməni terrorçuları bolşevik-sovet himayəsindən sui-istifadə etməklə, yaranmış beynəlxalq situasiyadan yararlanaraq tarixən mifik təfəkkürdə uydurduqları “dənizdən dənizə” erməni dövlətini yaratmaq üçün türk-müsəlmanlara qarşı ən müxtəlif formalı soyqırımları həyata keçirmişlər. Bu misli görünməmiş tarixi xəyanət idi... Məsələn, bir faktı da burda qeyd etməyi vacib hesab edirik. 2007-ci ilin aprelin 1-də Quba şəhərindən keçən Qudyalçayın ətrafında torpaq işləri həyata keçirilərkən 1918-ci ildə azərbaycanlılara qarşı erməni vandallarının həyata keçirtdiyi kütləvi qətliam yerləri aşkar olunmuşdur. Aşkar olunmuş bu məzarlıqda 400-dən artıq insan cəsədi onlardan təxminən 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, digərləri isə qocaların kütləvi faciəvi şəkildə öldürülmələri aşkar olunmuşdur. Biz bu faktlara burada ona görə toxunuruq ki, istər Qubada baş vermiş soyqırımları, istər Bakıda həyata keçirilmiş soyqırımı və 1992-ci ildə Xocalıda həyata keçirilmiş soyqırımlarını dəsti-xətti eynidir: etnik azərbaycanlıları son nəfərinədək məhv etmək və bu torpaqlarda mifik “böyük Ermənistan” yaratmaq. Tarixdən həm də bu da məlumdur ki, ermənilər yalnız müsəlman türklərinə qarşı bu soyqırımlarını həyata keçirməyiblər, onlar tarixən Cənubi Qafqazın demək olar ki, bütün xalqlarına qarşı bu terror aktlarını gerçəkləşdirmişdilər.
Məsələn, Quba sakini 1918-ci il hadisələrinin şahidlərindən olan yəhudi Aqorun Simoqedsevin xatirəsində də “...Hamazapsın silahlı dəstəsinin Qubaya gəlməsini, şəhər və kəndləri yandırdıqdan sonra getmələri göstərilmişdir”.
Həmin illərdə Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xasməmmədov martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı: “Martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdi. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdi. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdı. Təcili hökumətin köməyi lazımdır”.
Yuxarıda qeyd olundu ki, tarix daima xatırlanmalı orada baş verən ən müxtəlif hadisələr gələcəkdə insan nəslinin, cəmiyyətin, xalqın, toplum və dövlətin həyatında ciddi yanılmaların olmaması üçün yenidən daima dönə-dönə təfsir olunmalı, bir daha terrorçu rejimlər və təşkilatlar tərəfindən soyqırımına məruz qalmadan, uğurla irəli getmək üçün mənbə kimi öyrənilməlidir. Ancaq psixoloqlar gözəl bilir ki, insan, fərd, cəmiyyət tarixdə baş verən bəzi taravmaları həm də unutmalıdır ki, onların həyat davranışları əbədi olaraq nifrət və qisas üzərində qurulmasın. Lakin problem ondadır ki, bəzi xalqların və terrorçu rejimlərin (əgər onlara xalq demək mümkünsə) həyat tərzi, ideologiyası, fəlsəfi baxışları onlardan olmadıqları üçün ciddi şəkildə tarixi taravmalar və başqalarına nifrət hissi ilə yoğrulduğundan – onların digər xalqlar ilə multikultural və tolerant dəyərlər bir kənara qalsın, – heç qonşuluq normalarına (dəymə mənə, dəyməyim sənə prinsipinə) uyğun olaraq bəzən yaşamaları da mümkün görünmür. Fakt budur ki, yaxın tarixi hadisələri xronoloji anlamda nəzərdən keçirərkən aydın şəkildə məlum olur ki, Azərbaycan xalqının bəlalarının kökü bilavasitə erməni millətçiliyi, terroru və ona havadarlıq edən qüvvələrin bilavasitə qərəzli etno-psixoloji xəstəliyi, ideoloji hücumları ilə bağlıdır. Bu baxımdan istər ötən əsin əvvəllərində 1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi, istərsə də 1918-20 ci illər soyqırımları zamanı baş verənlər göstərir ki, erməni ideologiyası əslində, faşizm ideologiyasından da qorxulu bir əsaslara malik qeyri-insani ideologiya olmuşdur. Avropa faşizm ideyalarını dəfn edə bilsə də maskalanmış erməni ideologiyasını darmadağın etmək uzun müddət mümkün olmayıbdır. Bu baxımdan ötən əsrlərdə Andranik və Hamazapsın törətdiyi qətliamların miqyasını göz önünə gətirəriksə və əsrin sonunda Qarabağda erməni terrorunun Xocalıda törətdiyi Soyqırımı qarşılıqlı şəkildə analiz edəriksə məlum olur ki, həqiqətən də, bu bir əsrlik terrorun sadəcə dünyada analoqu yoxdur və bunu yalnız o xalqın nümayəndələri həyata keçirə bilər ki, onların ideologiyası sadəcə son dərəcə anti-insani nifrət və qəddarlıq üzərində qurulsun. Bu zaman sual yaranır, bu yaraları, soyqırımını unutmaq olarmı? Təbbi ki, mümkün deyildir və bu unutqanlığı tarix heç bir xalqa bağışlaya bilməz! Ona görə də biz əbədi olaraq bir şeyi unutmamalıyıq: tarix daima xatırlanmalıdır. Çünki, tarixi təcrübə sübut edir ki, humanizm, bəşəri dəyərlər, insani münasibətlər insani mövcudluq üçün başlıca şərtlərdən hesab olunsa da, güclü dövlət, güclü ideologiya, yenilməz Ordu olmayanda, – həmin xalqın əgər mənfur düşməni varsa onun mövcudluğu sual altına düşə bilər.
