Icma.az
close
up
RU
525 ci qəzet Ticarət müharibəsi başladı Xa­qa­ni Cəfərli yazır

525 ci qəzet Ticarət müharibəsi başladı Xa­qa­ni Cəfərli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Donald Tramp Kanada və Meksikadan ABŞ-a idxal edilən məhsullara 25, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq edib. Tramp bu tədbirin Kanada və Meksikanın öz sərhədlərindən qeyri-qanuni miqrant və narkotik axınının qarşısını ala bilməməsinə, Çinin Şimali Amerikaya fentanil göndərməsinə qarşı cəza tədbiri olduğuna işarə edib. Ağ Evdə hesab edirlər ki, ölümcül fentanil də daxil olmaqla narkotiklər və qeyri-qanuni mühacirlər ABŞ-nin milli təhlükəsizliyi üçün təhlükə yaradır. Qeyd etmək lazımdır ki, bu qənaət əsassız deyil.

ABŞ Dövlət Departamentinin "Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Strategiya" adlı Hesabatına əsasən, fentanil orta hesabla hər il 90 min amerikalının ölümünə səbəb olur. Hesabatda qeyd edilir ki, ABŞ-da ələ keçirilən bütün heroinin təxminən 97 faizi Meksikadan gəlir. Bundan başqa, Meksika qaçaqmalçılıq yolu ilə ABŞ-a daşınan fentanilin, eləcə də fentanil tərkibli dərmanların, saxta həblərin və dərmanların əsas mənbəyi hesab olunur. Kimyəvi narkotik vasitə olan fentalin heroindən 50 dəfə güclü narkotik vasitə hesab olunur. Fentanil bir qayda olaraq ABŞ-a Meksika və Kanada üzərindən daşınır. Ötən il ABŞ Gömrük və Sərhəd Mühafizəsi 10 tondan çox fentanil ələ keçirib. Bayden administrasiyası narkotik kartellərini cilovlamaq üçün Meksika hökuməti ilə işləməyə çalışsa da, ciddi nəticə əldə edə bilməmişdi. Bunun əsas səbəbi 2018-2024-cü illərdə Meksikanın prezidenti olan Lopez Obradorun ABŞ-nin kartellərə yönəlmiş bir çox siyasətini və proqramlarını dəstəkləməməsi idi. Lopez Obradorun kartellərə qarşı yürütdüyü "güllə deyil qucaqlamaq" siyasəti heç bir müsbət nəticə vermədiyi kimi, cinayətkar şəbəkənin daha güclənməsinə səbəb oldu. Kartellər aşağı rütbəli polis və əsgərlərdən tutmuş generallara və siyasətçilərə qədər hər kəs üzərində böyük təsirə malikdir. Vaşinqtonda hesab edirlər ki, kartellərin mövcudluğu Meksikada qanunun aliliyini məhv edib. Siyasətçilər kartellərə qarşı hərəkət etməkdən qorxurlar. Bu qorxu da əsassız deyil. Çünki hər il onlarla siyasətçi kartellərin qurbanına çevrilir. Məsələn, 2021-ci ildə ən azı 88 siyasətçi kartellər tərəfindən öldürülüb. İndi Meksikada elə bir vəziyyət yaranıb ki, kartellər siyasətə təsir göstərə, hətta istiqamətləndirə bilirlər. Meksikada nəhəng gücə çevrilən kartellər ABŞ-nin təhlükəsizliyi üçün ciddi təhdidə çevriliblər. Buna görə də Donald Tramp səlahiyyətlərinin icrasına başladığı gün Meksikadakı narkotik kartellərinin terror təşkilatları kimi tanınması ilə bağlı sərəncam imzaladı. İndi isə Meksikadan idxal olunan bütün mallara 25 faiz gömrük rüsumu tətbiq edib. Tramp narkotik kartellərinə qarşı Meksika ərazisində hərbi əməliyyatlar keçirilməsini də istisna etmir. Bütün bu addımlar Meksikadan narkotik qaçaqmalçılığının və qanunsuz miqrant axınının qarşısını almağa yönəlib.

Meksika prezidenti Klaudiya Şeynbaum hökumətinin cinayətkar təşkilatlarla əlbir olması ilə bağlı Vaşinqtonun ittihamlarını böhtan adlandırıb və ABŞ-ı Meksika kartellərinə qeyri-qanuni silah daşınmasının qarşısını almaq üçün daha çox iş görməyə çağırıb. Meksikanın ABŞ ilə əməkdaşlığa hazır olduğunu vurğulayan Şeynbaum bildirib ki, problemlər tariflərin qoyulması ilə deyil, danışıqlar yolu ilə həll edilir. Xanım Şeynbaumun bu çağırışı nəticəsiz qalmayıb. Fevralın 3-də Meksika və ABŞ prezidentləri arasında keçirilən telefon danışığından sonra xanım Şeynbaum Trampın Meksikadan ABŞ-a idxal olunan mallara tətbiq etdiyi 25 faizlik gömrük rüsumlarının təxirə salındığını bildirib. Möhlət bir ay ərzində keçərli olacaq. Meksika narkotik qaçaqmalçılığı ilə mübarizəni gücləndirmək üçün ABŞ-la sərhədə Milli Qvardiyanın 10 min əsgərini göndərəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürüb.

Qeyd edək ki, səbəbindən asılı olmayaraq Trampın Meksika, Kanada və Çindən idxal olunan mallara qarşı tətbiq etdiyi gömrük tarifi ABŞ-nin özünə də ciddi zərər verə, inflyasiyanın yüksəlməsinə səbəb ola bilər. Çünki Meksika, Kanada və Çindən gələn mallar ABŞ-nin ümumi idxalatının 40 faizini təşkil edir. ABŞ-nin bütün meyvə və tərəvəz idxalatının təxminən 64 faizini Meksikadan gələn məhsullar təşkil edir. ABŞ neft emalı sənayesinin təxminən 25 faizi Kanada neftindən istifadə edir. Tramp buna görə Kanadadan idxal edilən neft və digər enerji daşıyıcılara qarşı 25 faiz deyil, 10 faiz gömrük vergisi tətbiq edib.

Əgər Tramp qarşıdakı həftə və aylarda Meksika, Kanada və Çinə qarşı ticarət müharibəsində israr etsə, bu ölkələr də Amerika mallarına qarşı rüsumlar tətbiq edəcəklər. Bununla bağlı artıq ilkin bəyanatlar da verilib. Kanadanın Baş naziri Castin Trüdonun sözlərinə görə, Ottava ABŞ-dan idxal edilən ərzaq məhsulları, spirtli içkilər, geyim və ayaqqabılar, məişət texnikası, mebel, taxta və xammala rüsumlar tətbiq edəcək. Baş nazir rüsumların tətbiq ediləcək idxalın ümumi həcminin 155 milyard dollar olaraq qiymətləndirib. Ancaq fevralın 3-də Trampla Trüdo arasında baş tutan telefon danışığından sonra Kanadaya qarşı fevralın 4-dən tətbiq edilməli olan rüsumlar ən azı 30 gün müddətinə təxrə salınıb. Ancaq həm Meksikaya, həm də Kanadaya qarşı da 25 faizlik tarif bir aydan sonra tətbiq oluna bilər.

Çin Trampın addımlarının dünyanın ən böyük iqtisadiyyatları arasında ticarət müharibəsi riskini artıracağı ilə bağlı xəbərdarlıq edib. Çin Xarici İşlər Nazirliyi ticarət müharibəsinin qalibinin olmayacağını da bəyan edib. Hələlik Pekin ABŞ-a qarşı analoji addım atmayıb. Ancaq Çin Ticarət Nazirliyi Pekinin öz hüquq və maraqlarını qətiyyətlə qoruyacağını da bəyan edib. İlk addım olaraq Çin ABŞ-ı Ümumdünya Ticarət Təşkilatına şikayət etmək niyyətindədir.

Trampın Meksika, Kanada və Çindən sonra Avropa ölkələrindən idxal olunan mallara qarşı da rüsumlar tətbiq edəcəyi haqqında məlumatlar yayılmağa başlayıb. "The Telegraph" qəzeti Trampa yaxın şəxslərə istinad edərək yazır ki, Ağ Ev Avropa İttifaqından idxal olunan mallara 10 faiz gömrük rüsumu tətbiq edilməsini müzakirə edir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ-la əməkdaşlığa hazır olduqlarını, ancaq ədalətsiz tədbirlərə qarşı da qətiyyətli cavab verəcəklərini bəyan edib.

Böyük Britaniya hökumətinin təmsilçisi ABŞ ilə ikitərəfli ticarəti "ədalətli və balanslı" adlandırıb. "Atlantikanın hər iki tərəfinə fayda verən ədalətli və balanslı ticarət əlaqələrimiz var. Bu, təxminən 300 milyard funt-sterlinq dəyərindədir və biz bir-birimizin iqtisadiyyatına 1,2 trilyon funt-sterlinq sərmayə qoyaraq bir-birimizin ən böyük investorlarıyıq". Sasseks Universiteti tərəfindən aparılan təhlillərə görə,  Tramp bütün Britaniya idxalına 20 faizlik rüsum tətbiq edərsə, Böyük Britaniya ixracatı 22 milyard funt-sterlinq itirə bilər.

Əksər ölkələr Trampın qərarını tənqid etdiyi halda, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarını növbəti dəfə tərifləyib. Putin bildirib ki, Tramp öz xarakteri, əzmkarlığı ilə tez bir zamanda asayişi bərpa edəcək. Ancaq Putin unudur ki, Trampın başlatdığı ticarət müharibəsi qlobal iqtisadiyyata zərər verəcək. Bu isə Rusiyanın əsas tərəfdaşı Çinin iqtisadiyyatının böyüməsinin azalmasına səbəb olacaq. Belə olacağı halda Çin Rusiyadan idxala etdiyi enerji daşıyıcılarının və xammaların idxalatını azaldacaq. Yəni Trampın Çinlə ticarət müharibəsi dərinləşsə, bundan ən çox təsirlənən ölkələrdən birincisi Rusiya olacaq. Ancaq bu, Putinin Trampa yarınmasına maneə olmur.

Rusiya və Səudiyyə Ərəbistanının liderlik etdiyi OPEC+ neft karteli neft hasilatını artırmaqla bağlı Trampın çağırışını dinləməyərək gündəlik hasilat normasını əvvəlki normada saxlayıb. İstisna deyil ki, Tramp OPEC+ə daxil olan ölkələrə qarşı məhdudiyyətlər tətbiq edə bilər.

Belə görünür ki, Trampın ikinci prezidentlik müddətində gömrük rüsumu və sanksiyalar Vaşinqtonun əsas təzyiq vasitələrindən olacaq. Bütövlükdə isə artıq startı verilmiş ticarət müharibəsi bütün ölkələrin iqtisadiyyatına, o cümlədən, ABŞ-nin özünün iqtisadiyyatıan mənfi təsir edəcək. Çünki indi ticarət müharibələrinin effektli olduğu XIX əsr deyil. Ötən müddət ərzində dünya ticarəti qloballaşıb. Buna görə də ticarət müharibəsi indi daha təhlükəlidir. Çağdaş dövrdə ticarət müharibəsinin hərbi münaqişələrə səbəb ola biləcəyi də istisna deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:398
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Fevral 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri