ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Moderator.az xəbər verir ki, toplantıda ölkədə və dünyada baş verən bir sıra mühüm ictimai-siyasi hadisələr, beynəlxalq münasibətlər, regional təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də ölkənin sosial-iqtisadi vəziyyəti ətrafında müzakirələr aparılıb.
İdarə Heyəti ötən həftə ABŞ, Çin və Rusiya prezidentlərinin görüşünü müzakirə edərək, bu görüşün dünya ictimaiyyətinin gözləntilərini tam doğrultmadığını qeyd edib. Bildirilib ki, qlobal təhlükəsizliyin təmin olunması, dünyada davam edən müharibə və münaqişələrin dayandırılması, beynəlxalq sabitliyin qorunması baxımından bu görüşdən gözlənilən nəticələr əldə olunmayıb. Dünyanın təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqların hələ də qalması təəssüflə qeyd edilib.
Toplantıda Ermənistanda yeni Konstitusiya layihəsinin elan olunması və bu təşəbbüsə müxalifət partiyalarının münasibəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almaması Azərbaycan-Ermənistan arasında sülh prosesinə xidmət edən növbəti mühüm addım kimi qiymətləndirilib. Qeyd olunub ki, əvvəlki konstitusion müddəalarda Azərbaycana qarşı ərazi iddialarının, eləcə də Türkiyəyə qarşı əsassız iddiaların mövcudluğu regionda davamlı sülhün təmin olunmasına mane olan amillərdən biri idi. İdarə Heyəti yeni Konstitusiya layihəsinin Azərbaycan-Ermənistan sülh danışıqlarına müsbət təsir göstərəcəyini, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün də yeni imkanlar yaradacağını vurğulayıb. Ermənistanda revanşist qüvvələrin yeni Konstitusiya layihəsinə qarşı çıxmaq cəhdləri tənqid olunub. Bu qüvvələrin fəaliyyətinin Ermənistanın yenidən Rusiyanın təsir dairəsinə qaytarılması cəhdləri ilə əlaqəli olduğu bildirilib. Qeyd edilib ki, belə yanaşmalar Ermənistanın uzunmüddətli milli maraqlarına və Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət etmir. İdarə Heyəti Ermənistan cəmiyyətini yeni Konstitusiya layihəsinə dəstək verməyə, ölkənin gələcəyini qarşıdurma və revanşizm deyil, sülh, əməkdaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurmağa çağırıb. Eyni zamanda beynəlxalq təşkilatlara və beynəlxalq ictimaiyyətə bu layihənin qəbul olunması istiqamətində konstruktiv dəstək göstərilməsi ilə bağlı çağırış edilib.
İdarə Heyətində son zamanlar Ermənistanda Qarabağdan köçmüş bəzi ermənilərin pasportlarında doğum yerlərinin Azərbaycan kimi göstərilməsinə etiraz etmələri və bununla bağlı məhkəmə müstəvisində mübahisə yaratmaq təşəbbüsləri də müzakirə olunub. Bu cür yanaşmalar qətiyyətlə pislənilib və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane ola biləcək, qarşılıqlı etimadın formalaşmasına mənfi təsir göstərən cəhdlər kimi qiymətləndirilib. Şəxslərin doğum yerlərinin rəsmi sənədlərdə tarixi və hüquqi reallıqlara uyğun göstərilməsinin siyasi mübahisə predmetinə çevrilməsinin yolverilməz olduğu bildirilib. İdarə Heyəti Ermənistan dövlətinin bu tələbləri qəbul etməməsini və müvafiq yanaşmadan imtina etməsini təqdir edib.
Toplantıda Krım tatarlarının lideri Mustafa Cəmilovun Ukrayna hökumətinin rəsmiləri ilə Krımın milli muxtariyyət statusunun əldə olunması istiqamətində razılığa gəlmək təşəbbüsü də müzakirə olunub. İdarə Heyəti bu təşəbbüsü təqdir edərək, onun Rusiya-Ukrayna münaqişəsində əsas problemlərdən biri olan Krım məsələsinin siyasi-diplomatik yollarla həllinə töhfə verə biləcəyini bildirib. Müzakirələrdə Krımın tarixi, milli və etnik xüsusiyyətləri nəzərə alınmaqla, yarımadaya geniş milli-siyasi muxtariyyət verilməsinin məqsədəuyğunluğu qeyd edilib. Eyni zamanda, Krımın gələcək statusunun təminatları məsələsində Türkiyənin himayəçi və ya beynəlxalq təminatçı rolunda iştirakının mümkünlüyü barədə fikir ifadə olunub.
İdarə Heyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən həftə Vyetnama həyata keçirdiyi rəsmi səfər də müzakirə olunub. Səfər Azərbaycanın xarici siyasət əlaqələrinin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımından təqdirəlayiq addım kimi qiymətləndirilib. Qeyd olunub ki, müasir dünyada qlobal iqtisadi güc mərkəzlərinin coğrafiyası dəyişir, Asiya ölkələrinin dünya iqtisadiyyatında rolu və təsir imkanları getdikcə artır. Bu baxımdan Azərbaycanın Vyetnam və digər Asiya dövlətləri ilə siyasi-iqtisadi əlaqələrini genişləndirməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
İdarə Heyətinin toplantısında ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycan və Türkiyəyə qarşı səsləndirilən iddialar ətrafında da geniş müzakirələr aparılıb. Azərbaycana qarşı guya Qarabağ ermənilərinin etnik təmizləməyə məruz qoyulması, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin xristian əhaliyə qarşı yönəlmiş siyasət xarakteri daşıması barədə səsləndirilən fikirlər əsassız, qərəzli və obyektivlikdən uzaq yanaşma kimi qiymətləndirilib. İdarə Heyətinin qənaətinə görə, ABŞ-da bu kimi müzakirələrin aparılması və birtərəfli ittihamların səsləndirilməsi Cənubi Qafqazda sülh prosesinə müsbət töhfə vermir. Əksinə, bu cür yanaşmalar Azərbaycan-Ermənistan arasında başlanmış normallaşma və sülh prosesinə ciddi zərbə vurmaq potensialına malikdir. Eyni zamanda, belə mövqelərin Rusiyanın Cənubi Qafqazda yürütdüyü siyasətə və regionda öz təsir imkanlarını qoruyub saxlamaq cəhdlərinə dolayı dəstək verdiyi bildirilib. Toplantıda vurğulanıb ki, ABŞ Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdırsa, regiondakı proseslərə münasibətdə obyektiv, balanslı və prinsipial mövqe nümayiş etdirməlidir.
Toplantıda 2027-ci ildə aqrar sektora tətbiqi nəzərdə tutulan vergi siyasəti, xüsusilə kənd təsərrüfatı sahəsində mövcud vergi güzəştlərinin ləğvi məsələsi ətrafında da müzakirələr aparılıb. İdarə Heyəti hesab edib ki, onsuz da ciddi iqtisadi və istehsal çətinlikləri ilə üzləşən aqrar sektorda vergi güzəştlərinin ləğv edilməsi kənd təsərrüfatı istehsalçılarının vəziyyətini daha da ağırlaşdıracaq, istehsal xərclərinin artmasına və yerli məhsulların rəqabət qabiliyyətinin zəifləməsinə səbəb olacaq. Müzakirələr zamanı aqrar sektorda mövcud vəziyyətin ağır olmasının səbəblərinin yalnız iqtisadi amillərlə məhdudlaşmadığı qeyd edilib. Bu sahənin idarə olunmasında peşəkarlıq və təcrübə çatışmazlığı, şəffaflığın yetərli səviyyədə təmin edilməməsi, eləcə də səmərəli idarəetmə mexanizmlərinin olmaması əsas problemlər kimi göstərilib. Bildirilib ki, kənd təsərrüfatı ölkənin iqtisadi təhlükəsizliyinin, ərzaq təminatının və regionların sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biridir. Buna görə də aqrar sektora münasibətdə əlavə vergi yükünün yaradılması deyil, fermerlərin və kənd təsərrüfatı istehsalçılarının stimullaşdırılması, mövcud güzəştlərin qorunması, dövlət dəstəyinin səmərəliliyinin artırılması və şəffaf idarəetmə mexanizmlərinin formalaşdırılması prioritet olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 23 Noyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















