“AZƏRBAYCAN MÜHARİBƏYƏ CƏLB OLUNA BİLƏR” “Geosiyasi məkan yüksək risk daşıyır...”
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Fərhad Məmmədov: “Rusiya ABŞ-nin təhlükəsizlik öhdəliyi daşımadığı regionlarda aktivləşə bilər”
Azərbaycanın yerləşdiyi geosiyasi məkan münaqişə potensialı baxımından yüksək risk daşıyır.
“AzPolitika” bildirir ki, bu barədə politoloq Fərhad Məmmədov “Teleqram”da yazıb.
Onun sözlərinə görə, Cənubi Qafqaz coğrafi baxımdan klassik “frontir” zonadır və qitələr, hərbi-siyasi və iqtisadi bloklar, eləcə də böyük və güclü dövlətlər arasında yerləşir. Məhz bu faktorlar regionda münaqişə ehtimalını daim aktual saxlayır.
F.Məmmədov xatırladıb ki, Azərbaycan üç onillik ərzində Ermənistanla münaqişə vəziyyətində olub. Bakı yalnız işğal altındakı ərazilərin azad edilməsinə deyil, eyni zamanda əsasən Rusiya, qismən isə ABŞ və Avropa tərəfindən formalaşdırılmış “münaqişə idarəçiliyi” mexanizmlərindən çıxmağa çalışıb. İşğal faktoru mövcud olduğu halda belə, Azərbaycan maksimum suverenliyini təmin edə bilib.
Politoloq vurğulayıb ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri regionda keyfiyyətcə yeni vəziyyət yaradıb. Bu dəyişikliklər sülh şəraitində baş verir və əsas aktorlar artıq region ölkələrinin özləridir.
F.Məmmədov Prezident İlham Əliyevin mövqeyinə də diqqət çəkərək deyib: “Prezidentin də qeyd etdiyi kimi, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”.
Onun sözlərinə görə, Ermənistanla sülh gündəliyi getdikcə genişlənir və dərinləşir. Belə ki, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri sülh prosesində geri dönüş nöqtəsinin müəyyənləşməsində mühüm rol oynaya bilər.
Bununla yanaşı, F.Məmmədov qeyd edib ki, Cənubi Qafqaz ətrafında və ümumilikdə beynəlxalq münasibətlər sistemində elə proseslər gedir ki, Azərbaycan öz iradəsindən asılı olmayaraq müharibəyə cəlb oluna bilər.
İran amili
Politoloqun sözlərinə görə, ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatların başlanması riski mövcuddur: “Xatırladım ki, 2025-ci ildə baş vermiş 12 günlük müharibə zamanı Cənubi Qafqaz aktiv hərbi əməliyyatlardan kənarda qalıb. Lakin əgər bu dəfə zərbələrin məqsədi İranda rejim dəyişikliyi olarsa, Tehran fərqli üsullarla müharibə apara bilər. Əvvəlki təcrübəyə əsasən, belə müharibələr diversiyalarla, İranın hərbi-siyasi rəhbərliyinə qarşı zərbələrlə başlaya bilər. Nəticədə hakimiyyət strukturlarında dəyişikliklər baş verərsə, qərarları proqnozlaşdırmaq çətin olan şəxslər ortaya çıxa və bu da Azərbaycanın maraqlarına toxuna bilər”.
Politoloq həmçinin İranda vətəndaş müharibəsi ehtimalını da istisna etməyib. Bildirib ki, bu halda sərhədyanı ərazilərdə xaos yarana, nəzarətsiz silahlı qruplar formalaşa və sərhədlər qarşıdurma xətti kimi qəbul edilə bilər. Belə vəziyyətdə Azərbaycan ön xətdə qala və öz sərhəd təhlükəsizliyini qorumaq üçün reaksiya verməli ola bilər.
Rusiya faktoru
F.Məmmədov bildirib ki, Rusiyanın Cənubi Qafqaz ölkələrindən birinə birbaşa hərbi müdaxiləsi və ya “xüsusi hərbi əməliyyat” adı altında yeni ssenari həyata keçirməsi ehtimalı qalmaqdadır. Ukraynadakı müharibənin hələ bitməməsinə baxmayaraq, bu risk aradan qalxmayıb.
Politoloq əlavə edib ki, Putinlə Tramp arasında münasibətlərin pisləşməsi halında Rusiya ABŞ-nin təhlükəsizlik öhdəliyi daşımadığı regionlarda aktivləşə bilər. Cənubi Qafqaz ölkələri ABŞ-ın Rusiya ilə nüvə qarşıdurmasına getməyəcəyi regionlar sırasında yer alır.
Ermənistan ssenariləri
F.Məmmədov deyib ki, əgər Ermənistanda parlament seçkilərində prorusiya qüvvələri qalib gələrsə, Moskva müttəfiqlik öhdəlikləri çərçivəsində bu ölkədə hərbi mövcudluğunu artıra və sərhəd mübahisələrindən eskalasiya üçün istifadə edə bilər.
Politoloq daha radikal ssenarini də istisna etməyib. Onun sözlərinə görə, hətta prorusiya qüvvələr seçkilərdə uduzsa belə, Moskva onları “qalib və legitim hakimiyyət” kimi tanıyaraq bu əsasla hərbi müdaxilə edə bilər. Lakin bu, Moskva üçün “va-bank” oyunu olar və hazırkı mərhələdə Rusiyanın bunun üçün resursları yoxdur.
Türkiyə faktoru
F.Məmmədov qeyd edib ki, Azərbaycan Türkiyənin hərbi-siyasi müttəfiqidir və qarşılıqlı hərbi yardım öhdəliyi mövcuddur. Bu mexanizm əsasən Türkiyənin Azərbaycana dəstəyi kimi dəyərləndirilsə də, müasir dövrdə Azərbaycanın Türkiyəyə hərbi yardım göstərməsi ssenarisi də aktuallaşa bilər.
Politoloq vurğulayıb ki, NATO-nun zəifləməsi və ya dağılması halında Qara dəniz və Şərqi Aralıq dənizi hövzəsində təhlükəsizlik vakuumu yarana bilər. Yaxın Şərq hələ də qeyri-sabitlik ocağı olaraq qalır, lakin mövcud geosiyasi şərait Türkiyə üçün nisbətən əlverişli imkanlar formalaşdırır.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















