Zəngəzur dəhlizi açılır, İlham Əliyevin iradəsi Avrasiyanın xəritəsini dəyişir ANALİTİK
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı nəqliyyat islahatları ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Xüsusilə Zəngəzur dəhlizi Azərbaycanın strateji nəqliyyat infrastrukturu layihələri arasında xüsusi önəm daşıyır və ölkəmizin regional tranzit potensialını xeyli gücləndirir.
Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə Azərbaycanın qərb rayonlarını Ermənistan üzərindən Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinə də toxunaraq bildirib ki, bu marşrutun Azərbaycan ərazisindən keçən hissəsi yaxın vaxtlarda hazır olacaq.
Prezident bildirib ki, Ermənistan sərhədinə gedən dəmir yolunun fiziki hazırlığı 70 faiz, avtomobil yolunun isə təxminən 95 faizdir və Azərbaycan işləri sürətləndirə bilər, amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna böyük ehtiyac görülmür:
“Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq. Bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq və həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq”.
Qeyd edək ki, bu layihə yalnız Azərbaycan üçün deyil, eyni zamanda Ermənistanın iqtisadi inkişafına və regional inteqrasiyaya da töhfə verəcək.
Dəmir və avtomobil yolları, körpülər və digər infrastruktur obyektləri sürətlə tikilir; layihənin yükötürmə qabiliyyətinin illik 15 milyon tona çatdırılması planlaşdırılır ki, bu da həm regional, həm də beynəlxalq nəqliyyat marşrutlarını birləşdirəcək. Hazırda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 96%-i tamamlanıb və 2026-cı ilin birinci yarısında istifadəyə veriləcək, Ağbənd körpüsündə işlər 95% səviyyəsindədir. Horadiz-Ağbənd dəmir yolu xəttində layihələndirmə 85%, tikinti isə 69% icra olunub. Naxçıvan istiqamətində 188 km-lik dəmiryolu ilə körpülər, tunellər və viyaduktlar yenidən qurulacaq, illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Dəhlizin tam istifadəyə verilməsi 2028-ci ilə planlaşdırılır və bu, Azərbaycanın regional tranzit və logistika mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi özündə çoxsaylı nəticələri əks etdirir. Layihə həm Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və beləliklə, muxtar respublikanın blokadasına son qoyur, həm də Azərbaycan və Türkiyə arasında quru əlaqəsi yaradır. Türkiyədən başlayaraq, Mərkəzi Asiyaya qədər uzanan türk dünyasında coğrafi parçalanma aradan qalxır. Bütün region dövlətləri - Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran, eləcə də regiondankənar ölkələr, Çin, Avropa İttifaqı və ABŞ üçün iqtisadi-lojistik dividentlər əldə etmək imkanı yaranır.
A. Nərimanlı xatırladıb ki, 2020-ci il Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan lideri, Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr üçtərəfli razılaşmaya Naxçıvana maneəsiz keçidin açılmasını daxil etməklə Zəngəzur dəhlizi layihəsini rəsmiləşdirdi. Lakin 2020-ci ildə Naxçıvana maneəsiz keçidin verilməsi, yəni Zəngəzur dəhlizinin açılması öhdəliyini götürən Ermənistan 2025-ci ilə qədər buna əməl etməmək üçün əlindən gələni edirdi: “Rusiya ilə geosiyasi mübarizənin Cənubi Qafqaz cəbhəsini kəskinləşdirməyə çalışan Qərb ölkələri də bu məsələdə rəsmi İrəvana açıq dəstək verirdi. Həm Bayden administrasiyası, həm də Avropa elitası 10 noyabr razılaşmasına əsasən Zəngəzur dəhlizində təhlükəsizliyin Rusiya tərəfindən təmin edilməsi ideyasına qarşı çıxaraq vahid mövqedən çıxış edir, Ermənistan da bu situasiyadan istifadə edərək Naxçıvana maneəsiz keçidi təmin etməkdən yayınırdı.
Lakin Prezident İlham Əliyev bütün bu geosiyasi oyunları pozmağı bacardı və Vaşinqton görüşündə tarixi nailiyyətlərə imza atdı. Avqustun 8-də Ağ Evdə görüşən Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzaladı. Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi və Zəngəzur dəhlizi ilə bağlı konkret qeydlər yer alır; “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı” dəstəklənir.
Vaşinqton razılaşmasına əsasən, Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz bağlantısını təmin edəcək yol TRIPP adlandırılsa da, bunun Zəngəzur dəhlizi olduğu məlumdur. Dəyişən heç nə yoxdur: TRIPP, yaxud Zəngəzur dəhlizi – hər iki halda Naxçıvana maneəsiz keçid təmin olunur. Azərbaycanın Zəngəzur dəhlizinin fəaliyyətinin təmin edilməsi istiqamətində həyata keçirdiyi işlər davam edir və demək olar ki, 95 faizi tamamlanıb. Dəhlizin Ermənistan ərazisindən keçən 43 kilometrlik hissəsində isə layihələndirmə və tikinti işlərinə başlanılmayıb”.
A. Nərimanlı qeyd edib ki, Cənubi Qafqaz Avrasiyanın nəqliyyat şəbəkəsində əsas hablardan birinə çevriləcək, Orta Dəhlizin perspektivləri güclənəcək. Ermənistan regional kommunikasiyanın açılması ilə “dalan ölkə” olmaqdan çıxacaq, eyni zamanda Şərq və Qərb, eləcə də Şimal və Cənub istiqamətində yeni çıxış imkanları qazanacaq: “Hətta region ölkələri, Rusiya və İran bu layihədən istifadə etməklə həm regional kommunikasiyada, həm də Avrasiyanın nəqliyyat şəbəkəsində iştirak imkanlarını artıra bilərlər. Türkiyə bu layihə vasitəsilə Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqelərini gücləndirə bilər.
ABŞ və Avropa ölkələrinin Asiya bazarına, Çinin isə Avropa bazarına çıxış imkanları genişlənə bilər. Gördüyümüz kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün siyasi və iqtisadi-lojistik üstünlüklər qazandırmır, ümumilikdə region və regiondankənar qüvvələrə də yeni imkanlar açır. Tarixi ideyanı gerçəkliyə çevirən Prezident İlham Əliyev bu nailiyyəti ilə böyük bir coğrafiyanın gələcək inkişafını müəyyənləşdirib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















