Bir ordenin arxasında dayanan böyük Türk Birliyi
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycanın Qələbəsi Türk dünyasının tarixində yeni zəfərlər səhifəsi açdı
12 noyabr 2021-ci il tarixində Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi barədə qərarın imzalanmasından beş il ötür.
Bu tarixi qərar qlobal siyasətdə suverenliyin, ərazi bütövlüyünün hərbi-siyasi yolla təmin edilməsinin türk coğrafiyasında yaratdığı geostrateji rezonansı təsbit edən təltifdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi təklifi əsasında qəbul edilmiş qərarda dövlətimizin rəhbərinin ərazilərin işğaldan azad edilməsini təmin edərək türk birliyinə verdiyi mühüm töhfə, bölgədə davamlı sülhə, sabitliyə yol açan tarixi qələbə xüsusi vurğulanır. Müvafiq sənəd Cənubi Qafqazda yaranmış yeni reallıqların bütün türk dövlətləri tərəfindən yekdilliklə qəbul edildiyini, Azərbaycanın regional güc mərkəzi statusunun beynəlxalq hüquqi-siyasi müstəvidə birmənalı şəkildə tanındığını nümayiş etdirir.
Türk Dövlətləri Təşkilatının 8-ci Zirvə Görüşü çərçivəsində təqdim olunan Ali Orden, sadəcə, diplomatik ehtiram aktı deyil. Vətən müharibəsində qazanılan qalibiyyət əsrlər boyu parçalanmış türk coğrafiyasının siyasi, coğrafi, mənəvi konsolidasiyasına xidmət edən həlledici zəmin formalaşdırdı. Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli rəhbərlik, sarsılmaz siyasi iradə, mürəkkəb beynəlxalq təzyiqləri zərərsizləşdirmək bacarığı beynəlxalq hüququn aliliyini hərb meydanında bərpa etdi. Həmin strateji uğur respublikamızın hüdudları daxilində qalmadı, eyni zamanda, Mərkəzi Asiyadan Aralıq dənizinə qədər geniş məkanda türk dövlətlərinin milli inam hissini artırdı. Sadalanan amillər türkdilli respublikaların qlobal arenada müstəqil güc qütbü kimi formalaşması prosesini sürətləndirdi. Şuranın qərarında əksini tapan ifadələr qalibiyyətin məhz ortaq dəyərlərə, təhlükəsizliyə, həmçinin regional arxitekturanın yenidən qurulmasına verdiyi fundamental xidməti rəsmiləşdirir.
Təqdimat mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər liderlər və dövlətlər arasındakı müttəfiqliyin dərin fəlsəfəsini ortaya qoyur. Dövlətimizin başçısı sevincini ikiqat edən amilin məlum Ali Ordenin təşkilata üzv ölkələrin rəhbərlərinin imzası, eyni zamanda, əziz qardaşı, Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə təqdim olunması ilə əlaqələndirdi. Ankara ilə Bakı arasındakı münasibətlər ən mürəkkəb tarixi sınaqlardan uğurla çıxaraq sarsılmaz qardaşlıq və strateji tərəfdaşlıq modelinə çevrildi. Müharibənin ilk saatlarından etibarən Türkiyə rəhbərliyinin diplomatik dəstəyi xarici qüvvələrin regiona hərbi-siyasi müdaxilə planlarını pozdu. Hər iki liderin qarşılıqlı etimada söykənən qətiyyətli duruşu informasiya cəbhəsində, diplomatik masada kənar təzyiqləri paramparça edərək qələbənin beynəlxalq səviyyədə həzmini sürətləndirdi. İkitərəfli formatda yaradılan qardaşlıq institutu digər dövlətlər üçün ideal tərəfdaşlıq standartı yaradır.
* * *
Türkiyədə Vətən müharibəsinin qəhrəmanı adlandırılan Prezident İlham Əliyev mükafatın yalnız Ali Baş Komandana deyil, tarixi savaşın qalibi olan bütün Azərbaycan xalqına verildiyini bəyan etməklə dövlətçilik fəlsəfəsinin ali prinsiplərini nümayiş etdirdi. Lider-xalq birliyinin siyasi gücünü önə çəkən bu yanaşma milli həmrəyliyin sarsılmazlığını bir daha təsdiqləyir. Bu baxımdan, təqdim olunan orden Azərbaycan xalqının yenilməz iradəsinə, 30 illik işğalın ağır sınaqlarına baxmayaraq qoruduğu milli ruhuna beynəlxalq səviyyədə verilən yüksək ehtiramın ifadəsidir. Dövlətlə vətəndaş, liderlə xalq arasında qarşılıqlı etimad isə xarici təzyiqlər qarşısında milli maraqların qorunmasının başlıca təminatıdır.
İki qardaş ölkə arasındakı müttəfiqliyin hüquqi əsasını təşkil edən Şuşa Bəyannaməsi Ali Ordenin siyasi və ideoloji mahiyyətini daha da gücləndirir. Bakı ilə Ankara arasındakı münasibətlər emosional qardaşlıq bağlarından daha geniş məzmun daşıyaraq beynəlxalq hüquqa, ortaq təhlükəsizlik və müdafiə strategiyalarına əsaslanır. Bəyannamə xarici təhdidlərə qarşı birgə fəaliyyətin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirərək Cənubi Qafqazda sabitliyin qorunmasına mühüm töhfə verir. Türk dünyasının ən yüksək mükafatının Azərbaycan Prezidentinə təqdim olunması Ankara–Bakı müttəfiqliyinin regional və qlobal əhəmiyyətini ön plana çıxarır. Türkiyənin qüdrəti Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin təhlükəsizliyini möhkəmləndirən mühüm amilə çevrilərək geniş coğrafiyada sülh və sabitliyə xidmət edir.
2020-ci ilin noyabrında qazanılan hərbi Zəfər və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpası TDT-nin inteqrasiya prosesinə mühüm təsir göstərdi. Bu tarixi uğurlar Türk dünyasında həmrəyliyi gücləndirərək üzv dövlətlər arasında siyasi koordinasiya və əməkdaşlıq imkanlarını genişləndirdi. Azərbaycanın hərbi-iqtisadi potensialı və Türkiyə ilə strateji müttəfiqliyi regionda sabitliyin möhkəmlənməsinə, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin dərinləşməsinə əlverişli zəmin yaratdı. Münaqişə və işğal təhlükəsinin aradan qalxması türk coğrafiyasının inkişaf, tranzit və əməkdaşlıq məkanına çevrilməsi üçün yeni imkanlar açdı.
Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi qlobal ticarət, logistika və enerji dəhlizlərinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı və nəqliyyat marşrutlarının şaxələndirilməsi türk coğrafiyasının quru yolları ilə birləşdirilməsi strategiyasının əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan diplomatik proseslər və postmünaqişə dövrünün yaratdığı reallıqlar regionun gələcək iqtisadi mənzərəsini müəyyənləşdirir. Ali Ordenin təqdimatından ötən beş il ərzində baş verən hadisələr Azərbaycan–Türkiyə müttəfiqliyinin strateji əhəmiyyətini bir daha təsdiqləyib. Dövlət suverenliyinin ölkənin bütün ərazisində bərpası tarixi Zəfərin məntiqi nəticəsi olmaqla yanaşı, davamlı inkişaf və investisiyalar üçün yeni imkanlar açıb.
Hərbi qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib. BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində aparılan fəal siyasət milli maraqların müdafiəsinə xidmət edir. Türkiyənin beynəlxalq platformalarda Azərbaycanın, rəsmi Bakının isə Ankaranın mövqeyini dəstəkləməsi ortaq siyasi iradənin göstəricisidir. Qlobal qütbləşmənin dərinləşdiyi indiki şəraitdə türk dövlətlərinin həmrəyliyi və strateji inteqrasiyası regional təhlükəsizliyin möhkəmlənməsində mühüm amilə çevrilir. Xarici təzyiqlər isə bu birliyi zəiflətmək əvəzinə, qarşılıqlı etimadı və əməkdaşlığı daha da gücləndirir.
12 noyabr 2021-ci il tarixində Prezident İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi tarixi hadisələrin gedişatına verilən ən obyektiv, həmçinin ən yüksək hüquqi-siyasi qiymətdir. Suverenliyin tam təmini, türk dövlətlərinin vahid platformada konsolidasiyası gələcək onilliklərdə regionun qlobal güc mərkəzinə çevrilməsini şərtləndirən təməl faktordur. 5 il ərzində əldə olunan uğurlar ordenin təqdimatında səsləndirilən fikirlərin sarsılmaz gerçəklik olduğunu qlobal ictimaiyyətə bariz şəkildə nümayiş etdirərək sülhün qələbəsini əbədiləşdirir.
Yusif ŞƏRİFZADƏ
XQ
Baxış sayı:166
Bu xəbər 12 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