Sonda nəyi demək istərdik. Səmimi etiraf etməliyik ki, Azərbaycan xalqı həqiqətən də böyük və sivilizasion şüura malik humanist xalq olduğu üçün o, bəzən tarixdə olanları tez unudur, bağışlayır, əfv edir və elə bu səbəbdən də məkrli düşmənləri tərəfindən tarixən soyqırımına məruz qalır. Ancaq bir həqiqət də var, tarixi unutmamaq şərti ilə yalnız böyük xalqlar bağışlaya bilər. Zira indi bu mümkünmü, təbii ki, demək çətindir. Çünki cinayətkarlar mütləq cəzalandırılmalıdır, əks təqdirdə, terrorçu rejimlərin bədəlsiz bağışlanmaları gələcəkdə törədilən soyqırımı üçün zəmin ola bilər. Eyni zamanda biz və region xalqları, o cümlədən ABŞ və Marseldə modern dünyanın rifahı və imkanlarından sakit şəkildə bəhrələnən insanlar anlamalıyıq ki, erməni ideologiyası Böyük strategiya nəticəsində Cənubi Qafqazda darmadağın edilsə də, o sona kimi məhv edilməyib və əslində, – vaxtilə tarixi gerçəklik və ermənilərin resurs çatışmazlığı səbəbindən onlar Cənubi Qafqazda bütün xalqları tam soyqırımına uğrada bilmədilər. Biz burada bu fikirləri ona görə işlədirik ki, mifoloji tarixi təfəkkürdə mifik böyük Ermənistan xəstəliyinə tutulanlar tarixən həyata keçirdiyi soyqırımlarının mənəvi, sosial, insani bəşəri və nəhayət ekzistensial ağrıları daha qorxuncdur və bu insan nəslinin törədə biləcəyi ən qorxunc soyqırımlarından biridir. Xocalı soyqırımından həm KİV -də, həm elmi ədəbiyyatda geniş bəhs olunub və Azərbaycan dövlətinin siyasi liderləri, ən müxtəlif platformalarda, həm ölkə daxilində həm də dünyada onun ədalətli hüquqi qiymət alması üçün geniş miqyaslı işlər aparmışdır. Lakin bu ideologiya elə bir məkrə malikdir ki, onun aradan qaldırılması nəinki azərbaycanlılar, eyni zamanda Cənubi Qafqaz xalqları və ermənilərin özləri üçün də vacibdir.
Sonda bir daha qeyd etməyi vacib hesab edirik ki, soyqırımı qəddar ideologiyaların, qaniçən rejimlərin, insani humanizmdən xəbəri olmayan, xəstə və yanlış mifoloji qorxunc ideyalarla silahlanmış təşkilatlar, dövlətlər və terrorçu rejimlər tərəfindən həyata keçirilə bilən qorxunc bir total etnik təmizləmə cinayətidir. Əgər biz soyqırımı hadisələrini idrak hadisəsi kimi, fəlsəfi anlamda mənalandırmağa cəhd ediriksə, biz Yer üzündə yaşayan insan nəsli olaraq unutmamalıyıq ki, “terrorçu siyasi rejimlər şəraitində insan, ağlımıza belə gətirə bilməyəcəyimiz bir şeyə çevirilə bilər. Özümüz bu şəraitdə ölənlərin və ya oradan keçənlərin sırasına aid deyiliksə, orada baş verənləri yalnız kənardan görürük. Hər bir ayrıca insan üçün nəyin mümkün olduğu, onun bunlara necə dözdüyü, nə edib-necə öldüyü sirr olaraq qalır”.
Bu onu bir daha təsdiq edir ki, fəlsəfəmizin, elmimizin, həyat fəaliyyətimizin, ideologiyamız və Suverenliyimiz və güclü dövlətçiliyimiz naminə biz daima inkişaf etməli, bəşəri dəyərlərə söykənərək milli maraqlarımızı qorumalıyıq. O zaman bir daha, heç vaxt soyqırımları olmayacaqdır. Ola bilsin ki, məhz bu fəlsəfənin meyarları əsasında Qafqazda böyük sülh təntənə tapsın. Bunun üçün isə, hər halda, Ermənistan və ona havadarlıq edənlər öz ideologiyalarında, dünya duyumunda, konstitusiyalarında dəyişiklik etməyi bacarmalıdırlar: dünya bu formada öz mövcudluğunu davam etdirə bilməz, bəşəriyyətin gələcəyi naminə bütün ideologiyalar siyasi rejimlər maariflənmə süzgəcindən keçməlidirlər. Bu müasir insan nəslinin arzusudur! Tariximiz – Xocalı bütün insanlığın qan yaddaşıdır!


