525ci qəzet Əsədi devirdilər, itirən İran oldu Sosial şəbəkədə yazılanlar
Aygün Əliyeva, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru:
- Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.
Təəssüflə qeyd etməliyik ki, zaman-zaman həm də bənzər tarixi ədalətsizlikləri və faciələri yaşamışıq... Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı məhz Özbəkistan torpağında sığınacaq tapıb... Özbək xalqı da zaman-zaman türk düşmənçiliyinin qurbanı olub və Daşnaksütyun partiyasının hərbi qanadı tərəfindən 10 minlərlə özbək məhz türk olduğu üçün qətlə yetirilib.
Mədəniyyətimizə nəzər saldıqda isə görkəmli Azərbaycan və özbək klassikləri - Ə.Nəvai, M.Uluqbəy, N.Gəncəvi, N.Tusi, M.Füzuli və bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir.
Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Dövlət başçıları və müxtəlif dövlət qurumlarının arasında əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan qardaş Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. Bu fəaliyyətlərin məntiqi davamı olaraq 5 dekabr 2024-cü ildə Daşkənddə hər iki ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə II Forum uğurla həyata keçirildi. Forumun keçirilməsi ilə bağlı qərar 2023-cü il noyabr ayında Özbəkistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərində Özbəkistan Hökumətinin Azərbaycana hədiyyə etdiyi məktəbdə keçirilən I Forumdan dərhal sonra verilmişdi.
Əminliklə deyə bilərəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Füzulidə baş tutan Forumdan sonra Vətəndaş Cəmiyyəti təsisatlarının bir-birinə yaxınlaşması və yeni əməkdaşlıqların qurulması üçün tarixi zəmin yarandı, Forumdan keçən dövr ərzində hər iki ölkə vətəndaş cəmiyyəti nümayəndələrinin müxtəlif təşəbbüslər çərçivəsində qarşılıqlı səfərləri, xüsusilə Pre-COP29 dövründə 100-dən çox özbək QHTsinin Azərbaycanın ev sahibliyinə öz dəstəyini bildirməsi və COP29 dövründə isə Yaşıl Zonada Agentliyin təşkilatçılığı ilə baş tutan Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumunda Özbəkistanda fəaliyyət göstərən QHT-lərin aktiv iştirakçılığı bizi qürurlandırdı.
Ötən həftə baş tutan səfər isə hər iki ölkənin vətəndaş cəmiyyətinin daha da yaxınlaşması üçün növbəti mərhələyə uğurlu keçid idi, xüsusilə hər iki ölkənin QHT-ləri arasında anlaşma memorandumlarının imzalanması növbəti illərdə icra olunacaq layihələrin, təşəbbüslərin müjdəçisidir.
Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanının təqdim edilməsi isə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin verdiyi töhfənin, gələcək nəsillər qarşısında isə məsuliyyətimizin göstəricisidir.
Bu gün biz tarixin dərslərindən nəticə çıxararaq böyük sərvətimiz olan zəngin və qədim tariximiz, mədəniyyətimiz və ənənəvi dəyərlərə bağlılığımız üzərində inkişaf edən vətəndaş cəmiyyəti qurmaq uğrunda inamla addımlayırıq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır"
Bu inkişafı surətləndirən və şərtləndirən bütün təşəbbüslər təqdirəlayiqdir.
Asif Nərimanlı, jurnalist:
- Əsədin devrilməsi ilə Türkiyə, ABŞ, İsrail qazanan, Rusiya kompensasiya imkanlarını hələ də saxlayan tərəf olsa da, əsas itirən İran oldu. Bunu Tehranın özündə də etiraf edirlər.
Hakimiyyət daxilində əsas ittiham hədəfi xarici işlər naziri Abbas Araqçıdır. Onun Əsəd devrilməmişdən bir həftə öncə Dəməşqdə "şaurma" (şavarma) yeyəyərək, "hər şey qaydasındadır" mesajı tənqid olunur. Əsas diqqətçəkən məqamlardan biri Suriyadakı uğursuzluğun Araqçının timsalında Pezeşkian hökumətinin üzərinə qoymaq cəhdlərinin də edilməsidir. İslahatçı qanada yaxın olanlar arasında isə Əsədin devrilməsinə "İran xalqının pullarının göyə sovrulmasına son qoyulması" kontekstində sevinənlər var.
Tehranın Suriyada itkilərindən biri "İran xalqının göyə sovurduqları" pullardır. Rəsmi mənbələr bu haqda danışmaqdan qaçsa da, İranın Suriya müharibəsi başlayandan etibarən bu ölkəyə ildə orta hesabla 6 milyard olmaqla indiyə qədər 50 milyard dollar civarında xərclədiyi haqda məlumatlar var. İranın Suriyaya bu qədər pul xərcləməsinin ana səbəbi "müqavimət oxu"nda "qızıl halqa"nı qoruyub saxlamaq məqsədi daşıyırdı. Xameneinin müşaviri Vilayətinin dediyi kimi, "Suriya hökuməti olmasa, bu halqa qırılacaq və İsrailə qarşı müqavimət zəifləyəcək".
Əsədin getməsi ilə "qızıl halqa" qırıldı və İranın proksi qüvvələrdən ibarət "müqavimət oxu"nda dağılma prosesi başlandı:
- Suriyada məğlubiyyət İrana Hizbullahla (Livan) quru əlaqəsini itirmək təhlükəsini yaradıb;
- Qəzzada HƏMAS-ın, Livanda Hizbullahın ciddi "qan itirməsi"ndən sonra Suriyadakı nəticə "müqavimət oxu"nun koordinasiyasını pozdu;
- İran-İraq-Suriya-Livan xətti Tehranın "şiə hilalı" planlarını alt-üst edir.
Növbəti hədəfin İraq və Yəmən olacağı, bu ölkələrdə İrana bağlı Haşdi Şabi və husilərin sıradan çıxarılmasına start veriləcəyi ehtimalı böyükdür. Husilərin vurulması Tehran üçün təkcə İsraillə yox, həm də dini müstəvidə strateji rəqibi olan Səudiyyə Ərəbistanla mübarizədə də itki, İraqda məğlubiyyət isə dağılma prosesinin İran sərhədlərinə çatması deməkdir. Xüsusilə Trampın Ağ Evdə fəaliyyətə başlamasından sonra İranı daha çətin günlər gözləyir.
Hərçənd, Tehran asanlıqla təslim omayacaq və ata biləcəyi addımları bir neçə kontekstdə təxmin etmək olar.
1. İraqda və Yəməndəki qüvvələrini qorumaq və nə qədər çətin olsa da, Hizbullahı yenidən gücləndirməyə çalışacaq;
2. Proksi qüvvələrini qorumaq üçün Moskva ilə anlaşa, bu qüvvələrin idarəçiliyində Rusiyanın iştirakını qəbul edə və ondan "qalxan" kimi istifadə edə bilər;
3. "Müqavimət oxu"nun zəifləməsi İranın "strateji çəkindiricilik" gücünü də zəiflədir, bu baxımdan, Tehran üçün çıxış yollarından biri nüvə silahını əldə etmək istiqamətində səylərini artırmaq ola bilər.
Bütün bunların fonunda İranın İsraillə birbaşa müharibədən nə qədər yayına biləcəyi də həlledici problemlərdən biri olaraq qalır.
İradə Tuncay, Əməkdar jurnalist:
- 1952-ci ildə Misirdə zabitlərin kralı devirib hakimiyyətə gəlməsi ölkənin yeni bir yola qədəm qoyması idi. Camal Əbdül Nasirin dinçi qruplaşmalara münasibəti ziddiyyətli idi - bəzi hallarda onlardan istifadə edir, bəzi hallarda isə onları tamamilə inkar edirdi . Nəticədə dəfələrlə bu qruplar sui-qəsdlər və çevriliş cəhdlərində iştirakçı oldular. Nasirin nisbətən müstəqil siyasətə meyl etməsi, ruslarla yaxınlaşması Qərbi və Amerikanı narahat edirdi. Hakimiyyəti qorxutmaq üçün ən gözəl vasitə Camal Əbdül Nasirə kafir damğasının vurulması və insanların dini heysiyyat hisslərinin qabardılması idi. İnqilabdan həmən sonra Nasirlə görüşən dini liderlər ondan İslam dövlətinin yaradılmasını, Quranda yazılanları həyata keçirməyi tələb etmişdilər. Nasirin cavabı isə belə olmuşdu: "23 iyul inqilabı sosial istismara, siyasi despotizmə və Britaniya imperializminə qarşı yönəlib. Demək, inqilab Quranda yazılanları həyata keçirir!" Nasir üləmaları, dini tədris ocaqlarını, məscidləri, təbliğat mərkəzlərini dövlət aparatına tabe etdi. Hətta cümə xütbələrində oxunan vəzlərin mətninə senzor baxırmış. C.Ə.Nasirin ayrı çarəsi yox idi. Ölkənin tərəqqisindən qorxuya düşən imperialist qüvvələr İslam faktorundan istədikləri kimi istifadə edirdilər. Əhalinin böyük əksəriyyəti hətta yazmağı-oxumağı bacarmayan bir ölkədə təbii ki, hər bir yeniliyə nə ad desən vermək olardı və Nasir də bəzən güzəştə getməli olurdu. Hər halda xarakter etibarilə mürəkkəb və qətiyyətli bu şəxs böyük dövlətlərin maraqlarına uyğun gəlmədi (deyilənlərə görə, Nasirin ölümünü tezləşdirdilər). 1970-ci ildə onun yerinə hakimiyyətə gələn Ənvər Sadat da basqı altında idi. Dinçilərin birbaşa təsiri ilə Nasirçilər dövlət aparatından, universitetlərdən qovuldular. Hər yerdə İslami qayda-qanunlar yürüdülməyə başladı. Tələbə yeməkxanasındakı menyudan tutmuş oxunan kitablara qədər, dərslərə qədər hər şey islamçıların nəzarətinə keçdi. Dini məzmun daşımayan bayramlar, bayramların musiqi ilə müşayiət olunmasına qadağa qoyuldu. Razılaşmayanlarla zor dilində danışmağa başladılar. Amma görünür, Ənvər Sadat da Amerikanı nəyləsə qane etmədi. 1981-ci ilin oktyabrında hərbi paradda islamçı "Əl-Cihad" qrupunun üzvləri Ənvər Sadatı öldürdülər. Yerinə gələn çox islah olduğundan uzun illər orda otura bildi... İndi isə...
İndi isə eyni proseslər davam edir .
Natiq Cəfərli, iqtisadçı ekspert:
- Makron bu gün İvanaşviliyə zəng edib, ümumiyyətlə, bu gün Fransa Ermənistan və Gürcüstanda "güc göstərmək", bölgədə Böyük Britaniyaya qarşı təsir mexanizmləri yaratmaq istəyir.
Gürcüstanda küçədə etiraz edənlərə halaldır, vətəndaş mövqeləri var, amma işin kökündə seçkilər, rusiyapərəstlik, qərbdən imtina məsələləri yoxdur.
Məsələnin kökü 2022-ci ildə Fransanın, Makronun israrı, tələbi və Fransa məhkəməsinin qərarı ilə İsveçrənin məşhur "Credit Suisse" bankında İvanaşvilinin 2,7 mlrd. funt-sterlinq vəsaitinin dondurulması dayanır. Fransa və İsveçrə deyir ki, İvanaşvili bu pulu Rusiyada qazanıb deyə hesabları dondurulmalıdır - absurd iddiadır, çünki İvanşvili o pulu Rusiyada 2002-ci ilə qədər qazanıb, sonra nəyi var idisə satıb (həyat yoldaşı Yekaterina Xvedelidzenin adına olan torpaq sahəsi və Moskva ətrafında böyük villadan başqa), aktivlərdən çıxıb pulunu Fransaya, İsveçrəyə köçürüb, faktiki olaraq, Putinin yeni "elitasından" qaçıb. İvanaşvili Saakaşvilinin dəvəti ilə Gürcüstana gəlib, 2008-2009-cu illərə qədər də yaxın sirdaş, dost, əqidədaş olublar. Sonra yolları ayrılıb, 2012-də "Gürcü Arzusu" partiyasını quraraq seçkilər yolu ilə hakimiyyətə gəlib.
Makronun zəngi yeni anlaşma cəhdidir, deyə bilər ki, Fransa vətəndaşı olan Salome Zurabaşvilini geri çəkirəm, etirazları dəstəkləməyəcəyik, sənin də pullarını qaytaracağıq, təki bizim istəklərimizi yerinə yetir (istəklər məsələsi uzundur, onu bir gün yazaram). Yəni əgər bu gün Gürcüstandakı hadisələrə Rusiyanın dəxlisi varsa, bu elə Fransanın əli ilə var - hər iki ölkənin əsas hədəfi və rəqibi anqlosakslardır. Onlara qarşı istənilən formatda iş birliyinə gedirlər - elə Ermənistanda, Ukraynada və İranda da.
Hə, onu da deyim ki, İvanaşvili Fransa vətəndaşıdır - yəni bu gün Gürcüstanda, həm də, iki Fransa vətəndaşının qarşıdurması var və bu konfliktdə maraqlı olan, bu yolla da əsas moderator olmağa çalışan olan Makron var...