Icma.az
close
up
RU
Zərdabinin müəllim qızı

Zərdabinin müəllim qızı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görkəmli pedaqoq Qəribsoltan Məlikovanın maarifçilik örnəyi

Tanınmış pedaqoq Qəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il iyunun 11-də Zərdabda anadan olmuşdur. Tiflisdə rus-qız gimnaziyasını bitirmiş, sonra anası Hənifə xanımın 1901–1905-ci illərdə direktoru olduğu nümunəvi qız məktəbində oxumuşdur. Qəribsoltan xanım atası H.Zərdabinin vəfatından 3 il sonra – 1910-cu ildə pedoqoji fəaliyyətə başlamışdır.

Hənifə xanım fəxr edirdi ki, qızı Qəribsoltan xanım 1914-cü ildə İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedoqoji Şurasında bütün sınaqlardan keçmiş, xalq məktəblərinin müəllimi adına layiq görülmüşdür. Onun almış olduğu bu ad təkcə demokratik düşüncə tərzinə malik valideynlərin nailiyyəti deyil, eyni zamanda, bütün azərbaycanlı qadınların irəliləyişi, onların oxumaq və başqalarını da öyrətmək imtiyazlarının təsdiqi idi.

Qəribsoltan xanım 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918–1920-ci illərdə Rus-Tatar qız gimnaziyasında müəllim işləmişdir.

Atasının “burjua jurnalisti”, “qəzet sahibkarı” adlandırılması, “Əkinçi” qəzetinin “zərərli ideyalar” yayıcısı kimi ittiham olunub yasaq edilməsi, ailə üzvlərinin repressiyası səbəbindən Qəribsoltan xanım Gəncəyə gedərək orada sakit həyat sürmək istəmişdir. O, bir müddət Şəmkirdə müəllim işləmişdir.

Bəzi məlumatlara görə, İkinci Dünya müharibəsi illərində o, görkəmli bəstəkar, əslən zərdablı olan, SSRİ Xalq artisti, sabiq mədəniyyət naziri Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba köçür və hər ikisi Zərdab məktəbində müəllim işləmişdir. Qəribsoltan xanım ərə getməmişdir. Özü ana olmasa da, görkəmli bəstəkar Rauf Hacıyevin və onun bacısı Adilənin təlim-tərbiyəsi ilə məşğul olmuş, onları ərsəyə çatdırmışdır. Qəribsoltan xanım uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbində də dərs demiş, onlara analıq etmişdir. Şahidlər deyirlər ki, bu xanım maaşını və pensiyasını da həmin uşaqlara paylayırmış.

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Qəribsoltan xanımın həyatı və fəaliyyəti ilə bağlı araşdırmalar apararkən ona verilən attestat (F.№ 653. S.1. iş 43) diqqətimi cəlb etdi.

Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən təsdiq olunmuş 4 noyabr 1938-ci il tarixli, 7564 nömrəli həmin attestatda yazılmışdır: “1918-ci ildə Bakıda qadınlar gimnaziyasının 7-ci sinfini bitirmiş və pedaqogika işi üçün təyin edilmiş imtahan stajını məktəbdə keçmiş Qəribsoltan Həsən qızı Məlikova SSRİ Mərkəzi İcrayə Komitəsi və Xalq Komissarları Sovetinin müəllimlərə fəxri ad verilməsi haqqındakı 1936-cı il 10 aprel tarixli qərarına əsasən, ibtidai məktəb müəllimi adını alır”. O zaman ibtidai məktəb müəllimi adını almış Qəribsoltan xanım artıq Bakıda III rus-müsəlman qız məktəbində müəllim işləyirdi.

Qəribsoltan xanım dərin fikir içində, xəyallarla yaşayır, atası Həsən bəylə, anası Hənifə xanımla birgə keçirdiyi illər ərzində gördüyü, şahidi olduğu, yadında qalan günlərin tarixi yaddaşlarda qalması üçün onları qələmə alır və bu tənha insan bununla özündə bir qədər rahatlıq tapırdı. O, “Atam haqqında xatirələrim”də yazırdi: “Atam qonaq qəbul etməyi çox sevirdi... Atam onda “Kaspi” qəzetinin redaksiyasında işləyirdi. Bir dəfə o, qulluqçusunu evə göndərərək anama xəbər verdi ki, redaksiyaya onun yanına Rusiyadan qonaqlar gəliblər və onları hörmətlə qarşılamaq lazımdır.

Anam bu xəbəri bizə çatdırdı. Biz təzə paltarlarımızı geyindik. Axşam atam qonaqlarla birlikdə evə gəldi, anam onları eyvanda qarşıladı. Anamın rus dilində mükəmməl danışmağı onların çox xoşuna gəldi. Onlar gecə yarısına qədər oturdular... Atam yalnız səhər bizə dedi ki, qonaqlardan biri yazıçı Maksim Qorki, o biri isə məşhur müğənni Şalyapin idi”.

1937-ci ildə xəbər yayılır ki, yeni çəkilən Bakı–Salyan şosse yolu Şıx kəndindəki Bibiheybət məscidinin ətrafında yerləşən qəbiristanlıqdan keçəcək. Kim istəsə, doğmalarının, yaxınlarının məzarını köçürə bilər. O zaman Həsən bəyin ailəsindən kim qalmışdı? Həyat yoldaşı Hənifə xanım 1929-cu ildə Bakı şəhərində vəfat etmişdi, böyük qızı Pəri xanım Topçubaşova Fransada mühacirətdə vətən həsrəti ilə yaşamış və geri dönə bilməmiş, 1947-ci ildə orada dünyasını dəyişmişdi. Böyük oğlu Midhəd bəy Almaniyada oxumağa göndərilmiş Cümhuriyyət tələbələrindən idi. Bakıda, Gəncədə yaşamışdı. O, Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi uğrunda aparılan quruculuq işlərinin qurbanı olmuş, ermənilərin donosu və üzə durması ilə 1937-ci ildə güllələnmişdi (1990-ci ildə bəraət alıb). Kiçik oğlu Səffət bəy Fransada, sonra isə Türkiyədə yaşamış, təhsilini başa vurduqdan sonra Bakıya dönməyə çəkinmişdi. Bu zaman Bakıda Həsən bəyin ailəsindən yalnız evin sonbeşiyi Qəribsoltan xanım qalmışdı.

Həsən bəyin dəfnindən 50 il keçdikdən sonra, yaranmış mövcud vəziyyətə görə bu dahi insanın uyuduğu məzarın yeri mütləq dəyişdirilməli idi. Lakin, bunu kim etməli idi?.. Xəbəri eşidən Qəribsoltan xanım təlaş içində nə edəcəyini, kimə üz tutacağını bilmir. Çıxış yolunu fəhlə tapıb Bakı–Salyan şose yolunun tikintisi altında qalacaq cənazəni tez bir anda qəbirdən çıxarmaqda görür. Elə də edir və pul verib iki nəfər fəhlə tutur. 1937-ci ilin payızında mərhumun cəsədinin qalıqları yeşiyə yığılır və muzdluların çiyinlərində Bayıla qədər gətirilir. Buradan isə tramvayla Qəribsoltan xanımın evinə aparılıb ona təhvil verilir.

Qeyd etdiyim kimi, iztirablı həyat tərzi keçirən zavallı xalq müəllimi 1929-cu ildə anasını itirmişdi. Böyük qardaşı Midhəd bəy 1937-ci ildə güllələnmiş, kiçik qardaşı Səffət bəydən ömrünün sonuna qədər xəbər tuta bilməmişdi. Parisdə yaşayan bacısı Pəri xanımın başına nələr gəldiyindən xəbərsiz olmuşdu. Həyatının son illərində APİ-nin fizika kafedrasının müdiri vəzifəsində işləyən qardaşı oğlu Rəhim bəy isə 1936-cı ilin fevralın 23-də Bakıda dünyasını dəyişmişdi.

Qəribsoltan xanım Şəmkirin Zəyəm kəndində müəllim işləyərkən hədə-qorxuya, təhqirlərə məruz qalmış, ölüm qorxusu keçirmiş, əsəbləri pozulmuşdu. Yeganə təsəlli yeri o idi ki, atası Həsən bəyin cəsədinin yeşiyə yığılmış sümükləri, ruhu onun yanında idi. İşə baxın ki, Həsən bəyin gor evi bir neçə il qızı Qəribsoltan xanımın mənzili olmuşdur.

