Icma.az
close
up
RU
525 ci qəzet Sultanların dörd əsrlik əsəri Türkan Turan yazır

525 ci qəzet Sultanların dörd əsrlik əsəri Türkan Turan yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Türkan TURAN

Bir-iki il əvvələ qədər İstanbulun Fateh səmtinə vacib olmadıqca getmirdim, getsəm də, nə işim olsa, tez həll edib uzaqlaşmağa can atırdım. Çünki bölgədə hər yer o qədər tünlük, basırıq olurdu ki, bu vəziyyət mənə xaos kimi görünür, yorucu gəlirdi. Təbii ki, sonralar ərazidə nəsə dəyişmədi, sadəcə mən dəyişdim. Şəhəri kəşf etdikcə anladım ki, İstanbul adlı bu dünya incisi Fatehdən başlayır, elə burada da bitir. Məsələn, İstanbulun Eminönü səmtində bütün məğrurluğu ilə gözoxşayan Yeni məscidin önündən dəfələrlə keçdiyim halda nə adını bilirdim, nə içərisinə girmiş, nə ətrafında gəzinmişdim. Bir ay əvvəl Milli Saraylarda çalışan yaxın dostum Zəhra Çiftçi bir şəkil göndərdi. Deyəsən, "bir könüldən min könülə aşiq olmaq" deyiminin nə olduğunu o an yaşadım. Şəkildəki mənzərə Yeni məscidə bitişik, XVII əsrdə inşa edilən, Osmanlı memarlığının nadir nümunələrindən olan Hünkar Qəsri imiş. Öyrəndiklərimdən bu qərara gəldim ki, abidənin bu günlərə gəlib çıxmağı möcüzəyə yaxın bir şeydir. Sən demə, 1930-cu illərin ikinci yarısında şəhərdəki yenidənqurma planı əsasında fransız memar və şəhər planlayıcısı Henri Prust İstanbul ilə bağlı hazırladığı planda Hünkar qəsrinin dağıdılmağını təklif etmiş və bu məsələ 1938-ci ilin əvvəllərində uzun müddət mübahisəli məsələyə çevrilmiş, qəzetlərin manşetlərindən düşməmişdi. Uzun müzakirə, mübahisə, tənqidlərdən sonra dağıdılmayacağına dair qərar verilməyinə nail olunmuş və məsələ sonlanıbmış. Hər şeyi bir kənara qoyaq, belə bir əsəri şəhər planlamasına görə yerlə-yeksan etməyi düşünən birisinə İstanbul kimi şəhəri necə əmanət etdikləri insanı düşündürür. Görəsən, sırf fransız olduğuna görəmi bu addımı atıblar? Bəlkə də, populyar kültür o vaxt da varmış. Çünki o zamanlar fransızlara, onların mədəniyyətinə xüsusi rəğbət vardı.

İçərisini görmək üçün abidəyə düz dörd dəfə getdim. Hər dəfə bağlı olduğu deyilir, müxtəlif tarixlər verilirdi. Ancaq sonra öyrəndim ki, qəsr sadəcə sərgilər təşkil ediləndə açıq olur. Bu dəfə də sərgi vaxtını güdməyə başladım, açıq günü dəqiqləşdirən kimi qaçaraq getdim. Abidənin bir vaxtlar dağıdılmağına dair planlar olduğunu məyusluqla xatırladım. İnsan belə bir işə qol qoyub heç nə olmamış kimi yaşamağa necə davam edə bilər deyə düşündüm. Adamın qərar verən beyni, külüng vuran qolu quruyar.

Safiyə Sultanla başlayan hekayə...

III Mehmet dönəmində Eminönü yəhudilərin hər tərəfdə tikdiyi evlər və gecəqondularla dolu qarmaqarışıq yer idi. III Mehmetin anası Safiyə Sultan bu qarışıqlığı aradan qaldırmaq, həm də adının əsrlərlə xeyir dua ilə anılmağı üçün ibadətxana tikdirmək fikrinə düşür. Yer olaraq Eminönünü seçir. 1597-ci ildə təməli atılan abidənin inşası baş memar Aləm Davud tərəfindən həyata keçirilir. Davud Ağa, Memar Sinan yetişdirmələrindən idi. Hətta Sinanın sağlığında yaratdığı əsərlərə adını yazdırmaq şərəfinə nail olmağı bacaran şəxs idi. İşlərin başladığı ilk illərdə İstanbulda vəba xəstəliyi yayılır və Memar Davud ölür. Məscidin yarımçıq qalan işlərinin tamamlanması yeni baş memar təyin edilən Dalgıç Çavuşa həvalə edilir. Əsrarəngiz abidənin bəxti yenə gətirmir, bu dəfə 1603-cü ildə III Mehmet, ardından da Safiye Sultan ölür və tikinti yenə yarımçıq qalır.

Validə Turxan Sultanla bitən xoş sonluq

Aradan 57 il keçir və ərazi yenə yəhudi evləri ilə dolur. Təbii ki, bu müddətdə hakimiyyət əldən-ələ keçir. Sonra gələn padşahlar xaraba qalan abidənin aqibətinə əhəmiyyət vermirlər. Həmin dəyişikliklərdən birində validəlik Xədicə Turxan Sultana keçir. Bu dəfə də Böyük İstanbul yanğını baş verir. Turxan Sultan yanğın zamanı abidənin divarlarına təsadüfən rast gəlir və ərazidə yarımçıq qalan məscid olduğunu öyrənir. Validə bu yanğını külliyyənin tamamlanmağı üçün Allahın göndərdiyi işarət olaraq görür. O dönəmdə məscidi tikdirmək planı olan Turxan sultan yeni tikili yerinə yarımçıq qalan bu abidənin inşasına başlamağa qərar verir. Bununla da ərazidə ekspropriasiya işləri başlayır. Meydan camaatı Hasköydə onlara verilən yeni evlərə köçürülür. Meydanda yerləşən sinaqoq və kilsənin olduğu ərazilər qanunla satılmağı qadağan olduğu üçün qarşılığında yahudilərə hər il 32 qəpik kirayə pulu ödənilir. Ərazidən köçürülən insanlar vergilərdən ömür boyu azad edilir. Bu prosesdən sonra təməlin 3 metrlik kürsüyə qədər yüksəldilməsi işləri başlayır. Memarlıq işlərini isə baş memar təyin edilən Hassa Mustafa Ağa üzərinə götürür. Nəhayət, məscid 1663-cü ildə tamamlanır. Təntənəli açılışa Validə Sultan, IV Mehmet və Körpülü Fazil Əhməd Paşa ilə digər vəzirlər və dövlət adamları qatılır. Açıldığı ilk illərdə məscidin çeşməsindən axan su ilə hazırlanan şərbətlər paylanırmış camaata. Yeni Məscid külliyyəsi sibyan məktəbi, mədrəsə, kitabxana, çeşmə, darül-müvəqqit kimi xidmət göstərməyə başladığı gündən böyük rəğbət görür.

Unudulan və tərk edilən...

Hünkar qəsri İstanbuldakı qəsrlərin ən əsrarəngizi olaraq tarixə keçir. Qəsr padşah və ailəsinin vaxt keçirəcəyi yer olaraq inşa edilir. Məscidlə bağlantısı olan bu abidə ramazan aylarında Turxan Sultanın çox vaxt keçirdiyi yer olaraq bilinir. Aradan yenə xeyli vaxt ötür. Qəsr yenə qapadılır, illərlə unudulur, bu da az deyilmiş kimi talan edilir. Əslində bura məsciddən ayrı inşa edilmiş məkandır. Yəni padşahlar üçün nəzərdə tutulan kiçik köşklərdən biridir. Məscidin içindəki hökmdar məqsurəsi qəsrə cəmi bir qapı ilə calanır.

İngilis biabırçılığı

"Doğulandan bəxtsizdir" deyilən qavram deyəsən, bu qəsrə aiddir. Çünki baxımsızlıqdan 40-cı illərdə qapadılan abidə bir daha açılmır. Bu da az deyilmiş kimi talana məruz qalır, içindəki çinilər oğurlanaraq Londona aparılır. Bu gün heyranlıqla baxdığımız Londonun bu cür biabırçı addımlarının sayı bəlli deyil. Məsələn, Halikarnas Mozalesinin ən nadir parçalarını, Yunanıstan da ən gözəl əsərləri oğurlayıb Britaniya muzeyində sərgiləyirlər. Nyuton adlı arxeoloq ərazidə apardığı qazıntılar vaxtı tapdığı relyefləri, Mavsol və Artemisiyanın heykəllərini, dördatlı arabanın parçalarını Britaniya muzeyinə qaçırdır. Nyutondan əvvəl isə 1846-cı ildə Türkiyədə olan İngiltərə səfiri Lord Stratford Canning Sultan I Abdülməciddən aldığı icazə ilə Bodrum qalasının divarında olan Mavsolun relyefini Londona aparır. İngilislər əsrarəngiz parçaların Londona I Abdulməcidin fərmanı əsasında aparıldığını iddia edirlər. Əslində iddialar çoxdur, ortada isə nə icazə kağızı var, nə fərman, nə də başqa bir yazılı dəlil. Belə çıxır ki, yerli tarixçilər haqlıdırlar, əsərlər Halikarnasdan ingilislər tərəfindən oğurlanaraq aradan çıxarılıb.

Mavzoleyin geri qaytarılmasına dair addımlar atılıb, ancaq hər dəfə bunun baş tutan iş olmadığı məlum olub. Əks halda məsələ iki ölkə arasında münasibətlərin zədələnməsinə qədər gedib çıxa bilər. Çünki ingilislər bu mövzuda olduqca qətiyyətlidirlər! Heykəllərin vətəninə geri qaytarılması məsələsini gündəmə gətirənlərdən biri Halikarnas Balıqçısı kimi tanınan böyük yazıçı Cavad Şakir Kabaağaclı olub. Britaniya Muzeyinin rəhbərliyinə, "Mavzoleyin həqiqi dəyərini ancaq Bodrumun mavi səması altında tapacağını" xüsusilə qeyd etdiyi bir məktub yazır. Qarşı tərəf yazıçıya son dərəcə ağıllı və bir az da qıcıq doğuran cavab yazırlar: "Mavzoleyin Bodrumun mavi səması altında sərgilənməsi üçün dərhal hərəkətə keçdik və sərgi salonunu mavi rəngə boyadıq".

Məsələ burasındadır ki, Yunanıstanın şah əsərlərindən sayılan Elgin Mərmərləri də həmin muzeydə sərgilənir və onun da İngiltərəyə oğurlanaraq aparıldığı deyilir. Deməli, Hünkar qəsrinə aid çinilərin də taleyi naməlum deyil. Ən azından harada olduqları bəllidir.

Maviyə qərq olan yer

Qəsr, padşahın və saray qadınlarının namazdan öncə və sonra istirahətləri üçün inşa edilmişdi. Qəsrə məscidin qiblə yönündən xüsusi bir giriş var. Bu sayədə padşah atından enmədən içəriyə daxil ola bilirmiş. İki böyük otağı, eyvanı və tualeti var. Otaqlardan birinin pəncərəsi dənizə baxır. Abidənin ən böyük özəlliyi hər tərəfin mavi rəngli İznik çiniləri ilə döşənməsidir. Sanki göy üzünü dartıb qəsrin içərisinə salıblar. Dəniz sahilində yerləşdiyinə görədirmi, yoxsa başqa bir səbəbi var, bəlli deyil, amma qapıdan və tavanların birindən başqa hər yerin mavi rəngdə olmağı həqiqətdir.

Misir çarşısı

İnsana zaman qavramını unutduran digər yer isə Misir çarşısıdır. Sanki bir əl səni götürüb tarixin ağuşuna atır. Çarşı da məscidin nəznində tikilib. Çətinliklə ərsəyə gətirilən külliyyənin maddi problemləri yaranır. Validə Turxan Sultan iti zəkasını işə salır və külliyyənin həddən artıq olan xərclərini aradan qaldırmaq üçün Misir çarşısının inşasına dair əmr verir. Validə tərəfindən kirayə verilən çarşıdakı dükanların gəlirləri vəqfə yatırılır və bu sayədə məscid əsrləri devirməyə nail olur.

Adına gəlincə, o vaxtlar Uzaq Şərq və Hind malları Misirə gətirilirdi. Oradan da karvanlarla İstanbula daşınırdı. Elə o dövrdən adı Misir çarşısı olaraq qalır. Çarşı "L" şəklində tikilən 150 və 120 metrlik qollardan ibarətdir. Bura İstanbulun ikinci böyük çarşısıdır, digəri isə ötən saylarımızda haqqında bəhs etdiyimiz Qapalı çarşıdır. Altı qapısı olan çarşıda yüzdən çox dükan var. Bura nadir bitkilərin, çayların, ədviyyatların satışı ilə məşhurdur. Hətta əcnəbilər bu tarixi bazara "ədviyyat çarşısı" deyirlər. Təəssüf ki, son zamanlar həm qiymətlər, həm də çeşid turistlərə görə hesablanır. Turistik əşyaların, hədiyyələrin satışı xeyli artıb. Bu da qiymətlərin fantastikə yaxın olmağı deməkdir.

Qəsrin aydınlığı 2003-cü ildə İstanbul Ticarət Otağınını restavrasiya qərarından sonra dəyişir. Başlayan yenilənmə on il sonra başa çatır. Bütün çinilər sökülür və qırıq çinilər üçün orjinal parçalar ərsəyə gətirilir. Oğurlanan çinilərin İngiltərədəkilər xaric, digər parçaları tapılaraq geri gətirilir. Külliyyədən günümüzə gəlib çıxmayan sadəcə hamamdır. zırda sadəcə sərgi günlərində açıq olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri