Icma.az
close
up
RU
Zərər ziyansız yaşamağın düsturu

Zərər ziyansız yaşamağın düsturu

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Anton Çexovun “Rotşildin skripkası” hekayəsi haqqında

Əvvəli ötən saylarımızda...

Qoca darıxdığından şəhər kənarına çıxır, örüşlərə baş çəkir, çay qırağına enir, burada üzən ördəyə-qaza tamaşa eləyir. Marfanın son nəfəsində xatırladığı söyüdü görəndə tanıyır, artıq qocalmış ağacın altında oturub keçmişə dalır, indi artıq körpəykən göylərə çəkilmiş sarışın qızcığaz da yadına düşür. İndi ona çatır ki, ötən qırx-əlli ildə bir dəfə də çay qırağına çıxmayıb, bu boyda çaya diqqət yetirməyib: “Çay da kiçik çay deyildi, bu çaydan balıq tutub tacirlərə, məmurlara, stansiya bufetçisinə satmaq, bundan gələn pulları banka qoymaq olardı. Gəzinti gəmilərində aşağı-yuxarı üzə-üzə skripka çalıb yaxşı pul yığardı. Bəlkə çayda qayıq sürmək də olardı, hər halda bu, tabut qayırmaqdan yaxşıdır. Nəhayət, çoxlu qaz saxlamaq, qışda kəsib Moskvaya göndərmək, təkcə tükündən ildə on manat pul tutmaq olardı. Ancaq o bunları nəzərdən qaçırmışdı! Gör nə qədər ziyana düşmüşdü! Balıq tutmağı, skripka çalmağı, qayıq işlətməyi, qaz kəsməyi üst-üstə toplasan, gör nə böyük sərvət yığılardı! Ancaq bunlar onun heç yuxusuna da girməyib. Həyat çox səmərəsiz, zövqü-səfasız, boş-boşuna keçib. İrəlidə artıq heç nə görünmürdü. Geriyə baxanda da zərər-ziyandan başqa gözə bir şey dəymirdi. Axı niyə insan zərərsiz-ziyansız, itkisiz yaşaya bilmir?..”

Yakov ömrünü dava-şavada, qeylü-qalda keçirdiyinə, arvadını daim qorxu, təzyiq altında saxladığına, binəva Rotşildi qovub itlərin cənginə verdiyinə görə bərk peşmanlıq çəkir. Düşünür ki, adamlar arasında nifrət, küdurət olmasa, insan insanla mehriban dolansa, bundan hamı böyük qazanc götürər, dünyada ac-yalavac, yoxsul, dilənçi qalmaz.

***

Ertəsi gün Yakov yerindən güclə qalxıb xəstəxanaya gedir. Feldşerin üzündəki ifadədən, danışığından anlayır ki, işlər fırıqdır, daha nə həkim, nə dava-dərman dadına çata bilməz. Evə gedə-gedə düşünür: ölümdən ona ancaq xeyir gələcək, daha nə yemək-içməyə, nə vergi ödəməyə, nə kimisə incitməyə ehtiyac qalmayacaq. Nəzərə alanda ki, insan məzarda yüz illər, min illər boyu yatır, buradan gələn qazancı yığıb-yığışdırmaq da mümkün deyil. Yaşamaq insana zərər, ölüm xeyir gətirir. Burası doğrudur, amma nə qədər olmasa adamı yandırır: axı niyə insana bircə dəfə verilən ömür bunca nəfsiz, faydasız, səmərəsiz keçir?

Artıq onun bu dünyada skripkasından başqa heç nəyi, heç kimi qalmayıb. Tək ona canı yanır, onun dərdini çəkir. Yakov uzun ömrü boyu dərinə batmış qəlbini yalnız onun qəmli naləsiylə oyada bilib, lal könlünü yalnız onun simləriylə dilləndirib. Ancaq onu özüylə apara bilməyəcək, ruhunun tək nişanəsi yetim qalacaq. Onun da aqibəti kəsilmiş ağacların, çürümüş taxtaların sonu kimi olacaq. Bu dünyada qaları heç nə yoxdur, hər şey öləri, gedəri, fanidir.

Yakov bu ovqatla daxmadan çıxıb astanada oturur. Skripkanı sinəsinə basıb əldən getmiş həyatını, zərər-ziyanla dolu puç ömrünü gözünün qabağından keçirə-keçirə yanıqlı bir hava çalıb ağlayır. Bu vaxt həyət qapısında Rotşild görünür, əvvəl çəkinə-çəkinə gəlsə də, Yakovun yumşaq danışdığını görəndə ürəklənir, orkestrin rəhbəri adından onu üçüncü gün olası varlı toyunda çalmağa dəvət eləyir. Yakov ağır-ağır nəfəs dərib deyir: “Gələ bilməyəcəyəm, xəstəyəm, qardaş”.

Sonra yenə skripkanı dilləndirir, gözündən yaş sellənir. Rotşild qollarını sinəsində çarpazlayıb ona qulaq asır: “Üzündəki ürkək, şübhəli ifadə yavaş-yavaş kədərli, iztirablı ifadəylə əvəz olundu, əzab qarışıq bir zövq alırmış kimi gözləri axdı, dedi: “Vahhh...” Göz yaşları yavaş-yavaş yanaqlarından süzülüb qara yamaqlı yaşıl pencəyinin üstünə damcıladı”.

Həmin günün axşamı Yakovun kələfi dolaşır, onun tövbəsini qəbul eləyib günahlarını bağışlamaq üçün üstünə keşiş gəlir. Yakov skripkasını Rotşildə vəsiyyət eləyir: “İndi şəhərdə hamı maraqlanır ki, bu qəşəng skripka Rotşilddə haradandır? Satın alıb, oğurlayıb, yoxsa girov götürüb? Rotşild çoxdandır fleytanı buraxıb ancaq skripka çalır. Qabaqlar fleytasını necə yanıqlı çalardısa, indi də skripkadan elə yanıqlı səslər çıxarır. Yakovun astanada oturub çaldığı havanı təkrar çalmağa çalışdıqca elə həzin, elə kədərli bir melodiya alınır ki, qulaq asan hər kəs ağlayır, axırda özünün də gözləri axır, deyir: “Vahhh!..” Bu təzə mahnı şəhərdə hamının elə xoşuna gəlib, gah tacirlər, gah məmurlar tez-tez Rotşildi yanlarına çağırıb həmin mahnını ona dönə-dönə çaldırırlar”.

***

Nəfs gödənə bənzəməz, onu doyurmaq mümkün deyil. Əgər insan dünyanı, kainatı öz halalca mülkü bilməsə, ömrü boyu gözü dünyanın malında, sərvətində qalacaq. Dünyadan üz döndərmək, əl götürmək yox, həyatı boşamaq, yaxud həyatdan boşanmaq yox, həyata yiyələnmək, dünyanı öz malına, öz mülkünə çevirmək! Sahiblik hissi insanda ən gerçək, ən saf, səmimi, ən etibarlı duyğudur, mən deyərdim, insana xas yeganə dürüst duyğudur, ona həmişə inanmaq olar.

Yakov belə yaşamayıb, o, dünyaya, həyata özgə malı kimi baxıb, başqasının qazancını öz itkisi, zərər-ziyanı sayıb, evinin eşiyini, doqqazının çölünü, udduğu havanı, içdiyi suyu, getdiyi yolu özününkü bilməyib, ona görə də daim özünü ziyana düşmüş, aldanmış, müflis olmuş zərərdidə kimi aqressiv aparıb. Dünyanın bütün mənfəəti onun üstünə axsa belə o yenə toxtamayacaq, yenə onun zərəri qazancından ağır gələcək. Toxtamaq üçün tox olmalısan, nəfsin, gözün tox olmalıdır.

Yakov bunu çox gec, yalnız ölümün astanasına çatanda qanır. Ömrü boyu qazanc, mənfəət arzusunda olsa da, ömrün sonunda anlayır ki, var-dövlətlə, min cür sərvətlə zəngin bu gen, işıqlı dünyada skripkasından başqa heç nəyi, heç kimi yoxdur. Ona xırda maddi qazanc gətirsə də, skripka onun daha çox mənəvi, həm də tək mənəvi sərvətidir, çünki Yakov qəlbini o skripkadan başqa heç kimə açmayıb, yalnız onu könlünün timsalına, ruhunun obrazına çevirə bilib. Rotşildə də qoca tabutqayıran əslində qəlbini əmanət verir, ürəyini yadigar qoyur, ruhunun tək nüsxəsini bağışlayır. Yetmiş yaşlı ixtiyar yalnız ölümün kölgəsi üzünə düşəndə bu sadə həqiqəti anlayır ki, dünyadan heç nə apara bilməyəcək, amma dünyada iz qoyub gedə bilər. Yakovun ölümündən sonra da onun melodiyası şəhəri dolaşır, onun mahnısı insanları kövrəldir. Dünən Yakovun olan skripka bu gün Rotşildin skripkasıdır, sabah da bir başqasının olacaq. Adamlar ölüb gedəcək, skripka qalacaq. Onun havası hər dövrdə çalınacaq, mahnısı insanların ruhuna işləyəcək, həyatını dəyişəcək. Dünyanı tutmaq, qarı fələyə meydan oxumaq buna deyərlər. Ölümündən sonra təltif olunan qəhrəmanlar kimi Yakov da gerçək dəyərini öləndən sonra qazanır.

Çünki ölüm həyata qənaətin, gözütoxluğun zirvəsidir. Bu qənaət tacını başında gəzdirmək üçün insan gərək, müdriklər dediyi kimi, ölməmişdən ölə bilsin, fani ömrünü əbədi ömrünə calaya bilsin. Şübhəsiz, bu dünyadan bizə heç nə qalmayacaq, ancaq bizdən dünyaya bir nəsnə qala da bilər. Bundan ötrü dünyadan nəsə qoparmağa yox, dünyaya nəsə verməyə çalışmalısan. “Qoparmaq” istəyinin psixoloji əsası budur ki, sən dünyanı özgəninki bilirsən, ona görə də özgə malından bacardıqca nəsə qırtmağa çalışırsan. Bu, oğru-quldur psixologiyasıdır. “Vermək” istəyinin psixoloji təməlində duran budur ki, sən dünyanı artıq özəlləşdirmisən, onu öz halal malına-mülkünə çevirmisən, indi də öz evinə bəzək vurmaqla, evini abadlaşdırmaqla məşğulsan. Birincilər bu evə dal qapıdan dürtülməyə çalışarlar, ikincilər bu evin açarını ciblərində gəzdirər, əllərində oynadarlar.

Oğru kimi dünyanın qoynuna gecədən girmək, ovçu kimi günəşin ardınca qaçmaq əbəsdir. Dünyanı sevdiyin an, onu özünə doğma bilib dərdini-qayğısını canına çəkdiyin an dünya sənindir. Ondan sonra dağa-daşa düşməyə ehtiyac qalmayacaq, dünya dağı-daşıyla, gecəsi-gündüzüylə, bütün olan-olmazı, bütün varı-sərvətiylə özü ayağına gələcək...

...Bəlkə də gəlib artıq. Dur qapıya çıx görək...

F.Uğurlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri