Icma.az
close
up
RU
Azərbaycan Macarıstan tərəfdaşlığı: Enerjidən diplomatiyaya uzanan qızıl dövr TƏHLİL

Azərbaycan Macarıstan tərəfdaşlığı: Enerjidən diplomatiyaya uzanan qızıl dövr TƏHLİL

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Macarıstan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Rəsmi Budapeşt Azərbaycanın müstəqilliyini 1991-ci il 26 dekabrda tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulub. 2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi açılıb. Azərbaycanın Macarıstandakı səfirliyi isə 2004-cü il sentyabr ayında fəaliyyətə başlayıb.

Azərbaycan və Macarıstan arasında 2014-cü il noyabrın 11-də Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bakı və Budapeşt arasında birbaşa aviareyslər var. 2014-cü ildən həyata keçirilən təqaüd proqramı çərçivəsində hər il 200-ə qədər azərbaycanlı tələbəyə Macarıstanın ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradılır.

Budapeşt Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstəyi ilə diqqət çəkib. Macarıstan işğaldan azad olunmuş Azərbaycan ərazilərində minaların təmizlənməsi üçün maliyyə yardımı ayırıb, macar şirkətləri Cəbrayılın Soltanlı kəndinin bərpasında iştirak edir. Macarıstan Soltanlı kəndində 500 şagird yerlik məktəb tikir.

Macarıstanın MOL və “MVM Group” şirkətləri müvafiq olaraq “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 9,57 və “Şahdəniz” qaz yatağında 5 faiz paya sahibdir.

2023-cü ilin iyununda SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və Macarıstanın dövlətə məxsus enerji şirkəti MVM CEEnergy arasında 100 milyon kubmetr qazın tədarükü ilə bağlı müqavilə imzalanıb. Azərbaycan 2024-cü ildən Macarıstana təbii qaz tədarükünə başlayıb.

Ötən il Macarıstanın “Richter Gedeon” əczaçılıq şirkəti Azərbaycanda 90 dərman növü istehsal etmək barədə müqavilə imzalayıb.

Strateji körpü rolu

Orta Dəhliz üzərində yerləşən Azərbaycan Asiya və Avropa arasında ticarət dövriyyəsində əvəzolunmaz və həlledici ölkə statusundadır.

Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub, Avropa ilə Asiya arasında bir strateji nəqliyyat körpüsü rolunda çıxış edirsə, Macarıstan Türk dövlətləri ilə Avropa arasında bu rola iddialıdır. Azərbaycan da Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələrin inkişafı yönündə Macarıstanın oynayacağı rolu yüksək qiymətləndirir.

Azərbaycan başda olmaqla, Türkiyə və digər Türk dövlətlərinin sayəsində enerji təhlükəsizliyini davamlı təmin edəcəyinə inanan Budapeşt həm də strateji enerji qovşağı kimi çıxış etməyə iddialıdır və strateji tərəfdaşı olan Azərbaycanın da dəstəyi ilə buna nail olacağına əmindir.

Dostun köhnəsi

Qeyd edildiyi kimi, Azərbaycan və Macarıstan arasında 2014-cü ildə Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb və ötən dövrdə münasibətləri strateji tərəfdaşlıq və dostluq ruhunda olub. Prezident İlham Əliyevin mayın 20-21-də Macarıstana işgüzar səfəri çərçivəsində keçirilən geniş tərkibli görüşdə də Viktor Orban ölkəsinin iqtisadiyyatının çətin vaxtlarında Azərbaycanın dost ölkə olaraq göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Mətbuata bəyanatında isə cənab Orban Prezident İlham Əliyevi “Macarıstanın köhnə dostu” adlandırdı, ölkəsi üçün çətin günlərdə Azərbaycan Prezidentinin yanlarında olduğunu vurğuladı, ona böyük inamını ifadə etdi.

“Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcək. Azərbaycan bizi əmin edib ki, bizə lazım olan həcmdə qaz veriləcək. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil, ancaq bizim üçün bu, çox vacib məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik”, - deyə Orban bildirdi.

Eyni çağırışlarla üzləşən iki ölkə

Azərbaycan Prezidenti də mətbuata bəyanatında iki ölkə arasında münasibətlərin xarakterinə diqqət çəkdi: “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.

Prezident İlham Əliyev də Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlığa diqqət çəkdi: “Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur”.

Dövlət başçısı bütün başqa məsələlərdə də Azərbaycan və Macarıstanın iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərdiklərini vurğuladı.

Macarıstan-Azərbaycan münasibətlərin qızıl dövrü

Macar ekspertlər də Azərbaycanla Macarıstan arasında münasibətlərin xüsusi xarakter daşıdığı qənaətindədir.

Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun baş müşaviri, professor Laszlo Vaşa hesab edir ki, Azərbaycanla Macarıstan arasında bütün sahələrdə əlaqələr ən yüksək səviyyədədir: “Ukraynada böhran başlayandan və Avropa Rusiya qazından imtina etmək qərarına gələndən sonra qazla əlaqədar Azərbaycan Macarıstan üçün bir nömrəli alternativ mənbə idi. Eyni zamanda Azərbaycan qazının Mərkəzi Avropaya çatdırılması üçün Macarıstanın boru kəməri sistemi var”.

Laszlo Vaşa macar investorların Azərbaycanda fəaliyyətindən qürur duyduqlarını da vurğulayıb.

Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun tədqiqatçısı Zolton Egeresi isə deyir ki, Macarıstanla Azərbaycan arasında münasibətlər son illər həqiqətən də qızıl dövrünə qədəm qoyub: “Macarıstan həmişə Azərbaycanı, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Digər tərəfdən, Azərbaycan Macarıstan üçün çox mühüm enerji mənbəyidir. Artıq Macarıstan Azərbaycandan qaz da alır. Bu, Macarıstan üçün çox vacibdir. Macarıstan şirkətləri də Azərbaycanda müxtəlif sahələrdə çalışır”.

“Yaşıl” gündəlik

Hazırda Macarıstan və Azərbaycan arasında bərpaolunan enerji sahəsində ən böyük layihə "yaşıl enerji dəhlizi"dir. 2030-cu illərin əvvəlində bu dəhliz vasitəsilə Qafqaz bölgəsindən Avropaya Qara dənizin dibi ilə bərpa olunan elektrik enerjisi nəql edilməsi planlaşdırılır. Sonradan Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı kabellə enerji bağlantısı genişləndirilməlidir.

“Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyük miqyaslı yaşıl enerji gündəliyi var. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaq”, - deyə Azərbaycan Prezidenti də mətbuata bəyanatda vurğuladı.

Professor Laszlo Vaşa Azərbaycanın yaşıl enerjisini Mərkəzi Avropaya çatdırmaqla bağlı planını yüksək qiymətləndirir: “Azərbaycan və Gürcüstanla bərabər Özbəkistan və Qazaxıstan kimi ölkələr də bu layihəyə qoşulmaqda maraqlı olduqlarını bildirib. Bunun üçün Xəzər dənizinin dibində dərin sualtı kabel sistemi qurmaq istəyirlər”.

Azərbaycan və Macarıstanın milli maraqları

Azərbaycanın milli maraqlarının müdafiəsində güzəştsiz yanaşması, qətiyyəti ilə seçilən Prezident İlham Əliyevin Macarıstanın milli maraqlarının müdafiəsi yönündə Viktor Orbanın da fəaliyyətini yüksək qiymətləndirməsi diqqət çəkdi.

“Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə...” - deyə dövlət başçısı vurğuladı.

TDT Dövlət başçıları Zirvəsində Azərbaycana xüsusi diqqət

Prezident Əliyevin Macarıstan səfərinin əsas məqsədlərindən biri də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək idi.

Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun tədqiqatçısı Zolton Egeresi bildirir ki, Macarıstan həm də Türk dünyasının bir hissəsidir.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə keçirilməsi Macarıstanı tanıtmaq üçün də yaxşı fürsətdir.

