Zəngəzur dəhlizinin açılması bölgənin inkişafını dəyişəcək TƏHLİL
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük şəxsiyyətlər öz əməlləri və fəaliyyətləri ilə tarix yaradırlar. Hansı ki, xeyirli, gərəkli fəaliyyəti ilə tarix yaradan böyük şəxsiyyətlərin amalları, yüksək ideyaları, uzaqgörən siyasəti xalqa xoşbəxtlik, dövlətə ucalıq gətirir. Azərbaycanın böyük Öndəri Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə beynəlxalq aləmdə Azərbaycan dövlətinin adı hörmətlə çəkilir, millətimizin nümayəndələrinə rəğbət göstərilir. Vətən Müharibəsi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması ilə Azərbaycanın dünya müqyasında rolu və yeri möhkəmləndi, nüfuzu daha da artdı. Üçrəngli bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanması Azərbaycanı qalib ölkə, xalqımızı isə qalib xalq kimi dillər əzbərinə, tarixdə heç zaman unudulmayacaq salnaməyə çevirdi. Bu Qələbənin baş memarı isə heç şübhəsiz Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Məhz Prezident İlham Əliyevin apardığı müdrik siyasəti və böyük sərkərdəlik məharəti nəticəsində Qarabağın işğaldan azad edilməsi ilə tarixi zəfərə imza atıldı. Bununla da Yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı.
Ölkəmizin illər ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən illər ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
Uğurların təməlində əsaslı siyasət dayanır
Bugünkü uğurlar, qələbələr onu deməyə əsas verir ki, Azərbaycan xalqı 2003-cü il prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirilməsi üçün Cənab İlham Əliyevin Prezident seçilməsinə səs verməklə müdrik qərar verib. Bunu Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd edir ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi: “Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.
Yenilməz Sərkərdə, Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsindən sonra yaranan mövcud vəziyyət barədə qeyd edib ki, biz 10 noyabr üçtərəfli Bəyanatı imzalanandan sonra, əlbəttə ki, gələcək addımlarımızla bağlı ciddi düşünməli idik: “Çünki 10 noyabr hadisəsi də bir dövr idi və müharibə nə ilə nəticələnəcək, noyabrın 8-də mən tam deyə bilməzdim, yəni, tam əminliklə deyə bilməzdim. Əlbəttə, mən bilirdim ki, bizim Zəfərimizlə nəticələnəcək, amma necə və nə vaxt, noyabrın 8-də demək mümkün deyildi. Çünki noyabrın 8-də təbii ki, çox böyük hadisə baş verdi - Şuşa işğaldan azad edildi və faktiki olaraq separatçıların müqaviməti, belə deyək, strateji nöqteyi-nəzərdən mənasız olmuşdu. Əlbəttə, əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Biz hamımız bunu yaxşı bilirdik, çünki indi də oralara gedən, o bölgələrə gedən hər bir insan görür ki, nə dərəcədə çətin relyefdə yerləşən bir ərazidir. Ancaq əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.Ona görə 8 noyabrdan sonra - ertəsi gün bütövlükdə səhərdən axşama qədər, gecəyə qədər Rusiya Prezidenti vasitəsilə Azərbaycan, Ermənistan danışıqlarına həsr edilmişdir. Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur. Əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı. Ancaq hər halda 10 noyabrdan sonra müəyyən bir vakuum yarandı. Heç kim bilmirdi bundan sonra nə olacaq? O vaxt hələ meydanda olan Minsk qrupunun həmsədrləri də demək olar ki, özləri də bilmirdilər nə ilə məşğul olacaqlar və bəzi səfərlər də oldu. Ermənistandakı vəziyyət təbii ki, birmənalı idi. Azərbaycanda xalq sevinc içində idi. Ancaq mən bilirdim ki, bu, işin sonu deyil. Çünki bir çox tamamlanmamış məsələ var və o məsələlərə aydınlıq gətirilməlidir, ilk növbədə, ovaxtkı Laçın dəhlizi ilə bağlı olan məsələ”.
Zəngəzur dəhlizinin açılması istiqamətdə işlər görülür
Əminliklə demək olar ki, Zəngəzur dəhlizinin açılması Azərbaycana yeni uğurlar, zəfərlər gətirəcək. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Qərb rayonları arasında əlaqələr qurulacaq, Muxtar Respublika blokadadan çıxacaq, Avropa ilə Asiya arasında iqtisadi əlaqələr möhkəmlənəcək, tranzit yük daşınmaların həcmi artacaq. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarının tərkib hissəsidir və regionda əməkdaşlığa yol açır. Bu da onu təsdiq edir ki, Qarabağ Fatehi, Prezident İlham Əliyev Azərbaycanın hər bir marağının və mənafeyinin qorunmasında və təmin olunmasında qərarlıdır. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması məsələsindən danışarkən demişdir: “Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
Təbii ki, dəhliz bölgənin iqtisadi, sosial simasının dəyişməsinə yardımçı olacaq. Bölgə dövlətləri bərabər hüquqlu şəkildə dəhlizdən istifadə etməklə, böyük mənfəətlər qazanacaqlar. Bununla bağlı Azərbaycanın irəli sürdüyü şərtlər əsasında avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ prezidenti Donalt Trampın və Ermənistan baş naziri Nikol Paşinyan arasında razılaşma imzalanıb, Birgə Bəyannamə qəbul edilib. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq: “Zəngəzur dəhlizinin açılışı həm də Orta dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir".
Bir sözlə, Zəngəzur dəhlizi regionda iqtisadi, sosial inkişafa yeni və davamlı töhfələr vermiş olacaq. Həm də Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin möhkəm və daimi olmasına zəmin yaradacaq. Qazanan heç şübhəsiz ki, xalqlar olacaq. İnsanların sosial-iqtisadi vəziyyəti, bir nöqtədən, başqa bir nöqtəyə sərbəst hərəkət etmələrinə imkanlar yaranacaq. Bu reallıqları və gözlənilən nəticələri Ermənistan nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Əks halda Ermənistan arzu etmədiyi fəlakətlərlə üzləşə bilər.
İLHAM ƏLİYEV


