Icma.az
close
up
RU
Yeni tarixi dövrdə Azərbaycanın geoiqtisadi strategiyası: Xankəndi Zirvəsinin arxitekturası

Yeni tarixi dövrdə Azərbaycanın geoiqtisadi strategiyası: Xankəndi Zirvəsinin arxitekturası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Qloballaşma proseslərinin sürətləndiyi və dünyada iqtisadi reallıqların yenidən formalaşdığı müasir dövrdə regional əməkdaşlıq platformalarının rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Bu kontekstdə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv ölkələrin iqtisadi potensialının birləşdirilməsi, qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi və dayanıqlı inkişafın təmini baxımından prioritet modelə çevrilir. Təşkilatın 17-ci Zirvə görüşünün işğaldan azad edilmiş Xankəndi şəhərində keçirilməsi ECO çərçivəsində ölkəmizin təşəbbüskarlıq mövqeyinin əyani göstəricisidir. Bu mənada azad Xankəndi şəhəri iqtisadi baxımdan ölkənin regional və beynəlxalq təsir gücünü artıran mühüm faktora çevrilir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və geoiqtisadi yanaşması nəticəsində Azərbaycan regional əməkdaşlıq təşəbbüslərinin mərkəzi fiquruna çevrilmiş və beynəlxalq platformalarda təşəbbüskar dövlət kimi tanınmışdır.

1.    Xankəndidə keçirilən ECO-17 Zirvə görüşünün əhəmiyyəti

Xankəndidə keçirilmiş ECO-17 Zirvə görüşü postmünaqişə dövründə Azərbaycanın iqtisadi mövqeyinin möhkəmləndirilməsi və regional iqtisadi inteqrasiyanın yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır. 

17-ci Zirvə görüşü Azərbaycanın geoiqtisadi gücünü və liderliyini nümayiş etdirən simvolik bir hadisə kimi çıxış edir. Bu səbəbdən Xankəndinin işğaldan azad olunması yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də regionda iqtisadi əməkdaşlıq və sülh fəlsəfəsinin formalaşması baxımından xüsusi rəmzi məna daşıyır. Bu hadisə yeni bir regional iqtisadi düşüncə tərzinin başlanğıcını qoyaraq, Azərbaycanın təşəbbüskarlığını və strateji baxışını ön plana çıxarır.

İqtisadi nəzəriyyələrə görə, regional əməkdaşlıq və inteqrasiya ölkələr arasında qarşılıqlı asılılığı artırmaqla uzunmüddətli sülh və sabitliyə xidmət edir. Müasir iqtisadi nəzəriyyəçilər (Riçard Baldvin və digər) göstərirlər ki, geoiqtisadi liderlik yalnız siyasi nüfuz deyil, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə reallaşır. Bu kontekstdə Azərbaycanın ECO-17 Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər ECO-da liderliyinin praktiki ifadəsi hesab oluna bilər.

Zirvə görüşü həmçinin ECO çərçivəsində Azərbaycanın mövqeyini daha da gücləndirərək regionda yeni iqtisadi inkişaf platformasının formalaşmasına zəmin yaradır. Bu tədbir nəticəsində ticarət əlaqələrinin genişlənməsi, enerji sahəsində əməkdaşlığın dərinləşməsi, nəqliyyat və logistika imkanlarının artırılması kimi istiqamətlərdə mühüm perspektivlər formalaşır. Postmünaqişə dövründə bu təşəbbüslər xüsusilə regionda iqtisadi sabitlik və davamlı inkişaf baxımından əhəmiyyətli töhfələr verir.

Tarixi kontekstdə baxdıqda, regional inteqrasiya ideyası İkinci Dünya müharibəsindən sonra Avropada yaradılan Avropa Kömür və Polad Birliyinə əsaslanır. Azərbaycanın təşəbbüsü ilə keçirilən Xankəndi Zirvə görüşü də bu yanaşmanın regional kontekstdə tətbiqi kimi qiymətləndirilə bilər. Bu görüş iqtisadi sülh və əməkdaşlığın təşviqi üçün strateji bir platforma olmaqla yanaşı, Cənubi Qafqazda yeni bir iqtisadi arxitekturanın qurulması istiqamətində real addım hesab olunur. 

