Ağdam mənzərələri: xatirələrdə və gerçəklikdə
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İnsanın xarakterinin formalaşmasında, onun xalqına, Vətəninə, torpağına sevgisinin yaranmasında təbiət amilləri də mühüm rol oynayır. Doğulduğun torpağın ətri, qoxusu, suyu, havasına həmişə ehtiyac duyur, ən azı zaman-zaman o ətri, qoxunu hiss etmək, o suyu içmək, o havanı udmaq istəyirsən. Heç olmazsa vaxtaşırı bu ətri, qoxunu alanda rahatlaşır, cana gəlir, qüvvə toplayırsan.
Torpaq da ana kimi insan üçün əzizdir. Ona görə də biz doğulduğumuz torpağa Ana torpaq deyirik. Azərbaycan torpağı eyni zamanda xalqımızın milli və mənəvi sərvətidir. Bu torpaqlar bizim əcdadlarımızın təri və qanı ilə sulanıb, kəsilmiş qolları, dəlinmiş sinələri, bədəndən ayrılmış başları ilə qorunub. Torpaq bizim mədəniyyətimizin, adət-ənənəmizin beşiyidir, torpaq bizim halal süfrəmiz, nemətimiz, bərəkətimizdir. Torpaq bizim gələcək nəsillərimizin beşiyi, keçmiş nəsillərimizin əbədi məskəni, hazırkı nəslin qanı ilə, canı ilə qorumalı olduğu varlığımız, qürurumuz, şərəfimizdir. Ona görə insanın formalaşmasına, xalqına sevgisinin yaranmasına doğma torpaq da öz təsirini göstərir.
Fransız yazıçısı F.R.Şatobrian torpaqla əlaqədar yazır: “Torpaq anadır. Biz onun ağuşundan çıxırıq. Nə qədər ki, uşağıq, o, bizi süd və balla dolu döşləri ilə əmizdirir. Yeniyetməlik yaşına, həddi-buluğa çatanda bizə saf suyunu, taxılını, məhsulunu bəxş edir. O bizi kölgəsi, işığı, qidası, yatağı ilə hər yerdə təmin edir, öləndə isə bizi yenidən ağuşuna alır, cansız bədənimizə otlardan və güllərdən örtük salır, hansısa gözəl formada yenidən yaratmaq üçün bizi tədricən öz təbiətinə uyğunlaşdırır”.
Ulu öndər Heydər Əliyev doğma torpağa bağlılıqla əlaqədar deyirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim böyük həyatımda həqiqətən xüsusi yer tutur. Deyə bilərəm ki, bu, mənim üçün ən əziz və ən hörmətli illərdəndir. Mən bu torpaqda doğulmuşam, burada təhsil almışam, buradan həyata addımlamışam, daim bu torpaqla bağlı olmuşam. Bütün dövrlərdə bu doğma torpağıma xidmət etmək üçün əlimdən gələni etmişəm. Ancaq 1990-cı ildə mən yenidən Naxçıvana gəldiyim zaman və üç il müddətində bir yerdə yaşadığımız, işlədiyimiz zaman bu torpağa olan minnətdarlığım qat-qat artdı... O dövr böyük sınaq dövrü oldu, naxçıvanlıların böyük bir sınaqdan keçməsi dövrü oldu, insanların öz torpağına, vətəninə sədaqətinin sınaqdan keçməsi oldu”.
Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyev doğma torpağa bağlılığı Azərbaycan xalqının fərqləndirici xüsusiyyəti kimi dəyərləndirir: “Xalqımızın öz ənənələri var, vətəndən nə qədər uzaqlarda olsalar da, vətəndə uzun müddət olmasalar da, onların öz evinə, doğma torpağına, doğma şəhərinə, rayonuna məhəbbəti qəlblərində həmişə yaşayır”.
Qeyd edilənlər, demək olar ki, hər bir azərbaycanlının yaşadığı, duyduğu həqiqətdir. Azərbaycan xalqı Vətəninə, doğulduğu torpağa bağlı xalqdır. Babalarımızın, nənələrimizin bayatılarında “Qürbət cənnət olsa da, ölməyə Vənən yaxşı” misraları əbəs yerə əksini tapmayıb. O, kəlmələr illərin, əsrlərin sınağından keçib bu günə gəlmiş, bizim yaddaşımıza, canımıza, qanımıza hopub.
