Icma.az
close
up
RU
20 il yaşayan 14 gün, Talıbovun gedişi, Zərdabinin zühuru və Çuxur göycəsi… FOTOLAR

20 il yaşayan 14 gün, Talıbovun gedişi, Zərdabinin zühuru və Çuxur göycəsi… FOTOLAR

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Təyyarədən enəndə burnuma tanış bir hava gəldi – bir az toz, bir az yay, bir az da xatirə qoxusu.

Naxçıvana iyirmi il əvvəl getmişdim, yanvar ayında. Heç vaxt görmədiyim sərt hava, “soyuğun iliyə işləməsi” ifadəsiylə real tanışlıq. Müstəqillikdən sonra ilk dəfə idi ki, tələbələri praktika üçün Bakıdan kənara göndərirdilər. Məni də 14 nəfərlik qrupla ən ucqara – bu “kiçik torpağ”a yönəltmişdilər. 5 və 3 nömrəli şəhər məktəblərində keçdiyimiz dərslər, bir-birindən istedadlı uşaqlar, zəhmətkeş, çox vaxt hətta bazar günləri də dərs keçməyə məcbur edilən müəllimlər, daşınar qaz sobasıyla isidilən sinif otaqları, mehribanlığı, həddən artıq qayğıkeşliyi adamı utandıran adamlar, dərsdən sonra balaca otelin bapbalaca otaqlarında qurduğumuz əyləncə… tələbə yoldaşlığının sevgiyə çevrildiyi 14 günlük dolu bir ömür...

Onda tanımadığım bir yerə əlimdə dərs planı, çiynimdə ağır çanta, içimdə qarışıq bir duyğularla getmişdim, bu dəfə isə səfərim tamam başqa idi. Soyuğu isti, narahatlığı həzin bir sakitlik, az qala gözləri də örtən şarfları qalstuk, “Qaz-24” avtomobillərini “Toyoto Avalon” əvəzləmişdi.

Mayın 30-da Naxçıvana “Mediafest-2025” adı altında keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı üçün getmişdim. Rəsmi adı belə idi. Amma bu tədbir mənim üçün daha çox şey ifadə edirdi. O vaxt soyuq sinif otaqlarında qələm tutan əllər bu dəfə stendlərdə mikrofon tuturdu; o vaxt şagirdlərin baxışlarında gördüyüm parıltı, bu dəfə bir şəhərin informasiya ritmində görünürdü.

Keçmişlə bu günün sərgisi

Heydər Əliyev Sarayının foyesində qurulan sərgi stendləri ilk baxışda adi görünə bilərdi. Amma bir az yaxınlaşanda hiss olunurdu ki, burada nümayiş olunanlar təkcə sənəd və şəkillər deyil – bunlar bir bölgənin informasiya yaddaşıdır.

“Şərq Qapısı”nın arxiv buraxılışları, Naxçıvan Dövlət Universiteti tələbələrinin işləri, “Məktəbli” qəzetinin köhnə nüsxələri... Hər biri öz hekayəsini danışırdı...

Bir yayım - bir dönüş nöqtəsi

Naxçıvan Televiziyasının “Azerspace-1” peyki üzərindən yayıma başlaması tədbirin simvolik məqamlarından biri oldu. Bu hadisəni təkcə texniki bir nailiyyət kimi qəbul etmirik – bu, informasiya blokadasından çıxışın təntənəsi idi.

İllərlə təkcə lokal resurslara bağlı olan bu bölgə indi ümummilli informasiya axınında görünəcək, eşidiləcək və iştirak edəcək…

Konfransın özü çox yaxşı qurulmuşdu. Açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, sonra Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış etdilər, mətbuatımızın keçdiyi yoldan, qarşıya qoyulan məqsədlərdən danışdılar.

“Mediafest-2025” təkcə ideyaları ilə deyil, təşkilati səviyyəsi və texniki detalları ilə də diqqət çəkirdi. Tədbirin texniki tərəfləri – stendlər, səhnə dizaynı, işıqlandırma və görüntü tərtibatı funksional və estetik baxımdan uğurlu şəkildə hazırlanmışdı.

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş videoçarx, xüsusilə Vətən uğrunda canlarını fəda edən jurnalistlərimizin xronoloji ardıcıllıqla göstərilməsi ümumi konseptə yeni çalar qatmışdı: Media sadəcə, informasiya daşıyıcısı deyil, bəzən öz varlığı ilə mübarizənin içində olan bir missiyadır.

Zərdabi səhnədə – sözün ruhu qayıdır

Tədbirin emosional mərkəzində Həsən bəy Zərdabinin səhnələşdirilmiş çıxışı dayanır. Səhnədəki obraz onun 150 il əvvəl “Əkinçi” qəzetini necə yaratdığından, söz azadlığı uğrunda çəkdiyi min bir əziyyətdən danışırdı.

Ən maraqlısı isə bu idi ki, Zərdabi sözün-medianın ən çox unudulduğu torpağa – Naxçıvana qayıtmışdı. Bu təkcə yubiley surprizi deyil, bir geridönüş idi; müasir jurnalist obrazı ona yaxınlaşır, Azərbaycanın artıq müstəqil olduğunu, medianın inkişaf etdiyini söyləyir. Zərdabi heyrətlənir, susur, kövrəlir və dua edir. Uzun illər azad mətbuatdan uzaq salınmış bir bölgə indi onun banisini qarşılamışdı…

Qapalı divarlar arxasında açıq perspektivlər

Konfransın rəsmi hissəsindən sonra Fuad Nəcəfli ilə qapalı görüşümüz bu “kiçik torpaqla” bağlı böyük informasiyalar almağımıza kömək elədi.

- Dotasiya istisna olmaqla, 2024-cü ildə büdcə daxilolmaları 2022-ci illə müqayisədə 32% artaraq 198 milyon manatdan 262 milyon manata yüksəlib;

- Dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi son iki ildə 56% azalıb – 425 milyon manatdan 185 milyon manata enib;

- 2024-cü ildə Naxçıvan mərkəzi büdcəyə 107 milyon manat vəsait ötürüb;

- Yerli gəlirlər büdcənin ümumi gəlirlərindəki payını 31,78%-dən 58,55%-ə qədər artırıb…

Bu statistikanı konfransda təqdim etmişdi, görüşdə isə dedikləri, bu nəticəni hansı çətinliklərlə əldə etməsi və daha böyük layihələr barədə qısa xülasə idi.

Görülən işlərin təkcə regional inkişafla məhdudlaşmadığı, bütövlükdə Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, ölkəyə investisiya axınının təmin olunması, yeni geoiqtisadi marşrutların qurulması məqsədi daşıdığını bildirən xüsusi nümayəndə, Zəngəzur dəhlizinin canlandırılması, logistika imkanlarının genişləndirilməsi, sənaye və kənd təsərrüfatı, yaşıl enerji zonalarının təşkili.., hətta bəzi layihələrin artıq xarici investorlara təqdim edilməsinə hazırlıq barədə də məlumat verdi.

Amma təəssüf ki, bu böyük planlar üçün çatışmayan zəncir halqaları da var.

Fuad Nəcəfli çox açıq şəkildə dedi ki, kadr problemi bu proseslərin ən ciddi əngəllərindən biridir. O, həm peşəkar, həm də güvənilən kadrların çətin tapıldığını dilə gətirdi. Bildirildi ki, obyektiv səbəblərdən (illərlə əngəllənən idarəetmə sistemi nəticəsində) yerli potensial yetərli deyil.

Nəticə olaraq: layihələr var, siyasi iradə var, iqtisadi imkanlar var. Amma bu platformaya uyğun vicdanlı, işgüzar, etibarlı kadrlar hələ də azdır. Media isə bu boşluqları göstərmək, həm də bəzən körpülər qurmaq üçün vacibdir.

Bir vaxtlar uşaq, bu gün isə ümid

Düz 20 il əvvəl praktikadan qayıdarkən dərs dediyimiz şagirdlərdən birini də özümüzlə Bakıya gətirmişdik. Valideynləri onu şəhərdəki qohumlarının yanına göndərirdi. Amma biz düşündük ki, yalnız qohum evi deyil, başqa bir ünvan da göstərək. Gələcəyi tanıtmaq üçün onu əvvəlcə universitetə apardıq. Böyük dəhlizləri gəzdik, auditoriyalara baş çəkdik, ali məktəb havasını hiss etdirdik.

Həmin gün universitetdə rektorun iştirak etdiyi tədbirdə təklif etdik ki, o da tribunaya çıxıb danışsın. Altıncı sinifdə oxuyan, lap ucqardan gəlmiş bir uşaqda hələ bizim özümüz üçün də çox uzaq görünən ORA çıxarmaqda tərəddüdlər də var idi. Amma çıxdı… və danışdı. Özü də hamını heyrətləndirəcək qədər gözəl.

Bu dəfə isə Naxçıvandan nigarançılıqla, sanki bir adamı xilas edirmişik kimi köksümüzə sıxdığımız şagirdimizlə deyil, Bakıdan yol getdiyimiz həmkarlarımızın, rəsmi şəxslərin istiliyi, doğmalığının yaratdığı enerjiylə, işini böyük məsuliyyətlə görənlərdən qaynaqlanan fərəhlə qayıdıram.

Bir də Zəngəzur dəhlizinin mühüm hissəsində həyata keçirilən möhtəşəm layihələrdə yaxından çalışdıqları, çiyinlərində böyük yük daşıdıqları üçün Naxçıvandakı jurnalistlərə, xüsusən Günay Malikqızına, “Şərq qapısı” komandasına, Sara xanım və Cavanşir Bağırlıya təşəkkürlə qayıdıram.

Hə, bir də Göycə Festivalından aldığım 2 kilo Çuxur göycəsiylə...


Elçin Zahiroğlu,

Naxçıvan, Mediafest-2025


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri