Icma.az
close
up
RU
525 ci qəzet Arif Əziz yaradıcılığının özünəməxsusluğu “Arif Aziz Art House”

525 ci qəzet Arif Əziz yaradıcılığının özünəməxsusluğu “Arif Aziz Art House”

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Təsviri sənət ustalarının əsərləri onların daxili aləmini əks etdirən aynaya bənzəyir. Bu mənada Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor Arif Əzizin müxtəlif mövzu və janrlarda gerçəkləşdirdiyi əsərləri onun özünəməxsus bədii-estetik duyumunun cəlbedici və tamaşaçılarına nikbin ovqat bəxş edən “bədii güzgü” hesab etmək olar.

3 yanvar 1943-cü ildə Bakı şəhərində dünyaya göz açan Arif Əziz ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1960-1965) alıb, daha sonra isə Qraf Stroqonov adına Moskva Ali Bədii-Sənaye İnstitutunun “Qrafik dizayn” fakültəsini (1966-1971) bitirib. Həmin dövrlərdə o, həmçinin SSRİ Rəssamlıq Akademiyasının akademik kurslarında SSRİ Xalq rəssamları, akademiklər Mikayıl Abdullayev və Yevgeni Kibrikin rəhbərlik etdikləri yaradıcılıq emalatxanasında təhsilini davam etdirir. Lakin qeyd edək ki, Arif Əziz rəssamlıq sənətinin sirlərini daha çox Azərbaycan rəngkarlığının görkəmli nümayəndələri Xalq rəssamı Böyükağa Mirzəzadə və Əməkdar incəsənət xadimi Lətif Feyzullayevdən öyrənib. Tələbəlik illərindən müxtəlif miqyaslı respublika və beynəlxalq sərgilərin iştirakçısı olan rəssamın əsərləri bu gün də dünyanın ən nüfuzlu şəxsi qalereyaları və muzeylərində nümayiş olunur.

Ali təhsilini bitirdikdən sonra rəssam bədii yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. Belə ki, o, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) pedaqoji fəaliyyətə başlayır. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən isə Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.

Mövzu və janr zənginliyi ilə seçilən Arif Əzizin yaradıcılığının erkən mərhələsi (1970-1980-ci illər) təsviri sənətin qrafika növü, xüsusilə plakat və sənaye qrafikası sahəsi ilə səciyyələnir. O, bu dövrlərdə çoxsaylı plakatlar, ekslibrislər (kitab nişanları), müxtəlif loqo və dizayn eskizləri, eyni zamanda uşaq kitabları üçün maraqlı illüstrasiyalar ərsəyə gətirib.

Rəssamın yaradıcılığının erkən dövrünə təsadüf edən “Universiada” (1973), “İdman, dostluq, sülh” (1973), “Təbiəti qoruyun!” (1978), “Stop” (1979) və s. plakatları quru təsvirçilikdən uzaq olması, müasirliyə meyilliliyi, müəyyən simvolizmə əsaslanması və dövrün ictimai-siyasi, mədəni hadisələrini əks etdirməsi ilə xarakterizə olunur. 1976-cı ildə sənət yoldaşları ilə birgə Uzaq Sibirə - “Əsrin tikintisi” sayılan “BAM”-a (Baykal-Amur Magistralı) etdiyi yaradıcılıq səfəri əsnasında yaratdığı plakatlar da o dövr üçün rəssamın yaradıcılıq axtarışlarının uğurlu nəticəsi idi.

Arif Əziz yaradıcılığının erkən dövrü həm də teatr-dekor sənəti ilə səciyyələnir. 1974-1975-ci illərdə Moskvada, tanınmış teatr rejissoru, SSRİ Xalq artisti Andrey Qonçarovun quruluşunda Nikolay Erdmanın “İntiharçı” adlı tragikomediyası tamaşaya hazırlanırdı. Arif Əzizin hələ o dövrlərdə novatorluğunu müşahidə edən Andrey Qonçarov üslub, mövzu, ideya və mahiyyətinə görə tamamilə yeni quruluşda təqdim edilməli olan əsərin bədii tərtibatını məhz ona həvalə edir. Rəssam ona verilən bu dəvəti zamanında dəyərləndirir və nəticədə tragikomediyaya uğurlu bədii tərtibat verir.

Arif Əziz, 1970-1980-ci illərdə həmçinin təsviri və dekorativ-tətbiqi sənət sahəsi üzrə müxtəlif yerli və beynəlxalq sərgilərin (Mikayıl Abdullayevin fərdi yaradıcılıq sərgisi, 1974; Xəzəryanı respublikaların byennalisi, 1989 və s.), o cümlədən müxtəlif miqyaslı teatr tamaşalarının (“Arşın mal alan”, 1973; “Aygün”, 1975 və s.) afişasının bədii tərtibatlarını verib. Bununla yanaşı, Arif Əziz həmin dövrdə bir çox dövlət qurumları, zavod və şirkətlərin emblemlərini – tanıtım nişanlarını hazırlayıb. Bu mənada onun Azərbaycan Reklamçılar İttifaqının (1973), Sumqayıt Superfosfat zavodunun (1974), Sumqayıt Sintetik Kauçuk zavodunun (1974) və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (1992) emblemlərini qeyd etmək olar.

Arif Əziz yaradıcılığında müxtəlif kitab, kataloq və bir sıra jurnalların bədii tərtibatı da mühüm yer tutur. “Göyərçin” (1971-1972) və “Azərbaycan reklamının tarixi” (1996-1997) jurnallarının, “Müasirlərimiz” (1973) və “Müasir modanın inkişaf mərhələləri” kitablarının (2016), rəssamın Seneqalda (1983) və İstanbulda (1996) keçirilən fərdi yaradıcılıq sərgilərinin kataloqlarının bədii tərtibatı – dizayn həlli məhz bu qəbildəndir.

Rəssamın qrafika yaradıcılığında əsas yer tutan sahələrdən biri də ekslibrislər – kitab nişanlarıdır. Onun Nəbi Xəzriyə (1978), Elçinə (1978), İshaq Cəfərzadəyə (1978), Azadə Rüstəmovaya (1981) və digər görkəmli elm və mədəniyyət xadimlərinə həsr etdiyi ekslibrislər özünün dərin məna-məzmun tutumu və maraqlı forma-biçimi ilə seçilir.

Arif Əzizin dəzgah qrafikası sahəsində müəllifi olduğu “İçərişəhər. Məscid” (1974), “Mənim Azərbaycanım” (1976), “Vilnusda küçə” (1976), “Nar ağacı” (1976), “Köhnə dulusçu” (1976), “Qədim şəhər” (1976) və s. əsərləri özündə ənənə və müasirliyi birləşdirən maraqlı qrafika nümunələridir. Rəssamın portret janrında yaradılmış qrafik lövhələri də özünün uğurlu bədii həlli ilə seçilir. Onun əmək qəhrəmanlarına və görkəmli mədəniyyət xadimlərinə həsr etdiyi portretlər arasında “Rəssamın xanımının portreti” (1976), “Nizami Ağayevin portreti” (1976), “Düşüncə” (1977), “Niyazi” (1983), “Süleyman Rəhimov” (1983), “Süleyman Rüstəm (1983), “Geoloqun portreti” (1986), “Hacının portreti” (1986), “Ananın portreti” (1986) və s. qeyd etmək olar. Adları çəkilən bu portretlərdə rəssam obrazların zahiri oxşarlığı ilə yanaşı, onların daxili aləminə xas xüsusiyyəti, emosionallığı, canlılığı, ifadəliliyi və ekspressivliyi yüksək ustalıqla əks etdirib.

Arif Əziz yaradıcılığında milli ənənələrdən bəhs edərkən, ilk növbədə, onun milli ruha bələnmiş, özünəməxsus zəngin koloriti ilə seçilən Abşeron mövzulu əsərlərini xüsusilə qeyd etməliyik. “Pir” (1985), “Ağlayan daşlar” (1987), “Qədim tikili” (1989), “Qala kəndi” (1990, 2013), “Qala” (1992), “Qobustan” (1994), “Qayıqlar” (1995), “Dəniz” (2005), “Abşeron dəyirmanları” (2012), “Abşeron” (2012) və s. əsərlər məhz yuxarıda qeyd etdiyimiz bədii məziyyətləri özündə ehtiva edən Abşeron motivli mənzərə tablolarıdır.

Arif Əziz yaradıcılığında əsas etibarilə doğma Azərbaycan torpağı tərənnüm edilsə də, onun tablolarında müxtəlif xalqların milli özünəməxsusluğu da öz əksini tapıb. Rəssam 1983 və 1986-cı illərdə Seneqalda olub və “Seneqal lövhələri” adlı silsilə əsərlər (“Seneqal qızları”, 1983; “Qayıqlar”, 1983; “Dakarda bazar”, 1983; “Bələdçi”, 1983; “Oyanış” (1983) və s.) yaradıb. Şux koloriti və ekspressivliyi ilə seçilən bu əsərlər əvvəlcə Dakarda, daha sonra isə bir-birinin ardınca Moskvada və Bakıda uğurla nümayiş etdirilib.

Rəssamın milli ruha köklənmiş rəngkarlıq əsərləri arasında qədim məişət və mədəniyyətimizi xarakterizə edən natürmort əsərləri də maraqlı həlli ilə seçilir. Onun “Qədim küplər” (1990), “Qədim qab kolleksiyası” (1991), “Narlar” (1996), “Kaleydoskop” (1997), “Natürmort” (2003), “Şərq motivi” (2005), “Milli qablar” (2006), “Antik qab məmulatları” (2006), “Lampa ilə natürmort” (2011) və s. natürmortları bu baxımdan diqqətçəkəndirlər. Məzmununa görə milliliyi ilə seçilən bu natürmortların səciyyəvi xüsusiyyəti onların üslub tərzinə görə ənənəvi realizmdən uzaq, müəyyən mənada mücərrəd ifadə tərzi ilə işlənməsidir.

Qeyd edək ki, hələ sovet dövründə incəsənət sahəsində “sosialist realizmi” ənənələri ilə yanaşı, Qərb bədii ənənələri, xüsusilə abstraksionizm istiqamətində yaradıcılıq nümayiş etdirmək olduqca çətin idi. Lakin buna rəğmən, həmin dövrdə bir çox cəsarətli rəssamlarımız kimi Arif Əzizin yaradıcılığında da milli ənənələrlə yanaşı, Qərb bədii təmayüllərinə meyillilik müşahidə olunur. Qeyd edək ki, rəssamın yaradıcılığının sonrakı dövrlərində realizmdən uzaq, mücərrəd motivli əsərlərin yaranması davamlı şəkil alır. Tədricən bu üsul Arif Əziz yaradıcılığının özünəməxsusluğunu xarakterizə edən bədii ifadə tərzinə çevrilir. Onun əsərlərində konkretliklə mücərrədlik arasında müəyyən ornamental əlavələr – dekorativ elementlər (bəzən tor şəkilli çarpaz düz xətlər) də özünü göstərir. Bu isə digər rəssamlardan fərqli olaraq Arif Əzizin əsərlərinin məhz özünəməxsusluğunu şərtləndirir. Məhz bu xüsusiyyətləri rəssamın 2014-cü ildə ərsəyə gətirdiyi müxtəlif kompozisiyalardan ibarət “Mulen Ruj” adlı silsilə əsərlərində müşahidə etmək mümkündür.

Arif Əziz yaradıcılığında ənənəvi Şərq rəngkarlığına xas əlamətlər də özünü büruzə verir. Belə ki, rəssam, bir sıra əsərlərinin kompozisiya həllində işıq-kölgə effektindən imtina edərək, rənglərin təzadından, müxtəlif rəng çalarlarının ritmik təkrarlanmasından istifadə etməklə, optik ifadəliliyə və əlvanlığa nail olur.

Lakin 1990-cı illərdən etibarən Arif Əzizin palitrasında digər rənglərə nisbətən ağ rəng daha üstünlük təşkil etməyə başlayır. Hətta əsərlərində ağ rəngin – ağ cizgilərin üstünlüyü Arif Əziz yaradıcılığında “Bəyaz dövr” mərhələsini və “Arif Əziz Bəyaz” təxəllüsünü şərtləndirib. Rəssamın əsərlərində müxtəlif texnikalarla işlənmiş ağ cizgilərin üstünlük təşkil etməsi bir mənada onun yaradıcılığının kamillik zirvəsinin və digər rəssamlardan fərqləndirici xüsusiyyətinin – özünəməxsusluğunun göstəricisidir. Bəzən rəssamın tablolarında ağ cizgilər kompozisiya boyu elə yerləşdirilir ki, təsvir olunan fiqur və detallar bütünlüklə bəyaz səthin arxasında qalır. Məhz bu ifadə tərzi – ağ cizgilər Arif Əzizin tanıtım nişanına çevrilib ki, bu da öz növbəsində milli rəngkarlığımızda yeni, orijinal bədii formalardan biridir.

Arif Əzizin məna-məzmun, forma-biçim və janr müxtəlifliyi ilə seçilən əsərləri arasında Qarabağ motivli əsərlərdə xüsusilə seçilir. Müzəffər ordumuzun Ali Baş Komandanı tərəfindən xalqın vəhdətini özündə əks etdirən “Dəmir yumruq” və Şuşanın azad olunması münasibətilə səsləndirilən “Əziz Şuşa, sən azadsan!” ifadələri, o cümlədən II Qarabağ müharibəsinin şəhidlərinin əziz xatirəsinin rəmzinə çevrilən Xarıbülbül motivi Arif Əzizin əsərlərində (“Əziz Şuşa, sən azadsan!”, “Xarıbülbül”) özünəməxsus şəkildə bədii təcəssümünü tapıb. 44 günlük Vətən müharibəsindən sonra ərsəyə gələn bu əsərlərdə bədii görüntüyə gətirilən “Dəmir yumruq” və “Xarıbülbül” motivləri torpaqlarının azadlığı uğrunda ölüm-dirim mübarizəsinə qalxan xalqın mübarizə əzmini, mənəvi yüksəkliyini nümayiş etdirən bir tarixi və bədii-estetik tutumda təqdim edilib.

Arif Əzizin həyat və yaradıcılığını özündə əks etdirən zəngin bədii irsi ilə sənətsevərlər rəssamın Şüvəlan qəsəbəsində yerləşən “Arif Aziz Art House” adlı Sənət Evini ziyarət etməklə daha yaxından tanış ola bilərlər.

Əsas etibarilə beş hissədən ibarət olan “Arif Aziz Art House” – Sənət Evinin giriş hissəsində (“retro zal”) rəssamın xüsusilə 1970-ci illərə təsadüf edən yaradıcılıq nümunələri nümayiş olunur. Retro zalda yer alan maraqlı guşələrdən biri də Arif Əziz və onun qonaqlarının xatirə fotolarından təşkil olunmuş stendlərdir.

Sənət Evinin həyəti xüsusilə yay aylarında müxtəlif miqyaslı sərgilərin təşkili üçün nəzərdə tutulub. Burada eyni zamanda daimi ekspozisiya kimi ev – məişət əşyalarından ibarət sərgi də nümayiş olunur. Bu əşyaların bir hissəsi rəssamın valideynlərindən, nənə-babalarından qalan miras, bir hissəsi isə rəssama yaxınları tərəfindən verilən hədiyyələrdən ibarətdir.

Sənət Evinin muzey kimi fəaliyyət göstərən hissəsində rəssamın bütün yaradıcılığı boyu istifadə etdiyi palitralar, qədim fotoaparatlar, ona verilən hədiyyələr və yüksək bədii zövqlə işlənilmiş müxtəlif ev əşyaları nümayiş olunur.

Sənət Evinin ən böyük hissəsi 250 kvadratmetrlik ərazini əhatə edən ikimərtəbəli qalereyadır. Mərtəbələr arası əlaqəli şəkildə tərtib edilmiş qalereyada daimi olaraq rəssamın rəngkarlıq və qrafika əsərləri sərgilənir.

Nəhayət “Arif Aziz Art House” – Sənət Evinin ən maraqlı guşəsini Arif Əzizi tamaşaçılarına sevdirən və onu dünyada tanıdan əsərlərinin yarandığı yaradıcılıq emalatxanası təşkil edir. Rəssamın müxtəlif illərdə dünyanın bir çox ölkələrində keçirilən yaradıcılıq sərgilərində (Rusiya, Litva, Şri-Lanka, Seneqal, Hindistan, Fransa, Amerika, Türkiyə, Banqladeş, Finlandiya, İran, Almaniya, Bolqarıstan və b.) davamlı olaraq ümumi və fərdi iştirakı, özünə çoxsaylı pərəstişkar qazandırması da bunun əyani təsdiqidir. Arif Əziz yaradıcılığının şöhrətini səciyyələndirən amillərdən biri də onun əsərlərinin dünyaşöhrətli modelyerlərin geyim kolleksiyalarında əksini tapmasıdır.

YUNESKO-nun təsisçiliyi ilə yaradılmış “Yeni Era” Beynəlxalq Rəssamlıq Akademiyasının Bakı filialının rəhbəri olan Arif Əziz hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri vəzifəsində çalışır və eyni zamanda rəssamlıq sənətinin sirlərini tələbələrinə sevə-sevə aşılayır. Qeyd edək ki, o, 2004-2008-ci illərdə Türkiyədə – İstanbuldakı Beykent Universitetində də pedaqoji fəaliyyət göstərib. Arif Əziz həmçinin universitetlə yanaşı, ölkəmizin ictimai-mədəni həyatında da böyük səylə fəaliyyət göstərir.

Təsviri sənət sahəsində göstərdiyi xidmətlərə görə Arif Əziz zaman-zaman respublika və beynəlxalq səviyyəli rəsmi qurumlar tərəfindən müxtəlif mükafatlarla dəyərləndirilib, o cümlədən 1985-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub, 1992-ci ildə Əməkdar incəsənət xadimi, 2018-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Aslan XƏLİLOV

ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see187

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see162

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see122

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see118

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see118

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see118

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see116

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see116

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see110

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri