Ağsaqqal Qulman Oçilovun hekayəsi
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Kulis.az müasir özbək ədəbiyyatının tanınmış nümayəndələrindən biri Qulman Oçilovun "Ağsaqqal" hekayəsini təqdim edir.
Bekabaddan qayıdırdım. Qəfildən güclü külək qopdu. Tozanaq qalxdı. Küləyin gücü ağacların budaqlarını qırırdı. Dalınca çiskin başladı. Nəticədə maşınımın üstü palçıq bağladı.
Daşkəndin təmiz və səliqəli küçələrində bu cür maşın sürmək yaraşmaz. Üstəlik də gecə yazacağım növbəti yazını səhər erkəndən redaktora vermək lazım idi. Çətin ki, maşını yumağa vaxtım olaydı.
Yolda rastıma çıxan maşınyuma məntəqələrinin ikisində ən azı bir saatlıq növbə vardı. Vaxtımı əbəs yerə itirmək istəmirdim.
Böyük dairəvi yolun kənarında beton arxın yanında oturmuş, əlində kitab olan on iki-on üç yaşlı bir oğlan görəndə kefim açıldı. Maşını saxlayan kimi o, plastmas vedrə ilə mənə yaxınlaşdı.
– Salam, – dedi. – Dayı, siz yəqin ki, Bekabaddan gəlirsiniz?
– İşə bir bax! Haradan bildin?
– Peşəm belə tələb edir, – fəxrlə cavab verdi.
– Peşən? Ağzından süd iyi gələn uşağın nə peşəsi ola bilər ki?
– Dayı, əvvəla, mənim ağzımdan süd iyi gəlmir, uşaq da deyiləm; mənim artıq on iki yaşım var. İkincisi, indi ağzından süd iyi gələn uşaqlar da yaxşı bilirlər ki, Bekabad güclü küləklər əsən yolun üstündə yerləşir. Tozanaq qalxanda dalınca mütləq yağış gətirir. Bekabadda maşınyuma məntəqəsi olanların bəxti gətirib.
– Belə de, oğlan! Bütün bunları haradan bilirsən, kimdən öyrənmisən?
– Məgər mütləq kimdənsə öyrənməlisən?!, – ö, söhbəti kəsib işə keçdi. – Maşını yuyuruq? Bəs mühərriki? Yoxsa yüngülcə əl gəzdirmək bəsdir?
– Səninlə razılığa gəlsək, hərtərəfli yuyulacaq.
– Sizdən at, ya da dəvə qiyməti istəməyəcəyəm. Çolpa da bəs edər.
– Əcəb işdir! – Mən maşından düşdüm. – Heç ömründə canlı at, dəvə, ya da heç olmasa cücə görmüsən, “ağsaqqal”?
– Nə deyim?! – “Ağsaqqal” fikrə getdi, sonra sözünə davam etdi. – Ola bilər ki, dəvə görməmişəm, ancaq qığını görmüşəm.
– Əhsən! Bu sözləri haradan tapırsan? Kənddənsən yoxsa?
– Atı dəvədən ayıra bilmək üçün kənddə yaşamaq lazım deyil.
– Yaxşı, de görüm haqqın nə olacaq?
– Əgər maşın bütövlükdə həm qıraqdan, həm də içəridən, üstəlik mühərriki də yuyulsa, onda iyirmi beş min.
– İyirmi beş min? – Mən qəsdən gözlərimi bərəltdim. – Nə danışırsan? İnsafın olsun, oğlan!
– Çənə də döyəcəyəm, sövdələşmə də edəcəyəm, ancaq bir şey var ki, mən işimi cani-dildən görürəm. Yoxsa uğur məndən üz döndərər.
– Elə bil qoca kişisən, ağzından atalar sözləri, zərb-məsəllər tökülür. Gəl inad etmə, on beşə razılaş. Mən də sənə kömək edəcəyəm.
– Son söz – iyirmi. Razısınız?
– Nə deyirəm, olsun. Sən ki belə ağıllısan, qoy beş də əlavə edim. İyirmidir ki, iyirmi!
Oğlanın kefi duruldu və biz əl sıxışdıq. Əlləri möhkəm və damarlı idi.
– Adın nədir?
– Ənvər.
Ağacın kölgəsində bir kətil gördüm, üstündə böyük kitab vardı. Bu, Adıl Yakubovun “Uluqbəyin xəzinəsi” romanı idi. Kitabın arasında əlfəcin yerinə nazik yonulmuş karandaş vardı. Bəzi cümlələrin altından xətt çəkilmişdi: “Meydana atılan döyüşçü düşünməz”.
Qulağıma gələn səsdən başımı qaldırıb baxdım. Gördüm ki, Ənvər tozsoranla oturacaqları cani-dildən təmizləyir. Qonşu binadan ağaca elektrik naqilləri çəkilmişdi. Yayın bu cırhacırında yaşıdları şəhərdən kənarda kölgəli düşərdələrdə istirahət etdiyi halda yalnız vicdansız valideynlər bu cür fərasətli uşağı pul qazanmağa göndərə bilərlər...
– Bütün uşaqlar top dalınca düşüb, sən niyə işləyirsən? – Su dolu vedrəni ona uzadıb soruşdum.
– Müdrik bir adam deyib: “Asan tale gözləmə, yoluna çıxan şeydən faydalan”.
Az qala vedrə əlimdən yerə düşəcəkdi.
– Dayı, bu eləcə məşğuliyyətdir. Niyə avaralanım ki? Bəlkə gələcəkdə biznesmen olaram, öz maşınyuma yerimi açaram.
– Sən Nəvainin qəzəlini haradan belə yaxşı öyrənmisən? – Bicliklə soruşdum.
– Dayı, özünüzü bilməmiş kimi aparmayın. Bu ki Abdulla əkənin şeiridir, bilirsiniz.
Heç böyüklərin hamısı Abdulla Aripovun şeirlərini əzbərdən bilmirlər, ancaq bu balaca onun misralarından necə də yerində misal gətirdi. Hələ qohumu imiş kimi ona “əkə” də deyir. Məəttəl qaldım, ancaq dilimi saxlamadım.
– Abdulla əkə kimdir? Yoxsa böyük qardaşındır? Şairdir? Şeir yazır?
– Dayı, siz məni məyus etdiniz. Bu yaşa gəlib çatmısınız, hələ də Abdulla Aripovu tanımırsınız?
– Tanıyıram. Ancaq haradan bilim ki, o sənin qardaşındır!
– Maşını şampunla yuyaq, yoxsa paltar sabunu ilə?
– Hansı daha yaxşıdır?
– Şampunla yusaq, maşın par-par parıldayacaq, elə bil bu dəqiqə zavoddan çıxıb. Ancaq bir az sonra maşının boyasına pis təsir göstərə bilər.
Çoxdanışan olsa da, təcrübəlidir deyə düşündüm və dedim:
– Onda paltar sabunu ilə yuyaq.
– Yaxşı. Eləyərik.
– Hə, de görüm Abdulla Aripov nəyindir?
– Heç nəyim. Ömrümdə onu görməmişəm. Bizim evdə adət belədir: sevdiyimiz şairləri Abdulla əkə, Erkin əkə, Oman əkə adlandırırıq. Daha doğrusu, anam onları bu cür adlandırır.
– Yoxsa anan şeir yazır?
– Bəlkə əvvəllər yazıb. O, Abdulla Aripovun, Erkin Vahidovun, Oman Matçonun şeirlərini əzbər bilir. Hələ qardaşımı görəsiniz... Elə gözəl şeir oxuyur.
– Bəs valideynlərin nə işlə məşğuldurlar?
– Anam məktəbdə özbək dili və ədəbiyyatından dərs deyir. Ancaq atam nə iş görür, bilmirəm. O bizi atıb gedib.
– Bağışla.
Hansısa qadının ətəyinə düşərək bu cür ziyalı arvadını, ağıllı və zəhmətkeş uşaqlarını atıb gedən şərəfsiz kişiyə deməyə ağzımda pis söz vardı. Ancaq guya desəm nə dəyişəcəkdi?! Mənsə məni tilsimləmiş bu söhbəti davam etdirmək istəyirdim, ancaq necə edəcəyimi bilmədiyim üçün fikrə getdim.
– Ənvər, sən heç düşərgədə istirahət etmisən?
– Əlbəttə! Hər il Kumuşkana gedirəm. Qiyamət yerdir. Ancaq bu il təkcə qardaşım getdi. Məndə yəqin ki, alınmayacaq.
– Niyə?
– Anam yenə xəstəxanaya düşüb.
– Nə olub anana?
– Onda çənə xərçəngi var.
Ənvər dərindən ah çəkdi.
– Vedrəni saxlaya bilərsiniz? Qorxuram, mühərrikin üstünə düşər.
– Bəs qohum-əqrəba, məhəllə, qonum-qonşu? Heç olmasa, onlar köməyə yetirlər? Sizə tək çətin deyil?
– Qohumumuz yoxdur. Valideynlərim uşaq evində böyüyüblər. Qonşular, məhəllə, məktəb, həkimlər – hamı əl tutur. Gielylənmək günah olar. Ancaq özünüz bilirsiniz, xərçəng dəhşətli xəstəlikdir. Yazıq anamın saçları tökülüb. Əməliyyat ağırdır, dərmanlar çox bahadır. Anam bütün günü ağlayır, deyir: “Evdə kişi olsaydı, bəlkə də başıma bu bəla gəlməzdi”. Elə hey deyir: “Ölsəm, uşaqlarımın halı nə olacaq, kiminlə qalacaqlar?” Mən də ona deyirəm: “Bəs mən kişi deyiləm?” Deyirəm: “Siz ölməyəcəksiniz. Mən nə lazımdırsa – pul, dərman – hamısını özüm tapacağam.” Anama dedim: “Mən özüm sizi sağaldacağam. Qardaşıma da göz-qulaq olacağam”. Əvvəlki əməliyyatın bütün xərclərini mən özüm işləyib qazanmışdım. Di gəl, kimə deyirsən, anam elə hey göz yaşı tökür...
– Qardaşının neçə yaşı var?
– Səkkiz. İkinci sinfə keçib.
– İndi kiminlə qalırsınız?
– Qardaşımla ikimiz qalırıq. – Ənvər vedrəni arxdan su ilə doldurub maşının üstünə töküb sözünə davam etdi: – Bizim Yunusabadda ikiotaqlı mənzilimiz var. Mən həm yemək bişirə, həm də paltar yuya bilirəm. Hələ anama da baş çəkməyə imkan tapıram.
Qəhər məni boğdu. İri, qaynar gözlü bu diribaş, yaşına görə çox güclü, möhkəm oğlanla vidalaşanda mən ona otuz min sum verdim...
Ənvər pulları saydı və on mini geri qaytardı:
– Biz axı iyirmiyə razılaşdıq. Gəlin sözləşməni pozmayaq. Sözün üstündə durmaq lazımdır. Sözləşmə puldan dəyərlidir.
– Yaxşı, heç nə olmaz. Götür, qardaşınla dondurma alarsınız.
– Çox sağ olun, dayı! Dondurmaya, şükür Allaha, pulumuz var. Siz, yaxşısı budur, yenə gəlin...
Rus dilindən tərcümə edən: Aygün Əziz
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi? Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı Qafqaz Albaniyasının xristian irsi: Tarixi mənbələr və Azərbaycanın mədəni yaddaşı - RƏY
Baxış sayı:47
Bu xəbər 07 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