Həsən bəyin vəfatının 50 ili ərəfəsində dahi mütəfəkkirin xatirə gününün qeyd olunması məsələsini tanınmış ədəbiyyatçı alim Abbas Zamanov Azərbaycan KP MK qarşısında qaldırır. Mərkəzi Komitənin şöbə müdiri Şıxəli Qurbanov məsələyə qarışır və yubiley komissiyası təşkil olunur. Layihə üzrə qəbrin abadlaşdırılması məsələsinə baxılan zaman məzarın harada olması sualı ortaya çıxır və onun yerini heç kəs bilmir. Bu zaman Qəribsoltan xanım yada düşür və ona müraciət etməli olurlar. Abbas Zamanov, tanınmış bioloq alim Mirəli Axundovla və eyni zamanda bir neçə filosof alimlə birlikdə Qəribsoltan xanımın yaşadığı mənzilə, onun yanına gəlirlər.

Gələnlərə: “Atamın hər şeyini məhv etdiniz, indi də gəlmisiniz sümüklərini aparmağa? Bir də bu evə ayaq basmayın!” – deyən Qəribsoltan xanım, nəhayət, əsəblərini ələ aldıqdan sonra atasının 1937-ci ildə anası Hənifə xanımın yanında basdırıldığını bildirir. A.Zamanov tələbələri ilə birlikdə şəhər qəbiristanlığına üz tutur, Hənifə xanımın məzarı açılır, Həsən bəyin qutuya yığılan, xanımının ayaqları altında basdırılan sümükləri qəbirdən çıxarılır. Beləliklə, Həsən bəy 1957-ci ildə, üçüncü dəfə Fəxri xiyabanda dəfn olunur.

Digər tərəfdən oxucularımıza belə bir məlumat vermək istərdim ki, xalqımızın dahi incəsənət xadimlərinin, görkəmli dövlət xadimlərinin əbədi yuxuya daldıqları Fəxri xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci ilin avqust ayının 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti qərar qəbul etmişdir. Həmin qərara əsasən, qəbirinin köçürülməsi qərara alınan 12 nəfərdən biri də Həsən bəy Zərdabi olmuşdur. Fəxri xiyabanın ilk sakinləri arasında Həsən bəy Zərdabinin adı 3-cü şəxs olaraq qeyd olunmuşdur.

Onu da qeyd edim ki, bu günədək Həsən bəy Zərdabinin həyatı, onun dəfni ilə bağlı gedən yazılarda, tədqiqat işlərində Azərbaycan SSR Nazirlər Soveti tərəfindən belə bir qərarın qəbul edilməsi barədə məlumat verilməmişdir.

Qayıdaq Qəribsoltan xanıma. Onun uzunmüddətli, qüsursuz pedaqoji fəaliyyəti nəzərə alınmış, 1948-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, maarif sahəsində fəaliyyətinə görə “Lenin ordeni” ilə təltif olunmuşdur. Qəribsoltan xanım 1956-cı ilədək müəllim işləmişdir.

Bütün həyatını xalqının maariflənməsinə, təhsilinə həsr edən, iztirablı həyat tərzi keçirən, üzüntülərə dözə bilməyən Qəribsoltan xanım Həsən bəy qızı Məlikova 1967-ci il mart ayının 9-da Bakıda vəfat etmişdir.

Bu gün müstəqil Azərbaycan Respublikasında bütov azərbaycançılıq məfkurəsi ilə milli maarifçilik hərəkatında misilsiz xidmətləri olan Məlikovlar ailəsi böyük ehtiramla yad olunur.

Eldəniz HƏSƏNOV,
Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see290

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see262

Livitt istefa verdi

13 Avqust 2026 00:16see229

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

12 Avqust 2026 12:01see224

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see218

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see213

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see202

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see196

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see195

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see185

Tramp: ABŞ Ukraynaya hərbi dəstək verə biləcək AB ölkələrinə silah satır

12 Avqust 2026 04:53see182

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see181

İtlərin insanları necə “oxuduğu” məlum oldu

12 Avqust 2026 06:28see175

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see175

İqtisadiyyatda kim qazandı, kim uduzdu? 7 aylıq rəqəmlər

12 Avqust 2026 10:54see174

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see168

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see150

Bu yol demək olar hazırdır İlham Əliyev

12 Avqust 2026 01:38see149

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see149

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri