Britaniyada ifrat sağçı fəalın məhkəmə xərcləri İlon Mask tərəfindən ödənib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London, 13 oktyabr, AZƏRTAC
Britaniyalı ifrat sağçı fəal Tommi Robinson telefonunun şifrəsini polisə verməkdən imtina etdiyinə görə məhkəmə qarşısına çıxarılıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Tommi Robinson sosial mediada yayımladığı videoda milyarder İlon Maskın onun müdafiə xərclərini öz üzərinə götürdüyünü bildirib. Prokurorluğun məlumatına görə, T. Robinson 2024-cü ilin iyulunda Folkstonda terrorçuluğa qarşı qanunvericilik çərçivəsində saxlanılıb. O, Terrorçuluq Aktının 7-ci bəndinə əsasən polis əməkdaşları ilə əməkdaşlıq etməyə borclu olduğu halda bu tələbi yerinə yetirməyib.
Qanuna görə, həmin bənd üzrə saxlanılan şəxs elektron cihazlarının parol və ya PIN kodunu təqdim etməyə qanuni olaraq məcburdur. Əgər Robinson təqsirli bilinsə, o, üç aya qədər həbs və ya 2 min 500 funt sterlinqədək cərimə ilə üzləşə bilər. Robinson ittihamları qəti şəkildə rədd edib və özünü günahsız elan edib. Məhkəmə prosesi bazar ertəsi başlayıb və iki gün davam edəcəyi gözlənilir.
Tommi Robinson Britaniyada anti-immiqrasiya və anti-İslam çıxışları ilə tanınır. O, bu yaxınlarda Londonda təxminən 150 min nəfərin iştirak etdiyi böyük yürüş təşkil etmişdi.
Qeyd edək ki, İlon Maskın həmin yürüşdə etdiyi çıxış Böyük Britaniyada siyasi qalmaqala səbəb olmuşdu. O, sentyabrın 13-də Londonda keçirilən kütləvi aksiyada videobağlantı ilə iştirak edərək “ya mübarizə aparacaqsınız, ya da öləcəksiniz” deyib və ölkədə parlamentin buraxılmasının və hökumətin dəyişməsinin zəruri olduğunu bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London