2.    Azərbaycanın ECO çərçivəsində fəaliyyət istiqamətləri

Azərbaycanın ECO çərçivəsində həyata keçirdiyi iqtisadi fəaliyyətlər və əldə etdiyi göstəricilər ölkənin regional iqtisadi inteqrasiyadakı rolunu daha da gücləndirmişdir. Bu göstəricilər ölkəmizin geoiqtisadi potensialının reallaşdırılması və liderlik mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xarici ticarət sahəsində əməkdaşlıq
Azərbaycan ilə ECO üzv ölkələri arasında ümumi ticarət dövriyyəsi təqribən 4,2 milyard ABŞ dolları təşkil etmişdir. Bu rəqəm Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 8–9%-nə bərabərdir. ECO daxilində Azərbaycanın əsas ticarət tərəfdaşları Türkiyə, İran, Qazaxıstan və Özbəkistandır. 

İxrac strukturuna baxdıqda, ECO ölkələrinə göndərilən əsas məhsullar sırasında neft və neft məhsulları, plastik və kimya sənayesi məhsulları, elektrik enerjisi və kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Eyni zamanda, Azərbaycana ECO ölkələrindən idxal olunan başlıca məhsullar ərzaq, avtomobil və sənaye avadanlıqları, tekstil və maşınqayırma məhsullarıdır.

Enerji sahəsində əməkdaşlıq
ECO çərçivəsində enerji sahəsində əməkdaşlıq mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan–Türkmənistan–İran enerji körpüsü vasitəsilə elektrik enerjisi mübadiləsi genişlənmiş və bu, regionda enerji dayanıqlığının artırılmasına töhfə vermişdir.

Eyni zamanda, Cənub Qaz Dəhlizi (SGC) ECO ölkələri üçün alternativ enerji təminatında əsas platformalardan birinə çevrilmişdir. Türkiyə və Avropaya illik ~19 milyard m³ Azərbaycan qazı ixrac edilib, bunun 20%-dən çoxu ECO üzvü olan Türkiyəyə yönəlib. Azərbaycan qazı bu ölkələr üçün strateji enerji mənbəyi kimi qəbul olunur. 2024-cü ildən etibarən, ECO Enerji Strategiyası çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq təşəbbüsləri dəstəklənməkdədir və Azərbaycan bu istiqamətdə aktiv tərəfdaş qismində çıxış edir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq
Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin logistik imkanlarını genişləndirir. Nəticədə ölkənin ECO məkanında strateji tranzit qovşağına çevrilməsinə şərait yaranmışdır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Middle Corridor) vasitəsilə Çin–Avropa ticarətinin mühüm hissəsi Azərbaycan ərazisindən keçir. Bu dəhliz vasitəsilə daşınmış yüklərin təxminən 40%-i  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu dəhliz üzrə yük axınının 25%-dən çoxunu qəbul edir. Ötən illərdə Azərbaycandan keçən yük daşımalarının təxminən 40%-i ECO ölkələrinə məxsus olmuşdur ki, bu da regional ticarətin artan dinamikasını əks etdirir.

İnvestisiya axınları və texniki əməkdaşlıq
Ötən illərdə ECO ölkələrindən Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi təqribən 1,2 milyard ABŞ dolları təşkil etmişdir. Bu investisiyaların böyük hissəsi Türkiyə və Qazaxıstan tərəfindən həyata keçirilmiş və əsasən neft-qaz, tikinti və logistika sahələrini əhatə etmişdir.

Azərbaycan şirkətləri də ECO məkanında, xüsusilə Özbəkistan, Qazaxıstan və Pakistan kimi ölkələrdə 60-dan artıq birgə müəssisələr və aqrar layihələr həyata keçirmişdir. Bununla yanaşı, Azərbaycan ECO Ticarət və Sənaye Palatası çərçivəsində texniki və texnoloji əməkdaşlıq proqramlarında fəal iştirak etməkdədir.

İqtisadi əlaqələr və təşəbbüslər
Azərbaycan 2023–2025-ci illəri əhatə edən ECO Ticarət və İnkişaf Strategiyasının hazırlanmasında aparıcı rol oynamışdır. Bu strategiya regionda iqtisadi diversifikasiyanı, qarşılıqlı ticarəti və sərmayə cəlbini stimullaşdırmağı hədəfləyir. Bununla yanaşı, Azərbaycan ECO Bankı və digər maliyyə institutları ilə birgə yaşıl layihələrin maliyyələşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmüşdür. Azərbaycan 2024-cü ildən etibarən isə ECO “Green Investment Facility” təşəbbüsünə pilot ölkə kimi daxil edilmişdir. Əlavə olaraq, Azərbaycan Dayanıqlı İnkişaf Hədəfləri (SDG) kontekstində rəqəmsallaşma və yaşıl enerji sahələrində “pilot ölkə” statusu qazanaraq təşkilat daxilində innovativ yönümlü əməkdaşlıq platformasına çevrilmişdir.

3.    ECO iqtisadiyyatı: mövcud potensial və inkişaf perspektivləri

İqtisadi və demoqrafik üstünlüklər

ECO üzv olan ölkələr — Azərbaycan, Əfqanıstan, İran, Pakistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan — Asiya və Yaxın Şərq regionunun geniş bir coğrafiyasını əhatə edir. Bu platforma təxminən 500 milyon nəfər əhalisi və təqribən 2,4 trilyon ABŞ dollarına yaxın iqtisadiyyatı ilə böyük bir iqtisadi blok kimi çıxış edir.

Regionun iqtisadi atlasında bir neçə ölkə xüsusi çəkisi ilə seçilir. İqtisadiyyatın həcminə görə regionun aparıcı iqtisadi gücləri kimi Türkiyə (təqribən 1,1 trilyon ABŞ dolları), İran (təxminən 388 milyard ABŞ dolları) və Pakistan (təxminən 375 milyard ABŞ dolları) çıxış edir. Qazaxıstan isə 258 milyard ABŞ dolları ÜDM ilə Mərkəzi Asiyada lider mövqedədir. Azərbaycan isə 70 milyard ABŞ dolları səviyyəsində səviyyəsində sabit və diversifikasiya olunmuş iqtisadi model nümayiş etdirir və enerji, nəqliyyat və rəqəmsal sahələrdə artan potensiala malikdir.

Demoqrafik imkanlar və əmək bazarı

ECO regionunun demoqrafik üstünlükləri arasında gənc və dinamik əhali strukturu xüsusi əhəmiyyətə malikdir. Əhalinin orta yaş göstəricisi 25–30 yaş arasında dəyişir ki, bu da əmək bazarının çevikliyini və insan kapitalının uzunmüddətli inkişaf potensialını artırır. Bu göstərici eyni zamanda təhsil, rəqəmsal savadlılıq və startap potensialı baxımından əhəmiyyətli imkanlar açır.

İnteqrasiyanın hazırkı səviyyəsi və potensial imkanlar

Bütün iqtisadi və demoqrafik üstünlüklərə göstərir ki, ECO regionunda qarşılıqlı iqtisadi əlaqələrin artırılması üzrə geniş potensil imkanlar mövcuddur. Rəsmi statistikaya görə, ECO ölkələri arasında qarşılıqlı ticarətin ümumi xarici ticarətdə payı təxminən 10% təşkil edir. Bu göstərici təşkilat daxilində iqtisadi inteqrasiyanın tam reallaşması və bunun üçün geniş istifadə olunacaq geniş imkanların mövcudluğunu göstərir.

Region ölkələrinin iqtisadi modellərində bir sıra oxşarlıqlar – enerji resurslarının ixracı, aqrar və tekstil sənayesinə yönəlmə, ixracın xammal yönümlülüyü – müşahidə edilir. Bu isə komplementar iqtisadi strukturlar əsasında qarşılıqlı ticarətin dərinləşdirilməsi və ixtisaslaşmış inteqrasiya layihələrinin reallaşdırılması üçün zəmin yaradır.

Enerji ehtiyatları və "yaşıl keçid" imkanları

ECO regionu zəngin enerji ehtiyatlarına malikdir və dünya miqyasında mühüm rol oynayır. Bu ölkələr zəngin enerji ehtiyatları ilə tanınır, xüsusilə neft, təbi qaz və kömür sahəsində geniş sərvətlərə malikdir. Lakin, bərpa olunan enerji mənbələrinə keçid, onların gələcək inkişafı və ekoloji davamlılığı üçün vacib bir addımdır. Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstan kimi ölkələr külək, günəş və hidroenerji sahələrində inkişaf potensialına malikdirlər. Bu, onlara yaşıl keçid prosesini gücləndirmək üçün böyük fürsətlərə verir. 

Yaşıl keçid həm ekoloji təsirləri azaldır, həm də iqtisadiyyatın diversifikasiyasını təmin edir. Bu keçid bərpa olunan enerji sahəsində yeni iş yerlərinin yaradılmasına, enerji ixracının artırılmasına və enerji təhlükəsizliyinin möhkəmlənməsinə imkan yaradır. Azərbaycan regionda bu sahədə mühüm irəliləyişlərə malik olması ilə fərqlənir. ECO ölkələri enerji istehsalında təmiz texnologiyaların tətbiqi ilə həm daxili bazarlarını gücləndirə, həm də beynəlxalq ticarətdə rəqabət üstünlüyü əldə edə bilərlər.

Üzv ölkələr üçün yaşıl keçid yalnız təbii sərvətlərdən daha səmərəli istifadəni və yeni iqtisadi sahələrə sərmayə qoyulmasını, eləcə də dayanıqlı inkişaf modelinə keçid baxımından mühüm bir addımdır. Bu ölkələr yaşıl enerji texnologiyalarına investisiya qoymaqla ekoloji və iqtisadi baxımdan daha dayanıqlı bir gələcək qura bilərlər.

Azərbaycanın bərpa olunan enerji sektorunda investisiya imkanları və regional əməkdaşlıq perspektivləri

Azərbaycan bərpa olunan enerji sahəsində yüksək potensiala malik bir ölkə kimi yaşıl iqtisadiyyatın inkişafını sürətləndirmək və enerji istehsalını diversifikasiya etmək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirir. Bu sahəyə sərmayələrin cəlbi həm daxili iqtisadiyyatın gücləndirilməsi, həm də regionda enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. Günəş, külək, hidroenerji və biomassa enerjisi sahələrində geniş potensial mövcuddur və bu sahələrdəki sərmayələr, həm ekoloji dayanıqlılığı təmin edəcək, həm də iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcəkdir. Dövlətin xarici investorları cəlb etmək üçün təqdim etdiyi vergi güzəştləri, sərmayə sığortası və texnoloji əməkdaşlıq proqramları bu prosesin sürətlənməsinə və müvafiq sahələrin inkişafına imkan yaradır.

Bundan əlavə, ECO-nun beynəlxalq platformalarla əməkdaşlıq edərək həyata keçirdiyi regional və qlobal təşəbbüslər ölkənin geoiqtisadi liderlik mövqeyini daha da gücləndirir. Azərbaycanın yaşıl iqtisadiyyata keçidi yalnız enerji sektorunun deyil, həm də iqtisadi şaxələndirmə və sosial rifahın artırılması üçün vacibdir. Bu balanslaşdırılmış yanaşma ölkənin regional və beynəlxalq səviyyədə daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi modelə çevrilməsinə şərait yaradır. Yaşıl keçid ekoloji təsirləri azaldaraq iqtisadi inkişafın əsasını təşkil edir ki, bu da Azərbaycanın gələcəyini daha güclü və davamlı edir.

Nəqliyyat və logistika: regional tranzitin strateji rolu

ECO regionu Avrasiya qitəsində Şərq ilə Qərb, Şimal ilə Cənub arasında strateji tranzit koridorudur. Üzv ölkələr Avropa, Asiya və Yaxın Şərqi birləşdirən əsas nəqliyyat dəhlizləri üzərində yerləşir və regionu beynəlxalq ticarətin əsas körpüsünə çevirir. Əsas nəqliyyat dəhlizləri aşağıdakılardır:

§  Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC): İran və Azərbaycan vasitəsilə Hindistan, Rusiya və Avropa istiqamətində yükdaşımalarının məsafəsini və müddətini əhəmiyyətli dərəcədə azaldır.

§  Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu): Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə xətti üzrə Avropaya alternativ marşrut təqdim edir və Çin-Avropa yükdaşımalarında əsas rol oynayır.

§  Lapis Lazuli Dəhlizi: Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə xətti ilə Əfqanıstanın Avropa bazarlarına çıxışını təmin edir.

§  Çin-Mərkəzi Asiya-Qərb Dəhlizi: Qazaxıstan, Özbəkistan və Türkmənistan vasitəsilə Çindən Avropaya alternativ torpaq yolu yaradır.

Qazaxıstan regionun ən geniş dəmir yolu şəbəkəsinə malikdir – 20 min kilometrdən çox uzunluqdadır. Azərbaycan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Transxəzər dəhlizinin əsas dayaqlarından biridir. Türkiyə isə Mərmərə tuneli və BTQ xətti ilə Avropa-Asiya əlaqələrində logistika mərkəzi funksiyasını həyata keçirir.

Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Digital Silk Way layihəsi və Ələt Azad İqtisadi Zonası ilə tranzit mövqeyini daha da möhkəmləndirmişdir. 2023-cü ildə BTQ xətti ilə 1 milyon ton yük daşınmışdır. Ekspertlərin proqnozlarına görə, Orta Dəhlizin tam işləməsi Azərbaycanın tranzit gəlirlərini ildə 1,5-2 milyard ABŞ dolları səviyyəsinə qaldıra bilər.

4.    ECO platformasında Azərbaycanın geoiqtisadi lokomotiv rolu

Azərbaycan ECO çərçivəsində enerji, nəqliyyat, logistika və rəqəmsal sahələrdə mühüm təşəbbüslərlə çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, Cənub Qaz Dəhlizi və Digital Silk Way kimi layihələr Azərbaycanın ECO daxilində lokomotiv rolunu oynadığını sübut edir.

İqtisadi ədəbiyyatda geniş istifadə olunan "regional liderlik" anlayışı çərçivəsində (Richard Baldwin və Paul Collier kimi alimlərin yanaşmaları əsasında) Azərbaycan tədricən logistik və enerji axınlarını koordinasiya edən, texnoloji və infrastruktur əsaslı regional iqtisadi birləşməni təşviq edən əsas aktora çevrilmişdir. Bu, həm də "aşağıdan yuxarıya inteqrasiya" modelinin praktik təcəssümüdür – yəni, real iqtisadi layihələr vasitəsilə siyasi-institusional yaxınlaşmanın təmin edilməsini ifadə edir.

Beynəlxalq ticarətdə "hub-and-spoke" modelləri baxımından Azərbaycan bir mərkəz rolunu oynayaraq ətraf ölkələrlə simmetrik əlaqələr qurur. Məsələn, Türkiyə ECO çərçivəsində iqtisadi və nəqliyyat qovşağı (“hub”) kimi çıxış edir, digər ECO ölkələri isə “spoke” rolunda çıxış edərək bu mərkəz vasitəsilə Avropa və Qərb bazarlarına çıxış əldə edirlər. Azərbaycan da enerji və nəqliyyat infrastrukturu ilə Orta Asiya ölkələri üçün “hub” funksiyasını yerinə yetirir. Bakını logistika mərkəzinə çevrilməsi də Transxəzər Orta Dəhliz daxilində hub roluna uyğundur. İnvestisiyalar birbaşa bütün ölkələrə deyil, regional maliyyə və innovasiya mərkəzləri vasitəsilə paylandığı üçün İstanbul və Bakı bu sahədə “hub” funksiyasını yerinə yetirə bilər. Bu isə regional dəyər zəncirlərinin formalaşmasına mühüm şərait yaradır.

Bu kontekstdə Avropa İttifaqının təcrübəsi xüsusilə diqqətəlayiqdir. Aİ ölkələri vahid bazar, gömrük ittifaqı və ortaq monetar siyasətlə dərin iqtisadi inteqrasiyaya nail olmuşlar. ECO isə hələ ilkin mərhələdədir və Aİ-nin tədrici inteqrasiya modeli ECO üçün nümunəvi "yol xəritəsi" ola bilər. ASEAN isə "ASEAN Way" prinsipi çərçivəsində konsensus və qeyri-məcburi mexanizmlər üzərində qurulmuş əməkdaşlıq forması ilə daha çevik inteqrasiya modelini tətbiq edir.

Azərbaycan ECO daxilində bu çevik və mərhələli yanaşmanı təşviq edərək ticarət və enerji sahələrində praktik tərəfdaşlıqları genişləndirir. Buna nümunə olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun və Cənub Qaz Dəhlizinin istifadəyə verilməsini göstərmək olar. Sözügedən layihələrin reallaşması Azərbaycanın ECO-da mərkəzi rolunu gücləndirərək regionda ticarət əlaqələrinin artırılmasına imkan verir. Bu layihələr həm də Azərbaycanın enerji və tranzit sahələrində nə qədər güclü mövqeyə sahib olduğunu göstərir.

5.    Azərbaycanın iqtisadi şaxələndirmə strategiyası və ECO ilə əməkdaşlıq

Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinin əsas prioritetlərindən biri iqtisadiyyatın şaxələndirilməsi strategiyasıdır. Qeyri-neft sektorunun inkişafı dayanıqlı iqtisadi artımın təmin edilməsi, regional inkişafın bərabər səviyyədə həyata keçirilməsi və rəqabətqabiliyyətliyin yüksəldilməsi məqsədlərinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən əsas təşəbbüslər aşağıdakı sahələri əhatə edir:

Qeyri-neft sənayesi və texnoparklar: ECO məkanında sənaye inteqrasiyasının nümunəsi

Azərbaycanın sənaye siyasətinin əsas elementlərindən biri Azad İqtisadi Zonalar və texnoparkların inkişafıdır. Ələt Azad İqtisadi Zonası, Sumqayıt Kimya Sənaye Parkı, Pirallahı Sənaye Parkı kimi müasir sənaye klasterləri ECO regionu ilə texnologiya transferi və ixrac yönümlü əməkdaşlıq üçün strateji platforma funksiyasını yerinə yetirir. Bu zonalarda istehsal olunan məhsulların bir hissəsi artıq Türkiyə, Qazaxıstan, Özbəkistan kimi ECO üzv ölkələrinə ixrac edilir. ECO çərçivəsində birgə sənaye layihələrinin təşviqi, ticarət rejimlərinin sadələşdirilməsi və texniki tənzimləmələrin harmonizasiyası Azərbaycanın qeyri-neft sənayesinin regional bazarlara daha sürətli inteqrasiyasını təmin edə bilər.

Aqrar sektor və ərzaq təhlükəsizliyi: Regional ərzaq dəyərlər zəncirində mövqe

Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsi və aqrar klaster yanaşması əsasında inkişafı sayəsində ərzaq ixracatçısına çevrilməkdədir. Suvarma sistemlərinin rəqəmsalv əsasda qurulması, toxumçuluq və üzvi məhsul istehsalı sahəsində görülən tədbirlər ECO daxilində ərzaq təhlükəsizliyi və aqrar texnologiyalar üzrə əməkdaşlığı genişləndirmək üçün baza formalaşdırır. Xüsusilə Tacikistan, Qırğızıstan və Əfqanıstan kimi ərzaq idxalına yüksək səviyyədə bağlı olan ölkələrlə Azərbaycanın kənd təsərrüfatı məhsullarının tədarükü, aqrar təlimlər və texniki yardım proqramları çərçivəsində inteqrasiyası mümkündür.

Rəqəmsal iqtisadiyyat: ECO-nun rəqəmsal qovşağına çevrilmək

Azərbaycanın “Digital Silk Way” təşəbbüsü və “elektron hökumət” infrastrukturu ölkəni ECO regionunda rəqəmsal transformasiyanın lokomotivi halına gətirməkdədir. Fiber-optik infrastrukturun genişləndirilməsi, məlumat mərkəzlərinin qurulması və startap ekosisteminin inkişafı ECO məkanında rəqəmsal əməkdaşlıq üçün “hub-and-spoke” modelinin tətbiqinə imkan yaradır. Azərbaycan bu sahədə Özbəkistan, Qazaxıstan, Pakistan kimi ölkələrlə rəqəmsal bacarıqların transferi, birgə startap fondları və texnologiya parklarının əlaqələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirə bilər.

Alternativ enerji və ECO üzrə yaşıl sinerji

Azərbaycanın "yaşıl enerji" strategiyası – xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yaşıl enerji zonaları elan olunması – ölkənin bərpa olunan enerji ixracatçısı potensialını artırır. Günəş, külək və hidroenerji layihələri ECO Enerji Strategiyası (2024+) ilə uyğunluq təşkil edir. ECO ölkələri arasında elektrik enerjisinin ticarəti, yaşıl investisiya fondları və texnologiya transferi üzrə əməkdaşlıq çərçivələri Azərbaycanın regional yaşıl enerji mərkəzinə çevrilməsinə töhfə verə bilər. Eyni zamanda, bu təşəbbüslər ECO Dayanıqlı İnkişaf Hədəfləri ilə də uyğunluq təşkil edir.

Göründüyü kimi, Azərbaycanın iqtisadi şaxələndirmə siyasəti təkcə daxili inkişafla məhdudlaşmır, eyni zamanda ECO məkanında iqtisadi sinerji, innovasiya və davamlı tərəfdaşlıq imkanları yaradır. Bu strategiya çərçivəsində: ECO ölkələri ilə sənaye kooperasiyası, yaşıl iqtisadiyyat və enerji keçidi sahəsində texniki əməkdaşlıq, rəqəmsal texnologiyalar üzrə təlim və pilot layihələr, və ərzaq təhlükəsizliyi zəncirinin birgə təşkili mümkün perspektivlər kimi formalaşır. Ölkəmizin bu çərçivədə lokal təşəbbüskardan regional təşəbbüskar və koordinasiyaçıya çevrilməsi, həm ECO-nun institusional möhkəmlənməsinə, həm də regionun dayanıqlı iqtisadi inteqrasiyasına töhfə verəcəkdir.

6.    Xankəndidən başlayan yeni strateji tranzit və logistika marşrutları

Azərbaycan ECO regionunun ən mühüm tranzit ölkəsi olmaqla beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Yerləşdiyi coğrafi mövqe onu Şərq ilə Qərb, Şimal ilə Cənub arasında strateji tranzit nöqtəsi halına gətirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) kimi layihələr, Azərbaycanın tranzit potensialını artırır və qlobal ticarət əlaqələrini daha da möhkəmləndirir.

Dünyada tanınmış alimlərdən olan David Ricardo və Heckscher-Ohlin nəzəriyyələri deməyə imkan verir ki, Azərbaycanın tranzit potensialı eyni zamanda onun nisbi üstünlüyü olan coğrafi mövqeyinə əsaslanır. Müasir dövrdə bu üstünlük informasiya və rəqəmsal infrastrukturlar vasitəsilə daha da gücləndirilir. Bunun nəticəsində ölkəmiz həm də logistik xidmətlər təklif edən yüksək əlavə dəyər yaradan aktora çevrilir.

Burada mühüm bir faktı qeyd etmək yerinə düşərdi. Xankəndi Zirvəsi sonrası Qarabağ və Şərqi Zəngəzur bölgələri Orta Dəhliz və Şimal-Cənub dəhlizlərində daha da mühüm mövqelərə sahib olacaq. Bu coğrafi mövqelər Azərbaycanın tranzit imkanlarını yalnız yük daşımalarından deyil, yüksək dəyərli logistika xidmətləri təqdim edən bir mərkəzə çevirməyə imkan yaradır.

Riçard Baldvinin şəbəkə nəzəriyyəsinə uyğun olaraq, Azərbaycanda logistikanın inkişafı ticarət axınlarını sürətləndirəcək və ECO ölkələri arasında iqtisadi əlaqələri daha da gücləndirəcək. Xankəndi Zirvəsi bu tranzit marşrutlarının inkişafına dair yeni addımların atılmasına şərait yaradır və Azərbaycanın tranzit gəlirlərinin artırılmasına imkan verir. Azərbaycan, həmçinin bu marşrutları daha çevik və effektiv şəkildə idarə etməklə, beynəlxalq bazarlarda daha möhkəm yer tutacaqdır.

7.    Tarixi irsin müasir inkişaf kursuna transformasiyası

Azərbaycanın geoiqtisadi mövqeyi yalnız bu günə aid bir fenomen deyil. Əslində ölkənin sahib olduğu iqtisadi güc və liderlik mövqeyi uzun illər əvvəl qurulmuş strateji təməllər əsasında inkişaf etmişdir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, xüsusən də İpək Yolunun üzərindəki tarixi rolu bu gün də ölkəni həm enerji, həm də ticarət əlaqələri sahəsində mərkəzi aktora çevirir.

İstər enerji ehtiyatları, istərsə də nəqliyyat və logistika dəhlizləri sahəsindəki mövqeyi Azərbaycanın tarixi irsi ilə bağlıdır. Bu irs ölkənin strateji coğrafi mövqeyinin müasir dövrdə necə istifadə edildiyini və iqtisadi əlaqələrin inkişafını necə təmin etdiyini aydınlaşdırır. Məhz bu səbəbdən ölkənin geoiqtisadi strategiyası yalnız tarixi əsaslarla deyil, həm də müasir iqtisadi model və global çağırışlara cavab verən siyasət ilə uyğunlaşdırılaraq inkişaf etmişdir.

Məlum olduğu kimi, Azərbaycanın enerji müstəqilliyinin təmin edilməsi ilə yanaşı, regional və beynəlxalq əlaqələrin gücləndirilməsi Ulu Öndər H.Əliyevin strateji baxışında prioritetlərdən biri olmuşdur. Bununla həm də müasir inkişafın təməli qoyulmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektoru, yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya sahəsində əldə olunmuş irəliləyişlər bu strateji irsin müasir dövrə adaptasiya olunmasını təmin edilmişdir.

Hazırda Azərbaycanın geoiqtisadi mövqeyi yalnız neft və qaz ehtiyatları ilə deyil, həm də bərpaolunan enerji və rəqəmsal texnologiyalar ilə dəstəklənən, daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model üzərində formalaşır. Bu model Azərbaycanın iqtisadi inkişafını həm daxili bazarda, həm də qlobal səviyyədə daha da gücləndirir.

Beləliklə, Azərbaycan tarixi irsini qorumaqla yanaşı, müasir inkişaf kursuna daxil edərək qlobal iqtisadiyyatdakı yerini möhkəmləndirməkdədir. Bu proses, regional əməkdaşlıq və iqtisadi inteqrasiyanın gücləndirilməsində Azərbaycanın liderlik mövqeyini daha da möhkəmləndirəcək və onu qlobal iqtisadiyyatın mərkəzi aktorlarından biri halına gətirəcəkdir.

8.   Yekun: ECO və Regional İnkişafın Perspektivləri

Azərbaycanın geoiqtisadi mövqeyi enerji və nəqliyyat infrastrukturunun inkişafı, eləcə də yaşıl keçid və rəqəmsal transformasiya sahələrindəki təşəbbüsləri onu regional lider olaraq ön plana çıxarır. Xankəndi Zirvəsi Azərbaycanın ECO çərçivəsindəki liderlik rolunu daha da möhkəmləndirmək və regional iqtisadi inteqrasiyanı dərinləşdirmək üçün mühüm bir mərhələdir. Bu Zirvənin nəticələri İqtisadi Əməkdaşlıq Təşkilatının yeni iqtisadi fəlsəfəyə əsaslanan iqtisadi inteqrasiya modelini həyata keçirməkdə Azərbaycanın təşəbbüskarlığını daha da gücləndirəcəkdir.

Bu prosesdə Azərbaycanın liderliyi, regional iqtisadi əlaqələrin genişlənməsinə, enerji və nəqliyyat sahələrindəki əməkdaşlığın dərinləşməsinə və yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm irəliləyişlərə şərait yaradacaqdır. Xankəndi Zirvəsi, Azərbaycanın ECO-nun inkişafını və regionun qlobal iqtisadiyyatdakı mövqeyini gücləndirən yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

Şaiq Adıgözəlov

İqtisad üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see211

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see124

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see121

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see121

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see118

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see117

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see116

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see115

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see115

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see113

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see112

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see112

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see112

BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib

05 İyul 2025 23:44see111

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri