BMU ilə Flippin Texnoloji Universiteti arasında əlaqələr müzakirə olunub
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Mühəndislik Universiteti (BMU) ilə Flippin Texnoloji Universiteti (Technological University of the Philippines-TUP) arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədi daşıyan görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə universitetlərin beynəlxalq əlaqələr və elmi-tədqiqat istiqamətləri üzrə nümayəndələri iştirak ediblər.
Öncə hər iki universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlıq istiqamətləri və həyata keçirilən layihələr haqqında zəruri məlumatlar nəzərə çatdırılıb. BMU ilə Filippinin aparıcı ali təhsil müəssisələrindən biri olan TUP ilə əməkdaşlığın qurulmasının hər iki universitet arasında mühüm elmi və akademik körpü yaradacağı bildirilib. Həmçinin bu tərəfdaşlığın tələbə və müəllimlər üçün beynəlxalq təcrübə qazanmaq, birgə elmi layihələrdə iştirak etmək və yeni imkanlardan yararlanmaq baxımından əhəmiyyəti vurğulanıb.
Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, müxtəlif ortaq proqramların yaradılması, eləcə də mühəndislik və texnologiya sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda qarşılıqlı səfərlərin təşkili və yaxın gələcəkdə memorandum layihəsinin hazırlanması məsələləri müzakirə olunub.
Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində konkret addımların atılması barədə razılığa gəliblər.