Bizə görə, insanın bir xüsusiyyəti də (bizə görə, bu, öyünməli cəhət deyil) onun sahib olduqlarının, əlində olanın, imkanı çatdıqlarının zamanında layiqincə qiymətləndirməməsidir. Vaxtında qədrini bilmədiyimizi itirdikdən sonra onun yoxluğu bizə daha çox təsir edir. Vətənə, torpağa münasibətdə isə bu hiss daha ağrılıdır. Vətəndən uzaq düşmək, doğulduğun, boya-başa çatdığın torpağa baş çəkmək, ata-babalarının uyuduğu yerləri ziyarət etmək imkanından məhrum olmaq həqiqətən böyük dərd, qəm-qüssədir. Doğma yerlərin yağı düşmənin haqsız müdaxiləsi nəticəsində tərk edilməsindən böyük kədərin olmasını düşünə bilmirəm.
Erməni separatçılarının Azərbaycan torpaqlarına sahib çıxmaq niyyəti ilə keçən əsrin 80-ci illərinin sonunda başladıqları hərəkat xalqımızın bir hissəsinin, o cümlədən doğulduğum Ağdam camaatının da 30 ilə yaxın müddətində Vətən həsrətində yaşamalarına səbəb oldu. Yaşadıqmı o illəri? Yaşadıqsa, necə yaşadıq? Ürək dolusu sevinə, gülə bildikmi? Qarabağ şikəstəsi oxunanda qəlbimizə kədər çökmədimi, gözlərimizdən yaşlar axmadımı?..
Amma o illər bizə və bizdən sonra dünyaya gələn nəsillərə bir dərs oldu. Vətəni yadlara vermək, Vətəndən pay vermək, şirin dillərə aldanıb yadları torpağına buraxmaq, onların Vətənində əbədi məskunlaşmasına yol vermək olmaz. O ağrılı, acılı günləri unutmamalıyıq. Xalqımız qaçqın, məcburi köçkün taleyini bir daha yaşamamalıdır. Torpaqların düşməndən azad edilməsi üçün verilən qurbanlar – şəhidlər, qazilər, Vətən həsrəti ilə əbədiyyətə qovuşan insanlar, taleləri məlum olmayıb “itkin düşən” adlandırdıqlarımız, soyuq qış gecəsində Xocalıdan Ağdama yol alıb, qanları ilə ağ qarı qırmızı rəngə boyayan analarımızı, bacılarımızı, balalarımızı, qoca və yaşlılarımızı, son gülləsinə kimi düşmənə müqavimət göstərib düşmənə təslim olmayan, nəsibi gecənin şaxtalı havasında can vermək olan igidlərimizi unutmamalıyıq. Düşmənə müqavimət göstərməyə, onun pis niyyətlə torpaqlarımıza daxil olmasına imkan verməməyə həmişə hazır olmalıyıq. 30 ilin dərsləri unudulmamalıdır.
Həmin illəri unutmamaq üçün Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, tariximizi olduğu kimi qələmə almalıyıq, Vətən müharibəsinin hər gününü öyrənməliyik, bu barədə kitablar yazmalıyıq.
Vəfaddin İbayevin “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabında əsas amallardan biri də Zəfər tariximizin yazılması, 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan Silahlı Qüvvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciətləri, çıxışları, müsahibələrinin hərtərəfli, müqayisəli təhlil əsasında oxuculara çatdırılması, tarixin olduğu kimi qələmə alınmasıdır.
Müəllif kitabın üç – reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər istiqamətdə cənab Prezidentin çıxışlarının təhlilinə həsr olunmasını göstərsə də, əslində aparılan təhlillər çoxistiqamətlidir. Kitabda hüquqi, siyasi təhlillərlə yanaşı, fəlsəfi, mənəvi, hərbi, bədii müqayisə və izahlar da yer alıb. Kitabda hər bir çıxış cənab Prezidentin nəzərdə tutduğu əsas məqsəd kontekstində çoxtərəfli təhlil edilməklə onun mahiyyətinin dərk olunması üçün açıqlanıb.
Müəllifin yazdıqları anlaşıqlı, rahat oxunan və asan dərk olunan olmaqla hər bir oxucu üçün çatımlıdır. Aparılan təhlillər çıxışlarda nəzərdə tutulanların hüquqi əsaslarının mənimsənilməsinə, müharibə aparılan vaxt beynəlxalq təşkilatların xarici dövlətlərin Azərbaycanın silahlı əməliyyatlar həyata keçirməsinə etiraz etməməsinin səbəblərinin dərk olunmasına aydınlıq gətirir. Ermənistanı himayə edən bir-iki dövlət başçısının etiraz və iradlarının müəllif tərəfindən əsaslı dəlillərlə ifşa edilməsi, bəzi jurnalistlərin qərəzli mövqelərinin tutarlı sübutlarla təkzib olunması əsərin dəyərini xüsusilə artırır, onun lazımlı elmi mənbə kimi dəyərləndirilməsinə əsas verir.
Cənab İlham Əliyev 27 sentyabr 2020-ci il tarixdə xalqa müraciətində Ermənistanın niyyətlərində söhbət açaraq Ermənistan dövlət rəhbərlərinin ikinci məqsədinin münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində danışıqlar prosesini pozmaq olmasını bildirirdi. Ermənistan rəhbərliyi siyasi, diplomatiya müstəvisində Azərbaycanın haqlı tələblərinə qarşı durmaq iqtidarında olmadığını dərk edərək, danışıqlardan yayınır, müxtəlif bəhanələrlə danışıqların baş tutmasının qarşısını alır, mövcud “status-kvo”nu qorumaq, yəni Azərbaycan ərazilərinin erməni işğalı altında qalmasının davam etdirilməsinə nail olmaq istəyirdi. Bununla bağlı müəllif yazır: “Yeni Azərbaycan torpaqlarının işğalı ermənilərin uzun zamanlardan bəri qarşılarına məqsəd qoyduqları “Böyük Ermənistan” xülyasının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Görünür, Ermənistanın siyasi rəhbərliyi ermənilərin bu xülyasına öz töhfəsini verməyi arzulamaqla, öz adını “Böyük Ermənistan” yaradanların siyahısına daxil etmək, “erməni qəhrəmanı” olmaq istəyində idi.
Mütəmadi olaraq atəşkəsi pozmaq, müxtəlif formalarda Azərbaycana qarşı hədə-qorxu gəlmək, yeni topraqların işğalına başlayacağını bəyan etmək Ermənistanın təcavüzkar siyasətinə xidmət edən diplomatiyasının üsullarından idi. Ümumiyyətlə, rəqiblərə mütəmadi olaraq hədə-qorxu gəlmək təcavüzkar dövlət və onun rəhbərlərinə xas xüsusiyyətdir. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin siyasətini və fəaliyyətini alman faşistlərinin siyasətinə oxşatmaqda haqlı idi. 1933-cü ilin yanvarında Almaniyada faşizm hakimiyyətə yiyələnəndən sonra “Mənim mübarizəm” kitabında Hitler və onun tərəfdaşlarının təcavüzkar niyyətləri hədə-qorxu formasında ifadəsini tapmışdı. Məsələn, kitabda Fransaya münasibətdə qeyd olunurdu ki, “Fransa – bizim ən qorxulu düşmənimizdir. Bu xalq yəhudilərin dünyaya ağalığı məqsədilə, zəncilərlə getdikcə daha çox qarışmağa meyilli olmaqla, Avropada ağ irq üçün daimi təhlükədir... Fransa ilə mübarizə ölüm-dirim mübarizəsinə çevrilməlidir”.
Fransanın darmadağın edilməsi, fransız xalqının siyasi iradəsinin qəti sındırılması Hitlerin kitabında nəzərdə tutduğu müharibənin əsas və birinci vəzifəsi idi. Əlbəttə, oxşar siyasəti həyata keçirən Ermənistanın “Qarabağ Ermənistandır və nöqtə”, “Biz yeni torpaqlar əldə etmək üçün müharibəyə başlayacağıq” deməsi onların faşist xislətindən xəbər verirdi.
Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalı Azərbaycana böyük maddi zərər vurmaqla yanaşı, Ermənistanın qazanc mənbəyinə çevrilmişdi. Bu cəhətdən Ermənistanın yeni qazanc əldə etmək arzusu da istisna edilə bilməz. Keçən əsrin sonlarında işğal olunmuş ərazilərin vəziyyəti, ermənilərin xalqımıza məxsus maddi nemətləri daşına kimi söküb-daşıması, onlarca şəhər və qəsəbəni, yüzlərlə kəndi xarabazara çevirməsi bu vəhşiliklərin əyani sübutu idi. İşğal olunmuş ərazilərdəki təbii sərvətlərin – qızıl, mis və digər yataqların qanunsuz istismarı, meşələrin kəsilib-doğranmaqla talan edilməsi ermənilərin özgə əmlakına hərisliyinə dəlalət edirdi. Bu cür hərəkətlərin beynəlxalq humanitar hüquqla qadağan olunmasına baxmayaraq, Ermənistanın humanitar hüququn həmin normalarını pozması göz qabağında idi”.
Bəli, biz ağdamlılar Ermənistan tərəfindən törədilmiş əsassız dağıntıların canlı şahidləriyik. Boya-başa çatdığımız Ağdam artıq ancaq xatirələrdə yaşayır. 26 fevral 2021-ci il tarixində İlham Əliyevin xarici media nümayəndələri üçün mətbuat konfransında Yunanıstanın “Real Group Media” şirkətinin nümayəndəsi deyirdi: “...Digər sualım isə Ağdamla bağlıdır. Mən dünən orada oldum. Minlərlə kvadratkilometr ərazinin darmadağın edildiyinin şahidi oldum. Bəşər sivilizasiyasına, dini abidələrə qarşı olan hörmətsizliyin, təhqirin şahidi oldum. Mən Ağdamın bu dərəcədə dağıdıldığını təsəvvür edə bilməzdim... Orada böyük mədəni itkilər, dini abidələrə qarşı hörmətsizlik baş vermişdir”. Bu sözlər xarici jurnalistin ermənilər tərəfindən dağıdılmış Ağdam haqqında təəssüratları idi.
Müəllif Ermənistan tərəfindən törədilən növbəti beynəlxalq humanitar hüquq pozuntusundan söhbət açaraq yazır: “Ermənistanın Azərbaycana qarşı beynəlxalq humanitar hüquq normalarını pozan hərəkətlərindən biri də işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti həyata keçirməsi ilə bağlıdır. Bu pozuntularla əlaqədar Prezident İlham Əliyev qeyd edirdi ki, “Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır.
IV Cenevrə Konvensiyası 49-cu maddənin I hissəsinə müvafiq olaraq işğal olunmuş ərazilərdən əhalinin və ya onun bir hissəsinin ərazinin hüdudlarından kənara deportasiyası qadağandır. Həmin maddənin VI hissəsi isə müəyyən edir ki, işğalçı dövlətin öz əhalisinin bir hissəsini işğal olunmuş ərazilərə köçürməsi qadağandır”.
Ermənistan bir vaxtlar havadarları hesabına beynəlxalq humanitar hüquqla qadağan olunanlara əhəmiyyət vermədən dağıdıcılıq fəaliyyətini həyata keçirir, torpaqlarımızda azərbaycanlılara məxsus olanların izlərini silməyə cəhd edir, müəyyən dərəcədə ona nail olurdu.
Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq humanitar hüquq pozuntuları ilə əlaqədar Prezident İlham Əliyev həmçinin qeyd edirdi ki: “Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir”.
Kitabda yer alan aşağıdakı parça yerində işlənmiş bir həqiqətdir: “İlham Əliyev azərbaycanlıların müqəddəs yerlərinin təhqir olunması ilə bağlı Attila edəni edəcəkdi. Əkbər N.Nəcəf yazır: “404-cü ildə Hun xanlığı ilə Bizans arasındakı münasibətlər kəskinləşdi və buna səbəb Marqus şəhəri rahibinin Hun xanlığının torpaqlarına soxularaq türklərin müqəddəs bildikləri qəbirlərin talan və təhqir edilməsi olmuşdur... Bizans mənbələri bu hadisənin Attilanın Şərqi Romaya hücum etməsinə bəhanə olduğunu qeyd edir. Bizans mənbələri qəbirlərin təhqir edilməsini əhəmiyyətsiz hadisə kimi qiymətləndirsələr də, işquzlardan etibarən (b.e.ə.VIII əsr) türk inanc sistemində qəbirlərin təhqir edilməsinin müharibəyə səbəb olduğunu Heredot daxil olmaqla, bir çox müəlliflər xəbər verir. Attila bunun hesabını Bizansdan sordu və onu öz hakimiyyətinə tabe etdi”.
Azərbaycan Ordusunun “yalnız Ermənistanın işğalçı ordusuna qarşı döyüşməsi”, “mülki əhaliyə qarşı heç vaxt döyüşməməsi” və belə bir niyyətinin olmaması bir tərəfdən Azərbaycan Ordusunun, onun Ali Baş Komandanının humanistliyindən xəbər verirdisə, digər tərəfdən bu, beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa olan hörmətdən irəli gəlir, Azərbaycan xalqının, onun milli dəyərlərinin aliliyinə dəlalət edirdi.
Ermənilər tərəfindən Azərbaycan ərazilərində törədilmiş əməllər – beynəlxalq humanitar hüquq normalarının ciddi pozuntusunu törətməklə müharibə cinayətlərini, soyqırımı cinayətini təşkil edir. Başqa dövlətin ərazisini silahlı hücum nəticəsində işğal etmə isə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan təcavüz cinayətidir. Qeyd olunan beynəlxalq cinayətlərə görə ədalət mühakiməsi universal yurisdiksiya, cinayət törətmiş şəxslərin verilməsi zəruriliyi, qanunsuz əmrin yerinə yetirilməsinin məsuliyyətdən azad etməməsi, müddətin tətbiq edilməməsi, beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi prinsipləri əsasında həyata keçirilir. Həmin prinsiplər isə müəyyən edir ki, beynəlxalq cinayətin törədilməsindən nə qədər müddətin keçməsindən asılı olmayaraq həmin cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır, qanunsuz əmrin yerinə yetirilməsi şəxsi məsuliyyətdən azad etmir, beynəlxalq cinayəti törədən şəxslər harada olmasından asılı olmayaraq, onlar mühakimə olunmaq üçün tələb edən dövlətə və ya məhkəməyə verilməli, törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb olunma isə beynəlxalq hüquq normalarına görə zəruridir. Beləliklə, beynəlxalq müharibə cinayətləri, soyqırımı cinayətini törətmiş şəxslər əməllərinə görə cavabdehlik daşıyır və onlar ömürlərinin sonuna qədər törətdikləri cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaq təhlükəsi altındadırlar.
Beynəlxalq cinayətlərə qarşı dözümsüzlük, onu törədənlərin cəzalandırılmasının labüdlüyü İşıq yolu həqiqətlərindən idi. Ümummilli lider Heydər Əliyevin beynəlxalq cinayətlərin qarşısının alınmasına, onları törədən şəxslərin cəzalandırılmasına münasibəti beynəlxalq müqavilələrdə ifadəsini tapan prinsplərlə həmahənglik təşkil edir, bu cür mövqedə dayanmağı hər bir insanın ali vəzifəsi hesab edirdi: “Belə müsibətlər təkcə soyqırımı siyasətinə məruz qalmış xalqın milli faciəsi hesab edilə bilməz və bütün bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndirilməlidir. Zorakılıq, irqçilik, soyqırımı kimi antihumanist siyasətin bütün təzahürlərinə qarşı birmənalı mövqe bildirmək, onların qarşısının alınması yolunda qətiyyət və həmrəylik nümayiş etdirmək yüksək bəşəri ideallara sadiq olan hər bir insanın ali vəzifəsi və borcudur”.
Hazırda beynəlxalq cinayət törədən şəxslərin Azərbaycan məhkəmələrində mühakimə olunması cənab Prezidentin söylədiyi kimi, “dünyada ədalətin olmasına” dəlalət edir. “Ədalətə çatmaq üçün mübarizə aparmaq lazımdır”. Prezident İlham Əliyevin haqq, ədalət uğrunda mübarizəsi onun yetişdirdiyi Azərbaycan əsgərinin gücü və qüdrəti ilə torpaqlarımızın azad olunması ilə nəticələndi. Arzularımız reallığa çevrildi.
Azərbaycan xalqı bütün təzyiqlərə rəğmən, təslim olmamağın, mübarizə aparmağın, mübarizliyin bəhrəsini gördü. Burada sözsüz ki, layiqli rəhbərin, məharətli sərkədənin böyük rolunu da unutmaq olmaz. Biz Qələbənin əldə olunması üçün də, torpaqlarımızın azadlığa çıxması üçün də, Ağdamın yenidən daha müasir qaydada, daha möhtəşəm inşasına görə də cənab Prezidentimizə - İlham Əliyevə borcluyuq. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan əsgər və zabiti xarüqələr yaratdı.
Ermənistan tərəfindən Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni sərvətlərin dağıdılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində deyirdi: “Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər”.
Müəllif həmin fikirləri təhlil edərək yazır: “Ermənistan tərəfindən azərbaycanlıların mədəni sərvətlərinə qarşı bu cür dağıdıcı və təhqiredici münasibət beynəlxalq humanitar hüquq normalarının tələblərinin kobud surətdə pozulması idi. Müasir beynəlxalq hüquqda mədəni mülkiyyətin hüquqi mühafizəsi məsələləri xüsusi yer tutur. Bu mülkiyyət bəşəriyyətin mədəni və tarixi irsi olmaqla bəşər sivilizasiyasının mənəvi həyatında mühüm rol oynayır. Silahlı münaqişələrin davam etməsi və müxtəlif dağıdıcı güc və qüvvəyə malik olan silahların, o cümlədən kütləvi qırğın silahlarının inkişafı bütövlükdə bu irsin mövcudluğunu təhlükə altına alır. Bütün bunlar isə mədəni mülkiyyətin beynəlxalq mühafizəsinin təminini tələb edirdi. Bu baxımdan, 14 may 1954-cü ildə Haaqada qəbul olunmuş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” Konvensiya xüsusi əhəmiyyət kəsb edir”.
Müharibənin məqsədi düşmənin canlı qüvvəsi üzərində hərbi üstünlüyə nail olmaqdır. Lakin müharibə, döyüş əməliyyatları da müharibə qanunları, beynəlxalq humanitar hüquq normaları əsasında aparılmalıdır. Hərbi üstünlüyə təsiri olmayan zorakılıqlar, dağıntılar, mülki əhalinin məhv edilməsi, təbiətə zərər vurulması, mədəni abidələrin, şəhər və kəndlərin hərbi zərurət olmadan dağıdılması, yaralıların, hərbi əsirlərin öldürülməsi, onlar üzərində təhqiramiz hərəkətlər, xəyanətkarlıqla müharibə aparılması, atəşkəs sazişini bağladıqdan sonra fürsətdən istifadə edib onu pozmaq müharibə qanunları ilə bir araya sığmır və beynəlxalq humanitar hüququn ciddi pozuntularını təşkil etməklə, beynəlxalq müharibə cinayəti kimi qiymətləndirilir. Bu baxımdan Ermənistanın danışıqlar masasında səmimi olmaması münaqişənin tez və daha az itki ilə başa çatdırılmasının qarşısını alırdı. Lakin həmin hərəkətləri ilə Ermənistanın siyasi və hərbi rəhbərliyi özünün nüfuzdan düşməsinə, əsgər və zabitlərinin həlak olmasına səbəb olur, beynəlxalq cinayətlər törətməkdə davam edirdi.
Müəllif müharibənin təbii mühitə vurduğu ziyan barədə fikirləri də hüquqa əsaslanmaqla, işğal olunmuş rayonların sakinlərinin, o cümlədən biz ağdamlıların məruz qaldığı məhrumiyyətlərdəndir: “Müharibə zamanı təbii mühitə hökmən ziyan dəyir. Bəşəriyyətin bütün tarixi boyu müharibələr həmişə təbiətdə öz dağıdıcı izini qoymuş və bu izlər uzun müddət bərpa olunmamışdır. Beynəlxalq humanitar hüquq ətraf mühiti müharibə aparılması vasitəsi kimi istifadə etməyi qadağan edir. İlk dəfə olaraq Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 35-ci maddəsinin 3-cü bəndi və 55-ci maddəsində ətraf mühitin silahlı münaqişələr zamanı mühafizəsi öz əksini tapmışdır.
Təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurmaq məqsədi güdən və ya labüd surətdə buna səbəb olan müharibə aparılması üsulları və vasitələrinin tətbiqi qadağandır.
10 dekabr 1976-cı ildə BMT-nin himayəsi altında “Ətraf mühiti dəyişikliklərə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında” Konvensiya qəbul edilmişdir.
Ermənistanın Azərbaycan ərazilərində başladığı təcavüzkar müharibə nəticəsində ətraf mühitə geniş miqyasda ziyan vurulmuş, meşələr yandırılmaqla, qırılmaqla məhv edilmiş, su mənbələri müxtəlif üsullarla istifadəyə yararsız hala salınmış, flora və faunanın təbii vəziyyəti korlanmışdır.
Ermənistanın vandalizm hərəkətləri nəticəsində işğal olunmuş rayonlardakı vəziyyət bir vaxtlar faşistlərin törətdiklərindən daha ağırdır. Çünki Azərbaycanın işğal olunmuş rayonları tam dağıdılmış, bir çox rayonlarda isə dağıdılmamış tikili qalmamışdır. Hər tərəf uçurulmuş tikililərin dağıntıları ilə vəhşilikdən xəbər verir. Əslində, XX-XXI əsrdə insanın bu cür vəhşiliyə qadir olması təəccüb doğurur. Görəsən, bu cinayətləri törədənlərdən bunun səbəbləri soruşularsa, onlar özlərinə bəraət qazandırmaq üçün nə isə deyə bilərlərmi? Mənə elə gəlir ki, bu əməllərə heç nə ilə bəraət qazandırmaq olmaz.
Nürnberq Beynəlxalq Hərbi Tribunalında Böyük Britaniyadan olan Baş ittihamçı Xartli Şoukrossa alman faşistlərinin işğal etdikləri ərazilərdəki dağıntılardan söhbət açaraq deyirdi: “...şəhərlər səhraya çevrilmiş, həyati rahatlıqlar məhv edilmiş, ... çox ölkələrdə sivilizasiyanın ən zəruri əsasları mövcud deyildir, dünya xarabazarlığa çevrilmiş, o bu dağıntılardan yalnız bir neçə nəsil sonra çıxa bilər”.
Müəllifin Nürnberq prosesinin rəsmi sənədlərindən dəfələrlə və yerində istifadə etməklə Ermənistanın törətdiklərinin bəşəriyyət üçün ən böyük dağıntılara, bəlalara səbəb olmuş müharibələr zamanı törədilənlərdən fərqlənmədiyini nəzərə çatdırır.
Müəllif 2005-ci ildə qələmə aldığı və kitaba əlavə etdiyi “Xarıbülbül həsrətində” yazısında Qarabağla bağlı arzularını bu cür ifadə edir: “İstəyim, arzum bir daha Cıdır düzündə gəzib o əzəməti, o gözəlliyi duymaqdır. Qışda lopa-lopa yağan qarda gəzib Şuşanın təmiz, saf havasını udmaq istəyirəm. Yayda istinin cırhacırında İsa bulağının suyundan içmək, “Qarabağ şikəstəsi”ni Qarabağda dinləmək istəyirəm. Cıdır düzündə dizimi torpağa qoyub Xarıbülbülün gözəlliyinə tamaşa etmək, ətrini duymaq istəyirəm”.
Kitabın Şuşanın azad olunması ilə əlaqədar möhtərəm Prezidentin xalqa müraciətinin təhlili hissəsində isə müəllif yazır: “Bakı” jurnalının 2020-ci ilin noyabr-dekabr – Şuşaya həsr olunmuş sayında baş redaktorun bir inamına rast gəldim. O sözlər bizim yazdıqlarımızın ruhunu əks etdirirdi: “Mən inanıram. Ona inanıram ki, bu, tezliklə baş verəcək. Muğamın gənc ifaçıları Şuşa şəhərinin ən yüksək nöqtələrində duraraq bizim üçün virtuozların müsabiqəsini təşkil edəcəklər. Onların səsləri büllur kimi təmiz havada səslənəcək, dağların əks-sədası isə yenidən və yenidən onlara cavab verəcək. Artıq bu cür olmuşdur. Gələcəkdə də bu cür olacaq. Çünki Şuşa – həmişə səma aləminin musiqisinin səsləndiyi şəhərdir. Böyük ustadlar şəhəri. Tarixin keçmiş və gələcəklə əl-ələ getdiyi şəhərdir”.
Arzu və inamlar Şuşa şəhərində də reallığa çevrildi. Muğamın gənc ifaçıları Cıdır düzündə “Qarabağ şikəstəsi”ni ifa etdilər. Onların səsləri büllur kimi təmiz havada səslənərək, dağların əks-sədası isə yenidən və yenidən onlara cavab verdi. Və biz inanırıq ki, “Qarabağ şikəstəsi”nin sədaları bu yerləri bir daha tərk etməyəcəkdir.
Belə ki, 44 günlük zəfər müharibəmizdən sonra əsasən bəzi arzularımız həyata keçdi. Şuşamızda keçirilən müxtəlif musiqi yarışları, nəhayət “Cıdır düzü”ndə reallaşan möhtəşəm Xarıbülbül festivalının sədaları təkcə Azərbaycanımızda deyil, bütün dünyada qələbəmizin əzəmətini göstərən, qələbə marşı kimi səslənən bir “cəngini” xatırlatdı. 2025-ci ildə Laçınımızda 9-cu muğam müsabiqəsinin final konsertinin uğurla başa çatması bir daha təsdiq etdi ki, bu yurdun övladları əvvəlki kimi bu saf suyun, təmiz havanın, dünyada misli olmayan təbiətin gözəlliyindən vəcdə gəlib, bülbül kimi cəh-cəh vuraraq, bu ellərin əbədi olaraq onlarda qalacağını musiqinin dili ilə bütün dünyaya bəyan edirdilər. Səsi olan da, olmayan da haray çəkərək “Qarabağ, can Qarabağ, Ana yurdum” deyərək, 30 il anasından ayrı düşmüş balaların fəryadını bütün dünyaya çatdırırdılar.
Bütün bu gözəlliklərin fövqündə bir niskil, bir yanğı həmişə Ağdamda yaşamış, onun gözəlliklərini görmüş bir insan kimi məni və mənim kimi minlərlə ağdamlını bütün həyatı boyu müşayiət edəcək, son mənzilə kimi bizi “yandırıb-yaxacaqdır”. Bir daha heç birimiz o möhtəşəm, səsli-küylü Ağdam kolxoz bazarını, onun qarşısındakı ticarət mərkəzini, Tələt əminin aptekini, dejurnı mağazasının qarşısında, bağın içərisindəki “Tağının kitab mağazası”nı, “Dostluq” kinoteatrını, ləziz yeməkləri ilə qonaqların zövqünü oxşayan İmarətini, Qaraçavasını, Qozlu bağını və sadalamadığım digər gözəl məkanlarını görməyəcəyik. Mövcudluğundan əsər-əlamət qalmayan, uşaqlığımızın, gəncliyimizin, xoşbəxt və qayğısız günlərimizin şahidi olmuş, bədii əsərlərdə deyildiyi kimi, “Ruhlar şəhəri”nə dönmüş gözəl Ağdamımız əbədiyyətə qovuşana kimi xəyallarımızda, xatirələrimizdə yaşayacaqdır.
Bəli, yeganə təsəllimiz odur ki, bu torpaqların sahibi kimi qayıtmışıq, daha müasir, əvvəlkindən dəfələrlə böyük Ağdam şəhəri sürətlə inşa olunmaqdadır. İnsanlarımız zövqlə tikilmiş, bütün kommunikasiyalara malik, şəhərsalmanın dünya standartlarına uyğun inşa olunmuş bir şəhərdə yaşayacaqlar.
Lakin bizim gördüyümüz Ağdam heç vaxt olmayacaq, yalnız bizə əzab verən şirin bir xatirə kimi yaddaşlarda qalacaqdır.
Vəfaddin İbayevin “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı, “Qarabağ şikəstəsi”nin sədalarının Qarabağı, Şuşanı bir daha tərk etməyəcəyinə inamı təsdiq edən, Zəfər tariximizi yaşadan əvəzsiz bir mənbədir. Müqayisəli elmi təhlil əsasında yazılmış həmin kitab, cənab Prezidentin çıxışlarında ifadə olunmuş fikirlərin hər bir oxucu üçün çatımlılığını təmin edir. Kitab gəncləri Vətəni sevən, vətənpərvər övladlar kimi böyüməyə, onu qorumağa, düşmənə qarşı mübariz olmağa səsləyir. Bu cəhətdən əsər uzun müddət öz aktuallığını saxlayacaq, dövlətçilik ideyalarının həyata keçirilməsinə xidmət edəcəkdir.
Əsəd Mirzəliyev,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin sabiq hakimi, Elmi-Məsləhət Şurasının üzvü, əməkdar hüquqşünas
Baxış sayı:102
Bu xəbər 26 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