Elə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə hazırlıqla bağlı aparılan işlər, Dunay çayı üzərindəki körpülərdə dalğalanan TDT və üzv dövlətlərin bayraqları, tədbirlərin şəhərin diqqət çəkən məkanlarından olan "Varkert Bazar" pavilyonunda keçirilməsi də bu məqsəddən xəbər verirdi.

Mayın 21-də keçirilən Zirvə görüşündə də Prezident İlham Əliyev və Azərbaycana xüsusi diqqət göz önündə idi.

Açılış nitqində Zirvə görüşünün əhəmiyyətinə toxunan Macarıstan Baş naziri Viktor Orban yenidən Azərbaycan-Macarıstan münasibətlərinə toxundu, bu münasibətlərin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq dedi: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilib. Bu, əvvəllər heç vaxt baş verməyib, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik. Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Türk İnvestisiya Fondunun tezliklə layihə fəaliyyətlərinə başlayacağını gözləyən Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxışında bu Fondun ticarət, logistika, infrastruktur, rəqəmsal iqtisadiyyat, energetika, sənaye, turizm və sahibkarlıq kimi milli prioritetlərin dəstəklənməsi üçün mühüm mexanizm kimi xidmət edəcəyini söylədi. Müsbət təcrübənin əyani nümunələrindən biri olaraq Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan-Qırğız İnkişaf Fondunun uğurlu nəticələrinə diqqət çəkdi.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstandan Avropaya karbohidrogen resurslarının ixracını artırmaq təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını çatdırdı.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğuladı.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıqla bağlı razılaşmanın qarşıdan gələn Bakı Sammitində imzalanmasını təklif etdi.

Zirvə görüşündə imzalanan Bəyannamədə də Prezident İlham Əliyev və Azərbaycanın təşəbbüslərinə xüsusi önəm verildi. Bəyannamədə Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunur. Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur. Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin mesajları

Prezident İlham Əliyev Zirvə görüşündə də Macarıstanın Azərbaycanın etibarlı strateji tərəfdaşı olduğunu bir daha vurğuladı. Dövlət başçısının çıxışında diqqət çəkən digər məqam Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlıdır. Çünki qurulmuş bu infrastruktur bu gün dəyişən, böhranlarla, münaqişələrlə üzləşən dünyada Türk dövlətləri üçün strateji əhəmiyyət daşımaqdadır.

“Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir”, - bunları Azərbaycan Prezidenti Zirvə görüşündə çıxışında bildirdi.

Eyni zamanda dövlət başçısı COP29-da böyük uğurlara imza atıldığını xatırlatdı. Onu da qeyd etdi ki, COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.

Türk Dövlətləri Təşkilatının gələcəyə baxışı

Ümumilikdə, Zirvə görüşündə imzalanmış 71 bənddən ibarət Bəyannamə Türk Dövlətləri Təşkilatının gələcəyə baxışını, o cümlədə üzv dövlətlərin gözləntilərini əks etdirir. Kipr məsələsinə diqqət yönəldilir, Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu kontekstdə Suriyanın ərazi bütövlüyü və birliyi əsasında təhlükəsizliyin və sabitliyin bərqərar olması, ona qarşı sanksiyaların aradan qaldırılması istiqamətində Türkiyənin konstruktiv rolu yüksək qiymətləndirilir. Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunur. Əfqanıstanla bağlı məsələlər üzrə TDT-nin İşçi Qrupunun yaradılması təqdir edilir. O cümlədən Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir.

Odur ki, bu Bəyannamənin qəbul olunmasını TDT-nin inkişafı üçün növbəti addım kimi qiymətləndirmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 May 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see238

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see173

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see135

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see123

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see121

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see121

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see120

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see118

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see118

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see118

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see117

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see117

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see117

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

Rubio etiraf edir...

21 May 2025 19:47see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see116

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see113

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see113

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri