Bəşəri ədalətə etimadsızlıq
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxma qərarı və yeni diplomatik reallıq
2025-ci il mayın 20-də Macarıstan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə bağlı verdiyi qərar hüquqi müstəvidə və geosiyasi miqyasda rezonans doğurdu. Macarıstanın rəsmi olaraq Roma Statutundan çıxmaq üçün prosesə başlaması bu ölkənin beynəlxalq hüquqa münasibətində dönüş nöqtəsi oldu. Aİ-nin tamhüquqlu üzvü olan və Avropada hüquqi dövlət prinsipləri ilə idarə olunması gözlənilən bir ölkənin belə addım atması beynəlxalq münasibətlər sistemindəki dərin fikir ayrılıqlarının, ikili standartların və qlobal hüquqi mexanizmlərə inamsızlığın göstəricisidir.
Macarıstanın bu addımı, eyni zamanda, müasir beynəlxalq nizamda suverenlik, hüquq və ədalət anlayışlarının necə qarşıdurma şəklində təzahür etdiyini göstərir. İndiyədək BCM-dən çıxan ölkələr əsasən Afrika və Karib hövzəsində yerləşən inkişaf etməkdə olan dövlətlər olsa da, Macarıstanın çıxışı yeni presedent yaradır: Aİ daxilində “Qərb bloku”na mənsub olan bir ölkənin bu sistemə etimadsızlıq bildirməsi.
Bəs bu qərarın arxasında hansı motivlər dayanır? Niyə Macarıstan indi və bu şəkildə belə bir addım atdı? BCM hansı səbəblərlə tənqid olunur? Bu sualları cavablandırmaq üçün məhkəmənin tarixi, məqsədləri və fəaliyyət mexanizmlərini təhlil etmək vacibdir.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 17 iyul 1998-ci ildə Roma Statutunun qəbul edilməsi ilə əsası qoyulan və 1 iyul 2002-ci ildə hüquqi qüvvəyə minən ilk daimi beynəlxalq tribunal kimi tarixə düşdü. Onun əsas məqsədi insanlıq əleyhinə cinayətlər, soyqırımları, müharibə cinayətləri və təcavüz aktlarına görə fərdlərin məsuliyyətə cəlb olunmasıdır.
BCM-in yaradılması beynəlxalq ictimai rəyin və qlobal güc balansının diktə etdiyi bir zərurət idi. 1990-cı illərdə Balkanlarda (xüsusilə Bosniya və Hersoqovinada) və Ruandada baş verən kütləvi qırğınlar beynəlxalq ictimaiyyətin vicdanında dərin izlər qoydu. Soyqırımları, etnik təmizləmələr və müharibə cinayətləri beynəlxalq hüququn səmərəliliyinə və milli məhkəmə sistemlərinin ədaləti təmin etmə qabiliyyətinə dair ciddi şübhələr doğurdu.
Cinayətlərin törədildiyi kontekstdə ən çox verilən sual bu idi: “Əgər dövlət özü cinayətkarları cəzalandırmaq istəmirsə və ya edə bilmirsə, beynəlxalq ictimaiyyətin reaksiyası nə olmalıdır?”. Deməli, BCM-in daimi və müstəqil qurum kimi meydana çıxması beynəlxalq hüquqi sistemdə mühüm boşluğu doldurmağa yönəlmişdi.
BCM-in yaranması dövründəki beynəlxalq nizam bu gün ciddi şəkildə dəyişib. Multipolyar dünya düzəni, yeni regional güclərin ortaya çıxması, Qərb hüquqi institutlarına inamın azalması fonunda BCM-in nüfuzu da zərbə alıb. Rusiya və ABŞ kimi ölkələrin BCM-in qərarlarını tanımaması, Afrika dövlətlərinin bir-birinin ardınca məhkəmədən çıxmaq istəməsi legitimlik böhranının əlamətləridir.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) səlahiyyətləri və yurisdiksiyası müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılıb. Onun müdaxilə edə bilməsi üçün konkret şərtlər mövcuddur: ya müvafiq ölkə Roma Statutunu ratifikasiya etməli, ya da BMT Təhlükəsizlik Şurası məsələnin BCM tərəfindən araşdırılmasına qərar verməlidir. Alternativ olaraq, müvafiq cinayət hadisəsi Roma Statutuna qoşulmuş ölkənin ərazisində baş verməlidir. Həmin mexanizm BCM-ə müəyyən dərəcədə beynəlxalq hüquqi səlahiyyət versə də, eyni zamanda, ciddi struktur məhdudiyyətlər yaradır.
Problemin əsas məğzi ondan ibarətdir ki, dünyanın bir sıra aparıcı dövlətləri, o cümlədən, ABŞ, Rusiya, Çin və İsrail Roma Statutunu ratifikasiya etmədikləri üçün BCM-in yurisdiksiyasını tanımırlar. Nəticə etibarilə, məhkəmənin hüquqi təsir dairəsi qlobal deyil, yalnız bu sistemə razılıq verən dövlətlərlə məhdudlaşır ki, bu da BCM-in iddia edilən beynəlxalq obyektivliyini və bərabər yanaşma prinsipini sual altına qoyur.
BCM-in praktik fəaliyyəti illər keçdikcə onu qlobal siyasi proseslərin ayrılmaz tərkib hissəsinə çevirdi. Lakin bu, həm də onu ciddi tənqidlərə məruz qoydu. Məhkəmənin istintaq açdığı və hökm verdiyi halların əksəriyyətinin Afrika ölkələri ilə bağlı olması “Beynəlxalq Qərb Məhkəməsi” damğasını doğurdu. BCM-in, əslində, zəif dövlətlərə tətbiq olunan, lakin böyük gücləri kənarda saxlayan selektiv bir institut olduğu fikri beynəlxalq münasibətlərdə daha da yayılmağa başladı.
Macarıstanın Baş naziri Viktor Orbanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını icra etməyəcəklərini bildirməsi Avropa və beynəlxalq hüquq ictimaiyyətində ciddi rezonans doğurdu. Orbanın fikrincə, BCM artıq hüquqi ədalət mexanizmi olmaqdan çıxıb və böyük güclərin siyasi məqsədləri naminə yönləndirdiyi bir vasitəyə çevrilib. Fikir Orban hökumətinin illərdir vurğuladığı bir məqamdır: beynəlxalq institutların qərarlarının getdikcə daha çox “ideoloji ədalət” deyil, “siyasi manipulyasiya” ilə formalaşdığına dair narahatlıq. Orban bu addımı ölkəsinin artıq "yarımçıq üzvlük" dövrünü başa vurması kimi qiymətləndirir. Başqa sözlə, Macarıstan suveren qərar vermək hüququnu müdafiə edir və beynəlxalq tribunal qarşısında tabeçiliyi milli maraqlara zidd hesab edir
Roma Statutunun prosedurlarına əsasən, Macarıstan BMT Baş Katibliyinə rəsmi bildiriş verdikdən sonra bu çıxış bir il ərzində qüvvəyə minəcək. Bu müddət ərzində Aİ daxilində və beynəlxalq arenada Macarıstanın qərarına münasibət daha da formalaşacaq. Nəzərə alsaq ki, bu, Avropa İttifaqı (Aİ) daxilində belə bir addımı atan ilk ölkə olacaq, bu hadisə sadəcə hüquqi dəyişiklik deyil, həm də siyasi presedent xarakteri daşıyır.
Macarıstanın BCM-dən çıxmaq qərarı Aİ daxilində uzun zamandır davam edən siyasi və hüquqi parçalanmanı bir daha üzə çıxardı. Belçika, Avstriya və Almaniya kimi ölkələr bu addımı sərt şəkildə tənqid etdilər. Bildirdilər ki, Beynəlxalq Cinayət Məhkəməsi universal hüququn dayaqlarından biridir və bu institutun nüfuzuna xələl gətirəcək istənilən qərar beynəlxalq ədalət sisteminə zərbə vurur.
Avropa İttifaqı əsas dəyərlərindən biri kimi beynəlxalq hüququn aliliyini və insan haqlarının qorunmasını qəbul edir. Elə bu səbəbdən, Macarıstanın BCM-dən çəkilməsi Aİ-nin "hüquq birliyi" konseptinə qarşı təhdid kimi qəbul olunur. Eyni zamanda, bu addım hüququn siyasətə tabe edilməsinə qarşı çıxan Avropa dövlətlərinin prinsipial mövqeyi ilə ziddiyyət təşkil edir. Nəticədə, Macarıstan Aİ-nin daxilində hüquqi mənsubiyyət məsələsində “ayrı yol seçən ölkə” statusunu daha da möhkəmləndirir.
Hadisələrin fonunda Avropa Komissiyası ilə Macarıstan arasında artıq davam edən hüquqi mübahisələrə yeni bir məsələ əlavə olunur. Artıq müxtəlif Avropa paytaxtlarında səslənən fikirlər qərarın gələcəkdə Aİ ilə münasibətlərə təsir edə biləcək hüquqi tədbirlərlə nəticələnə biləcəyinə işarə edir. Macarıstanın daxili hüquqi sistemi və konstitusiyası ilə beynəlxalq öhdəlikləri arasında yaranan ziddiyyətlər Avropa Məhkəməsi tərəfindən də incələnə bilər.
Macarıstanın BCM-dən çıxması həm də qlobal geosiyasi baxımdan maraqlı proseslərin xəbərçisidir. Orban hökuməti son illər Qərb blokunun sərt tələblərinə qarşı Rusiya və Çin kimi güclərlə daha çox balanslı və praqmatik münasibətlər qurmağa çalışır. Məhz bu kontekstdə BCM-dən çıxmaq qərarı Moskvanın maraqlarına da uyğun gəlir. Xüsusilə, Rusiya Prezidenti Vladimir Putinə qarşı BCM tərəfindən çıxarılan həbs qərarına Macarıstanın reaksiyası bu geosiyasi oxun formalaşdığını göstərdi. Budapeştin bu qərarı icra etməyəcəyini bəyan etməsi rəsmi Moskva tərəfindən yüksək qiymətləndirildi, bu da Macarıstanın beynəlxalq hüquqi sistemdən çəkilərək alternativ geosiyasi bloklarda öz yerini möhkəmləndirməyə çalışdığını göstərir.
Azərbaycan da BCM-in selektiv və bəzən ikili standartlara əsaslanan davranışına qarşı tənqidi mövqedədir. Xüsusilə, Ermənistan – Azərbaycan münaqişəsi fonunda Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər, Xocalı soyqırımı və işğal dövründə beynəlxalq hüququn pozulmasına dair çoxsaylı sübutlar olmasına baxmayaraq, bu məsələlərin BCM gündəminə çıxarılmaması və araşdırılmaması rəsmi Bakının haqlı narazılığına səbəb olur.
Beynəlxalq hüququn universal prinsipləri çərçivəsində 30 ilə yaxın işğal altında qalmış Azərbaycan ərazilərində həyata keçirilmiş sistemli mülki infrastrukturun dağıdılması, minalanma, qeyri-qanuni məskunlaşdırma kimi hərəkətlər ciddi hərbi və humanitar cinayətlər kontekstində qiymətləndirilməlidir. Lakin bu cinayətlərə qarşı BCM tərəfindən heç bir hüquqi reaksiya verilməməsi məhkəmənin qərəzli və siyasi sifarişli fəaliyyət göstərdiyinə dair təsəvvürü gücləndirir.
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan yeni geosiyasi reallıq fonunda Azərbaycanın beynəlxalq hüquq institutlarına çağırışları və təqdim etdiyi sənədlər hüquqi əsaslara söykənsə də, yenə BCM tərəfindən adekvat cavab almamışdır və bunlar regionda ədalətli hüquqi mexanizmlərin işləmədiyini, beynəlxalq hüququn yalnız bəzi aktorlar üçün tətbiqini nümayiş etdirir.
Macarıstanın Roma Statutundan çıxmaq qərarı təkcə onun beynəlxalq hüquqla deyil, həm də onun ikitərəfli münasibətlərində yeni mərhələ başlada bilər. Xüsusilə, Azərbaycanla münasibətlər baxımından bu addım əhəmiyyətli siqnal kimi qəbul olunur. Budapeştin BCM-nin selektiv ədalətinə qarşı çıxması və bu məhkəməni siyasi təsirlərə açıq platforma kimi tənqid etməsi Azərbaycanın bu sahədəki narahatlıqları ilə üst-üstə düşür.
Macarıstan Baş naziri Viktor Orbanın “milliləşdirilmiş diplomatiya” və “suveren hüquqi qərarlar” xətti Azərbaycanın suverenlik və milli maraqlara əsaslanan xarici siyasət fəlsəfəsinə yaxındır və bu paralellik Bakı – Budapeşt əməkdaşlığının hüquqi və ideoloji kontekstini gücləndirə bilər. Macarıstanın BCM-dən uzaqlaşması Azərbaycanın da gələcəkdə bu institutla bağlı qərarlarında daha sərbəst davranmasına və daha açıq müttəfiqlik modelini inkişaf etdirməsinə zəmin yarada bilər.
Azərbaycan və Macarıstan son illərdə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirib. Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və Avropa İttifaqı ilə əlaqələr çərçivəsində strateji dialoq formalaşıb. Macarıstan Azərbaycanın Avropa ilə enerji körpüsü rolunu açıq şəkildə dəstəkləyən ölkələrdən biridir. Bundan əlavə, Macarıstan Aİ daxilində Azərbaycana münasibətdə balanslı və obyektiv mövqe tutan azsaylı dövlətlərdəndir. Deməli, onun BCM-dən çıxması rəsmi Bakının da bu platformaya qarşı daha sərt və prinsipial mövqe sərgiləməsinə diplomatik rahatlıq qazandıra bilər.
Bakı – Budapeşt xəttində bu qərarın müsbət nəticəsi olaraq, hüquqi təcrübə və diplomatik əlaqələrin dərinləşməsi, hüquq və ədalət sahəsində yeni əməkdaşlıq modellərinin formalaşması ehtimalı yüksəlir. Hər iki dövlətin ortaq təməl dəyərlərə – suverenlik, milli maraqların qorunması və ikili münasibətlərdə bərabərlik prinsipinə – əsaslanaraq beynəlxalq platformalarda bir-birinə dəstək verməsi gələcəkdə həm regional, həm də qlobal səviyyədə onların təsir imkanlarını genişləndirə bilər.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru


